Xüsusi
Ulduzlar altında şəhər, Koroğlunun Misri qılıncının sirri, göydəki Azərbaycan: Səmaya ekskursiya
Deyirlər, Ay Günəşin oğludur. O, uşaqlıqda çox dəcəl olub. Bir dəfə Günəş görür ki, təknədə çörək qurtarıb. Tez əl-ayağa düşür, başlayır un qatıb xəmir yoğurmağa. Ay gəlib anasının yanında dəcəllik eləyir. Günəş çox deyir ki, əl çək, qoy işimi görüm. Ay daha da qızışır. Axır-axırda Günəş bərk hirslənir. Xəmirli əli ilə Ayın üzünə bir şillə çəkir. Xəmir izi qalır Ayın üzündə. Ay nə qədər çalışır üzündəki ləkəni yusun, amma bu ləkə heç cür yuyulmur. Ay üzündəki ləkədən çox utanır. Ona görə də dünyaya gecələr çıxır ki, heç kim bu ləkəni onun üzündə görməsin.
Rəvayətin gerçəklik payı ondan ibarətdir ki, Ayın üzündə həqiqətən 300 minə yaxın çökəklik var. Və Ay Günəşdən sonra Yerdən görünən ən parlaq ikinci kosmik cism olsa da, onu yaxından görmək şansını hamıya bəxş etmir. Bunu ürəkdən istəmək azdı, ana təbiətin icazəsini almalısınız. Ayın mübarək camalını görmək eşqi ilə yola çıxıram. Səfərim Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasınadır. Nə düşünürsünüz, Ayın rəhmi gəlib hüsnünü mənə göstərəcək? Gəlin sizə lap başdan danışım...
Publika.az AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) və onun nəzdində fəaliyyət göstərən Astronomiya Muzeyindən reportajı təqdim edir.
Ulduzlu səmanı seyr etmək istəyirsinizsə, təbii ki, bunu Şamaxıda etməlisiniz. Ən azından Şamaxı sakinləri əmindir ki, belə parlaq gecə səmasını çox az yerdə görmək mümkündür. Şamaxılıların fikirlərini elm adamları da təsdiqləyir və dəniz səviyyəsindən 1500 m yüksəkdə yerləşən AMEA N.Tusi adına Astrofizika Rəsədxanasının Şamaxıda tikilməsi heç də təsadüfi deyil. Sovet dövründə rəsədxana niyə məhz Şamaxıda tikilib? Rəsədxananın tikilişindən bir xeyli əvvəl Azərbaycanın bir sıra dağlıq yerlərində araşdırmalar aparılıb. Laçında, Kəlbəcərdə, Qubada... Amma ilin 365 günündən 200-ü Şamaxıda buludsuz, gecələri aydın, şəffaf havası və rütubət az olduğu üçün rəsədxananın da Şamaxıda tikilməsi qərara alınıb. İkinci şərt odur ki, bu ərazidə güclü küləkli havaların sayı az olub. Möhkəm külək olduqda teleskopun kümbəzini açmaq olmaz, güzgülərə toz dolur və onun keyfiyyətini aşağı salır. Nəmişlik də teleskopun güzgüsünə ləkə sala bilir. Şamaxının Bakıya yaxın olması da önəmli rol oynayıb. Ətraf meşələrdir, təbiət özü havanı tozdan təmizləyir.
1950-ci illərin sonlarına aid olan foto rəsədxananın inşası zamanı çəkilib
ŞAR-ın xarizmatik dəmir qüllələri uzaqdan alınmaz qala təsiri bağışlayır. Təbii ki, inanılmaz görünən bu kompleksin istehkamla heç bir əlaqəsi yoxdur. Əraziyə yaxınlaşdıqda qulaqlarınızın tutulduğunu hiss edəcəksiniz. Vəziyyətlə barışıb girişə doğru addımlayıram. Ziyarətçilərin hamısı eyni anda içəri buraxılmadığı üçün gözləməli oluruq. Məlumat verirlər ki, bələdçi rəsədxananın qonaqlarını 10 nəfərlik qruplar şəklində qəbul edir. Çox keçmədən teleskop mühəndisi Müşfiq Hüseynov bizə yaxınlaşıb muzeyə doğru aparır. Yeri gəlmişkən, muzeyə və rəsədxanaya giriş ödənişlidir.
Koroğlunun Misri qılıncının sirri nə idi?
Divarlardan planetlərin, alimlərin fotolarının asıldığı, şüşələrdə mistik daşların sərgiləndiyi yarıqaranlıq bir otağa daxil oluruq. Hamı şəkil çəkdirməyi sonraya saxlayıb bələdçinin başına toplanır və diqqətlə onu dinləməyə başlayır.
“Axan ulduz və ya Meteor Günəş sisteminin kiçik cisimlərindən biridir. Onlar quyruqlu ulduz və ya kometlərin parçalanması nəticəsində yaranan, həmçinin Günəşə yaxınlaşarkən itələmə qüvvəsinin təsiri ilə kometləri tərk edən hissəciklərdir. Ondan düşən qəlpələr dağ yerlərində daha aydın görünür, hətta yana-yana düşdüyünü müşahidə etmək mümkün olur. El arasında buna “Kiminsə ulduzu söndü”, yaxud da “Onu görəndə arzu tutsan, yerinə yetir” deyirlər. Əslində bunlar ulduzlar deyil, ümumiyyətlə ulduzlar yerə düşə bilməz. Bunlar ulduzlardan qopan qəlpələrdir. Komet özü soyuq cisimdir, tərkibi buzlardan və qumlardan ibarətdir. Günəşə yaxınlaşdıqca, istilik nəticəsində buxarlanır və partlayışlar baş verir. Çox nadir hallarda yerə çatır, yerə çatmamış, göydə yanıb toz olurlar, atmosfer onları parçalayır. Kiçik bir kənd boyda və ya 15-20 mərtəbəli bina hündürlüyündə olduqda, ancaq balaca hissəsi gəlib yerə çatır. Ərinmiş formada düşür, sonra soyuyur belə fiqurlar alınır”, - mütəxəssis qeyd edir və Azərbaycana düşdüyü bilinən ilk dəmir meteorit haqqında danışır.
Bu meteroit 1959-cu ildə Yardımlı rayonunun Arus kəndinə düşüb. Keçmiş SSRİ ərazisinə düşən 3-cü böyük meteorit sayılır. Gündüz vaxtı təsadüfən dağa düşəndə çoban görüb. Onu 8 metr dərinlikdən qazıb çıxarıblar. Ulduzların axını səmada çox sürətlə baş verir, saniyədə 11 km-dən 75 km-ə qədər artır. Bu, onların yerə hansı bucaq altında uçmasından asılıdır. Havanın təsiri ilə yandığı üçün ərimiş formada olur, yerə çatana qədər sıxlığı çoxalır, odur ki, çəkisi də çox ağırdır, 127 kq. Tərkibi 92,5 % dəmir, 6,17 faiz nikkel, 0,4 faizi isə kobaltdır. Adi dəmirdən fərqlənir. Yerdə işlətdiyimiz eyni ölçülü dəmiri çəksək, görərik ki, onun maksimum çəkisi 30-40 kq olacaq. Çünki sıxlığı azdır. Meteroiti dəmir mişarı ilə kəsmək olmur, xüsusi almaz mişarlarla kəsirlər. Dastandan oxuduğumuz Koroğlunun “Misri qılıncı” da meteroitdən düzəldilib. 100 % dəmir meteroitlərin tərkibində qiymətli metallar var. Ümumiyyətlə bu dəmiri gördükdə, bir daha əmin oluruq ki, o yerin məhsulu deyil, göydən gəlmədir. Hətta “Qurani Kərim”də, 57-ci Hədid sürəsində deyilir ki, dəmiri göydən yerə sizə göndərdim. Yerin 4 milyard yarım yaşı var. Yer də qaz tipli planetlərə aiddir, Yupiter, Saturun, Uran və Neptun kimi zəhərli kimyəvi qazlardan ibarətdir. Yer belə bərk olmayıb. Zaman-zaman Yer sıxılmadan bərk cismə çevrilib, sonra bitki örtükləri yaranıb, bitki örtükləri oksigeni formalaşdırıb, beləliklə yaşayış başlayıb. Bəzi ölkələrdə indi də daş yataqları var. Azərbaycanda Daşkəsən rayonunu misal çəkmək olar. Orda dəmiri filizlər şəklində çıxarıb torpaqdan ayırırlar. Yerdən dəmir də, nikkel də, kobalt da ayrı-ayrılıqda çıxarılır. Lakin Yer Kürəsində üçünün birləşməsi yoxdur. Bu meteroitdə isə üçünün birləşməsi var.
Meteroitlər iki növ olur, daş və dəmir. Daş meteroidin tərkibində dəmir olmur, qumun ərinmiş forması olur, silisium oksidlə şlaq olur. Yadda saxlayın ki, dəmir meteroit asteroiddən, daş meteroit isə kometdən qopan qəlpədir. Onlar ayrı-ayrı səma cisimləridir.
Digər iki daş isə muzeyə Xanlar rayonundakı Toğana kəndindən gətirilib. Dağı yarıb yol çəkəndə tapılıb. Qəlpələrdən qoparıb laboratoriyaya göndərilib və analizlər nəticəsində məlum olub ki, tapılan daşlar meteroitlər yox, ildırım bombalarıdır. İldırım bombası şərti olaraq deyilir. İldırımda yüksəl gərginlik - neçə min voltluq cərəyan olur. Yerə düşəndə torpağı partladır, əridir və ətrafa səpələyir. Sonra o torpaq kənarda soyuyur və belə forma alır”.
Müşfiq bəy bildirib ki, meteroitlərin hansı əraziyə düşdüyü müşahidə edildikdə, onları qazıb çıxarmaq mümkün olur: “Bundan da dəfələrlə böyük meteroitlər Azərbaycanın elə bir ərazisinə düşə bilər ki, insan görməsin, sürətlə gəldiyi üçün girir topraqda qalır. Çay yerlərinə düşəndə isə su və daşlıq olduğundan dərinliyə getmir. 1-2 metr gedir və tez də soyuyur. İllər keçdikdə su onu yuyub üzə çıxarır. Onların forması çay daşından fərqlənir, həm də daha ağır olur.
Əgər təhlükəli vəziyyət yaranarsa, meteroitlər səmada partladılır. Çelyabinskdə oxşar hadisə olmuşdu, yerə çatmamış partlatmışdılar, ancaq qəlpələr həyətlərə düşmüşdü. Onun dalğasının təsərindən evlərdə pəncərələr sınmışdı. İnsanlar onu yığıb 5-10 dollara satırdılar, ən gülməli tərəfi qəlpəni arağa dəyişmələri idi. Böyük kütləni isə tapa bilmirdilər, ay yarım sonra bataqlıq göldən tapıb çıxardılar. Onun çəkisi 643 kq idi. Əslində meteroitin qramı min dollarlarla hesablanır.
Elə meteroit olar ki, böyük bir rayonu məhv edə bilər. Kiçik bir hissəsi hündürmərtəbəli binanı belə yerlə-yeksan etməyə qadirdir. Onun sürətinə görə, çəkisi də artır və bir neçə ton bombaya bərabər olur”.
Muzeyin ən maraqlı eksponatı bir vaxtlar gələcək maşını kimi tanıdığımız teleskopun ilkin idarəetmə pultudur. Zed nəslinə “Sehrli xalat” filmi tanış olmasa da, biz gözəl bilirik ki, Rəşidlə Zərifə məhz onun sayəsində Aya ayaq basa bilmişdilər.
“Rəsədxanada 6 teleskop var, ən böyüyünün güzgüsünün diametri 2 metrdir. Bu teleskop Azərbaycana 1964-cü ildə hissələr şəklində gətirilib. 1966-cı ildə isə quraşdırılıb istifadəyə verilib. İkimetrlik teleskop almanların məşhur “Karl Zeiss” optik firmasının istehsalıdır və bundan dünyada cəmi 4 ədəddir. Onlardan biri Almaniyada, Bolqarıstanda, Çexiyada və Azərbaycandadır. Dünyanın bir çox ölkəsində teleskoplar olsa da, bizdə olan teleskopun özəllikləri var. Bizim teleskopu fərqləndirən cəhətlərdən biri güzgüsünün şəffaflığı, effektliyi, güzgüsünün səthinin cilalanması və güzgünün içərisində hava boşluğunun az olmasıdır. Bu teleskop hazırda bütün müsəlman ölkələrində, şərq dünyasında keyfiyyətinə görə birincidir. Alimlərimiz ilk müşahidələrini onunla aparıblar.
Bu da onun köhnə idarəetmə pultudur. Öz dövründə müasir idi, bu dümyələrlə teleskopların üstü kümbəzlə açılır və fırladılırdı. Digər düymələrlə ulduzların koordinatları yığılır və start düyməsi basılanda teleskop avtomatik həmin ulduzun üzərinə tuşlanırdı. 2008-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə rəsədxanada təmir-tikinti iləri başladı. Onun daxilindəki ən böyük teleskopun idarə etməsi avtomatlaşdırıldı. Yerdə qalan 5 teleskop da öz növbəsini gözləyir. İndi teleskopu kompüterlə, kənardan isə notbukla da idarə etmək olur”.
Muzeyin ziyarətçiləri arasında kosmosa böyük maraq göstərən azyaşlı uşaqları görmək xüsusilə sevindirici idi. Bələdçimiz səma cismləri və digər məlumatları həm uşaqların başa düşəcəyi dillə izah edir, həm bizim suallarımıza çox aydın cavablar verir, həm də öz zarafatlarından qalmırdı. Teleskopun ilkin idarəetmə pultuna işarə edən bələdçimizin “Gələcəyə getmək istəyirsiniz? Ancaq valideynləriniz burda qalacaq” sözləri uşaqları yaman həyəcanlandırdı. Bəziləri anasının əlindən bərk-bərk yapışsa da, ucadan qışqırıb “Getmək istəyirik” deyənlər də oldu.
““Sehrli xalat” çəkilməsə də, maketi düzəldilib. Tanınmaması üçün üzərində əlavələr ediblər. İdarətetmə pultu öz dövründə müasir idi”, - mühəndis əlavə bildirdi.
Fəzada da Azərbaycan adlı bir məmləkət var!
M.Hüseynov daha sonra divardan asılan sertifikatlardan danışmağa başladı və əlavə etdi ki, səmada çoxlu kiçik planetlər kəşf olunur və onların bəziləri azərbaycanlı alimlərin adlarını daşıyır. Nəsrəddin Tusinin əsərlərinin əlyazmasından danışan mütəxəssis bildirdi ki, Amerika qitəsi məhz onun riyazi hesablamaları və tərtib etdiyi xəritədən sonra kəşf olunub. Onun sözügedən əlyazmaları hazırda İranda, Almaniyada, İngiltərədə sərgilənir.
“Beynəlxalq Astronomiya Cəmiyyəti bu adları verib. Səmada hətta Azərbaycanın adını daşıyan planet var. 2698 nömrəli asteroid 11 oktyabr 1971-ci ildə Krım Astrofizika Rəsədxanası işçiləri tərəfindən kəşf olunub və ona Azərbaycan adı verilib. Bu asteroidi ikinci bir şəxsə verə bilməzlər, artıq patentləşdirilib. Ümimiyyətlə rəsədxanamız elm sahəsində böyük işlər görüb. Onun işini qiymətləndirərək adına kiçik planet veriblər. Həmçinin dahi şairimiz Nizami Gəncəvinin, Hüseyn Cavidin, görkəmli alim Nəsrəddin Tusi, həmçinin Müslüm Maqomayevin babasının da adına kiçik planet kəşf olunub. Xalq artisti Müslüm Maqomayevin və həyat yoldaşının da şərəfinə planet kəşf olunub, ölümündən bir il əvvəl sənətkarın özünə təqdim olunub. Lakin onların sertifikatları bizdə olmadığından muzeydə asmamışıq.
Bu fotodakı ayın səthidir, gördüyünüz ləkələr meteroidlərin düşməsi nəticəsində yaranıb. Bizdə atmosfer olduğu üçün yanır və yerə gəlib çatmır, göydə yanıb toz olur. Ayda isə atmosfer olmadığından çoxlu sayda meteroid düşür, sanki bombardman edilir. Səthində 300 minə yaxın müxtəlif ölçülü çökəkliklər var. Vaxtı ilə Ay aktiv planet olub. İndi passivdir, heç bir proses getmir. Vulkanik palçıq püskürməsi zamanı orda dağlar yaranıb. Yerdəki bir çox uca dağların adları Aydakı dağlara verilib. Ümumiyyətlə yerə ən yaxın planet Aydır və Yerin yeganə peykidir. Gündüz Ayın Günəş düşən hissəsində 130 dərəcə isti olur, gecə kölgəli tərəfində isə mənfi 170 dərəcə şaxta olur. Burda atmosfer olmadığı üçün temperatur kəskin dəyişir. Aya gözlə baxanda axşamlar sarı rəngdə görünür, əslində Ay və digər planetlər özlərindən işıq saçmırlar. Günəşdən düşən işığı güzgü kimi əks etdirirlər. Teleskopla Aya baxsanız, görərsiniz ki, Ay boz rəngdədir. Çünki Ayın səthi Günəşin yandırıcı şüaları nəticəsində yaranmış kül qatıdır”.
SSRİ-nin dağılmasından sonra tədqiqatlar donduruldu, lakin bu yaxınlarda rəsədxana ikinci həyat tapdı və artıq ilk nəticələr var. Rəsədxanada hazırda azərbaycanlı astrofizik alimlər fəaliyyət göstərir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-2013-cü illərdə rəsədxanada maddi-texniki bazanın möhkəmləndirilməsi və ətraf mühitin sağlamlaşdırılması üçün yenidən qurulma işləri aparıldı. Bunun üçün əvvəlcə 5 milyon manat, daha sonra da əlavə 3 milyon manat vəsait ayrıldı. Prezident İlham Əliyev Şamaxı Rəsədxanasını belə qiymətləndirib: “Şamaxı Astrofizika Rəsədxanasının çox böyük tarixi vardır. Dünya miqyasında, elm aləmində çox böyük nüfuzu vardır. Bu rəsədxananın yenidən qurulması və burada gözəl şəraitin yaradılması məni çox sevindirir... Əminəm ki, uzun illər, onilliklər bundan sonra da bu rəsədxana Azərbaycan xalqına, Azərbaycan elminə xidmət göstərəcəkdir”.
Rəsədxanada Qalaktika, Ulduz, Günəş və digər planetlərin müşahidəsi aparılır. ŞAR ciddi elmi müəssisə olsa da, xoşbəxtlikdən onu qeyri-mütəxəssislər üçün tamamilə qapalı adlandırmaq olmaz. Muzeyin ikinci mərtəbəsinin iclas zalı olduğunu vurulayan Müşfiq Hüseynov qeyd etdi ki, 2015-ci ildən rəsədxananın qapıları hamıya açıqdır. Rəsədxana gecə və gündüz müəyyən saatlarda ziyarətçiləri qəbul edir. Sadə vətəndaşların da göy cisimlərini izləmək imkanı var. Gecə vaxtı teleskopla baxmaq hava şəraitindən asılı olaraq təşkil olunur. Üstəlik yüksək dəqiqlikli elmi alətlərlə əhatə olunmuş tikilinin ətrafında belə bir fantastik mənzərədən həzz alırsan.
“Əvvəllər çox nadir hallarda kimsə teleskopla ulduzları seyr edə bilərdi. Kimin qohumu rəsədxanada işləyirdisə, elmi işlər aparılanda kimsə öz qohumuna xahiş etməklə gəlib ulduzlara baxa bilərdi. 2015-ci ildən ekskursiyalar təşkil olunmağa başladı. İnsanların xahişini nəzərə alaraq ikinci böyük teleskop ayrıldı. Artıq Aya baxmaq üçün kiməsə zəng vurmağa və tanış axtarmağa ehtiyac yoxdur. İstənilən kəs gəlib Ayı müşahidə edə bilər. Sadəcə hava təmiz və aydın olmalıdır”.
Hekayəmin bu yerində təəssüflə bildirməliyəm ki, Ay üzünü göstərmədi. Yola aydın səma altında çıxmışdım, lakin Şamaxıya çatanda havanın tutqun və buludlu keçəcəyini artıq təxmin etmək olurdu. Mütəxəssisin sözlərinə görə, hava buludludursa, teleskopla Ayı müşahidə etmək mümkün olmayacaq. Hər halda o, bizi göy cisimlərinin izlənməsi üçün istifadə olunan avadanlıq quraşdırılan ən böyük kümbəzə daxil olmağa dəvət etdi. Yer kürəsində elə bir teleskop yoxdur ki, ulduzları gündüz görə bilsin. Müşahidələr yalnız axşamlar, təmiz və buludsuz hava şəraitində aparılır. Ulduzları izləməyimiz mümkün olmasa da, rəsədxana işçiləri qurğunu hərəkətə gətirdilər. Hərəkətə gələn nəhəng teleskop kümbəzin yavaş-yavaş aralanan tavanı arasından səmanı seyr etməyə imkan yaradır. Burada siz də unikal kosmik obyektlər, müasir elmi kəşflər haqqında daha çox məlumat əldə edə və Azərbaycan astrofizika tarixinə qərq ola bilərsiniz.
Aytən Məftun
-
Sosial19:12
Polkovnik Vüqar İbrahimli vəzifəsindən AZAD EDİLDİ - FOTO
-
Sosial19:00
Azərbaycanda əlilliyi olan şəxslər və uşaqlarla bağlı XÜSUSİ QRUP YARADILDI
-
Nida Xəbər 17:02
Putin Bakıya gələcək? - Peskov açıqladı
-
Rəsmi xronika16:20
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Qarabağ 13:42
Tokayevdən Bakı və İrəvana təklif: Hazırıq
-
İdman12:57
Daha Ronaldoya ehtiyac yoxdur, Corcina brenddir: Görün nə qədər sərvəti var - FOTOLAR
-
Hadisə12:00
Generala ağır itki üz verdi - FOTO
-
Qoroskop11:12
Ən uğursuz bürclər açıqlandı: Onlar həyata geridə başlayırlar