Maliyyə nazirindən 2016-cı ilin büdcəsi ilə bağlı SON QƏRAR
Bizi izləyin

Ekopublika.az

Maliyyə nazirindən 2016-cı ilin büdcəsi ilə bağlı SON QƏRAR

"2016-cı ilin dövlət büdcəsində dürüstləşmə aparılıb".

Publika.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, 2016-cı ilin yenilənmiş dövlət büdcəsində neftin baza qiyməti 25 dollardan götürülüb: “Bu, mühafizəkar bir yanaşmadır. Neftin qiymətinin 25 dollardan aşağı düşməsi iqtisadi məntiqə ziddir".

Onun sözlərinə görə, 2016-cı ilin yenidən baxılmış büdcəsində gəlir və xərclər hissəsi 2 milyard manat artırılıb: “2016-cı ilin təsdiq olunmuş büdcəsində büdcə gəlirləri 14,5 milyard manat nəzərdə tutulmuşdusa, dürüstləşmiş büdcədə gəlirlər 16,5 mlrd. manat səviyyəsində nəzərdə tutulub. Gəlirlərə mütənasib olaraq xərclər də 2 milyard manat artırılıb. Başqa sözlə, 2016-cı ilin təsdiqlənmiş büdcəsində xərclər 16,2 milyard manat nəzərdə tutulmuşdusa, dürüstləşmədən sonra xərclər 18,3 milyard manat planlaşdırılır. Dürüstləşmədən sonra 2016-cı ilin dövlət büdcəsində 1,7 milyard manatlıq kəsir yaranacağı gözlənilir. Biz bu kəsirin örtülməsi imkanlarını tapmalıyıq. 2015-ci ilin dövlət büdcəsinin icrası zamanı vahid xəzinə qalığı 1,4 milyard manat məbləğində olub. Büdcə xərclərində bəzi ixtisarlar edilib. Bu addımların atılması nəticəsində Azərbaycan Dövlət Neft Fondunun xarici valyuta ehtiyatlarının 2,2 milyard ABŞ dolları məbləğində qənaətinə nail olmuşuq. 2015-ci ilin təsdiq olunmuş büdcəsi 1,7 milyard manatlıq kəsir əvəzinə yalnız 633 milyon manat səviyyəsində kəsirlə icra olunub. Yəni, büdcənin xərclər hissəsində 1,1 milyard manata qənaət edilib. Bu vəsaitin 2016-cı ildə istifadə edilməsini nəzərdə tuturuq.

Ümumilikdə, bu vəsaitləri bu ilin dövlət büdcəsi kəsirinin örtülməsinə yönəldirik.

Eyni zamanda, bu ilin dövlət büdcəsinin kəsiri dövlət borc kağızları, özəlləşdirmədən mədaxil və xarici qrantlar hesabına örtüləcək".

Nazir əlavə edib ki, bu ilin ikinci yarısında neftin bahalaşması istisna olunmur.

S.Şərifov onu da açıqlayıb ki, 2015-ci ilin büdcəsində gəlirlər hissəsi 88,2%, xərclər 84,3% səviyyəsində icra olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm