Xüsusi
Rəngarəng, turistləri heyran edən qəhvə cənnəti: 1000 yaşlı şəhərdən reportaj - FOTOLAR
Bu ölkədə dilənçiyə rast gələ bilməzsiniz. Kriminal hadisələrin nadir hallarda qeydə alındığı bu diyar dünyanın ən təhlükəsiz ölkələri sırasındadır. Otel və restoranlarda qiymətlərin aşağı olması onu turistlər üçün ikiqat cəlbedici edir. Dünyanın ən ətirli qəhvəsi də burda istehsal olunur. Yerli əhaliyə gəlincə, onlar çox zəngin mədəniyyətə malik sülhsevər bir xalqdır və bu xüsusiyyətləri ilə turistləri daha çox cəlb edirlər. Ən maraqlı və fərqli cəhətlərdən biri də odur ki, günün istənilən saatında hamının üzü gülür... Odur ki, yay tətilimin əsas hissəsinin Vyetnamda keçməsini təsadüf adlandıra bilmərəm. Ümumiyyətlə Vyetnamı gəzmək üçün tətil müddətini mümkün qədər uzun seçməlisiniz. Onların yaşam tərzi ilə tanış olmaq, qəbullanmaq, öyrəşmək və sevmək, həmçinin tarixini və mədəniyyətini öyrənmək, təbiətin möhtəşəmliyini hiss etmək zaman ala bilər. Ölkə haqqında təəssüratlarım o qədər rəngarəngdir ki, yaşadığım təcrübəni sizinlə bölüşmək qərarına gəldim.
Publika.az Vyetnamın Hanoy şəhərindən reportajı təqdim edir:
Vyetnam necə ölkədir?
Vyetnam hər zaman ABŞ ilə apardığı dəhşətli müharibələrə görə, bədbəxt ölkə kimi tanınıb. Milyonlarla itki vermələrinə baxmayaraq, vyetnamlılar öz ölkələrini layiqincə qoruyublar, qadınlı-uşaqlı torpaqları uğrunda mübarizə aparıblar. Vyetnam coğrafi baxımdan çox şanslıdır, iqlimi, kilometrlərlə uzanan dəniz sahilləri və adaları sayəsində Asiyanın əsas turizm mərkəzlərindən birinə çevrilib. Ölkədə sosialist quruluşu hakim olsa da, özəl kapital da geniş yayılıb. Vyetnamda turizm baxımından bütün növ infrastrukturlar mövcuddur, hər addım başı turizm informasiya mərkəzləri, agentliklər, ölkə daxili və ölkə xarici nəqliyyat vasitələrinin biletlərini satan köşklər, eləcə də pul dəyişmə məntəqələri ilə qarşılaşa bilərsiniz. Günü 2-3 dollara icarəyə verilən motosikletlər, hər zaman operativ fəaliyyət göstərən restoranlar və kafelər, o cümlədən çoxçeşidli küçə mətbəxi də turist axınınına səbəb olur. Orta aylıq əmək haqqı 200-300 dollar arasındadır, əhali qarışqa kimi gecə-gündüz dayanmadan çalışır, çox zəhmətkeşdirlər. Hamı nəsə düzəldir, istehsal edir, satır, nəsə daşıyır və hansısa xidmətləri göstərir. Demək olar ki, bütün evlərin qarşısında restoran, masaj salonları və ya kiçik emalatxanalar yerləşir.
Viza prosesi çox sadə və rahatdır. Sadəcə onlayn qaydada qeydiyyatdan keçirsiniz və viza 3 gün ərzində əlinizdə olur. Bu Vyetnamın turizm sahəsində atdığı ən ən uğurlu addımlardan sadəcə biridir.
Dinləri budizmdir, eyni zamanda xristianlıq da geniş yayılıb. Vyetnamın əhalisi təqribən 100 milyon nəfəri keçib və sürətlə artmağa davam edir. Ölkənin demoqrafik strukturu çox gənc əhalidən ibarətdir. Gənclər və uşaqlar ölkə əhalisinin böyük hissəsini təşkil edir.
Paytaxtın 1000 yaşı var!
Vyetnamda hər növ səyahətçini cəlb edəcək bir çox unikal istiqamətlər var. Turistik yerlərin müxtəlifliyi də bu ölkənin bütün dünyada məşhur turizm məkanına çevrilməsində aparıcı rol oynayır. Şimalda yerləşən paytaxt Hanoy Vyetnam mədəniyyətinin mərkəzi reputasiyasına görə, səyahətçilər ilk dayanacaq nöqtəsi kimi buranı seçir. Rəngarəng şəhərin 1000 ildən çox yaşı var. Paytaxt Hanoy bir çox tarixi və arxitektura binaları, Budda məbədi və s. ilə turistləri heyran edir. Qədim Hanoy müasir Hanoyla yaxşı yola gedir.
Küçədə duş qəbul etməyə hazır olun!
Biz də səyahətimizə paytaxtdan başladıq. Bəxtimiz onda gətirdi ki, səfərimiz yağış mövsümünə təsadüf etdi. Bəli, başdan-ayağa su içində olurduq, lakin heç kim şikayətlənmirdi. Əksinə, yağış bizə mədəniyyətlərarası fərqi daha aydın görməyə imkan verirdi. Anladıq ki, Vyetnam xalqı öz işi, biznesi və ya məşğulyyətini istənilən hava şəraitində davam etdirə bilər və bunun üçün yağışın dayanmasını gözləməyə ehtiyac yoxdur. Bu mənada şəhər çox mürəkkəb mexanizmlə və fasiləsiz olaraq işləyən saatı xatırladırdı. Əgər yolunuz Vyetnamdan düşsə, küçədə duş qəbul etməyə hazır olun. Yeri gəlmişkən, Vyetnamda qış fəsli yoxdur. Tropikal iqlimə sahib olan ölkədə 2 fəsil var, yağışlı və quru. Vyetnamda hər zaman havalar isti keçir.
Paytaxtda sizi nələr təəssüfləndirəcək?
Bu canlı paytaxtı ziyarət edənlər onları gözləyən şeylərə hazır olmalıdır. Səs-küylü yollarda sadə mopedlər və bahalı avtomobillər harmonik şəkildə birlikdə şütüyür. Motosiklet sayı, sıxlığı və hava çirkliliyi xoş mənzərə yaratmaya bilər. İctimai nəqliyyat (metro, avtobus) bu ölkədə deyərdim bərbad vəziyyətdədir. Əlac yalnız motosiklet kirayələmə və yaxud GRAB tətbiqinin taksilərinə qalır. Xoşbəxtlikdən taksilər ucuz və tərtəmizdir.
İctimai nəqliyyat sistemini mopedlər üzərində quran Vyetnam xalqı bu vasitələrdən həm də daşına bilən minbirxırdavat mağazaları kimi istifad edir. Bütün yüklərini mopedlərə yükləyib rahatlıqla apara bilirlərə, qaqqıldayan toyuq qutularından tutmuş, hər növ meyvə və tərəvəz yeşiklərinə qədər... Və sənə elə gəlir ki, sürücünün yükləri indi yolun ortasına aşacaq. Xarici turistlərə mopedin üzərinə 2 nəfərdən çox adam minmək qadağan edilib, lakin yerlilərə 4-5 nəfəri daşımağa icazə verilir.
Şəhərdə piyada gəzmək işgəncədir, hətta fobiyası olanlar üçün kifayət qədər risklidir. Nə qədər təhlükəli və gülməli görünsə də, yolun kənarında səbirlə hərəkətin dayanmasını gözləmək sizi heç bir yerə aparmayacaq. Sadəcə həyatını əlinə alıb irəliyə doğru hərəkət etməlisən, yaxşı ki, vyetnamlı sürücülər piyadalardan yayınmaqda çox bacarıqlıdırlar, istənilən halda ayıq-sayıq olmalısan ki, hardan gəldiyini bilmədiyin mopedlər səni əzib keçməsin.
Qaytarılmış qılınc gölü
Hanoyun əsas görməli yerlərindən biri, şəhərin mərkəzində yerləşir. Hoan Kiem gölü Qırmızı çayın köhnə yatağının yerində yaranıb. Rəvayətə görə, bu göldə müqəddəs tısbağa yaşayır, o, qılıncını Vyetnamı çinlilərdən xilas edən İmperator Le Loiyə verib. Yerlilər axşamlar gölün ətrafında dincəlməyi, həm də bolluca şəkil çəkdirməyi çox sevir. Yeri gəlmişkən, bu gün də göldə nəhəng tısbağalar yaşayır.
Köhnə Kvartal
Turistlər arasında məşhur olan, Qaytarılmış Qılınc gölünə yaxın ərazidə yerləşən Köhnə Məhəllə Vyetnam paytaxtının çoxəsrlik tarixinin şahididir. Vyetnamın ən qədim bazarı - Dong Xuan, həmçinin IX əsrin Ağ At Məbədi, bir çox restoran və otel də Köhnə Məhəllədə yerləşir.
Beş əsrdən artıq adları mövcud olan dar küçələrdə (Şelkovaya, Şəkər, Veernaya və s.) eyni emalatxanalar və suvenir mağazaları illər əvvəl olduğu kimi fəaliyyət göstərir. 15-ci əsrdə bu ərazidə 36 sənətkar gildiyası işləyirdi - buna görə də bütün məhəllənin tarixi adı "36 küçə" adlanır.
Müqəddəs İosif Katedralı
Katedral həqiqətən heyrətamizdir. Rütubətli iqlim katolik kilsəsinə qədim görkəm bəxş edir. Onun Asiya tikililəri ilə yan-yana dayanması qeyri-adi təsir bağışlayır. Katedrala girə bilərsiniz, ancaq müəyyən bir cədvələ uyğun olaraq. Məkan təkcə turistlərlə deyil, həm də yerli sakinlərlə dolu olur.
Ədəbiyyat məbədi
Vyetnamın ilk milli universiteti olan İmperator Akademiyasının yerləşdiyi Konfutsi məbədidir. Konfutsiçilik müasir Vyetnam cəmiyyətində hələ də müəyyənedici rol oynayır. Məbəd 1070-ci ildə tikilib və bu günə qədər bir çox sülalələrin qədim memarlıq üslublarını, eləcə də qiymətli qalıqlarını qoruyub saxlaya bilib. Məbəd hovuzlarında lotuslar çiçək açır, günəş qırmızı kirəmitli damlara öz şəfəqlərini saçır. Vyetnamlılar inanırlar ki, bu məbəddə daş tısbağanın başını sığallasanız, sizə uğurlar gətirəcək. Məbədə giriş pulsuzdur.
Qatar küçəsi
Vyetnamın paytaxtı Hanoyda turistlərin ən çox üz tutduqları yerlərdən biri qatar küçəsidir. Qatar yolunun hər iki tərəfində reyslərə yaxın kafelər, yaşayış evləri, marketlər yerləşir. Turistlər kafelərdə oturub qatarın gəlib keçməsini gözləyirlər. Kafe sahibləri burada sizə dünyanın ən dadlı smuzi, kokteyl və qəhvələrini təklif edəcəklər. Əlinizə içkinizi alıb qatarın keçməsini gözləmək maraqlı bir təcübədir.
500-ə yaxın milli yemək
Hər il minlərlə turist qəbul edən Vyetnam zəngin və mürəkkəb tarixə malikdir. Əvvəlcə Çin hakimiyyəti altında alıb, sonra Fransız müstəmləkəçiliyinə məruz qalıb, sonra isə yarıdan çoxu Vyetnamın dinc əhalisi olmaqla, 3 milyon insanın (58 000 amerikalı) həlak olduğu ABŞ-Vyetnam müharibəsi baş verib. Bu tarixi hadisələr Vyetnamın mədəniyyətinə, adət-ənənələrinə və sosial strukturlarına, ən əsası kulinariyasına dərin təsir göstərib. Vyetnam mətbəxi qeyri-adiliyi və zərif dadıyla fərqlənir. Nə Çin, nə Koreya, nə də yapon mətbəxinə oxşayır. Vyetnam mətbəxi öz müxtəlifliyinə görə çox fərqlənir. Deyilənə görə, 500-ə yaxın milli yemək nümunəsi var. Eyni zamanda bütün Asiyada olduğu kimi, burada da mətbəxin əsasını düyü, əriştə və ədviyyatlar təşkil edir. Böyük şəhərlərdə hər zövqə və cibə uyğun restoran tapmaq mümkündür. Pho bo şorbası, Banh Mi, yerli plovları, spring rolları, həm küçə yeməklərində, həm də lüks restoranlarda eyni dərəcədə dadlı və gözəldir. Nanə, keşniş, balıq sousu, istiot, sarımsaq Vyetnam yeməklərinə özünəməxsus ətir verir. Acı olmayan zərif ədviyyatlar, yağdan minimal dərəcədə istifadə, düyü yeməklərinin, tərəvəzlərin, dəniz məhsullarının rəngarəngliyi Vyetnam mətbəxini həm dadlı, həm də orqanizm üçün faydalı edir. Vyetnamlılar özləri mətbəxlərini belə xarakterizə edirlər: “Xoşagəlməz iylə müşayiət olunan mükəmməl dad”. Milli mətbəx Vyetnamın regionlarına görə çox fərqlənir. Şimal daha çox məşhur şorbası, qızardılmış əti, dəniz məhsulları ilə tanınır. Cənubda ədviyyatlardan çox istifadə olunur. Uzun illər Fransanın müstəmləkəsi olmuş ölkədə fransız mətbəxinin ənənələri geniş yayılıb. Yapon, italyan, meksikan və türk mətbəxi də burda geniş yayılıb. Bəzi yeməklərin hazırlanmasında avropalılar üçün çox qəribə görünən inqrediyentlərdən, məsələn, ilanlar, qurbağalar, hörümçəklərdən istifadə edilir. Meyvələrdən hazırlanmış şirin desertlər və kokteyllər da burada çox populyardır. Qatıq, süd kimi ağartı məhsullardan çox az istifadə edirlər, üstünlüyü kakos və badam kimi bitki südləri təşkil edir.
Mənim ilham və motivasiyaya yox, bir fincan qəhvəyə ehtiyacım var!
Şəhərin özünəməxsus qəhvə mədəniyyəti var. Vyetnam Braziliyadan sonra dünyanın ikinci ən böyük qəhvə istehsalçısıdır, Robusta ümumi qəhvənin 97%-ni təşkil edir. Ümumi qəhvə əkin sahəsinin 92,9%-də becərilir. Robusta ağacları Arabica ilə müqayisədə hektardan daha çox giləmeyvə verir, buna görə də Vyetnamda qəhvə məhsuldarlığı digər qəhvə istehsal edən ölkələrlə müqayisədə xeyli yüksəkdir - hər hektardan orta hesabla 2,3 ton. Vyetnamda qəhvə ixracına nəzarət edən bir neçə böyük qəhvə istehsalçısı var.
Ölkədə bu içkiyə o qədər həvəs və tələbat var ki, hökumətin qərarı ilə artıq bir neçə ildir ki, dekabrın 10-da Milli Qəhvə Günü qeyd olunur. Bir fincan qəhvə içmək üçün səhərin açılmasını gözləməyə ehtiyac yoxdur, Hanoy da daxil olmaqla bütün şəhərlərdə kofeşoplar gecəyə qədər işləyir. Vyetnamlılar üçün qəhvə enerji artırıcıdan daha çoxudur - bu, həyat tərzi, mədəniyyətin və cəmiyyətin ayrılmaz hissəsidir. Vyetnamı bir sözlə, ifadə etməli olsam, belə deyərdim, bura qəhvə həvəskarları üçün böyük bir qəhvə cənnətidir! Bir fincan qəhvə motivatorların, yoqların və kouçların uzun-uzadı leksiyalarından daha güclü təsirə malikdir. Çeşid və seçimlərin bolluğunda adam az qala özünü də itirir. Yumurtalı, portağallı, buzlu, moça, espresso, kokoslu, hətta avokado və duryanlı qəhvə çeşidləri tapa bilərsiniz. Dadı və ətri haqqında susuram... Vyetnam qəhvə içkiləri olduqca güclüdür, çünki onlar tünd qovrulmuş Robusta paxlasından hazırlanır və Arabicadan aşağı qiymətə satılır. Lakin robusta zərərvericilərə və xəstəliklərə qarşı daha davamlıdır, saxlanması və daşınması daha asandır. Bu növ istiliyə yaxşı dözür: 24-30 ° C temperaturda yetişdirilə bilər, Arabica isə 15-24 °C-də yetişdirilə bilər.
Yeri gəlmişkən, qəhvə Vyetnama ilk dəfə 1857-ci ildə fransız missionerləri tərəfindən gətirilib. Qəhvə plantasiyaları yalnız 1888-ci ildə o dövrdə Fransanın müstəmləkə mülkiyyəti olan Tonkinin Nin Binh və Quang Binh əyalətlərində meydana çıxıb. Fransızlar 1880-ci illərdə Vyetnama qəhvə təqdim etdikdə, onun öz ölkələrindəki süd əsaslı "kafe au laitini" təqlid edəcəyini düşünürdülər. Yeganə problem o idi ki, təzə süd Fransada olduğu kimi Vyetnamda da mövcud deyildi. İsti hava şəraiti də onun saxlanılmasını çətinləşdirirdi. Kompensasiya etmək üçün vyetnamlılar qatılaşdırılmış süddən və yumurtadan istifadə etməyə başladılar.
Yerlilər qəhvəni metal qutunun içərisində hazırlamağı sevirlər. 2 hissəli metal süzgücə və ya filtirə qəhvə töküb fincanın üzərinə qoyur və isti su əlavə edirlər. Qəhvənin fincana tökülməsi təxminən 10 dəqiqə çəkir, bundan sonra istəyə görə, buz əlavə edilir. Nəticədə güclü, təravətləndirici içki alınır. İçində efir yağlarını tutacaq kağız yoxdur. Bu da qəhvənin zənginliyinə təsir edir. Belə görünür ki, Vyetnam qəhvəsi yenidən məşhurlaşmağa başlayır və tezliklə zəngin zövqü ilə bütün dünyanı ayağa qaldıra biləcək.
Qəhvə giləmeyvəsini yeyən pişiyin nəcisindən hazırlanan qəhvə (cà phê cúrt chôn) burda da çox məşhurdur. Dünyanın ən bahalı qəhvələrindən biri sayılsa da, mübahisəli olduğu danılmazdır. Bunun üçün gəlincik və ya sürünən pişiklər yalnız qəhvə meyvəsi ilə qidalanır və xaric olan həzm olunmamış taxıllar daha sonra yığılır. Əvvəlcə peyin əl ilə yığılırdı, nəticədə yüksək qiymətlər yaranırdı, lakin indi bu proses sənayeləşib. Odur ki, böyük pullar xərcləmədən də ifrazatdan əldə edilən qəhvənin dadına baxmaq imkanı əldə edə və ya kiməsə hədiyyə ala bilərsiniz.
Davamı var...
Aytən Məftun
-
Nida Xəbər 14:26
Oruc Zalovun polkovnik oğlu işdən çıxarıldı - FOTO
-
Nida Xəbər 13:31
Baş Prokurorluğa yeni səlahiyyət verilir
-
Sosial13:10
Bu şəxslərin hərbi xidmətə aparılmaması təklif edildi
-
MDB12:34
Kirillov öldürüləndən sonra bu general da istefa verdi: Rusiyada nə baş verir?
-
MDB12:10
Son dəqiqə: Generalın qətlinin qisası - Rusiya Ukraynanı hipersəs raketlərlə vurdu
-
Sosial11:51
Fazil Ağalarov vəzifəsindən azad edildi
-
Sosial11:15
Bakıda bu ərazilərdə mənzillər bahalaşdı
-
Hadisə10:47
Məhkəmə "12-ci imam"la bağlı qərar çıxardı