Gümüş medalçımız: “İkiqat dünya çempionundan qisasımı alacam”
Bizi izləyin

Bakı 2015

Gümüş medalçımız: “İkiqat dünya çempionundan qisasımı alacam”

Avropa Oyunlarında gümüş medal qazanan idmançılardan biri də xanım samboçu Nəzakət Xəlilovadır. O, qadınların yarışında 52 kq çəki dərəcəsində mübarizə apararaq finala qədər məğlubiyyətsiz irəlilədi. Amma həlledici qarşılaşmada Rusiya təmsilçisi Anna Xaritonovaya uduzan idmançımız gümüş medalla kifayətlənməli oldu.

O bu dəfə gümüş medalla bağlı sevincini və finaldakı məğlubiyyətini Publika.az-la bölüşüb. Nəzakət Xəlilova finaldakı rəqibdən qisasını almağa çalışacağını da vurğulayıb.

- Finalda Rusiya təmsilçisi Anna Xaritonovaya məğlub olmaqla gümüş medal qazandınız. Rəqibiniz sizdən çox güclü idi, ya başqa səbəb vardı?

- Düşünürəm ki, bu cür turnirdən gümüş medal qazanmaq özü də yaxşı nəticədir. Düzdür, mənim də hədəfim qızıl medal qazanmaq idi. Doğma divarlar arasında baş tutan I Avropa Oyunlarında çempion olmaq arzusundaydım. Azarkeşləri daha da sevindirmək istəyirdim. Ancaq alınmadı. Əvvəl də demişdim, yenə deyirəm, bu nəticəyə də şükür edirəm.

- Yarışa çıxanda həyəcan var idi? Bəlkə, bunun təsiri oldu? Çünki ilk görüşünüzdən sonra hamıda nəsə əminlik yaranmışdı ki, siz qızıl medal qazanacaqsız...

- Yarış öncəsi təbii ki, hər bir idmançıda həyəcan olur. Amma məğlubiyyətimə bu həyəcan təsir edə bilməzdi. Rəqibim çox güclü idi.

- Onunla əvvəllər hansısa yarışda qarşılaşmısız?

- Xeyr, ilk dəfə idi qarşılaşırdım. İkiqat dünya çempionudur. Amma finaldakı rusiyalı rəqibimin döyüşlərini izləmişdim. Deyə bilərəm ki, o, daha təcrübəli idi və buna görə də qələbə qazandı. Qarşıdakı yarışlarda revanş almağa çalışacam.

- Əvvəllər cüdo ilə məşğul olmusuz. Sonra samboya keçdiz. Səbəb nə oldu?

- Düzdür, əvvəllər cüdo idman növü ilə məşğul olmuşam. Yaxşı nəticələrim də olub. Sadəcə müəllim samboya keçməyimi məsləhət gördü və keçdim.

- Bir az da azarkeş dəstəyindən danışaq. Onların təsiri və motivasiyasından...

- Təbii ki, azarkeşlərin dəstəyinin medal qazanmağımızda əhəmiyyəti böyük olub. Onlar sayəsində həyəcanımızı “basdıra” bilirdik. Azarkeşlər bizə bir növ ilham verirdi, qələbə üçün kökləyirdi. Qızıl qazana bilməsəm də, medalsız qalmadım.

- Qarşıda əsas hansı yarışınız var?

- İslam Həmrəylik Oyunları var. Ora hazırlaşacam. Bu beynəlxalq turnirdə daha yaxşı nəticə qazanmağa çalışacam.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm