Xüsusi
Zəngəzurdakı 9 kəndimiz ermənilərə necə verildi? - FAKTLAR ÜZƏ ÇIXDI
Hazırda Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası aparılır. Sərhəd məsələləri Azərbaycan SSR-nin 1974-cü il xəritəsinə əsasən həyata keçirilir. Sual yaranır ki, niyə məhz 1974-cü il xəritəsi?
Ümumiyyətlə, Qazax və Naxçıvan istiqamətində Azərbaycan və Ermənistan daxilindəki anklavlar, eksklavlar nə zaman yarandı? Hansı ərazilər ermənilərə güzəştə gedildi və 1960-cı illərin əvvəllərində bunları kim edirdi? Azərbaycan indi örüş və otlaq sahəsi kimi ermənilərə verilən əraziləri də tələb edə bilərmi?
Müsahibimiz millət vəkili, tarixçi alim, professor Anar İsgəndərlidir.
O, Publika.az-a müsahibəsində indiki sərhəd problemlərinin kökündə, özəyində dayanan tarixi problemlərdən danışıb.
- Anar müəllim, müharibənin ikinci mərhələsinin çətinlikləri nədən ibarətdir?
- 30 il düşmən işğalı altında qalan torpaqlarımız 44 günlük Vətən Müharibəsi nəticəsi nəticəsində azad edildi. Bu müharibənin qəhrəmanı birmənalı olaraq Azərbaycan xalqıdır. Dünyanın haqqı, ədaləti istəyən dövlətləri bu müharibədə bizim yanımızda oldu. Amma əsgəri, qanı, canı ilə yox... Sadəcə bizim haqq işimizi müdafiə etdilər. Bizə arxa durdular, çox sağ olsunlar. Sovet dönəmində uzun müddət təbliğ olunan siyasət "xalqlar dostluğu"ndan ibarət idi. Cənubi Qafqazda da Azərbaycan, Gürcüstan və Ermənistan arasındakı münasibətlərdə həmişə xristian Gürcüstana və xristian Ermənistana xüsusi münasibət olub. Ən böyük münasibət ondan ibarət idi ki, həm Ermənistanda, həm Gürcüstanda həmişə hakimiyyətdə birinci şəxs onların özündən idi. Milliyətcə gürcü Gürcüstanda, milliyətcə erməni Ermənistanda birinci şəxs olaraq fəaliyyət göstərib. Amma çox təssüflər olsun ki, 1933-cü ilin sonuna - Mircəfər Bağırov Azərbaycanda hakimiyyətə gələnə qədər ölkəmizi demək olar ki, qeyri-azərbaycanlılar idarə edib.
- Bəs digər azərbaycanlı rəhbərlər? Əliheydər Qarayev, Ruhulla Axundov...
- Hətta azərbaycanlı idarə edibsə də onun düşüncəsi, onun milli təfəkkürü qeyri-azərbaycanlı təfəkkürü olub. Bu o qədər sübut olunmuş məsələdir ki, fikrimcə, bunun üzərində çox dayanmağa da ehtiyac yoxdur. İstər Mirzə Davud Hüseynov, istər Əliheydər Qarayev, istərsə də Ruhulla Axundov olsun... Təbii ki, bunların ad-soyadı Azərbaycan kökənli idi. Amma düşüncələrində millilik yox, beynəlmiləlçilik üstün idi. Həmişə Azərbaycanlıları qeyri-azərbaycanlılara çox məharətlə sata bilirdilər. Digər fərq isə azərbaycanlıları aşağılayır, qeyri-azərbaycanlıları isə göylərə qaldırırdılar. Bu, dövrün siyasəti idi.
- 30-cu illərdə də torpaqlar verildi. Həmin ərazilərin ermənilərə verilməsi bu gün bizə hansı çətinliklər yaradır?
- 1933-cü ilə qədər Azərbaycanın kifayət qədər torpaqları verildi. Əgər Naxçıvanla Azərbaycan arasındakı 9 kənd ermənilərə verilməsəydi və ermənilər orada ayrıca rayon təşkil eləməsəydilər, o zaman Azərbaycanla Naxçıvanın quru sərhədi heç zaman kəsilməzdi. Bu, birinci nüansdır. İkincisi, 1933-cü ilə qədər Qazax istiqamətində, Gürcüstanla sərhəddə, Azərbaycanın ayrı-ayrı bölgələri Gürcüstana və Ermənistana verildi. Ən nəhayət, 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gələnə qədər bizim Laçın istiqamətində kifayət qədər torpaqlarımız Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Ermənistana verilmişdi, lakin həmin ilin iyulunda Heydər Əliyev hakimiyyətə gələndən sonra həmin torpaqların bir qarışını da vermədi. Halbuki, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin qərarı var idi. 1987-ci ildə Heydər Əliyev Siyasi Büro üzvlüyündən azad olunandan sonra ermənilər Dağlıq Qarabağla bağlı hərəkətə keçdilər. Buna qədər 1984-cü ildə Azərbaycanda birinci şəxs olan başqa bir rəhbərin dövründə kifayət qədər torpaqlarımız Qazax istiqamətində ermənilərə verildi. Ən nəhayət, ermənilər SSRİ-nin dağılmasından sonrakı 30 il ərzində bizim torpaqlarımızı öz torpaqları edə bildilər. Nəinki torpaqlarımızı ələ keçirdilər, orada yeni kəndlər də saldılar. Ona görə də Azərbaycan öz ərazi bütövlüyünü təmin edərkən bu gün sərhədləri ilə bağlı böyük problemlər yaşayır.
- Niyə məhz 1974-cü ilin xəritəsi?
- Kifayət qədər xəritələr mövcuddur, cümhuriyyət dövrünün, sovet dönəminin xəritələri var. Ən son xəritələr də 1970-ci illərin əvvəllərində olan xəritələrdir. Amma bu xəritələr də dürüst hazırlanıb. Yəni dürüst xəritələrdir.
- Nəyə əsasən deyirsiniz ki, dürüst xəritələrdir?
- Ona görə ki, sərhəd zolağında hansı torpaqlar Azərbaycanındır, hansı torpaqlar Ermənistanındır, hansı ərazilər Gürcüstanın, hansı ərazilər Dağıstanındırsa olduğu kimi orada əks olunub. Bunlar məlumdur. Mübahisə ondan doğur ki, 30 il ərzində burada yurd salan erməni heç zaman bu tarixi həqiqəti qəbul etmək istəmir. Bu torpaqlardan getmək istəmədiyini bildirir. Müharibədə məğlub olan tərəf kimi dünyanı, nüfuzlu təşkilatları köməyə çağırır. Tarix boyu erməniləri kimlər müdafiə eləməyib ki?! Bunu ermənilər də yaxşı bilirlər. Həmişə ermənilərə yardımçı, havadar olanlar var. Amma bunların hamısı əbəsdir. Nə üçün əbəsdir, ona görə ki, Azərbaycan 44 günlük müharibə ilə sübut etdi ki, o bir qarış torpağını da düşməndə saxlamaz. Yəni, xalq bu düşüncədədir ki, axıra qədər getmək lazımdır. 44 günlük müharibə qələbə ilə başa çatdı. Hazırda işğaldan azad olunan ərazilərdə quruculuq işləri gedir. Bundan sonra quruculuq işləri davam edəcək. Amma sərhədlər də o dərəcədə möhkəmləndirilməlidir ki, düşmən bir daha ağlına da gətirməməlidir ki, Azərbaycanın sərhədlərinə keçmək olmaz.
- Amma məğlubiyyətlərini etiraf etmirlər. Yenə də öz “ampula”larındadırlar?..
- Bu gün düşmən çığır-bağır, hay-həşir salır. Dünənə qədər ona havadarlıq və yardım edən dövlətlərdən yardımlar istəyir. Həm də hazırda Ermənistan 20 iyunda gerçəkləşəcək seçkilərə hazırlaşır. Seçkidə qalib gəlmək istəyən tərəf təbii ki, seçki kampaniyası ilə əlaqədar olaraq bu Azərbaycanın haqqıdır - cümləsini işlətmir. Güya Azərbaycan torpaqlarını Ermənistan işğal edib. bununla xal qazanmaq istəyirlər. Amma bunlar da əbəsdir. Ona görə əbəsdir ki, Azərbaycan nə 1960-cı illərin, nə 1990-ci illərin Azərbaycanıdır. Bu gün Azərbaycan güclü bir dövlətdir. Azərbaycan öz haqqını müdafiə etmək üçün hər bir gücə malikdir. Xalq bir dəmir yumruqdur. Dövlət başçısının dediyi kimi, əgər Ermənistan bu yumruğun mahiyyətini dərk eləməsə budəfəki yumruq 44 günlük müharibədə onun başına vurulan yumruqdan da dəhşətli, möhkəm ola bilər. Bu isə Ermənistanın ümumiyyətlə, faciəsi deməkdir. Bu mənada Azərbaycan axıra qədər gedir.
-Necə yəni?
-Azərbaycan öz haqq işini yarımçıq saxlamaq istəmir. Erməni tərəfi nə təbliğat aparırsa aparsın, onsuz tarix tarix olaraq qalır. Biz tarixdən ibrət götürmüşük. Biz 1918-20-ci illərdə ermənilərə nələr vermədik. Nələr təklif eləmədik?! Amma son nəticədə həmişə xəyanətlərini elədilər. Ən axırıncı xəyanətləri 1920-ci ilin martında Qarabağdakı xəyanətləri idi, orada qiyam törətdilər. Ona görə də Azərbaycanın bütün hərbi qüvvələri Qarabağ qiyamına yönəldi. 11-ci Qızıl Ordu da heç bir müqavimət görmədən Samurdan Azərbaycan ərazisinə daxil oldu. Azərbaycan torpaqlarını işğal etdi. Yəni, düşmənin məkri bizə məlumdur. Bundan sonra düşmənin nə sözünə, nə də müqaviləsinə inanmaq lazımdır. Çünki kağız üzərində nəsə yazırsa, onu sadəcə kağız parçası sayır. Çünki düşmənin əqidəsi və şəxsiyyəti o qədər güclü deyil ki, öz imzasına hörmət eləsin. Tarix boyu öz imzasına hörmət qoymayan bir xalq, dövlət varsa, o da Ermənistan dövlətidir. Biz də öz növbəmizdə bu 30 ilin acı təcrübəsindən ibrət götürə bildik. İbrət götürə bildiyimiz üçün biz öz torpaqlarımızı düşməndən azad elədik.
Tural Turan
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...