Xüsusi
Dünyanın ən mistik adamının gözündə nələr gördüm? - REPORTAJ
Dünyaya bəşəriyyətin ən mistik adamının gözü ilə baxa bilmək fürsətini qaçıra bilməzdim. Bunun üçün əlimi cibimə salıb 18 dollarımdan keçdim və xəyalən dünyanın ən məşhur küçələrinə yollandım. Nələr gördüyümü soruşsanız, içində batdığım bir aləm duyğu dənizi... Müharibəni, sülhü, etirazı, inadkarlığı, əzmi, sədaqəti, aclığı və səfaləti, acizliyi, bəzən də ümid və inam gördüm o gözlərdə. İncəsənət aşiqlərini təəccübləndirmək qəliz olsa da, qəhrəmanım binaların boz divarlarını incəsənət nümunələrinə çevirməklə ad qazanıb. Özünüifadə yolunu kətanda yox, divarlarda tapmasının əsaslı səbəbləri də var. Benski ləqəbli məşhur küçə rəssamı hesab edir ki, qraffiti sənəti dünyanın ən dürüst, ən demokratik alt mədəniyyətlərindən biridir. Bu, insanlara fikirlərini azad demək imkanı təqdim edir. Eyni zamanda cəmiyyət sosial, siyasi və digər önəmli mesajları qraffiti dili ilə daha rahat həzm və qəbul edə bilir. Odur ki, əlavə hay-haray salmağa gərək duymayan Benski illərdir özünü gizlədərək çəkdiyi əsərlərində dünyanın siyasi prosesini lentə alır. Və onun elə bir rəsm əsəri yoxdur ki, dünya mediasına sensasiyaya səbəb olmasın.
Publika.az Benskinin Budapeştdə keçirilən “Benski dünyası və küçələr bir kətandır” adlı rəsm sərgisindən reportajı təqdim edir.
Ulduz statusu və şöhrəti olan bir ruh!
Benski 30 ildir hazırladığı trafaretlərlə küçə sənətini geniş ictimaiyyətin gözündə əhəmiyyətli səviyyəyə qaldırmaqla bütün dünyanın tanıdığı, lakin heç kimin bilmədiyi və görmədiyi bir dahini təmsil edir. Görünən odur ki, görünməzliyə bürünən sənətçinin şan-şöhrətin dəbdəbəsini qəbul etmək niyyəti yoxdur.
Benksinin şəxsiyyəti, kimliyi haqqında heç kim heç nə bilmir. Necə göründüyünə dair əldə heç bir foto və fakt yoxdur. O, dünyanın indiyə qədər gördüyü ən məşhur və ən sirli qraffiti rəssamıdır! Sənətkar haqqında sadəcə Londonda yaşadığı və əslən Bristoldan olduğu iddiaları irəli sürülür. Onun kim olduğunu heç kim bilməsə də, üzərində “Bu cəfəngiyyatı almağınıza inana bilmirəm, axmaqlar” sözləri yazılmış çərçivəli əsəri yüz minlərlə funta satıla bilər. Bütün bu hadisələr Benksinin özünü hər keçən gün əsərlərindən daha maraqlı edir. “Time” jurnalının yazdığına görə, dünyanın ən ilhamverici sənətçilərindən biri olan Benksi gündəlik həyatın bir parçası kimi təqdim etdiyi sistem əleyhinə əsərlərində aydın mesajlar verməklə dünya insanını daha tənqidi düşünməyə və mübarizəyə səsləyir. Siyasi həssaslığı və insan haqlarına yanaşmasına görə, onu uşaqlıqdan bəri pərəstiş etdiyi Robin Qud personajına bənzədirlər.
Əsərləri milyonlarla dollara satışa çıxarılan rəssamın sərgisində gördüklərim haqqında
Tədbirin açılışı mayın 3-də baş tutsa da, həm yerlilər, həm də turistlər 4 aydır davam edən sərgidə rəssamın reproduksiya kolleksiyasına böyük maraq göstərirlər. Budapeştdə, Kirali küçəsindəki KOMPLEX tarixi mədəniyyət abidəsindəki sərgi salonu bu günə qədər ziyarətçi sarıdan korluq çəkmir və onun məşhur əsərləri önündə dayanıb şəkil çəkdirmək üçün hər kəs növbəyə düzülməli olurdu. Bəzi tənqidçilər Benskinin qraffitilərini sadə və populist adlandırsa da, onun sənət əsərləri ilə qarşılaşanda anladım ki, yaratdığı hiss və həyəcan inkarolunmazdır. Orijinallar ictimaiyyətə daha açıq olsa da, təsiredici reproduksiyalara da heyran qalmamaq olmurdu. Ümumilikdə sərgidə rəssamın 100-dən çox unikal əsəri nümayiş olunurdu.
Görkəmli sərgilərin nümayişi ilə məşhur olan eksklüziv kompleksinin həm aşağı, həm də yuxarı mərtəbəsi sənətçinin əsərləri ilə bəzədilmişdi. Binanın kərpic divarları Benski sənətinin üslubu ilə mükəmməl uyğunlaşan orijinal fon təqdim edirdi. Sərgi salonundakı ab-hava həqiqətən unikal idi, LED işıqlandırma isə məkana əlavə dərinlik və dinamizm qazandırırdı. Bu təsirli binanın unikal memarlığı sərginin ictimaiyyətdə daha çox maraq oyandırmasına əhəmiyyətli dərəcədə töhfə verir və bütün ziyarətçilərə cəlbedici emosiyalar təqdim edirdi.
“Benski dünyası və küçələr bir kətandır” adlı sərgi bu sənət dahisinin mesajını uzaqlara getmədən daha geniş auditoriyaya çatdırır. Burada siz Benksinin ən məşhur küçə sənət əsərlərinə tamaşa edə və onun müharibə, imperializm, sülh, acgözlük, yoxsulluq, kapitalizm və ikiüzlülük kimi siyasi mövzuları araşdırdığını başa düşə bilərsiniz. Əgər rəssamın sərgidən böyük pullar qazandığı düşünürsünüzsə, yanılırsınız. Belə ki, sərgiyə Benskinin əsərlərinin reproduksiyaları daxildir və onun keçirilməsinə dair rəssamın özündən heç bir xeyir-dua və icazə almayıb. Bəs Benksinin özü bu kimi kommersiya layihələri haqqında nə düşünür? İddia olunur ki, sənətçi sərginin keçirilməsinə qarşı olsa da, sadəcə olaraq etiraz edə bilmir, əks halda onun anonimliyini riskə atmaq olar. Bəziləri isə bu cür sərgiləri ixtiraçı rəssamın yeni oyunu kimi qiymətləndirir. Yeri gəlmişkən, təşkilatçılar belə fərziyyələri nə təsdiq, nə də təkzib etmək istəyirlər.
Hər halda bu müstəsna sərgi həm pərəstişkarlarına, həm də tənqidçilərə onun bədii zehninin və yaradıcılıq prosesinin dərinliklərinə daxil olmaq, gücünə və məşhur trafaret əsərlərinin arxasında duran unikal texnikaya işıq salmaq üçün nadir fürsət təqdim edir.
Məhv etmək istəyi özü də yaradıcı ehtirasdır!
Londonda Sotheby hərrac evində 1 milyon funt sterlinqə satıldıqdan dərhal sonra içinə quraşdırılan mexanizm sayəsində məhv edilən “Şarlı qız” əsəri də sərgidə nümayiş olunurdu. Ziyarətçilərin qarşısında dayanıb ən çox şəkil çəkdirdiyi əsərlərdən biri məhz bu idi.
Sənətşünasların fikrincə, “Şarlı qızın” məhv edilməsi sənət əsərinin dəyərinin artırılmasına nail olmaqdan başqa bir şey deyildi. Hərracdan sonra gələn suallar qarşısında Sotheby hərrac evinin müasir incəsənət şöbəsinin müdiri Aleks Branczik açıqlama verməli olmuşdu. O, kadrda gizlənmiş mexanizmin fərqinə varmamalarını və Benksinin onlara “Çərçivə işin ayrılmaz hissəsidir” deməsi ilə əlaqələndirdi. Yeri gəlmişkən, hadisədən sonra sosial media hesabında açıqlama yayan Benksi özünü məhv edən əsəri ilə bağlı Pikassonun “Məhv etmək istəyi həm də yaradıcı ehtirasdır” sözlərindən sitat gətirmişdi. İstənilən halda, bir sənət əsərinin canlı olaraq tamaşaçılar qarşısında məhv edilməsi ilə Benksi dünya incəsənət tarixinə düşdü.
Benksinin ən möhtəşəm reproduksiyalarından biri də “Otaqdakı Fil” heykəli idi. Divar kağızı naxışları ilə bəzədilmiş heykəl bir vaxtlar Los-Anceles qalereyasının ortasında, 1950-ci ildən qalma qonaq otağının replikasında dayanaraq, dünyada yoxsulluq və ədalətsizliyi vurğulayırdı.
Əsrarəngiz rəssamın sərgisində iştirak etmək mənim üçün Besnkinin həyata dair münasibəti ilə yaxından tanışlıq və dünyaya onun gözləri ilə baxmaq demək idi. Sərgi insanda dərin təəssürat yaratmalıdır. Tamaşaçı sərgidən təsirlənməli və genişlənmiş idrak üfüqləriylə salondan çıxmalıdır. Odur ki, əsərlər orijinal olmasa belə, düşünürəm ki, Benski dünyası getdiyim ən orijinal sərgilərdən biri kimi yadda qaldı.
Yekun olaraq qeyd edim ki, Barselona, Milan, Paris, Praqa, Brüssel, Köln, Lissabon və Dubay kimi şəhərlərdə 2 milyondan çox ziyarətçi sayı ilə inanılmaz uğur qazanan “Benski dünyası” sərgisinin yaxın vaxtlarda Venesiyada, Neapolda, Nyu-Yorkda da nümayişə çıxarılması planlaşdırılır. Həmçinin şübhə etmirəm ki, sərginin yaxın gələcəkdə bir çox nüfuzlu və mədəni tədbirlərə ev sahibliyi edən Bakımızda keçirilməsi də ehtimalı da aşağı deyil.
Aytən Məftun
-
Nida Xəbər 14:26
Oruc Zalovun polkovnik oğlu işdən çıxarıldı - FOTO
-
Nida Xəbər 13:31
Baş Prokurorluğa yeni səlahiyyət verilir
-
Sosial13:10
Bu şəxslərin hərbi xidmətə aparılmaması təklif edildi
-
MDB12:34
Kirillov öldürüləndən sonra bu general da istefa verdi: Rusiyada nə baş verir?
-
MDB12:10
Son dəqiqə: Generalın qətlinin qisası - Rusiya Ukraynanı hipersəs raketlərlə vurdu
-
Sosial11:51
Fazil Ağalarov vəzifəsindən azad edildi
-
Sosial11:15
Bakıda bu ərazilərdə mənzillər bahalaşdı
-
Hadisə10:47
Məhkəmə "12-ci imam"la bağlı qərar çıxardı