Bakı 2015: Karateçimizdən daha bir qızıl medal - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Karateçimizdən daha bir qızıl medal - VİDEO (YENİLƏNİB)

Azərbaycan karateçiləri birinci Avropa Oyunlarında beşinci qızıl medalı qazanıblar.

Kişilər arasında kumite yarışlarında 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Ayxan Mamayev finalda yunanıstanlı atlet Georgius Mikail Tzanosu 2:1 hesabı ilə məğlub edərək birinci yeri tutub.

Yarışda bürünc medalı türkiyəli atlet Uğur Aktaş qazanıb.

18:12

Azərbaycan karateçiləri birinci Avropa Oyunlarında üçüncü qızıl medalı qazanıblar.

Qadınlar arasında kumite yarışlarında 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı İrina Zaretska finalda avstriyalı atlet Alisiya Tereza Buçingeri 8:1 hesabı ilə məğlub edərək birinci yeri tutub.

Yarışda üçüncü yerə isə Monteneqro atleti Marina Rakoviç çıxıb. O, isveçrəli Elena Quiricini medaldan məhrum edib.

16:35

Kişilər arasında Kumite üzrə 84 kq çəki dərəcəsində Kosova təmsilçisi Alvin Karaqi ilə Azərbaycan təmsilçisi Ayxan Mamayev üz-üzə gəlib. Görüşün qalibi açıq üstünlüklə Azərbaycan idmançısı olub. 6:1 hesabı ilə qələbə qazanan Mamayev finala vəsiqə qazanıb.

16:20

Karateçimiz İ.Zaretska yarımfinal mərhələsində monteneqrolu M.Rakoviçlə qarşılaşıb. Təmsilçimiz rəqibinə 1:0 hesablı qalib gələrək növbəti mərhələyə yüksəlib.

Finalda o, qrup mərhələsində qarşılaşdığı avstriyalı A.T.Bukingerlə üz-üzə gələcək.

15:53

55 kq çəkidə mübarizə aparan qadınların kumite yarışının yarımfinal mərhələsinə start verilib.

Həmyerlimiz İlahə Qasımova fransız, son Avropa çempionu Emili Thouy ilə qarşılaşıb. Döyüş fransız idmançının böyük hesablı qalibiyyəti ilə başa çatıb: 1:6

Xatırladaq ki, Emili Thouy finalda ispan təmsilçi Kristina Qarsia Ferrer və xorvatiyalı xanım idmançı Yelena Kovaçeviç görüşünün qalibiylə qarşılaşacaq.

13:45

Kumite 84 kq çəki dərəcəsində Ayxan Mamayevlə Fransa təmsilçisi Kenji Qrillonun görüşü keçirilib. Gərgin keçən döyüş 6:1 hesabı ilə başa çatıb. Qələbə qazanan Mamayev yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayev də tamaşaçılar arasındadır. O, Ayxan Mamayevə dəstək verib.

Kumite üzrə 84 kq çəkidə yarımfinal uğrunda mübarizə baş tutub. Bu oyunda Azərbaycan idmançısı Şahin Atamovla Yunanıstan təmsilçisi S. Marqaritopolos üz-üzə gəlib. Yunan idmançı qalib gələrək yarımfinala vəsiqə qazanıb.

13:15

Kişilər arasında kumite üzrə 84 kq çəkidə mübarizə aparan təmsilçimiz Ayxan Mamayevlə Yunanıstan təmsilçi M.G.Tzanosun görüşündə qalib müəyyənləşməyib. Mamayev rəqibi Tzanosla döyüşdə bərabərliyə razı olub.

Kumite üzrə 84 kq çəkidə Azərbaycan təmsilçisi Şahin Atamovla Türkiyə təmsilçisi Enes Erkanın yarışı baş tutub. Yarış Türkiyə idmançısı Enes Erkanın 10:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Ayxan Mamayevlə ukraynalı idmançı Yaroslav Horunanın döyüşü baş tutub. İdmançımız zədələnsə də, oyunu sona qədər davam etdirə bilib. Kişilər arasında kumite üzrə 84 kq çəkidə 6:3 hesabı ilə ölkəmizi təmsil edən Ayxan Mamayev qalib olub.

13:01

Qadın karateçimiz İrina Zaretska yarımfinalda monteneqrolu Marina Rakoviçlə qarşılaşacaq.

12:17

Təmsilçimiz İrina Zaretska yunanıstanlı idmançı Vasiliki Panetsidounu məğlub etdi 1:0. Zaretska yarımfinaldadır.

12:09

Karate üzrə 68 kq çəkidə Azərbaycan təmsilçisi Aytən Səmədli ilə Xorvatiya təmsilçisi Masa Martinoviç tatami üzərində güclərini sınayıb. İdmançımız xorvatiyalı rəqibinə məğlub olub.

Kumite üzrə A qrupunda 68 kq çəkidə Azərbaycan təmsilçisi İrina Zaretska ilə Avstiya təmsilçisi Teresa Buçinqer yarışıb. 1-ci tatamidə yarışan idmançılar arasında qalib avstriyalı xanım karateçi olub.

Qadınlar arasında Kumite üzrə 68 kq çəki dərəcəsində təmsilçimiz Aytən Səmədli ilə fransız idmançı Nadeqe İbrahim döyüşüb. Aytən 2-ci görüşündə də məğlub olub. Fransalı idmançı 5:0 hesabıyla qalib gəlib.

11:38

Adilə Qurbanova da yarışla erkən vidalaşıb. Dünya kubokunun ikiqat qalibi almaniyalı Jasmin Bleul, türkiyəli Dilarə Bozan və xorvatiyalı Vlatka Kiuki qarşısında aciz qalıb.

Digər Azərbaycan təmsilçisi İrina Zaretska ilə ispan təmsilçi Kristina Vizkaino döyüşüb. İdmançımız İrina Zaretska ispaniyalı rəqibinə qalib gələrək növbəti mərhələyə yüksəlib - 6:1.

11:28

B qrupunda mübarizə aparan həmyerlimiz Tural Balcanlı ilk görüşündə türkiyəli Yakan Mehmetə uduzduqdan sonra fransalı Dak Minlə qarşılaşıb. Təmsilçimiz bu dəfə də tatamini məğlub tərk edib ( 0:5). T. Balcanlı qrupda son olaraq Quta Adrian (Rumıniya) ilə görüşdən 5: 0 hesabı ilə qalib ayrılıb. Amma bu qələbə mərhələ adlamağa yetməyib.

10:08

İlk Avropa Oyunlarında karateçilərin mübarizəsinə bu gün yekun vurulacaq.

Publika.az xəbər verir ki, yarışın sonuncu günü daha 6 dəst medal sahibini tapacaq.

İlk gündə Azərbaycan millisinin aktivinə 2 qızıl və 2 bürünc medal yazdıran karateçilərimiz bu gün medal sayını artıra bilərlər. Bakı Kristal Zalında keçirilən Oyunlarda təmsilçilərimizin 2-si kata, 4-ü isə kumite yarışında gücünü yoxlayacaq.

Kata

Kişilər

B qrupu

Bu qrupun ilk görüşündə həmyerlimiz Tural Balcanlı türkiyəli Yakan Mehmetə məğlub olub. O, 0:5 hesabı ilə uduzub. Gənc idmançımızın növbəti rəqibi fransız Dak Min olacaq. Avropa və Dünya Kubokunun mükafatçısı qrupda son olaraq Quta Adriana (Rumıniya) qarşı mübarizə aparacaq.

Qadınlar

B qrupu

Ölkəmizi təmsil edəcək Adilə Qurbanova ilk olaraq almaniyalı Jasmin Bleuldan üstün olmağa çalışacaq. Dünya kubokunun ikiqat qalibi daha sonra Dilarə Bozanla (Türkiyə) münasibətlərinə aydınlıq gətirəcək. Qurbanovanın qrupdakı son rəqibi isə Xorvatiya təmsilçisi Vlatka Kiuk olacaq.

Kumite

Kişilər

84 kq

B qrupu

Bu çəkidə mübarizə aparacaq Ayxan Mamayev qrupun açılış döyüşündə yunanıstanlı Georgios Mixail Tzanosla üz-üzə gələcək. Gənclər arasında dünya çempionatının qalibi olmuş Mamayevin növbəti rəqibi Yaroslav Haruna (Ukrayna) olacaq. 23 yaşlı karateçimiz qrup mərhələsindəki mübarizəyə Avropa və dünya çempionu Kenyi Qrillona (Fransa) qarşı görüşlə yekun vuracaq.

+84 kq

B qrupu

Azərbaycan karateçisi Şahin Atamov qrupda ilk sınağını dünya çempionu Ərkan Enesə qarşı verəcək. Dünya və Avropa çempionatının gümüş mükafatını qazanmış Atamov daha sonra elə də zəngin karyerası olmayan Martin Nestorovskini (Makedoniya) məğlub etməyə çalışacaq. Həmyerlimiz qrupdakı son görüşünü təcrübəli Spiridon Marqaritopulosa qarşı keçirəcək.

Qadınlar

68 kq

A qrupu

Azərbaycan yığmasının milliləşdirilmiş karateçisi İrina Zaretska yarışa olduqca ciddi rəqibə qarşı mübarizə ilə başlayacaq. 19 yaşlı idmançımız özündən 9 yaş böyük olan dünya çempionu Kristina Vizkaino (İspaniya) önünə çıxacaq. Ardından avstriyalı Teresa Alisa Bukingerlə üz-üzə gələcək Zaretska növbəti mərhələyə vəsiqə uğrunda sonra görüşünü yunanıstanlı Vasiliki Panetsiduya qarşı keçirəcək.

+68 kq

A qrupu

Bu çəkidə mübarizə aparacaq Aytən Səmədli ilk oyununda Masa Martinoviçə (Xorvatiya) qalib gəlməyə çalışacaq. Həmyerlimizin növbəti rəqibi fransalı Nadege İbrahim Ait olacaq. Səmədli son görüşünü isə Hana Antunoviçə (İsveç) qarşı keçirəcək.

Qeyd edək ki, karate yarışlarına saat 10:00-da start veriləcək. Yarımfinallar və final görüşləri isə saat 17:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm