Art
Naxçıvanda “Plov” və “Yallı” festivalı
Sentyabrın 30-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat, Mədəniyyət və Turizm nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Plov” və “Yallı” festivalları keçirilib. “Plov” festivalında 50 həvəskar qadın, 20 iaşə obyekti, “Yallı” festivalında isə muxtar respublikanın 14 yallı kollektivi iştirak edib.
Festivalların açılış mərasimində aparıcılar qeyd ediblər ki, qədim oğuz yurdu Naxçıvanın bugünkü sosial-iqtisadi, elmi-mədəni inkişafı burada keçirilən beynəlxalq elmi simpozium və konfranslarla, eləcə də beynəlxalq və yerli əhəmiyyətli mədəni tədbirlərlə müşayiət olunmaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamından sonra xalq yaradıcılığının müxtəlif sahələrini əhatə edən, adət-ənənələrimizin təbliğinə yönəlmiş tədbirlərin əhatəsi daha da genişlənib. Təkcə bu ilin may-avqust aylarında Naxçıvanda 4 festival keçirilib. “Yaradıcı əllər”, “Göycə”, “İstedadlı uşaqlar” və “Naxçıvan çörəkləri” adlı festivallar ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Bu gün keçirilən “Plov” və “Yallı” festivalları da muxtar respublikanın mədəni həyatında əlamətdar hadisə olmaqla, bölgələrimizə xas müxtəlif çeşidli plov növlərinin və onların hazırlanması qaydalarının nümayişi, xalqımızın ən qədim folklor nümunələrindən olan, birlik və mübarizlik rəmzi sayılan yallılarımızın təbliği baxımından olduqca əhəmiyyətli tədbirdir.
Qeyd edilib ki, plov Şərq xalqlarının süfrə mədəniyyətinə aid olan yeməkdir. Mənbələrin məlumatlarına görə, ölkəmizdə plovun 200-dən çox növü var. Bu gün festivalda nümayiş olunan müxtəlif plov növləri peşəkar və həvəskar aşpazlar tərəfindən hazırlanıb. Milli mətbəximizin incisi plov sayıldığı kimi, xalqımızın zəngin folklorunu yaşadan da yallılarımız hesab olunur. Yaşı min illərlə ölçülən yallı haqqında təsvirlərə və məlumatlara Qobustan və Gəmiqaya qayaüstü rəsmlərində, “Kitabi-Dədə Qorqud” dastanlarında və ədəbiyyatımızda Nizaminin “Xosrov və Şirin” poemasında rast gəlinir.
Süfrələrimizin bəzəyi olan plov barədə danışan “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin direktoru Türkay Səfərzadə qeyd edib ki, xalq yaradıcılığının ən qədim sahələrindən olan mətbəx mədəniyyətinin öyrənilməsi və inkişaf etdirilməsi, təbliğ edilməsi, tanıdılması sahələrində də muxtar respublikamızda əhəmiyyətli işlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 aprel 2009-cu il tarixli Sərəncamı ilə yaradılan “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi ölkəmizdə bu sahənin təbliği məqsədi ilə fəaliyyət göstərən ilk mərkəzlərdən biridir.
“Naxçıvan diyarının mətbəx mədəniyyətində bu bölgəyə xas olan
yeməklər nənə və babalarımızın yaradıcılıq dünyasının geniş
olduğunu göstərir”, – deyən Türkay Səfərzadə vurğulayıb ki, qədim
diyarımızın mətbəx mədəniyyətində rəngarənglik, müxtəlif əşyaların
işlənməsi, qida məhsullarının çoxluğu min illər boyu formalaşmış
zəngin irsin böyük inkişaf yolu keçdiyini, qorunaraq, yad təsirlərə
müqavimət göstərərək bu günə gəlib çatdığını göstərir. Qədim
diyarımızda bu ləziz mətbəx nümunələrinə qonaqpərvərlik, qonağa
ehtiram duyğularının da əlavə olunması həm də insanlarımızın mənəvi
zənginliyini göstərir. Ali Məclis Sədrinin diqqət və qayğısı ilə
2012-ci ildə nəfis şəkildə Azərbaycan və ingilis dillərində nəşr
olunan “Naxçıvan mətbəxi” kitabı diyarımızın mətbəx mədəniyyətinin
qədim və zənginliyini öyrənmək və təbliğ etmək baxımından nadir
mənbədir.
Yallılarımızla əlaqədar “Şərur” Xalq Yallı Ansamblının direktoru,
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Kimya Babayeva
çıxış edərək bildirib ki, bu gün muxtar respublikamızda 40-dan çox
yallı oynanılır. “Xələfi”, “Tənzərə”, “Köçəri”, “Höynəri”,
“Qaleyi”, “Qazı-qazı”, “Sareyi”, “Şahgəldi”, “Tello”, “Söylə”,
“Nazilə”, “Qızılbaş”, “Çökəli”, “Çaleyi”, “Göyçəməni”, “Hərilli”,
“Xəlili”, “Əfsəri”, “Bəndi”, “Sındırma”, “Şərili”, “Tirməşal”,
“Urfanı”, “Gilanı”, “Kərimbəy”, “Nuraşan”, “Baharı” və başqa
yallılarımız bir elin həm tarixini, həm də əcdadlarımızın həyat
ritmini, sevincini, babalarımızın yer titrədən ayaq səslərini, nərə
səslərini, hər kəsi Vətən uğrunda birliyə, döyüşə çağıran ruhunu
özündə yaşadır.
Kimya Babayeva deyib ki, “Şərur” Xalq Yallı Ansamblı 1929-cu ildə
yaradılıb, 1936-cı ildə səhnəyə qədəm qoyub. Bu günə qədər ansambl
ölkədə və xaricdə keçirilən müxtəlif festivallarda uğurla iştirak
edərək mükafatlar qazanıb. 2005-ci ildə Şərur yallı ansamblına xalq
yallı ansamblı statusu verilib. Ansamblın üzvlərindən 4 nəfər
“Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adına,
10 nəfər Prezident mükafatına, 2 nəfər isə “Naxçıvan Muxtar
Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. Bütün
bunlar kollektivin əməyinə verilən yüksək qiymətdən, göstərilən
diqqət və qayğıdan xəbər verir. Bu gün Şərur rayonunda yallı
ifaçılarının üç nəsli bu qədim rəqs növünü yaşadır. Şərur yeganə
rayondur ki, burada həm gənc, həm ortayaşlı, həm də yaşlı nəslin
nümayəndələrindən ibarət yallı ansamblları fəaliyyət göstərir. Bu
da onu deməyə əsas verir ki, Şərur yallısı dünən və bu gün olduğu
kimi, gələcəkdə də yaşayacaqdır.
“Yallı” festivalında muxtar respublikada fəaliyyət göstərən yallı
kollektivlərinin çıxışları olub. “Şərur” Xalq Yallı Ansamblının,
Şərur Rayon Mədəniyyət Evinin “Şərur qönçələri” yallı ansamblının,
Babək Rayon Mədəniyyət Evinin “El yallıları”, Ordubad Rayon
Mədəniyyət Evinin “Nuray”, Kəngərli Rayon Mədəniyyət Evinin yallı
qruplarının və digərlərinin çıxışları alqışlarla qarşılanıb.
“Plov” festivalında həvəskar qadınların və iaşə obyektlərinin
hazırladığı plov çeşidlərinin, eləcə də düyüdən hazırlanan digər
yemək növlərinin sərgi-satışı təşkil edilib. “Plov” festivalı
çərçivəsində “Ən yaxşı plov” nominasiyası üzrə müsabiqə təşkil
edilib, münsiflər heyəti tərəfindən peşəkar və həvəskar şəxslər
olmaqla, 2 nəfər I yerə, 4 nəfər II yerə, 6 nəfər III yerə layiq
görülüb.
Sonra isə “Ən yaxşı plov” nominasiyası üzrə qaliblərə diplom və
“Naxçıvan mətbəxi” kitabı, məişət avadanlığı verilib.
“Yallı” festivalı çərçivəsində tədbirdə iştirak edən yallı
kollektivlərinə isə fəxri fərmanlar təqdim edilib.
Festivallara muxtar respublika sakinləri ilə yanaşı, Naxçıvanın
qonaqları da böyük maraq göstəriblər.
Şərq qapısı
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi