“Avropa üçün idman bayramı olacaq”
Bizi izləyin

Bakı 2015

“Avropa üçün idman bayramı olacaq”

Kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Mirnazim Cavadov Avropa Oyunlarını böyük bir idman bayramı kimi qiymətəndirib.

O, Publika.az-a açıqlamasında oyunların idmanımıza təsirindən də danışıb:

“I Avropa Oyunlarının idmanımızın inkişafına müsbət təsiri var. Həmçinin bu mötəbər turnir bütün idmançılara əlavə stimul verir. Bir sözlə, Avropa Oyunlarının Bakıda keçirilməsi tək Azərbaycan üçün yox, bütün Avropa üçün tarixi hadisə, idman bayramıdır. Oyunlarda iştirak edəcək bütün idmançılarımıza uğurlar arzu edirəm”.

Qeyd edək ki, Bakı 2015 Avropa Oyunlarında kayak və kanoe qayıqlarında avarçəkmə üzrə yarışlar Mingəçevirdə keçiriləcək. Yarışlar iyunun 14-16-da baş tutacaq və 350 idmançı medal uğrunda mübarizə aparacaq. Ümumilikdə 12 kayak (kişilər və qadınlar arasında) və 3 kanoe (yalnız kişilər arasında) qayıqlarında avarçəkmə yarışı baş tutacaq.

Olimpiya yarışlarında kayak və kanoe qayıqlarında avarçəkmə yarışları kişilər arasında 200 və 1000 metr, qadınlar arasında isə 200 və 500 metr məsafələrə keçirilir. Mingəçevirdə yerləşən bu yarış sahəsinin uzunluğu 1000 metrdir, dərinliyi isə 10 metrdən çoxdur. Beynəlxalq Avarçəkmə Federasiyasının kayak və kanoe qayıqlarında avarçəkmə ilə əlaqədar yarış qaydalarına əsasən, bu idman növü üzrə müsabiqələr 9 yarış zolağından ibarət 200, 500, 1000 və 5 min metr məsafələrə keçirilir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm