Dahi ömrü
MİT agenti olan dinsizin Azərbaycan SƏRGÜZƏŞTLƏRİ - FOTOLAR
O, çoxunuza yaxından tanışdır. Bu məşhur şəxs bir neçə dəfə Azərbaycanda olub və onun ölkəmizdə xeyli dostları yaşayıb. Hər halda “Qurani-kərim”i əzbər bilməsi onun haqqında çox şey deyir. Söhbət tanınmış türk yazarı Əziz Nesindən gedir.
Publika.az “Dahi ömrü” layihəsi çərçivəsində bu dəfə qəlblərdə taxt quran Əziz Nesindən bəhs edəcək.
Quranı əzbər öyrənir, amma...
Mehmet Nusret Nesin, ya da bilinən adıyla Əziz Nesin 20 dekabr 1915-ci ildə İstanbulun Heybəli ərazisində dünyaya göz açıb. Atası Əbdüləziz Bəy bağbanlıq edərək dolanışığını təmin edirdi.
İlk təhsilini Darüşşəfəq məktəbində alıb. O, burada “Qurani-kərim”i əzbər öyrənmişdi. Qadiriyyə təriqətindən olan atası oğlunu da imanlı müsəlman kimi görmək istəyirdi. Əziz Nesin 1935-ci ildə İstanbuldakı Qülləli Əsgər Liseyinə daxil olur. 1937-ci ildə isə Ankara Hərb məktəbini bitirir. Eyni zamanda isə İncəsənət Məktəbini də başa vurur.
Vəzifəsini yerinə yetirmədiyi üçün ordudan qovulur
\
1941-ci ildə dünya müharibəsi başlayanda o da zabit kimi orduya çağırılır. Burada tank kurslarını da bitirir. Və 1944-cü ildə “vəzifəsini pis yerinə yetirməsi” maddəsi ilə ordudan qovulur.
Əziz Nesin ordudan qovulduqdan sonra bir müddət baqqal, mühasib kimi peşələrdə çalışır. Sol təmayüllü “Tan” qəzetində işə daxil olur. Köşə yazıları qələmə alır, habelə teatrlar üçün xırda pyeslər yazmağa başlayır. İlk kitabı “Partiya qurmaq, partiya vurmaq” 1946-ci ildə dərc edilir və ona böyük şöhrət qazandırır. Səbahəddin Əli ilə tanışlıq onda solçuluq ideyalarına marağı daha da artırır və onlar birgə “Marko Paşa” adlı mizah (satirik) qəzetini nəşr etməyə qərar verirlər. Qəzet qısa müddətdə bütün Türkiyəyə səs salır. “Marko Paşa”nın səhifələrində yüksək çinli dövlət məmurları, nazirlər tənqid olunurdu. Sonralar da dəfələrlə həbslərə və təqiblərə məruz qalmasına baxmayaraq Əziz Nesin köşə yazarlığını və ədəbi fəaliyyətini həvəslə davam etdirir.
Günahsız yerə həbs
1955-ci ildə İstanbulda yaşayan yunanlara qarşı basqınlarda günahkar bilinərək həbs edilən 100 nəfər solçunun sırasında Əziz Nesin də vardı. Hökumət bu qanlı hadisələrdə kommunist izi axtarırdı. Ə.Nesin heç bir səbəb olmadan 9 ay həbsdə yatdı. Bu həbslər onu daha da qorxusuz edirdi. Düzdür, bəzən həyatı təhlükələrdə qalanda yazılarının altından müxtəlif imzalar qoyurdu. Ümumiyyətlə, həyatı boyu iki yüzdən artıq təxəllüsdən istifadə etmişdi. Onu ölkənin böyük məmur ordusu və dini ictimaiyyəti sevmirdi. Amma Ə.Nesin də riyakarlığı sevmirdi. Üstəlik, onda İslam dininə qarşı nifrət də yox idi. Hətta övladlarında biri, Əli Nesin də islami həyatı seçmişdi. O deyirdi ki, mən hətta uşaqlıqda azan da vermişəm, amma çox qaba səsim vardı. Doğrudur, mən dinsizəm, amma seçim qarşısında qalsam, İslamı seçərəm.
Arvadını yad kişi ilə görür və...
Ə.Nesin iki dəfə evlilik həyatı yaşayıb. Uzun və mürəkkəb həyat yolu keçən satirik yazıçı uğurları ilə yanaşı ən müxtəlif problemlərlə də rastlaşıb. Ciddi xarakterli yazıçı heç zaman ailəsindən danışmağı xoşlamazdı. Amma budur, ölümündən sonra böyük oğlu Atəş Nesin yazdığı kitabla anası Vedia xanımın atasına xəyanət etdiyini açıqladı. O yazırdı ki, mütəmadi olaraq atam səfərlərdə olurdu. Siyasi görüşlərinə görə təqib olunduğu üçün bəzən evdə gecələmirdi. Polis onu daim izləyirdi. Lakin bir dəfə şam yeməyi zamanı qəfil evə dönən Ə.Nesin arvadını yad bir kişi ilə görür. O, arvadına iki şillə çəkib boşayır. Ömrünün son illərində yazıçı övladlarına nəql edirmiş ki, anaları həmin yad kişi ilə süfrə arxasında əyləşibmiş.
“Geyindiyi köynəyin iki düyməsi açılmışdı, məni görüncə bağlamağa çalışdı. Bununla da anam insani xətaya yol verdi”, - deyə yazırdı Atəş Nesin.
O, atasının bu hadisədən böyük çaşqınlıq yaşadığını qeyd edirdi: “Həmin zamanlar ailənin maddi durumu olduqca ağır idi. Babamız Əbdüləziz bəy bağda yetişdirdiyi meyvələri satar və oğlunun ailəsinə köməklik edərdi. Anam isə, atamın evdə olmamasından istifadə edərək qonşuluqda yaşayan yad qadın, kişiləri evə çağırar və kef məclisləri təşkil edərdi. Kişili qadınlı hamı rakı içər, dumanlanardı”.
“Əziz Nesinlə ailə qurmasaydım, çox yaxşı yazıçı ola bilərdim”
Vedia xanımın bu xəyanətindən sonra yazıçı böyük xəyal qırıqlığı yaşamışdı. Çünki Ə.Nesin Vedianı çox sevirdi. Ə.Nesinin ikinci həyat yoldaşı Meral Çelen ədəbiyyatçı idi. Meral xanımın “Əziz Nesinli illər” kitabında onların arasında olan məhəbbətin ən gözəl anları təsvir edilib. Onlar 1957-ci ildə həbsxanada nişanlanıblar və ailə qurublar. Amma bu evlilik də uzun sürməyib və bir neçə il sonra onlar boşanıblar. Sonralar Meral Çelen yazırdı: “Mən çox yaxşı yazıçı ola bilərdim. Amma Ə.Nesinlə ailə həyatım bu karyerama son qoydu…”
MİT agenti
Neşet Güriş adlı bir şəxs vardı. Ömrü boyu Milli İstihbarat Təşkilatında (MİT – Türkiyənin kəşfiyyat idarəsi) çalışmış və təqaüdə çıxmışdı. 101 yaşında dünyasını dəyişdi. 2007-ci ildə “TEMPO” adlı jurnala verdiyi müsahibədə Ə.Nesinin İstihbarat Təşkilatına çalışdığını iddia edirdi. O deyirdi ki, Ə.Nesin kommunist idi, Türkiyəyə qarşı acıqlı idi, cavanlığında hərbidə çox haqsızlıqlar görmüşdü. Bu səbəblərdən də solçu oldu.
O, 1946-ci il Səbahəddin Əliyə qarşı keçirilən 16 dekabr əməliyyatı zamanı həbs edilir və sorğu-sual edilərkən İstanbulun əmniyyət müdiri (polis rəisi) Əhmət Dəmir tərəfindən döyülür. Bu əsnada yazıçı dilə gəlir və MİT üçün çalışdığını deyir. 17 gündə sonra Ə.Nesini həbsdən buraxırlar. Səbahəddin Əli isə 1948-ci ildə həbsxanada vəhşicəsinə öldürülür. İnanmaq çətin olsa da, AKP-li jurnalistlər bu iddianı dilə gətirməkdən yorulmurlar. İnandırıcı görünməsə də, satirik yazıçının 1993-cü il 12 iyul qanlı Madımak hadisələrindən sağ çıxmasında da MİT-ə işləməsi öz sözünü deyib. Həmin tarixdə Türkiyənin Sivas şəhərində hər il keçirilən Pir Sultan Abdal şənlikləri zamanı Madımak hotelində əksəriyyəti ələvi olan 33 şair və yazıçı, iki hotel əməkdaşı qəzəblənmiş kütlə tərəfindən hotelin yandırılması nəticəsində həlak olmuşdu. Tədbirə qatılanlardan 51 nəfəri yaralı vəziyyətdə çətinliklə də olsa xilas olmuşdu. Ə.Nesin də başından yaralanmışdı. Bu hadisə Türkiyə ictimaiyyətində böyük üzüntü yaratdı.
“Türkiyə xalqının 60 faizi səfehdir”
“Türkiyə xalqının 60 faizi səfehdir”. 1982-ci il İzmir Torbalıda keçirilən xalq şənliklərində işlətmişdi bu məşhur cümləsini Əziz Nesin.
Birisi qalxıb ondan soruşmuşdu: “Biz əgər bir xalq kimi Nəsrəddin Xocanın nəvələriyiksə, deməli ağıllı millətik, elə deyilmi?”
O da cavabında: “Türklərin 60 faizi səfehdir”, demişdi. Səhnə arxasında dostları ondan niyə belə cavab verdiniz deyə soruşduqda, “Övladım mən yüzdə 92 deyəcəkdim, dilimi güclə saxladım”, dedi. Həmin il Türkiyədə keçirilən referendumda xalqın 92 faizi səs verərək Kənan Evrenin prezident kürsüsündə qalmasını təmin etmişdi. 1992-ci ildə Ə.Nesindən müsahibə alan “Hürriyet” qəzetinin müxbiri Nuriyyə Akman yenidən bu “səfeh” söhbətinin üzərinə qayıdır: “Sizin 77 yaşınız var, tanınmış yazıçısınız. Bu cümləni işlətmək sizcə doğrumu idi?” sualına yazıçı belə cavab verir:
- Bir ananın oğlu səfeh olarsa ana nə edər? Həyatını ona bağışlayar. Mən də eyni şeyi etdim.
Ə.Nesin həqiqətən də xalqını çox istədiyindən tənqid edirdi, onun həyatındakı naqisliklərə dözə bilmirdi. Onun adı Türkiyə üçün qürur mənbəyi idi. Əsərləri böyük tirajla dünyanın müxtəlif xalqlarının dilinə çevrilmişdi. 56 ədəbi mükafat almışdı. Dəfələrlə Moskvaya gəlmişdi. Onu Sovet İttifaqında yaşayan millətlər çox sevirdi. O, da öz xalqını çox sevirdi. Hətta kimsəsiz və kasıb uşaqlar üçün Nesin Fondu açmışdı. O, bu fond üçün canını oda yaxırdı. Əsərlərindən əldə etdiyi qonorarları bu fonda xərcləyirdi. İndi bu fondda Əziz Nesinin şəxsi əşyalarının nümayiş olunduğu muzey də fəaliyyət göstərir. 5 il öncə oğlu Əli Nesin fondun xətti ilə İzmirin Şirincə kəndində “Riyaziyyat kəndi” yaradıb. Hər il burada yüzlərlə uşaq pulsuz riyaziyyat dərsləri öyrənir, yataq dəstləri və qida ilə təmin olunurlar.
Məzarsız yazar
Məzarsız yazıçı bütün həyatı və yaradıcılığı ilə Türkiyədə hadisə yaradan böyük ədib, ölümü ilə də hamını mat qoydu. Həyatda kimsədən qorxmadı, bir çoxlarının yuxusunu qaçıran satirik əsərlər yazdı. Təkəbbürlü idi, amma həyata sağlam baxırdı. Danışığında soyuq və birbaşa cümlələr işlədirdi. Amma, özü deyirdi ki, mən də qorxuram. Sadəcə, “naqislikləri gördünsə, gizlətməyə hacət yox”, - deyirdi. Ehtimal var ki, Ə.Nesin məzarının bilinəcəyi təqdirdə, böyük məmurlar tərəfindən sümüklərinin narahat ediləcəyindən ehtiyat edirdi. Böyük satirik yazıçı bütün ömrünü qalmaqallar içərisində keçirmişdi. 1995-ci il iyulun 6-da İzmirin Alaçatı bölgəsində kitablarının imza günü həyatla vidalaşdı. Vəsiyyət etmişdi ki, dəfn mərasimi təşkil edilməsin. Yazıçının anlamına görə, dəfn mərasimi deyilən tədbir, rəzillik və ikiüzlülükdən başqa bir şey deyildi. Onun cəsədi, İstanbul Çapa Tibb Fakültəsinə gətirilərək yarıldı. Tələbələr cəsədin üzərində dərs keçdilər. Sonra vəsiyyətinə uyğun olaraq, İstanbulun Çatalca məhəlləsində yerləşən fondun həyətinə gətirildi. Vəqfin bağçasında 7 çuxur qazıldı. Ə.Nesinin nəşi bu çuxurlardan birinə endirildi. O vəsiyyətində yazırdı: “Mən insanın ruhunun varlığına inanmıram. Demək məzarın olması da vacib deyil. Məzarımın üzərinə işarə-filan, çiçək də qoyulmasın. Görə, qoxulaya bilməyəcəyim çiçəklərin məzarım üstündə boş-boşuna çürümələrinə acıyıram. Türkiyədə məzarlıqlar dinlərə görə bölünüb. Dinsizlərin məzarı olmamalıdır. Mənsə müsəlmanların yatacaq yeri yoxdur və olmamaldır, deyənlərdənəm”.
O bu dünyadan məzarsız getdi. Bilirdi ki, yaratdığı ölməz satirik əsərlər hər zaman onun mənəvi məzarı sayılacaq. Ə.Nesinin nəşi torpağa tapşırılmazdan öncə Nesin Fondunun uşaqları oradan uzaqlaşdırıldı. Günü bu gün fondun uşaqları bağçada qəbrin üzərində oynayır, qaçır, deyib-gülürlər. Adam, bütün bunları seyr edən böyük yazıçının ruhu dinclik tapır deyə də bilmir…
“Təəssüflər olsun ki, Bakıda çox az qala bildik”
Əziz Nesinin ölkəmizdə çoxlu dostları vardı. O, bir neçə dəfə Azərbaycanda da olub. Amma ölkəmizə ən yaddaqalan səfəri 1965-ci ildə baş tutur.
Bu səfər və Azərbaycan barəsində Əziz Nesin indiki zamanla uzlaşan möhtəşəm bir yazı qələmə alır:
“Nazim Hikməti çıxmaq şərtiylə, biz haradasa 40 ildən sonra Türkiyədən Azərbaycana gələn ilk türk ədəbiyyatçılarıyıq. Biz üç dost - Məlih Cövdət Anday, Yaşar Kamal və mən Azərbaycanda Türkiyə türklərinin nə qədər çox sevildiklərini gördük. Azərbaycanın məşhur yazıçıları da Türkiyəyə gəlmişdilər. Mənə elə gəlir ki, onlar da seyrçilərin coşqun alqışlarında Türkiyə türklərinin azərbaycanlıları nə qədər sevdiklərini görmüşdülər. Bu sevgi qarşılıqlıdır. Türkcəmizdə sevdiyim sözlərdən biri “qəlbdən qəlbə yol var” sözüdür. Sosialist türk yazıçıları Azərbaycan türklərini bir kərə yox, iki kərə sevərlər. Biri, türk soyundan olduğumuz və eyni gözəl dildə danışdığımız üçün, ikincisi də Azərbaycan inkişaf etmiş sosialist bir ölkə olduğu üçün... Təəssüflər olsun ki, Bakıda çox az qala bildik. Bu qısa vaxtda Azərbaycanı yaxından tanımaq mümkün deyildi. Ancaq bir məqam da var. Bir insan bir ölkədə uzun zaman yaşayırsa, yavaş-yavaş o ölkənin şərtlərinə uyur, alışır və bu səbəbdən o ölkənin bir çox xüsusiyyətlərini görə bilmir. Halbuki başqa ölkəyə qısa bir vaxta gələnlər, o məmləkətin gözəçarpan, diqqəti çəkən yaxşı və pis cəhətlərini daha aydın görə bilirlər.
“Azərbaycanda məni üzən şeylər oldu, amma...”
Bakıda bir neçə ay qala bilsəydim, bəlkə bəzi məsələləri daha dərindən incələyərdim, amma o zaman da buraya alışar, sizlərdən biri olar və bir çox diqqətədəyər keyfiyyətləri və gözə batan nöqsanları görməyəcəkdım. Hər insan öz gözünə görə görür. Yəni onu demək istəyirəm ki, mən Azərbaycanı öz gözümlə, başqa sözlə bir sosialist yazıçı olaraq gördüm. Gördüklərimin içində məni çox sevindirən şeylər olduğu kimi, üzən şeylər olduğunu gizlətməyəcəm. Ancaq üzücü şeylər mənim içimdə qalacaq. Çünki Azərbaycan xalqının sosial qüsur və nöqsanlarını qısa zamanda həll edəcəyinə inanıram.
“Nə üçün Azərbaycan xalqının hamısının ədəbiyyatçı olmadığına şaşıram”
1. Bu qısa zamanda içində Azərbaycan insanı ilə Türkiyə insanı arasında bənzər və fərqli bir neçə xüsusiyyəti gördüyümü sanıram. Türkiyədə yazıçılar ümumiyyətlə o qədər ağır vəziyyətdə və həyat sıxıntısı içindədirlər ki, hələ də ədəbiyyatçıların olmasına heyrətlənirəm. Azərbaycanda isə yazıçılar o qədər rahat və fərah yaşayırlar ki, nə üçün Azərbaycan xalqının hamısının ədəbiyyatçı olmadığına şaşıram.
“Azərbaycan türkləri bir-birini göylərə qaldırmaqda ölçünü itirib”
2. Biz, Türkiyə sənət adamları bir-birimizi o qədər qısqanırıq ki, hər fürsətdə bir-birimizi tənqid edirik. Siz, Azərbaycan sənətkarları isə bir-birinizi həddindən çox tərifləyir, hər fürsətdə göylərə qaldırırsınız. Mənə görə, hər ikisi də doğru deyil. Bakı radiosunda bir aşığın necə mədh edildiyini eşidəndə heyrətlər içində qaldım. Aşıq yaxşı saz çalırdı, ancaq diktor onu o qədər çox, çox, çox təriflədi ki, məsəl üçün, bundan sonra Füzulini, Şekspiri mədh etmək lazım gəlsəydi, artıq söz tapmayacaqdı. Mənə elə gəlir ki, biz Türkiyə türkləri bir-birimizi batırmaqda, siz Azərbaycan türkləri bir-birinizi göylərə qaldırmaqda ölçünü itirmişik.
“Evin içinə girincə Azərbaycanda qadın-kişi bərabərliyi bitir”
3. Biz, Türkiyə türkləri tez-tez və hecaları udaraq danışırıq. Siz, azərbaycanlılar isə çox yavaş və hecaları uzadaraq danışırsınız. Bir insanın ömrü ortalama 60 il olsa, bu 60 ildə bizim danışdıqlarımızın yalnız yarısını azərbaycanlılar danışa bilərlər. Siz bizdən iki kərə çox yaşayırsınız, biz sizdən iki kərə çox danışırıq.
4. Türkiyədə qadın və kişilər arasında bərabərlik haqları yalnız kağız üzərindədir. Azərbaycanda isə qadınla kişi həm kağız üzərində, həm də sosial həyata bərabər haqlara sahibdirlər, amma evin içinə girincə Azərbaycanda da qadın-kişi bərabərliyi bitir. Azərbaycanlı kişisi başqa bir millətdən qızla evləndiyi zaman səsini çıxarmayan ailə, qızlarının başqalarına ərə getmələrinə yaxşı baxmır. Bəlkə yanılıram, amma mən belə gördüm.
Qeyd: Mən psixolojik anlama baxımından nə qızın, nə də kişinin başqa millətdən birisiylə evlənməsinə tərəfdar deyiləm. Hətta bu evlilikdən gözəl və yaxşı nəsillər doğsa belə...
“Azərbaycanda yaşlı nəsil gənclərin önünü kəsir”
5. Hər ölkədə olduğu kimi Türkiyədə də ədəbiyyatda, mədəniyyətdə, siyasətdə gənc və yaşlı nəsillər arasında mübarizə gedir. Türkiyədə bu mübarizəni gənc nəsil qazanıb. Amma Azərbaycanda gördüm ki, yaşlı nəsil üstün gəlib. Kimliyimə baxılsa, mən gənc deyiləm. Ancaq kimliyim məndən tez qocalıb. Mən gənclərin tərəfindəyəm. İyirmi yaşında bir ürək, otuz yaşında bir beyinə sahibəm. “Dünyanın ən gözəl insanı kimdır?”- deyə məndən soruşsanız, “yetmiş yaşında da gənc qala bilənlərdir”, - deyərdim. Ancaq gənclərin yolunu kəsən insanları da gördüm. Günah yaşlılarda deyil, yollarını açmasını bilməyən gənclərdədir.
6. Təəssüflər olsun ki, müxtəlif səbəblərlə Türkiyə türkləri, aydınları Azərbaycan ədəbiyyatıyla yaxşı tanış deyillər. Azərbaycan aydınları da 1930-dan sonrakı türk ədəbiyyatını tanımırlar. Mən ümumi olaraq deyirəm, yoxsa çağdaş türk ədəbiyyatını çox yaxşı bilənlər də var. Biz Türkiyəyə qayıdan kimi çağdaş Azərbaycan ədəbiyyatını türk oxucularına tanıtmağa çalışacağıq. Məsəl üçün, mən Mirzə Cəlil Məmmədquluzadənin hekayələrini, başqa yazıçıların əsərlərini nəşr etdirəcəm. Bütün Azərbaycan oxucularına ən səmimi sevgi və sayqılarımı çatdırıram”.
Dilrubə Vaqifzadə
-
Sosial17:33
Məktəbli qızın döyülmə görüntüləri yayıldı - VİDEO
-
Sosial16:30
Bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək
-
İdman16:28
Ronaldonun Corcinası bacısı ilə fotolarını sildi, blokladı: Nə baş verir?
-
Sosial15:58
ŞOK! Bakıda 1 milyon manata aptek satılır - FOTOLAR
-
Dünya14:53
Putin Trampı təbrik edəcək? - Kremldən açıqlama
-
Rəsmi xronika14:18
İlham Əliyev Trampı təbrik etdi
-
Kriminal12:44
Türkiyədən Azərbaycana qayıtdı, bir həftə sonra öldürüldü - Qisas cinayəti
-
Rəsmi xronika11:39
İlham Əliyev Ərdoğanla görüşdü - YENİLƏNDİ / FOTO