• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

ABŞ Krım işğalını tanıyacaq: Dörd səbəb

  • Dünya
  • 2 Aprel 2014 12:26
  • 565 Baxış
ABŞ Krım işğalını tanıyacaq: Dörd səbəb

Xəbər verildiyi kimi, Ukraynadakı vəziyyətlə bağlı ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Parisdə keçirilən görüş nəticəsiz qalıb.

Publika.Az – ın BBC-nin Rusiya xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə C.Kerri görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

ABŞ dövlət katibi Parisdə keçirilən görüşdən sonra bildirib ki, Rusiya ilə Vaşinqton Ukrayna böhranının siyasi yolla həll olunması istiqamətində müzakirələrin vacibliyini qeyd ediblər. O, eyni zamanda Birləşmiş Ştatların Rusiya tərəfindən Krımın ilhaqını “qeyri-qanuni və qeyri-legitim” qiymətləndirdiyini bildirib. Kerri bir daha qeyd edib ki, ABŞ Rusiya qoşunlarının Ukrayna sərhədindən çəkilməsini istəyir. Amerikalı həmkarı ilə görüşün ərəfəsində “Rusiya 1” telekanalına müsahibə verən S.Lavrov bildirib ki, Rusiyanın Ukraynanın ərazisinə qoşun göndərmək niyyəti yoxdur.

Rusiyanın Ukrayna böhranın həlli üçün əsas şərti Ukraynanı federativ və neytral dövlət elan edən konstitusiyasının qəbul edilməsidir.

Amerika tərəfi də bildirib ki, Rusiya aşağıdakı məsələlərin müzakirəyə çıxarılmasını təklif edir: Milli azlıqların hüquqları, konstitusiya islahatının keçirilməsi, qeyri-müntəzəm qoşunların silahsızlaşdırılması, ölkənin federasiya halına salınması. Rəsmi Vaşinqton isə bütün bu məsələlərin Kiyevin iştirakı olmadan müzakirə olunmasını mümkünsüz hesab edir. Kiyev isə “federalizm” ideyasını rədd edib. Bu məsələdə Vaşinqton da Kiyevin yanındadır. ABŞ narahatlığı isə onunla bağlıdır ki, federallaşma Ukraynanın şərq və cənub hissələrinin böyük qonşudan asılılığına gətirib çıxaracaq. Moskva və Vaşinqton rusdilli əhalinin hüquqlarının müdafiəsinə xidmət edəcək konstitusiya dəyişiklikləri barəsində həmfikirdir.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru Yevgeni Bajanovun “Nezavisimaya gazeta”ya açıqlamasında bildirib ki, söhbət Ukraynanın bir hissəsi üzərində Rusiyanın nəzarətindən getmir. O, sadəcə olaraq Ukraynanın regionlarının xarici dünyaya münasibətinə görə fərqləndiyini söyləyib.

Ukrayna ilə sərhəddə yerləşən Rusiya qoşunlarının geri çağrılması barədə ABŞ dövlət katibi C.Kerrinin səsləndirdiyi tələbə gəlincə, Y.Bajanov bunu ölkəsinin daxili işi adlandırıb. “Qoşunlarının ölkənin hansı hissəsində yerləşdirməsi Rusiya Federasiyasının daxili işidir. Biz amerikalılardan Kaliforniya və ya Texasdakı bazanı bağlamağa tələb etmirik. Bu cəfəngiyatdır”, - Diplomatik Akademiyasının rektoru tələbin yersiz olduğunu dilə gətirib.

Krıma gəlincə, C.Kerri Rusiya yarımadadakı hərəkətlərini yenidən “qeyri-qanuni” adlandırıb. Ancaq bir çoxları hesab edir ki, bu məsələ artıq müzakirə mövzusu deyil və ABŞ yarımadanın Ukraynaya qaytarılmasına olan ümidini itirib. Böyük Britaniyanın “Guardian” qəzetinin yazdığı kimi bir çox analitiklər hesab edir ki, ABŞ və onun Qərb müttəfiqləri Kiyevi Krımın işğalını tanımağa məcbur edəcək. ABŞ Senatının kəşfiyyat üzrə komitənin sədri Dayenn Faynstayn bildirir ki, Rusiyanı Krımı qaytarmağa inandırmaq mümkün deyil və bu məsələnin müzakirəsini dayandırmaq bağlamaq lazımdır. Rusiyalı ekspertlər də əmindir ki, Qərb Krımın taleyi ilə barışmağa məşbur olacaqlar.

Y.Bajanovun bu məsələdə proqnozu belədir:

“Böhran tədricən zəifləməyə doğru gedəcək. Birincisi, Rusiya terrorizm, mütəşəkkil cinayətkarlıq və narkoticarət kimi qlobal problemlərin həlli, həmçinin Əfqanıstan, Yaxın Şərq, Şimali Afrika və Asiya-Sakit okean regionunda Çinlə rəqabət üçün ABŞ-a lazımdır. İkincisi, bizim enerjidaşıyıcısılarımız Avropaya və Ukraynaya lazımdır. Üçüncüsü, Rusiya ilə əməkdaşlıq etmək istəyən Çin, Hindistan və Braziliya kimi onarla ölkə var və təcrid siyasəti alınmayacaq. Dördüncüsü, amerikalılar anlayacaqlar ki, Rusiya təcavüzkara çevrilməyə və əlavə torpaqlar ələ keçirməyə hazırlaşmır. Ona görə də düşünmək lazım deyil ki, biz “soyuq müharibə”yə qayıdırıq”.

C.Kerri və S.Lavrov arasında Dnestryanı problem də müzakirə olunub. Moskava Moldova və Ukraynanın faktiki olaraq Dnestryanı blokadaya aldığını iddia edirik. S.Lavrov təxminən 10-12 gün sonra münaqişənin həlli ilə bağlı “5+2” formatında (Rusiya və Ukrayna zamin ölkələr, ATƏT vasitəçi, Kişnyov və Tiraspol münaqişə tərəfləri, ABŞ və Avropa Birliyi müşahidəçi rolunda çıxış edir) növbəti konsultasiyalar olacaq.

Rusiyalı ekspert Aleksandr Qusin hazırda Kiyev hakimiyyəti Rusiyaya təzyiq aləti olaraq Dnestryanə ərazinin blokadasını möhkəmləndirdiyini iddia edir. Amma ekspert Dnestryanı ərazinin Rusiya tərəfindən müstəqil dövlət olaraq tanınacağını istisna edir. O, Ukraynada NATO bazalarının yerləşdiriləcəyi halda bunun mümkün olduğunu qeyd edir. “Moldova daha radikal yol ilə gedərək Avropa İttifaqı ilə sazişi imzalayarsa, NATO ilə hərbi əməkdaşlığa razılaşarsa və ya Rumıniya ilə inteqrasiya yolunu seçərsə Dnestryanə ərazinin tanınması gündəmə gələ bilər”, - ekspert bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR