Azərbaycanın film sənayesinə "quyu qazan" kinoteatrlar
Bizi izləyin

Art

Azərbaycanın film sənayesinə "quyu qazan" kinoteatrlar

Ölkədə fəaliyyət göstərən kinoteatrlar ilin əvvəlindən film istehsal edən şirkətlər qarşısında şərtlər qoymağa başlayıblar. Yeni şərtlərə görə, ekrana çıxacaq film bir kinoteatr şəbəkəsində göstərilirsə, digərində nümayiş oluna bilməz.

“CinemaPlus” və “Park Cinema” kinoteatr şəbəkələri və onların nəzdindəki distribütor şirkətləri arasında ancaq özlərinə bəlli olan problemlər üzündən film istehsalçıları maddi, Azərbaycan kinosu isə mənəvi baxımdan itirir. Məsələn, tamaşaçı yeni təqdim olunan yerli filmin adını eşidir və həftə sonunu keçirdiyi “Park Bulvar”da onu izləmək istəyəndə bunun üçün “Gənclik Mall”a getməli olduğunu öyrənir. Çünki tərəflər arasındakı şərtlərə görə, bir şəbəkənin aldığı filmi digər şəbəkə yayımlamır. Beləliklə, tamaşaçının yerli filmlərə yeni-yeni yaranan meyli beşikdəcə boğulur.

Lakin müşahidələr göstərir ki, yerli filmlərə məhdudiyyət qoyan şəbəkələr xarici filmlərə qucaq açır. Bu günlərdə Türkiyə istehsalı olan “Ketenpere” filminin hər iki şəbəkədə nümayiş edilməsi buna bir nümunədir.

Картинки по запросу İlham Qasımov

Rejissor İlham Qasımov Publika.az-a açıqlamasında şəbəkələrin yerli filmlərə qarşı münasibətinin daha çox qazanmaq məqsədilə əlaqədar olduğunu deyir:

“Bu gün Amerika, Avropa ölkələrində istehsal edilən filmlərə Azərbaycanda baxış sayı iki-üç mini keçmir. Türkiyə istehsalı olan filmlərə baxış sayı nisbətən daha çoxdur. Bu siyahıda Azərbaycan filmlərinə baxış sözsüz ki, ilk sıradadır. Bizim filmlərə 100 minlərlə adam baxır və bu filmlərdən kinoteatrlar daha çox gəlir əldə edirlər. Bütün bu rəqəmlərə baxanda bilmək olur ki, məsələnin kökündə maddi gəlir dayanır. Kinoteatr şəbəkələri tərəfindən yerli filmlərə qarşı qadağa qoyulması film sektorundakı canlanma ilə də bağlıdır. Bu kinoteatrlar illərdir fəaliyyət göstərir. Lakin Azərbaycan filmləri az hallarda nümayiş edilirdi. Son illərdə isə vəziyyət xeyli dəyişdi və yerli filmlərə kütləvi maraq yarandı. Məhz tamaşaçının yerli filmlərə daha çox maraq göstərdiyini müşahidə edən bu şəbəkələr belə bir məhdudiyyətləri gündəmə gətirdi”.

İ.Qasımov hesab edir ki, kinoteatrlar bu gəliri bölüşdürmək istəmir, yalnız özü qazanmaq istəyir: “Bununla isə şübhəsiz ki, istehsalçılara zərbə vurulur. Mənəvi baxımdan bunu edənlər çox haqsızdır. Həqiqətən də, bu insanların Azərbaycan filmlərini sıxışdıracaq qədər pula həris olduqlarını bilmirdim. Lakin hər şeyi pula bağlamaq olmaz, bu məsələnin mənəvi tərəfləri var. Hələ də, onlar bu məsələdə bir razılığa gələ bilməyiblər. Nəticədə istehsalçılar filmin nümayişindən götürəcəyi gəlirin yarısından məhrum olur. Təbii ki, az gəlir, filmin istehsalına az vəsaitin ayrılması deməkdir. Dolayısı ilə daha aşağı keyfiyyətli filmlər çəkiləcək. Bizim bəzi filmlərimiz bir çox məsələlərdə xarici filmlərə uduzur, bunun da səbəbi maddiyyatla bağlıdır. Hələ ki, kinotatrlar bu problemdən tamaşaçılarını itirmirlər. Zalların sayı çox olmadığından həftəsonu, bayram günlərində onları doldura bilirlər. Düzdür, onlar sahibkardırlar, məsələyə inzibati müdaxilə mümkün deyil. Lakin sahibkarın haqlarını pozmamaq şərtilə dövlət qurumu bu məsələyə müdaxilə etməlidir. Çünki bu siyasət film sənayesinin inkişafına mane olan məqamdır”.

Dünya təcrübəsində kinoteatr şəbəkələri tərəfindən belə seçimlərin qoyulduğunu deyən rejissor, hazırkı Azərbaycan reallığında isə bu yanaşmanın yanlış olduğunu vurğulayır:

“Düzdür, istədiyi filmi nümayiş etdirmək kinoteatrın öz seçimidir. Lakin biz kommersiya film sahəsinin yeni dövrünü yaşayırıq. Belə bir şəraitdə istehsalçı üçün çətin şərait yaratmaq da haqsızlıqdır. Dünyada belə şəbəkələrin sayı çox olduğundan hər hansı kinoteatrın hansısa filmin nümayişindən imtinası istehsalçıya çox da təsir etmir. Amma bizdə iki şəbəkə var və nəticədə baxış sayı ikiyə bölünür”.

Картинки по запросу

“Cinema Plus”un marketinq meneceri Aqşin Şahbazzadə isə filmlərin yalnız bir şəbəkədə yayımlanmasının onların yox, film istehsalçılarının seçimi olduğunu dedi:

“Film sahibləri çəkdikləri məhsulun yalnız bir şəbəkədə yayımlanmasını istəyir. Bu biznes marağıdır, heç kim də onların seçiminə mane ola bilməz. Ola bilər ki, hər hansı şəbəkə distrübüter maraqlarını doğrultmur, lazımi izləyici toplaya bilmir. Burada qeyri-qanuni heç bir problem yoxdur. Biz tərəfdən hər hansı şəbəkədə nümayiş olunan filmin yayımı üçün məhdudiyyət qoyulmur. Yalnız həmin filmin uğur gətirəcəyinə inanmasaq, onu yayımlamaqdan imtina edirik. Bu qərarımız da normaldır. “Park Cinema” ilə bizdən əvvəl müqavilə imzalayan filmi biz də nümayiş etdirə bilərik, yetər ki, gəlir gətirən və yaxşı film olsun. Pul gətirən filmdən nə üçün imtina etməliyik? İki şəbəkə arasındakı prinsipə görə yerli filmləri yayımlamaqdan imtina edilməsi məlumatı isə yalandır”.

Картинки по запросу

“ParkCinema” kinoteatrlar şəbəkəsinin Marketinq üzrə Direktoru Musa Axundov isə həmkarından fərqli olaraq tərəflər arasında problem olduğunu etiraf edir.

M.Axundov da “CinemaPlus”da yayımlanan filmin nümayişi üçün hansısa məhdudiyyət qoymadıqlarını dedi:

“Qarşı tərəf də bu məsələdə razılaşıb, fikirlərini bizimlə bölüşsə, məsələ həllini tapar. Lakin hələ ki, bu, baş verməyib. Hazırkı durumda “CinemaPlus”da bizim filmlərin yayımına razılıq verilmir. Problemin nədən qaynaqlandığını deyə bilmərəm. Amma indiki durum belədir. Biz tərəfdən “CinemaPlus”da yayımlanan filmlərə qarşı heç bir məhdudiyyət yoxdur”.

M.Axundov hazırda məsələnin həlli üçün danışıqların aparıldığını qeyd etdi.

Qeyd edək ki, bu ilin aprel ayında Mədəniyyət və Turizm Nazirliyi məsələyə münasibət bildirmişdi.

Nazirliyin yaydığı bəyanatda vurğulanırdı ki, statusundan, fəaliyyət növündən asılı olmayaraq hər bir mədəniyyət müəssisəsinin vəzifəsi insanların asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaq və onlara yüksək səviyyəli mədəni xidmətin göstərməkdir:

“O cümlədən, kino sahəsində bir növ inhisarçı mövqedə dayanan müəssisələr tamaşaçı marağını hər şeydən üstün tutmalı və bu marağa zərər verə biləcək addımlara yol verməməlidir. Kino fəaliyyəti ilə məşğul olan hər bir müəssisə özəl biznes maraqları ilə yanaşı, həm də ümumi mənafelərin qorunmasına çalışmalıdır.

Mədəniyyət və Turizm Nazirliyi tərəfləri məsələnin qarşılıqlı hörmət və anlaşma şəraitində müsbət həllinə və gələcəkdə də ictimai narazılıq doğuran halların baş verməməsi üçün son dərəcə diqqətli olmağa çağırır.

Bildiririk ki, Azərbaycan filmlərinin yayımının təşkil olunması ölkəmizdə fəaliyyət göstərən hər bir kinoteatrın vəzifə borcudur”.

Lakin görünən odur ki, bu aylar ərzində tərəflər razılığa gələ bilməyib. Nazirliyin bəyanatı da onların uzlaşmasına kömək etməyib. Və nəticə etibarilə onların maddi maraqları hələ ki, mənəvi maraqlardan ümdə dayanır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm