Avropa İttifaqı Rusiya ilə qaz danışıqlarını dayandırdı
Bizi izləyin

Dünya

Avropa İttifaqı Rusiya ilə qaz danışıqlarını dayandırdı

Avropa İttifaqı Rusiya ilə qaz danışıqlarını dayandırdı

Avropa İttifaqı Ukrayna ilə bağlı tutduğu mövqeyə görə, Rusiyanı iqtisadi sanksiyalarla cəzalandırmaq niyyətindədir. Bu sanksiyalardan biri də Rusiya qazından imtina etməklə alternativ mənbələrin axtarışı ola bilər.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin məlumatında bildirilir ki, Rusiyanın “Qazprom” şirkəti Avropanın təbii qaza olan tələbatın təxminən 30 faizini ödəyir.

Publika.Az – ın “Nezavizimaya gazeta”ya istinadən verdiyi məlumata görə, agentliyin analitikləri Ukrayna böhranının şirkətə, daha doğrusu Rusiyaya təsirsiz ötüşməyəcəyini bildirirlər.

“Əgər Avropa İttifaqı ölkələri Rusiya ilə energetika və iqtisadi razılaşmaları yenidən gözdən keçirərsə, “Qazprom”un Avropa qaz bazarındakı payı ixtisara düşə bilər. Avropa ABŞ-dan maye qazın idxal potensialını nəzərə alaraq “Qazprom”un payının azaldılması üçün siyasi iradə nümayiş etdirə bilər”, - “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin məruzəsində deyilir.

Bu halda isə Ukrayna böhranından Qərbin neft-qaz şirkətləri yalnız uda bilər. Belə ki, “Fitch Ratings”in məlumatına görə, Britaniya şirkətləri mayeləşdirilmiş təbii qazın ixracı üzrə ABŞ-ın altı layihəsindən üçündə iştirak edir. Bu qazın ilk çatdırılması isə 2017-2019-cu illərdə planlaşdırılır. İngiltərə və Hollandiyanın birgə şirkəti olan “Royal Dutch Shell” kompaniyası da maye qaz istehsalı edəcək üzən zavod texnologiyasına malikdir və bu şirkətə rəqabət üstünlüyü verə bilər. Fransanın “Total” şirkəti isə Böyük Britaniyada şist qazının hasilatı işlərini davam etdirir.

Eyni zamanda Avropa İttifaqı çoxdan bildirir ki, alternativ təbii qazın mənbələrinin axtarışında maraqlıdır. Bunun nəticəsidir ki, Avropa Komissiyası Rusiyanın Ukraynadan yan keçən “Cənub axını” qaz kəməri layihəsi ilə bağlı iddialarla çıxış edir. Rusiya hazırda “Cənub axını” layihəsini həyata keçirir. Kəmər Ukraynadan yan keçərək Qara dənizin dibi ilə İtaliyaya getməlidir. Amma bu məsələ Brüssel və Moskva arasında qarşıdurmaya səbəb olub. Avropa İttifaqının qəbul etdiyi “Üçüncü enerji paketi“ münaqişəsinin səbəbi olub. “Üçüncü enerji paketi” istehsalçı enerji şirkətinə birjada qaz alqı-satqısı ilə məşqul olmağı qadağan edir. Bu isə o deməkdir ki, “Qazprom” ixrac boru kəmərlərinə nəzarət edə bilməz. Avropa İttifaqı hesab edir ki, Rusiyanın Avropanın bəzi ölkələri ilə razılaşmaları Avropa qanunvericiliyinə ziddir.

Xatırladaq ki, "Cənub axını" qaz kəməri layihəsi Rusiyanın Avropaya qaz çatdırılması marşrutlarını diversifikasiya etməlidir. Rusiyanın Ukraynadan yan keçən “Şimal axını” marşrutu artıq istismara verilib. “Cənub axını” 63 milyard kubmetr qazı Avropaya çatdırmağa imkan verəcək. Bu isə Avropanın qaz tələbatının təxminən 15 faizini təşkil edir. Rusiya kəmərin inşası üçün Bolqarıstan, Serbiya, Macarıstan, Yunanıstan, Sloveniya, Xorvatiya və Avstriya ilə ikitərəfli razılaşmalar imzalayıb. Dəyəri təxminən 15 milyard olduğu deyilən “Cənub axını"nın 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Ukrayna böhranının kəskinləşməsi ilə Avropa Komissiyası Rusiyaya təzyiq vasitəsi kimi “Cənub axını” layihəsindən istifadə etməyə qərar verib. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger qaz kəməri üzrə danışıqların dayandırıldığını bildirib. “Mən danışıqları davam etməyəcəyəm, danışıqlar təxirə salınacaq”, – avrokomissar “Die Welt” qəzetinə müsahibəsində söyləyib.

“RusEnergy” konsaltinq şirkətinin partnyoru Mixail Krutix əmindir ki, “Cənub axını" lap əvvəldən lazımsız ticarət layihəsi idi. Layihənin siyasi motivlərlə bağlı olduğunu deyən M.Krutixin fikrincə, deyilənlərin əklsinə olaraq “Cənub axını” layihəsinin ümumi qiyməti kompressor stansiyalarının müasirləşdirilməsi və Rusiya daxilində qaz kəmərlərinin tikintisi də daxil olmaqla 70 milyard dollar təşkil edəcək.

Milli Energetikası İnstitutunun direktoru Sergey Pravosudov isə hesab edir ki, Avropa Rusiya qazının istehlakını azaltmağa müvəffəq olmayacaq. “Təcrübə göstərdi ki, mayeləşdirilmiş təbii qaza ümid çox azdır. Şimali Afrikaya ümid etmək olmur. Liviya demək olar ki, bir qaz ölkəsi mövcudluğunu dayandırıb. Əlcəzair Asiya bazarına ixracı artırır”, - S.Pravosudov deyib.

Ekspertin fikrincə, Ukraynada vəziyyəti nəzərə alaraq alternativ qaz kəmərləri məsələsində tələsmək lazımdır.

Ömər Daglı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm