Taekvondoçumuz: “Avropa Oyunlarında üçrəngli bayrağımızı dalğalandıracağıq”
Bizi izləyin

Bakı 2015

Taekvondoçumuz: “Avropa Oyunlarında üçrəngli bayrağımızı dalğalandıracağıq”

Azərbaycanın taekvondo üzrə yığma komandasının üzvü Ayxan Tağızadə I Avropa Oyunlarında yüksək nəticə qazanmaq üçün çalışdıqlarını deyib.

Publika.az-a açıqlama verən idmançımız rəqibləri barədə də məlumatlı olduğunu bildirib:

“Milli komandamızla birgə I Avropa Oyunlarına ciddi hazırlaşırıq. Hər gün məşqlər keçirik. Çalışacağıq ki, Bakı 2015 I Avropa Oyunlarında ölkəmizi layiqli şəkildə təmsil edək, bayrağı yüksəklərə qaldıraq. Doğma divarlar arasında mübarizə apardığımız üçün məsuliyyətimiz çoxdur.

Avropa Oyunlarında mənim çəkimdə (68 kq) Avropanın 16 ən güclü idmançıları olacaq. Onların hamısını tanıyıram və buna görə də taktiki məşqlərə üstünlük verirəm.

Bu mötəbər turnirdə ən yüksək nəticəni qazanmağa çalışacam, inşallah, Oyunlarda üçrəngli bayrağımızı dalğalandırarıq”.

Qeyd edək ki, bütün idmansevərlərin gün saydığı Avropa Oyunlarına taekvondo idmanı da daxildir. Elə Azərbaycanı medalla təmin ediləcəyi gözlənilən idman növlərindən biri də taekvondodur. Taekvondoçulara da ümid böyükdür.

I Avropa Oyunları müddətində taekvondo yarışları Bakı Kristal Zalında keçiriləcək. Taekvondo idmanı 4 çəki kateqoriyasından ibarətdir. Dörd yarış günü (iyunun 16-20) ərzində ümumilikdə 128 kişi və qadın idmançı mübarizə aparacaq. Ev sahibliyi edən ölkəyə yarışda iştirak üçün bir yer verilir. Bundan başqa, təsnifat yarışlarında uğur qazana bilməyən ölkələrdən birinə də universallıq prinsiplərinə əsasən Oyunlarda iştirak etmək üçün bir yer ayrılır. İlk Avropa Oyunlarında taekvondoçular 8 dəst medal üçün mübarizə aparacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm