Xüsusi
Rəsulzadədən və 24 yaşlı nazirindən xəbərsiz törədilən qətl - ƏLİ BAYRAMOV CİNAYƏTİ
LAYİHƏ: GİZLİNLƏR RESPUBLİKASI
Biri var tarix, biri də var keçmiş... Tarix bizə danışılanlardır, keçmiş isə olanlar... Ya siyasət, ya rəyasət, ya da cəhalət səbəbindən insanlar tarixə inanır.
Və tarix yeganə elmdir ki, onun rəsmi forması var. Rəsmi tarix keçmişdən çox fərqlənir. Gizlinlər Respublikası isə tarixdən yox, keçmişdən bəhs edir.
Onda rəsmi tarixin donuqluğu yoxdur, keçmişin hərəkəti var. Onda həqiqət yoxdur, həqiqətlər var. Onda idillik yoxdur, gerçək var. Onda səhvsiz insan yoxdur, qanlı-canlı insan var. Və Gizlinlər Respublikasında heç kim ideallaşdırılmır və heç kim itirilmir...
23 aylıq Cümhuriyyətimiz, bizi biz edən respublikamız haqda “Gizlinlər Cümhuriyyəti” silsiləsi qaranlıqlara tuşlanan fənər olacaq.
Silsilənin 4 iyunda başlamasının rəmzi mənası var. 4 iyun 1918-ci ildə Osmanlı ilə Cümhuriyyət arasında Batum sazişi imzalanıb. Keçmiş keçmir... Tarix təkrar olunur...
Əvvəlki yazılar...
1.Rəsulzadənin ifşa olmuş dəhşətli sirri
2. Ona Məmməd Əminin kim olduğunu Atatürk başa salacaqdı...
4. Onun ölüm əmrini Rəsulzadə vermişdi? CÜMHURİYYƏT DÖVRÜNÜN SİYASİ CİNAYƏTİ
V yazı
Bu yazı əslində IV yazının davamıdır.
IV yazı həcmcə çox böyük alındığına görə hadisələrin gedişatını və nəticə hissəsini ayrıca bir yazıya ötürmək zərurəti yarandı.
Ancaq əsl səbəb bu deyil, ittihamın ağırlığıdır.
Doğrudanmı, Cümhuriyyət liderləri siyasi qətl törətmişdilər?
Əlbəttə ki, onların rəqiblərinin siyasi qətlləri, repressiyaları haqqında qalaq-qalaq kitablar yazılıbdır.
Ancaq Cümhuriyyət liderlərinin zərif və işıqlı xatirəsi siyasi cinayət kimi ağır bir ləkəni götürə bilərmi?
Bu mənada ehtiyatla faktları təqdim və təhlil etmək gərəkdir.
Bəzən tarixi elm adlandırmırlar və belə bir əsas gətirirlər ki, elmi biliklər dövrdən dövrdə, dövlətdən dövlətə dəyişən bilikdir.
Yuxarıda da qeyd etdiyimiz kimi tarix yeganə elmdir ki, onun rəsmi forması da mövcuddur.
SSRİ-nin rəsmi tarixinə görə isə Əli Bayramovu müsavatçılar qətlə yetirmişdi.
Bəs həqiqət bunun harasında idi?
Cavabı sona saxlayaraq hadisə ilə bağlı tam təsəvvür yaratmaq üçün fərqli mənbələr üzrə məlumatları qeyd edək.
Əli Bayramovun fırıldaqları...
Yazıçı Manaf Süleymanovun qələmə aldığı “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabından başlayarkən bu kitabın 1987-ci ildə çap edilsə belə, hadisələrə kifayət qədər obyektiv yanaşdığını xatırlatmağa ehtiyac duyuruq:
Manaf Süleymanov Azərbaycan ordusunda çar dövründən qalmış zabitlərin əsgərlərə qarşı zorakılıq törətdiyini qeyd edərək ordu daxilində Mirzə Davud Hüseynov, Əli Bayramov, Həbib Cəbiyev tərəfindən “Hümmət”in hərbi qanadının yaradıldığını deyirdi. Kommunistlərin ordu daxilində güclü təşkilatlanmaya malik olduğunu qeyd edən müəllif təbliğat tezislərindən birinin də Ankara türklərinə Antantaya qarşı mübarizədə yardım göstərmək olduğunu bildirirdi. Göründüyü kimi, kommunistlər həssas nöqtəyə basırdılar.
Manaf Süleymanov Əliağa Şıxlinskiya istinadən maraqlı bir əhvalat da qələmə alır: "1920-ci ildə denikinçilər Azərbaycandan qaçanda gəmidən dənizə böyük bir qutu atırlar. Əsgərlər bu qutunu çıxardıb, nazirliyə gətirirlər. Qutu ağzına qədər casusluq materialları ilə dolu idi. Orduya aid xırda təfərrüata qədər məlumat vardı. Əsgəri hissələrin yerini dəyişməsi, zabitlərin siyahısı, ünvanları, ordu və hissələr üzrə bütün əmrlərin surəti... Siyahıda elə adam vardı ki, həm ingilis, həm Denikin casusu, həm də cinayət polisi idarəsində görkəmli vəzifə sahibi idi".
Əli Bayramovun nə işlə məşğul olduğu ilə bağlı son dərəcə qarışıq, amma bir o qədər də ibrətamiz əhvalatı kapitan Dadaş Səlimov nəql edir:
- Bir gün Əli Bayramov məni yanına çağırıb dedi ki, get Yan Lukyanenkonun yanına, səninlə işi var. Getdim. Onun işlədiyi idarə Qoşa qala qapısının yanındakı Haşımov (Gənclər) meydanında, ikimərtəbəli mülkdə idi. Yan dedi ki, get ticarət portunun rəisi Çingiz İldırıma ərizə ver ki, bolşeviklər motorlu qayığımı qaçırdıb aparıblar, indi Zirədə hökumət tapıb. Xahiş edirəm qaytarın. Qayığın sənədlərini də verdi mənə. Sən demə, qayığı köhnə tarixlə keçirdiblər mənim adıma. Çingiz İldırım əmr verdi, qayığı qaytardılar. Gəldim Yanın idarəsinə. O dedi ki, başqa bir motorlu qayıq da var. Hər ikisiylə Həştərxana benzin göndərməliyik. Əmələləri çıxardıb yerinə rus qoymuşuq. Al bu on min manatı, get benzin al, vur qayıqlara. Qaraşəhərə gedib Şibayev körpüsündən benzin dolu bidonları alıb, yüklədik qayıqlara və kağız düzəldib Ənzəli adına yola saldım. Qayıqlar üçün bir neçə pasport olurdu; birini saxladım özümdə, o biriləri qaldı kapitanda. Qayıqlar Həştərxana getdi, mən sərnişin gəmisində yollandım Ənzəliyə, İrana. Sənədləri pul gücünə sahmana salıb qayıtdım geri. Elə ki qayıqlar Həştərxandan döndü, İran möhürü vurulmuş sənədləri aparıb göstərdim Bakı gömrükxanasına. Ağqvardiyaçıların və ingilislərin mühafizə gəmiləri, qayıqları Bakı – Mahaçqala - Həştərxan yollarına nəzarət edirdilər.
Burda iki mühüm məqama diqqət etmək lazımdır. Nəyə görə kapitan öz gəmisinin bolşeviklər tərəfindən qaçırıldığı barədə yalan məlumat vermişdi? Çox güman ki, həmin gəmi ilə Həştərxana neft aparıldığı Müsavat hökumətinə məlum olmuşdu. Əli Bayramovun qurduğu bu oyunla da kapitan məsuliyyəti öz üzərindən atırdı. Digər məqam isə, İranın Ənzəli limanında rüşvətlə alınmış sənədlər idi. Həmin sənədlərdə gəminin guya Ənzəliyə getdiyi yazılmışdı, halbuki gəmi Həştərxana benzin aparmışdı. Belə saxtakarlıqla bolşeviklər əsl niyyətlərini gizlədə bilirdilər. Ticarət limanının rəisinin bolşevik Çingiz İldırım olması da onların işini asanlaşdırırdı.
Əli Bayramov haqqında partiya tarixi nə deyir?
“Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında qeyd edilən məqamlara ara verərək, başqa bir kitaba müraciət edək. “Azərbaycan kommunist partiyası tarixinin oçerkləri” (Bakı 1986) rəsmi tarixin mövqeyini göstərmək baxımından olduqca səciyyəvidir. Əvvəlcə onu qeyd edək ki, kitabda Əli Bayramovun adı 4 dəfə çəkilib. (Müqayisə üçün Məşədi Əzizbəyovun adı 50 dəfə) İlk dəfə Əli Bayramovun adı Müsavat hakimiyyəti dövründə gizli fəaliyyət göstərən inqilabçılarla birgə çəkilir.
Növbəti dəfə isə Əli Bayramovun Həştərxana benzin və motor yağı göndərilməsində aktiv mövqeyi qeyd edilir. Bu səhifədə maraqlı bir statistikaya da yer verilib: 1919-cu ilin avqustundan 1920-ci ilin aprelinə qədər Həştərxana gizli yollarla 40 min pud (16.3 min litr) benzin göndərilmişdi. Başqa bir rəqəmlə müqayisə etsək, benzinin həcmi daha yaxşı başa düşüləcək. Birinci dünya müharibəsi ərəfəsində Bakı-Batum neft kəməri ilə ildə, orta hesabla, 22 milyon pud kerosin ixrac edilirdi. Düzdür, kifayət qədər fərq var. Ancaq Bakıdan Həştərxana benzinin dəniz yolu ilə və gizli şəkildə aparıldığını nəzərə alsaq rəqəm kifayət qədər böyük görünür.
456-cı səhifədə keçən yazımızda da qeyd etdiyimiz bir məlumat verilibdir. Söhbət Əli Bayramovun Azərbaycan Kommunist partiyasının Mərkəzi Komitəsinə üzv seçilməsindən gedir. Nəhayət, 458-ci səhifədə deyilir: “Azərbaycanda ictimai-siyasi şərait günü-gündən gərginləşirdi”. Müsavatçılar terrora əl atdılar. Onlar Mərkəzi Komitənin üzvü, Azərbaycan xalqının şanlı oğlu Əli Bayramovun öldürülməsini təşkil etdilər”.
Qeyd edilən oçerklərdə bolşeviklərin siyasi üsyan hazırlığından da bəhs edilir. Bu mənada informasiyalar üst-üstə düşür, belə ki, kommunistlərin silahlı üsyan hazırlaması ilə bağlı Müsavat hökumətinin daxili işlər nazirinin müavini Şəfibəyovun dedikləri təsdiqləndiyi kimi Əli Bayramovun gizli inqilabi fəaliyyətlə məşğul olması, Həştərxana benzin və neft məhsulları aparması ilə ordan marksist ədəbiyyat, silah və sursat gətirməsi barədə heç bir polemika yoxdur. İndi isə qətlə keçək...
Bakı Əli Bayramovu axtarır...
Manaf Süleymanovun kitabndan bir parçanı oxuyaq: "Hökumətin yarım rəsmi orqanı "Azərbaycan" qəzetində bolşeviklərin süni niyyəti barədə xəbərlər dərc edildi. Hazırkı hökuməti yıxmaq və şura hökuməti qurmaq üçün üsyan hazırlanırdı. Bu məqsədlə kəndlərdə, fəhlə və əsgərlər arasında gizli şöbələr və hər yerdə hərbi təşkilat yaradılırdı. İşin üstü açılır, dövlət üçün təhlükəli cani kimi Əli Bayramovun axtarıldığı elan olunur.
Vətəndaşlardan xahiş edilir ki, Əli Bayramovun yerini bilən varsa, mütləq polisə xəbər versin. Qəzetdə üsyan barəsində uzun-uzadı izahat verilirdi. Bu sənədlər Həbib Cəbiyevin mənzilində axtarış aparılanda polisin əlinə keçmişdi. Bundan sonra hökumət bolşevikləri təqibə başlayır, ələ keçənləri zindana salır.
Xəfiyyə idarəsi Əli Bayramov və Həbib Cəbiyevin parlaman üzvü Əliheydər Qarayevin mənzilində gizləndiklərini öyrənir. Həmin bina mühasirəyə alınır. Bakının general qubernatoru Gəray Murad Tlexas əməliyyatı şəxsən idarə edir. Lakin parlaman üzvünün toxunulmazlığına görə mənzilinə girə bilmirlər. Bu barədə parlaman Rəyasət Heyətinin rəsmi qərarı olmalı idi.
Əli Bayramov və Həbib Cəbiyev çıxılmaz vəziyyətə düşdüklərini hiss edib qonşu binanın damına keçirlər, dolambac dalan və döngələrlə aradan çıxırlar.
General qubernator və polis rəisinə parlaman üzvünün mənzilinə daxil olmağa icazə verilir; o şərtlə ki, yalnız otaqlara və mətbəxə baxa bilərlər, axtarış aparmaq olmaz. Onlar mənzildə Əlini və Həbibi tapa bilmirlər. Əli Bayramov şəhərin kənarında, Məhəmmədəli məhəlləsinin ucqar evlərinin birində gizlənir. (Rəsulzadənin onu özünüz gizlətmisiniz - sözləri bu mənada həqiqət kimi səslənir. Ancaq ardı var...)
Ərim casus idi...
Manaf Süleymanovun kitabını qiymətli edən cəhətlərdən biri hadisənin şahidləri ilə birbaşa söhbət edərək onların xatirələrini yazmasıdır. Əli Bayramovun həyat yoldaşı Ceyran Bayramova ərinin casusluq fəaliyyəti ilə məşğul olduğunu gizlətmir: “Evimizdə təşkilatın gizli telefonu saxlanırdı. Telefon stansiyasında da mötəbər adamlar vardı ki, nazirlər, prokuror, polisiya bir-birilə danışanda bizim gizli telefona calayırdılar, evimizdəki növbətçi onların söhbət və danışıqlarının hamısını yazır, təşkilata çatdırır, onlar da əvvəldən tədbir görürdülər. Kimi tutub həbsə salacaqlar, harda axtarış aparılacaq, mitinqə necə mane olmaq istəyirlər... Gizli telefon böyük otaqda, küncdəki stolun altında, məxfi saxlanırdı”.
Burda ibrət və dəhşət dolu bir haşiyə çıxaq. Ərinin öldürülməsindən sonra Oruc Bayramovla evlənən Ceyran Bayramova ikinci dəfə 1934-cü ildə ərinin güllələnməsi ilə dul qaldı. 1937-ci ildə ailəsi ilə birgə Qazaxıstanın Akmolinski həbs düşərgəsinə göndərilən dörd uşağı vardı. Oruc Bayramovdan olan böyük oğlunun adı Əli, soyad isə Bayramov idi. Bir də... Ceyran xanımın sürgün yoldaşlarından biri də Şükriyyə xanım idi, Əhməd Cavadın həyat yoldaşı...
Ceyran xanımın şahidliyinə davam edək: ” İyirminci ilin əvvəllərində Əlini bərk axtarırdılar ki, tutsunlar. O da yerini tez-tez dəyişirdi, evə gəlmir, başqa yerdə qalırdı. Mart ayının 19-u, gecə yarısında mənzilimizdə qalabəyi Əliheydər Yusifov polislərlə gəlib başladılar axtarış aparmağa. Otaqları ələk-vələk elədilər, hər iki telefon aparatını çıxarıb apardılar.
Martın 20-də anam Bibixanımı və evimizdə yaşayan qohumumuz gimnaziya şagirdi Ağarəhim Nəzərovu polis tutur, anamı 2-ci polis şöbəsində, Ağarəhimi liman polis şöbəsində saxlayırlar, tələb edirlər ki, Əli Bayramovun gizləndiyi yeri desinlər. Eyni zamanda, dayım Həsən Əli oğlunu da tutub, 4-cü polis şöbəsinə aparırlar.
Neçə gün idi ki, Əlinin bizdən xəbəri yox idi. Nigaran qalıb, mart ayının 20-də, Novruz bayramı axşamı, çıraqlar yananda, gizləndiyi evdən çıxıb, çox da uzaqda olmayan nənəm Səadətin evinə yollanır. Məhəmmədlilər məscidinin yanından keçəndə qoçu Əjdər və Hüseyn Qədir oğlu onu görür, qabağını kəsirlər, tapançasını alırlar.
Qonşu Sərdar Babayev qaçıb nənəmə xəbər verir ki, qoçu Əjdər Əlini tutub divanxanaya aparır, çıx, yalvar, buraxdır. Səadət nənəm qaçır, başlayır qoçuya yalvarmağa ki, bayram axşamına səni and verirəm... Əjdər qoca arvadı söyüb, elə itələyir ki, arvad yıxılır...”
Ancaq polis orqanları Əli Bayramovun saxlanıldığını təkzib edirlər. Parlamentdə bu barədə arayış verən Şəfi bəy Rüstəmbəyov də o cürə. Ceyran xanım bu dəfə Mirzəsamalov vasitəsilə Şəfi bəylə əlaqə saxlayır. Əhvalatı Ceyran xanım belə nəql edir: “Əli Bayramovu demirəm, məktəb şagirdi, 13 yaşlı Ağarəhimi, bir də qoca arvadı, Bibixanımı buraxdırmanızı xahiş edirəm. Bu söhbətdən başa düşdüm ki, Əlinin tutulmağından nazir müavininin xəbəri var”.
Hadisələrin gedişatı isə daha da gərgin bir vəziyyət alır. Ceyran xanımdan dinləyirik: “Bir nəfər tanımadığım kişi Əlidən mənə məktub gətirdi. Məzmunu belə idi; 1) Firqə özəklərinin yerini dəyişsinlər. 2) Telefon aparatlarının necə və kimdən alındığını deməyin. 3) Mənə pul çatdırın. Qasım İsmayılovun vasitəsilə. 4) Əliheydər Qarayevə deyin ki, Yusifova inanmasın. O, satqındır; özünü tülkülüyə vurur ki, guya bolşeviklərə kömək edir. 5) Yusifova deyin ki, məndən əl götürsün. 6) Özüm polismeysterlikdə qaradovoyların otağındayam. 7) Ceyran, sən və Bibixanım dalımca gəlməyin! Qoy yoldaşlar mənim üçün əlləşsinlər.
Vərəqəni aparıb verdim Əliheydər Qarayevə, Qulu Hüseynov, Musaxanov və başqa yoldaşlar da o kağızı oxudular. Başladılar Əlini axtarmağa. Qarayev parlamanda kəskin, gurultulu çıxış etdi, yoldaşlarımızı həm açıq, həm də gizli yollarla aradan çıxartdıqlarına görə hökuməti günahlandırdı. Musəvi və Haşım Əliyevin öldürülməsindən heç altı ay ötməmiş, indi də Əli Bayramovu oğurlayırsız. Müsavatçılar da iddia etdilər ki, bu provakasiyaçı bolşeviklər hökumət böhranını sürətləndirmək üçün özləri quraşdırıb, çox güman ki, Əli Bayramovu gizlədib, hökumətə şər atırlar. Əli Bayramov günahkardır, üsyançıdır. Hökuməti devirmək istəyib. Taxsırı olan adam cəzalanmalıdır.
Ceyran xanımın belə bir məktubu uydurmasını iddia etmək gülünc olardı. Üstəlik, onun sonrakı sözləri, Qarayevin parlamentdəki çıxışı və Bayramovun bolşeviklər tərəfindən gizlədilməsi barədə iddia (Bu iddianı Rəsulzadə səsləndirmişdi) gerçəkliyə uyğun gəlir.
Prosesə mollanəsrəddinçi qoşulur...
Burda isə ədəbiyyat və jurnalsitikamız üçün son dərəcə dəyərli bir şəxsin sözlərinə yer verəcəyik. Söhbət, Molla Nəsriddin jurnalını Cəlil Məmmədquluzad ilə redaktə etmiş görkəmli jurnalist Ömər Faiq Nemanzadədən gedir. Həmin vaxt Bakı polisində işləyən Ömər Faiqə Ceyran xanım ərinin itməsi ilə bağlı müraciət edir. Ömər Faiq axtarışlarının nəticəsini belə qeyd edir: - 4-cü polis şöbəsinin rəis müavini Süleymanbəy Sübhanverdixanov dedi ki, qalabəyi Əliheydər Yusifova tapşırılmışdı ki, necə olur-olsun bolşevik Əli Bayramovu tutun. Polismeyster Mirzəyev məşhur məhəllə qoçusu Əjdər Əminovu çağırıb tapşırdı ki, yerin altında da olsa Əli Bayramovu tap gətir yanıma. O da tutub apardı, polismeysterə təhvil verdi. Mollazadə də təsdiq etdi ki, Mirzəyev qalabəyi Yusifov adından 4-cü polis şöbəsinə bir neçə nəfər qoçu çağırıb tapşırdı ki, Əli Bayramovu axtarın, hətta Əjdərə dedi ki, bu işi eləsən, sənin köhnə günahlarının da üstündən qələm çəkib bağışlayarıq
Şəxsən nazir müavini Şəfibəy Rüstəmbəyova müraciət etdim ki, istintaqa mane olduğuna görə Mirzəyevi tutmaq lazımdır. Rüstəmbəyov mənə acıqlanıb töhmət etdi ki, sən daxili işlər nazirliyinə qarşı iş açırsan. Əmr etdi ki, bu işə burnumu soxmayım! Məsələ prokurorluğa verilibdir. İki gündən sonra nazir gələndə yanına, kabinetə getdim. Hadisəni ona danışdım və Mirzəyevi tutmağı xahiş etdim. Bu vaxt, Rüstəmbəyov nazirin yanına gəldi və işi başa düşəndə, acıqlı-acıqlı söhbətə qarışıb dedi: "Heç belə şey yoxdur. Bunlar hamısı sənin şəxsi fantaziyandır".
Mən tutuldum. Vəkilovdan xahiş etdim ki, mənə təklikdə danışmağa imkan yaratsın. Rüstəmbəyov çıxıb getdi. Vəkilov məni dinlədi. Sözümü axıra kimi dedim və bütün sübutları söylədim və xahiş etdim ki, özümlə gətirdiyim qaradovoy Məşədibrahim Məşədabas oğlunu şəxsən dindirsin. Vəkilov Məşədibrahimi təklikdə dindirdi. Mirzəyevi tutmaq barədə əmr verdi. Şəhər polismeysteri təyin olunmuş Kabulov əmri sabahı gün saat 12-də yerinə yetirdi. Mirzəyevi kaupvaxta, İçərişəhərə gətirdilər. Mən Bayıl qazamatına salmağı əmr etdim. Şəfi bəy Rüstəmbəyov mane oldu”.
Nazir yaxşıdır, ətrafı pisdir...
Burda bir haşiyə də çıxaq. Keçən yazıda Əliheydər Qarayevin çıxışındakı bir hissəni xatırlayaq: “Bu vaxta qədər Şəfi bəy qulaqlarına pambıq tıxadı. Ancaq daxiliyyə naziri yeni gəlib, dünəndən etibarən işi əlinə götürübdür”. Burdan Qarayevin nazir Vəkilova rəğbəti aydın şəkildə hiss edilir. Ömər Faiqin dedikləri də bu konteksdə Qarayevin dedikləri ilə uyğun gəlir. Həmin günlərdə başı ermənilərin Qarabağda törətdiyi başıpozuq əməllərə qarışan 24 yaşlı nazirin məsələdən xəbərdar olmadığı, hətta polis rəsiinin həbsi ilə bağlı tapşırıq verməyindən belə başa düşülür ki, onun doğrudan da Əli Bayramov məsələsindən xəbəri yoxdur.
Qaradavoy etiraf edir...
Qaradavoy (polis nəfəri) Məşədibrahim Məşədabas oğlu hadisənin şahidlərindəndir: “Baş qaradovoy Babayev məni budkanın yanına aparıb dedi ki, burdakı ermənini möhkəm saxla, qaçmasın (şəkildə göstərdiyiniz adam idi). Bir az keçdi dustaqla söhbət etdim. Dedi ki, evində telefon tapıldığına görə onu tutublar, özü də müsəlmandır. Mən inanmadım, dedim ki, "fındıq" de görüm. Düz dedi. İnandım ki, müsəlmandır.
Gecə yarıya az qalmışdı, saat 11-12-də növbədə idim, Babayev gəldi, yanında da üç qaradovoy: Vəli, Həbib, bir də Əbdülrəhman, dedi ki, dustağı polismeyster Mirzəyev yanına çağırır, mənzilinə aparacayıq. Qaradovoylar dustağı apardılar küçəyə, fayton çağırıb oturtdular, özləri də əyləşib, yollandılar Qaraşəhər tərəfə. Babayev gedib uzanıb yatdı. Dustağı aparan qaradovoylar üç-dörd saatdan sonra gəlib çıxdılar. Həbibin xəncərində, Vəlinin isə patrondaşında qan ləkələri vardı. Səhərisi öyünürdülər ki, o adamı necə öldürüblər”.
Prokurora verdiyi ifadədə iyə bu haqda danışmadığı barədə suala qaradavoy Məşədi İbrahim belə cavab verir: “Ona görə ki, prokuror sorğu-sualı polismeyster idarəsində aparırdı. Qapının dalındakı qaradovoylar polismeysterin adamıdır, qulaq asırdılar. Çox güman ki, Mirzəyev özü də orada idi. Addımbaşı məni güdürdülər. Eşitmişəmki, məni öldürəcəklər”.
Yaremçuk Nikolayeviç Yakov (9-cu polis şöbəsinin okolodoçnisi)meyit tapıldığı ilə bağlı məlumat gəldiyini, şəxsən hadisə yerinə getdiyini və başı bir az kənarda olan meyit aşkar etdiyini bildirir. Orda yaşayan sakinlərdən meyitlə baölı heç bir məlumat ala bilməyən Yaremçuk sözlərinə belə nöqtə qoyur: “Yoldan ötən arabanı saxladım, meyiti qoyub polis şöbəsinə gətirdim. Pristavın əmri ilə cəsədi aparıb universitetin anatomiya teatrına təhvil verdim, ordan da müstəntiqin yanına yollandım”.
Nazir əmr verir: Polis rəisini həbs edin!
Baş verənlərə görə polismeyster dəyişdirilir. Kabulov polismeyster təyin edilir. Onu dinləyirik: “Aprel ayının 7-də məni Balaxanı-Sabunçu polismeysterliyindən şəhərə köçürdülər. General-qubernator əmr vermişdi. Ayın 9-da, ya da 10-da məni Tiflis vağzalına, daxili işlər naziri Vəkilov olan vaqona çağırdılar. Qalabəyi Yusifov və general-qubernator Tlexas da yanında idilər. Hər ikisini vaqondan çıxartdı. Qaldıq ikimiz. Nazir mənə tapşırdı ki, Ömər Faiqin verəcəyi siyahıda olan adamları tutub həbsə salarsan. Heç kəsin sözünə qulaq asmazsan, heç kimin əmrini yerinə yetirməzsən, heç bir təzyiqə, hədə-hərbəyə baxmazsan. İş son dərəcə vacib və mürəkkəbdir. Qarabağa gedirəm, mən qayıdana qədər heç birini həbsdən buraxmazsan.
Ömər Faiqdən siyahını alan kimi Mirzəyevi tutub saldım kauptvaxta. Üç qaradovoyu da silahlı gözətçilər Bayıl dustaqxanasına apardılar. Dördüncü qaradovoyu tapa bilmədim, qaçmışdı Gəncəyə, Qoçu Əjdəri tutmaq mümkün olmadı. 4-cü polis şöbəsinin pristavı (Mirzəyevin yaxın qohumu) Seyidov və onun müavini Süleyman bəy mane oldular. Hər ikisini işdən xaric etmək barədə binagüzarlıqda oldum, qalabəyi Yusifov yol vermədi, ancaq yerlərini dəyişdirib Balaxanıya göndərdi”.
Kimdir müqəssir?
Əslində nazirin əmrinə qarşı müqavimət vəziyyəti ortaya çıxarır. Demək, nazirin içində olmadığı bir plan icra edilirmiş. Bir məqamı da qeyd edək, 7 aprel günü, yəni nazir həmin tapşırığı verdiyi gün Əli Bayramov dəfn edilmişdi. Bundan iki gün qabaq isə Ömər Faiq Ceyran xanımı faytonla morqa aparıb ərinin meyitini ona göstərmiş, Ceyran xanım da sağ əlindəki yara izindən Əli Bayramovu tanımışdı.
Ceyran xanımın ərini axtardığı günlərdə Məmməd Əmin Rəsulzadənin qəbuluna getdiyini, parlamentdə işlədiyi üçün Rəsulzadənin onu şəxsən tanıdığını və onu hörmətlə qəbul etdiyini xatırlayır. Rəsulzadə Ceyran xanıma Əli Bayramovun həbsi barədə məlumatı olmadığını bildirir.
Rəsulzadənin səmimi münasibəti, Vəkilovun günahkarlarla bağlı verdiyi sərt cəzalar Müsavat hökuməti daxilində bir qrupun Əli Bayramov sui-qəsdini təşkil etdiyini açıq şəkildə ortaya qoyur. Müsavatın məsələyə münasibəti isə 1920-ci il aprelin 24-də çıxan "İstiqlal” qəzetində əks olunub: Azərbaycan Cümhuriyyətinin hüquqi bir dövlət olmasını istəyən hər bir vətəndaş üçün bu qətl nifrətəlayiq bir hadisədir. Bu cinayəti törədən şəxs bilərək ya da bilməyərək cinayətin ən böyüyünü eləmiş və bolşeviklərin çörəyinə yağ sürtmüşlər". Bu hissə isə amansız olsa da doğrudur: “Müsavat və yaxud hökumət bolşevikləri öldürmək istəsə edərlər, daş dalından hərəkətə lüzum yoxdur. Daha məşhurlardan başlayardılar...". Əli Bayramovun ikinci dərəcəli şəxs olması bu amansız şərhin faktoloji baxımdan düzgün tərəfidir.
Məhkəmə dar ağaclarını qurur...
28 apreldə hakimiyyəti ələ keçirən bolşeviklər ədliyyə naziri Əliheyər Qarayevin əmri ilə Ali İnqilab Tribunalına Əli Bayramovun qətlini öz icraatına götürməyi tələb etdi. İstintaq qrupunun topladığı materiallar da tribuna təqdim edildi. İldırımsürətli istintaq 19 mayda başa çatdı. Məhkəmə bu şəxsləri günahkar bildi:
Daxili işlər nazirinin müavini Şəfi bəy Rüstəmbəyov, Bakının sabiq hərbi general-qubernatoru Murad Gəray Tlexas, Bakı qradonaçalnikliyinin informasiya şöbəsinin sabiq rəhbəri Ələkbər xan Şahsuvarov, Bakının sabiq polismeysteri Rüstəm bəy Mirzəyev, Bakının 4-cü dairəsinin sabiq pristavı Nurəddin Seyidov, Əjdər Eminov, qoçu Hüseyn Nadiroğlu, qoçu Aleksandr Koberidze, Vəli Məşədi Hüseynoğlu (qaradavoy) Həbib Nəzəroğlu (qaradavoy) Əbdürrəhman Qurbanoğlu (qaradavoy), Babayev (Baş qaradavoy), Cəbrayılov Ter-Arutyunov, Rzayev, Mövsümov
Siyahını təhlil etdikdə cümhuriyyətin daxili işlər naziri Mustafa bəy Vəkilovun əmri ilə həbs edilən şəxslərin bu siyahının özəyini təşkil etdiyini görürük: Onun əmri ilə həbs edilən Bakı polismeysteri Rüstəm bəy Mirzəyev, dörd qaradavoy (Babayev, Vəli Məşədi Hüseynoğlu, Həbib Nəzəroğlu, Əbdürrəhman Qurbanoğlu), iki qoçu (Əjdər və Hüseyn) və qoçu Əjdərin həbsinə maneçilik törətdiyi üçün Balaxanıya göndərilən Seyidovun adı günahkar kimi çəkilirdi.
Ali İnqilab Tribunalının kollegiyasına. Teymur Əliyevin sədrlik etdiyi kollegiyanın üzvləri Lev Qans, Yefim Rodionov, Zeynal Dadaş və Mirbəşir Qasımov idi. 21 mayda başlanan məhkəmə 28 mayda başa çatdı. Tribunal 15 şəxsi ölüm hökmünə məhkum etdi.
Ancaq 29 may saat 02.30-da Tlexas, Mirzəyev, Sübhanverdixanov, Babayev, Cəbrayılov, Ter-Arutyunov, Rzayev, Həbib Nəzəroğlu, Əbdürrəhman Qurbanoğlu, Mövsümov haqqında verilən ölüm hökmü Nargin adasında icra edildi və onlar elə Nargin adasında dəfn edildilər.
Şəfi bəy Rüstəmbəyov, Əjdər Eminov, Hüseyn Nadiroğlu, Aleksandr Koberidze ölüm hökmünü onlar xaricə getdikləri, Ələkbər xan Şahsuvarov isə dünyasını dəyişdiyi üçün icra etmək mümkün olmadı.
Bu kommunistlərin Azərbaycanda qurduqları ilk məhkəmə idi. Ancaq günahkarlar Cümhuriyyətin daxili işlər naziri tərəfindən aşkarlanmışdı.
Əli Bayramovun qəbir daşında yazılan "Müsavat cəlladları tərəfindən vəhşicəsinə öldürülmüş" yazısı həqiqətə uyğun olmasa da onun Müsavat dövründə və onun bürokratlarının təhriki ilə törədildiyi faktdır.
Hər halda bizim qənaətimiz belədir...
P.S. Araşdırmada birbaşa iqtibas verilmiş kitablardan əlavə Mirabbas Məmmədovun “Region Plus” jurnalında dərc edilmiş “Hökm №1” və "Modern.az"-da müəllifsiz yayımlanan “Bir qətlin sirri” məqalələrindən istifadə edilmişdir.
Qan Turalı
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi