Bakıda "Öyrənməyi öyrənək" mövzusunda İkinci Beynəlxalq Təlim Konfransı keçirilir - - FOTOLAR
Bizi izləyin

Elm və təhsil

Bakıda "Öyrənməyi öyrənək" mövzusunda İkinci Beynəlxalq Təlim Konfransı keçirilir - - FOTOLAR

Bakıda Azərbaycan Müəllim İnkişaf Mərkəzi və Avropa Azərbaycan Cəmiyyətinin təşkilatılığı ilə ikinci Beynəlxalq Təlim Konfransı keçirilir.

Publika.az xəbər verir ki, Avropa Azərbaycan Məktəbində keçirilən tədbirin builki mövzusu “Öyrənməyi Öyrənmək” adlanır.

Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Mikayıl Cabbarovun konfrans iştirakçılarına müraciətini çatdırıb.

Nazir məktubunda bildirib ki, Təhsil Strategiyasında təhsilin məzmunu və mənimsənilməsinə xidmət edən məqamlara xüsusi diqqət ayrılıb:

“Təhsilin keyfiyyətinin yüksəldilməsində təhsil verənin bilik bacarıqlarının rolu mühümdür. Təhsilin inkişafına nail olan ölkələrin təcrübəsi göstərir ki, müasir düşüncəli, tədrislə bağlı innovativ ideyaları tətbiq edən müəllimlər tədrisin inkişafına mühüm təsir göstərən amillərdəndir. Hər il təhsil prosesini 5 faiz innovativ müəllimlə təmin etmək təhsildə mühüm irəliləyişlər əldə etməyə imkan verir”.

Azərbaycan Dövlət Pedoqoji Universitetin rektoru Cəfər Cəfərov çıxışı zamanı bu gün Azərbaycanda təhsil prosesinin yenilənməsinə ehtiyac olduğunu deyib. Rektor bunun üçün prosesin məhz müəllimlərin yetişdiyi ali məktəblərdən başlanmasının vacib şərt olduğunu vurğulayıb:

“Bu ildən bizim ali məktəbə 500-dən çox bal toplayıb qəbul olan tələbələrin sayı 281 olub. 2-3 il əvvəl bu 6 idi. Hesab edirəm ki, bu artım ölkədə müəllim peşəsinə göstərilən qayğı və diqqətin nəticəsidir. Lakin yüksək nəticə ilə ali məktəbə qəbul olan tələbələrin yüksək səviyyədə yetişməsi də vacibdir. Bu il biz ali məktəbdə bu yeniliyi etdik. Ali məktəbə müəllimlər müsabiqə yolu ilə qəbul edildi. Bu il qəbul olan müəllimlərin 10 faizi kənardan gələnlər idi”.

Rektor bildirib ki, ali məktəblər müəllimlərin öyrənməsi üçün özləri şəxsən addımlar atmalıdırlar.

“Bu vaxta qədər keçdiyimiz tədris üsulu bu gün dünyada qəbul edilmir. Tələbəyə biliklərini cəmiyyət, bəşəriyyət üçün necə istifadə edilməsini öyrətmək lazımdır”.

Qeyd edək ki, təlimin keyfiyyətinin yüksəldilməsi platforması çərçivəsində keçirilən konfransın məqsədi iştirakçıların bilmək və öyrənmək arasındakı fərq və əsl öyrənməyin mahiyyətinə dair biliklərini inkişaf etdirməkdir. Bundan əlavə, konfransda düşünmə prosesinin necə baş verməsi, müəllimlərin məntiqli düşünmək bacarığını necə təşviq etmələri və şagirdlərin təlim nəticələrinin inkişafında beynin məlumatı necə emal etməsinin rolu təhlil edilib.

Konfransda üç tanınmış beynəlxalq məruzəçi – Kanadadan Leyn Klark, Böyük Britaniyadan Mətt Bromli və Tristan Stobi iştirak edib.Tədbirdə əsas məruzəçilərlə yanaşı, təcrübəli xarici və yerli təhsil müəssisələri də bölmə seminarlarında müxtəlif mövzularda təqdimatlar keçirəcək.

Konfrans Beynəlxalq səviyyəli qabaqcıl təhsil müəssisələrinin peşəkar təlim və inkişafına dair fikir mübadiləsindən əlavə, Azərbaycanın müxtəlif məktəblərində çalışan müəllimlərin bir araya gəlməsi, ünsiyyət qurması və təcrübə mübadiləsi üçün də imkan yaradır.

İki gün davam edəcək konfransdan sonra noyabrın 18-də “Master Klass”seminarları keçiriləcək.

Gülxar

Fotolar Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm