Xüsusi
Nəzarəti çətin olan xəstəlik: yuxarı doza dərmanlar belə... - Həkim dəhşətli faktlar açıqladı
Uğur və uğursuzluqlarımızın böyük hissəsi əslində insan psixologiyasında gizlənib. Həyatdakı mövqeyimiz və statusumuz bir çox hallarda məhz ondan asılıdır. Səbəbsiz deyil ki, psixologiya ilə bağlı istənilən məlumatlar istər oxucularda, istərsə də tamaşaçılarda böyük maraq oyadır. Psixologiya mövzusunda olan verilişlər və məqalələr bizi daha ayıq olmağa, həm də özümüzü daha yaxından tanımağa kömək edir.
Psixiatr Orxan Fərəcli Publika.az-ın bu mövzuda suallarını cavabladırıb. Mütəxəssis müsahibədə həm insan ruh halının aciz qaldığı məqamlardan, həm peşəkar dəstəyə ehtiyacı olanlardan, həm də ağır psixoloji travmalardan və onların həyatımızdakı izlərindən danışıb.
- Pasientlərin psixiatra müraciət səbəbləri və şikayətləri müxtəlif olsa da, yəqin ki, onları birləşdirən ortaq nöqtələr də var. Bizə onlardan söz aça bilərsinizmi?
- Psixiatriyada təxminən 600-dən çox xəstəlik var, onlar arasında həkim olaraq heç vaxt rastlaşmadıqlarım da var. Elə də olur ki, hər gün eyni problemdən əziyyət çəkən 4-5 pasient görə bilirik. Amma təbii ki, hamısını birləşdirən məsələ, həmin insanların ruhi tarazlıqlarının bu və ya digər pozulmasıdır. Ruhi balansın pozulması da müxtəlifdir. Elə adam var ki, sadəcə əhval-ruhiyyəsi pozulur, sanki əsəbilik var. Digərlərində isə ağır patologiyalara qədər gedir çıxır. Məsələn, fikirləşir ki, onu kimsə xüsusi cihazlar vasitəsi ilə izləyir, ya beynini oxuyurlar. Bu hallara qədər dəyişə bilən şikayətlər toplusunda ortaq tərəf tapmaq çətindir. Məhz ortaq tərəf axtarırıqsa, əsəbilikdə də, sayıqlamalarda da ruhi tarazlığın polzulmasını misal çəkə bilərəm.
- Tibbin bütün qolları sürətlə inkişaf edir və yeni-yeni müalicə üsulları meydana çıxır. Bəs psixiatriyada vəziyyət necədir? Ruhi vəziyyətin bərpası və sağlamlaşdırılması istiqamətində tətbiq olunan yeni metodlar varmı və bunlar nələrdir?
- Haqlısınız, lakin psixiatriyada xüsusi yenilik yoxdur. Burada işimizi çətinləşdirən əsas məsələ ruhi problemlər üçün tibbi göstəricilərin olmamasıdır. Hansısa analizə baxıb bu adamda filan xəstəliyin olub-olmadığını deyə bilmirik. Son vaxtlar bəzi həkimlər litiumu yoxlayıb ona əsasən diaqnoz qoymaq istəyirlər, lakin bu, yanlışdır.
Ən son yeniliklərdən biri, TMS dediyimiz cihazdır – Transkranial maqnit stimulyasiyası. Bu, xüsusi cihazdır ki, beynin bəlli bölgələrində maqnit vasitəsi ilə aktivləşdirmə həyata keçirilir. Bu da sanki dərman effekti verir, o seansları 20-25 gün ardıcıl götürmək lazımdır. Effektivliyi yüksəkdir.
Düşünürəm ki, süni intellektin psixiatriyada rolu çox aşağı olacaq. Çünki bizim sahə hisslər, emosiyalar üzərində qurulub. Bəzən xəstənin adi söhbət vaxtı baxışları, davranışları, səsinin tonu belə bizə müəyyən informasiya verə bilir. Odur ki, süni intellekt bir yerə qədər alqoritm şəklində nəsə edə bilər.
- Doktor, ruh halımız nə zaman ona vurulmuş ziyanı bərpa etməkdə aciz qalır və mütəxəssislərin yardımına ehtiyac duyulur?
- Ümumiyyətlə, psixiatrik problemlər bioloji məsələdir. Şəkər, təzyiq, qrip və s. kimi bir xəstəlikdir. Hansısa şəkər xəstəsinə “İradəni topla, öz gücünlə bundan çıx” deyə bilmirik, bu, mümkün olmur. Psixi problemlər də belədir, orda da neyrokimyəvi və bioloji dəyişiklər gedir. Belə adamlar həmişə deyirlər ki, özünü ələ al, iradəni topla. Amma bu vəziyyət iradədən asılı deyil. Acizlik onda yaranır ki, simptomlar həddən artıq inkişaf edir, çox bezdirici olur. Belə olan təqdirdə insan problemi öz resursları hesabına aradan qaldıra bilmir.
- Ağır psixi travmaları olan insanların yenidən həyata qayıtması və normal yaşayışına davam etməsi nə dərəcədə real və mümkün olur?
- Təbii ki, həyata qayıda və normal yaşaya bilirlər. Ən ağır psixiatrik travma uşaqlıq dövrü cinsi təcavüzlərdir ki, zamanla onlar bərpa ola bilirlər. Həmçinin müharibə travmaları, doğmalarının və yaxınlarının itirilməsindən sonra yaranan travmalar zamanla düzələ bilir. Xüsusi terapiya növləri var, onları almalıdırlar ki, travma adiləşsin. Travma heç vaxt unudulmasa da, adiləşə bilir. Ona verilən reaksiyalar zəifləyə bilir və s.
- Bəs psixiatriyada müalicəsi mümkün olmayan xəstəliklər varmı və bu barədə nə deyə bilərsiniz?
- Çox aciz qaldığımız hallar olur. Şizofreniyanın ağır formaları var ki, heç bir dərman təsir göstərmir, amma böyük əksəriyyəti xeyli düzələ bilir. Əslində bu, bütün xəstələr üçün keçərlidir, nəzarət altına alınmayan təzyiq və şəkər xəstələri kimi. Ağır obsessiv-kompulsiv pozuntular çox ciddi problemlərdir. Onları kontrol etmək çətindir, yuxarı doza dərmanlar bəzən kömək etməyə bilir.
- Psixiatrik problemləri olan insanların ən çox hansı xüsusiyyəti sizdə ciddi narahatlıq yaradır? Bir mütəxəssis kimi nəyi qəbullanmaqda çətinlik çəkirsiniz?
- Məni həmişə narahat edən neqativ simptomlardır. Neqativ simptomlar nədir? Emosiyaların zəifləməsi, doğmalarına qarşı laqeydlik, özünə baxmamaq, şəxsi gigiyenasına əməl etməmək. evin problemi ilə maraqlanmamaq, evdə baş verən xoş hadisələrə sevinməmək, yaxud da bəd bir hadisə olubsa, ona kədərlənmir və s. Bəzi psixiatrik problemlər, xüsusən də şizofreniyada bu simptomlar get-gedə artır. Bir pasiyentin psixi simptomları varsa, üstəlik səliqəlidirsə, özünə baxırsa, bu, məni həmişə sevindirir. Demək ki, onun sağalma ehtimalı və istəyi çox yüksəkdir. Vay o gündən ki, həm psixi simptomlar var, həm də sadaladığım məsələlər müşahidə olunur.
- Ruhi sağlamlığı qorumaq fiziki sağlamlığı qorumaq qədər vacibdir. Fiziki gigiyena ilə yanaşı emosional gigiyenaya da diqqət olunmalıdır. Görünən budur ki, cəmiyyət indi öz qeydinə daha çox qalmağa başlayıb. Sağlam cəmiyyətin formalaşması üçün həyatımızda hansı dəyişikləri etməliyik?
- Təbii ki, emosional gigiyena fiziki sağlamlıq qədər önəmlidir. Emosional gigiyena nədir? Birinci şərti gecə yuxusudur, tez yatıb tez durmaq lazımdır. Kofeinli və alkoqollu içkilərdən mümkün qədər uzaq durmaq lazımdır. Sonra iş rejiminin gərginliyidir. İnsanlar bəzən çox çətin şərtlərdə və çox çətin kollektivlə işləməli olurlar. Gecə yatmayanın, yata bilməyənin ruhi problemlərlə rastlaşma ehtimalı çox yüksəkdir. Müayinələrimə başlayanda ilk verdiyim suallardan biri işinizdə gecə növbəsinin mövcudluğudur. Müalicə prosesinə təsir edən amillərdəndir. Yuxusuzluğa ciddi yanaşın, çarə axtarın.
- Eyni zamanda, Azərbaycan mentaliteti bizi həmişə özümüzdən çox qarşı tərəfi nəzərə almağı və şəxsi istəklərimizi ikinci plana atmağı tələb edir. Bunu necə qiymətləndirirsiniz?
- Təbii ki, mentallığın heç bir məntiqə sığmayan tərəfləri var. Ümumi mənada hər xalqın və cəmiyyətin mentallığı və hadisələrə yanaşma tərzi var. Bu həddi aşmadıqca, başqasının sərhədlərinə girmədikcə, düşünürəm ki, pis deyil. Əvvəllər mən də bəzi Azərbaycan mentallığına qarşı çıxır, nələrisə bəyənmirdim. Son illərdə yanaşmamı dəyişmişəm. Bu, nə vaxt pis olur? Sən bütün qərarlarını məhz başqalarına görə verirsən. Rasional baxmaq lazımdı. Əgər camaat pis baxırsa və bu pis bir şey deyilsə, təbii ki, etiraz etmək olar. Lakin “Camaat pis nə deyər” düşünürüksə və orda həqiqətən də pis bir şey varsa, mentallığa qarşı nələrsə var ki, uyğunlaşmır.
- Bəs problemlərdən qaçmaq və ya onları görməzdən gəlmək həyatımızın gedişatına necə təsir edir?
- Bu, bir yerə qədərdir, hansısa məqamda mütləq ki, çatlayacaq və fəsadlar yaradacaq. Somatik xəstəliklərdə olduğu kimi, şəkərli diabet xəstəsi xəstəliyi görməzdən gəlsə, hərəkət etməsə, şirniyyat yesə və dərmanlarını qəbul etməsə, günün birində şəkər komasına düşəcək. Mental sağlamlıq da eyni ilə. Təxirə saldıqca və ya özüm bacararam dedikcə, günün birində problem yaradır.
- Uğursuzluqlarımızın günahını uşaqlıq travmalarımıza yükləməklə doğru edirik? Yoxsa, bu həm də məsuliyyətsizliyin göstəricisidir?
- Bu, yeni tendensiyadır. Burda şəxsin özünün iradəsi də, verdiyi qərarlar da önəmlidir. Kimsə deyə bilər ki, verdiyi qərara uşaqlıq travması təsir edib. Bunu sübut etmək və məhz uşaqlıq travma ilə əlaqələndirmək çox çətindir. Bu, bizə terapiyalarda maneçilik törədir. Bu məntiqlə insanlar bütün hərəkətlərinə haqq qazandırırlar. Təbii ki, doğru deyil, amma məsuliyyətsizliyin də göstəricisi kimi qiymətləndirmək olmaz. Ortada müəyyən problem, bəlli olmayan bir şey var deməkdir.
- Hər ürəyi sıxılan adamın özünə depressiya, panik-atak, bipolyar və s. bu kimi diaqnozlar qoymasına münasibətinizi də bilmək maraqlıdır.
- Hər ürəyi sıxılan adam depressiyada, hər qorxan da panik deyil. Hər xəstəliyin dəbdə olduğu dövr var. Bir dönəmdə hamı deyirdi ki, depressiyadayam. Bəzi psixiatrik xəstəliklərin dəbdə olduğu, "cool" sayıldığı dövrlər olub. Son vaxtlar Bipolyar pozuntu özünün məşhurluq dövrünü yaşayır. Çox ciddi psixiatrik stiqmanın yaşandığı bir toplumda hansısa bir xəstəliklə fəxr etmək, bu xəstəliklə özünün fərqləndiyini düşünmək çox qəribədir. Bir-birini incidib, təhqir edib, zorakılıq göstərib, axırda da deyirlər ki, “mən bipolyaram, gəl barışaq, başa düşməlisən”. Belə bipolyar olmur.
İndi hamı özünə həm də hiperaktiv deyir, hiperaktivlik pozuntusu olduğunu iddia edir. Heç kim özünə bu şəkildə diaqnoz qoya bilməz. Çünki bunlar ciddi diaqnozlardır.
- Doktor, antidepressantların depressiyaya səbəb olan problemləri çözmək gücü varmı? Ümumiyyətlə, bu dərmanlar hamıya eyni təsiri göstərir?
- Antidepressantların tək depressiya yox, qorxu, həyəcan, panik-atak, beyində pis fikir və s. kimi problemləri çözmək gücü var və bu, sübut olunub. Plasebo ilə müqayisədə işə yarayır.
100 nəfərlik bir qrupa “Antidepressant” adı ilə adi dərman versən, digər 100 nəfərlik qrup isə real antidepressant qəbul etsə, həqiqətən də real antidepressant içən qrupda sağalanların sayı, adi dərman içən qrupda sağalanların sayından daha çox olacaq. Bu o deməkdir ki, antidepressantlar plasebo ilə müqayisədə daha effektiv təsirə malikdir. Lakin hamıya eyni cür təsir etdiyini deyə bilmərik. Təbii ki, birinə təsir edən dərman digərinə pis təsir edə bilər. Məsələn, birini kökəltməyən dərman, digərini kökəldə və ya allergiyaya səbəb ola bilər. Bu, artıq həkimin müayinəsi və seçimi ilə təyin olunur.
- Statistik məlumatlara görə, qadınlar daha çox depressiyaya düşür. Niyə biz həyatdan tez küsürük?
- Bəli, statistikalar bunu təsdiqləyir. Hətta qadınlarda intihar cəhdlərinin sayı belə kişilərdən daha çoxdur. Burada çox incə bir nüans var. Qadınlar intihara çox cəhd edir, amma tamamlanmış intiharlar azdır. Kişilər isə az cəhd edir və daha qəddar üsullara əl atırlar. Qadınların ruhdan daha tez düşmələrinin konkret bir səbəbi yoxdur. Onun cəmiyyətdə yetişdirilməsindən tutmuş qadın orqanizmindəki hormonlara qədər, hadisələrə baxış bucağına, bəlkə də qadının beyninin bilmədiyimiz neyroanotomiyasında müəyyən fərqlər var.
Aytən Məftun
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI