• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qərb rəhmə gəlib və yaxud Əsəd “pisin yaxşısı” ola bilərmi?

  • Dünya
  • 21 Aprel 2014 12:04
  • 670 Baxış
Qərb rəhmə gəlib və yaxud Əsəd “pisin yaxşısı” ola bilərmi?

Suriyada prezident seçkisi kampaniyası start götürüb. Bu gündən prezidentliyə namizədlərin qeydiyyatı başlayıb. Ölkə tarixində ilk dəfə olaraq, bir neçə şəxs prezident seçkilərində iştirak etmək üçün öz namizədliklərini irəli sürə bilər.

Qapılar mühacirətdəki müxalifətə bağlıdır

Əsas düşündürücü məsələ hazırkı dövlət başçısı Bəşər Əsədin gələcək siyasi taleyidir. Əsəd yenəmi prezident olacaq?

Qeyd edək ki, Əsəd ailəsi 44 ildir hakimiyyətdədir. İyul ayında keçiriləcək prezident seçkilərində də onun 3-cü dəfə namizədliyini irəli sürəcəyi gözlənilir. Rejimin verdiyi mesajlar da bu istiqamətdədir. B.Əsəd bir müddət əvvəl rusiyalı deputatlarla görüşdə “Əgər təslim olmaq istəsəydik, lap əvvəldən təslim olardıq. Biz vətənin keşiyindəyik. Bu məsələ diskussiya mövzusu deyil. Kimin seçkidə iştirak etməli olduğunu yalnız Suriya xalqı təyin edə bilər”, - söyləyib. Suriya prezidentinin himayədarları isə paytaxt Dəməşqdə qarşıdakı prezident seçkilərinə B.Əsədin namizədliyinə dəstək üçün kampaniyaya başlayıblar.

Bəşər Əsədin fikrincə, prezident seçkilərində müxalifət nümayəndələri də iştirak etməlidirlər: “Onlar bəyan edirlər ki, Suriya ərazisinin 70 faizini azad ediblər. O zaman niyə seçkidə iştirak etməsinlər və bu 70 faizin dəstəyinə arxayın olmasınlar”.

Ölkədə seçkilər 17 iyuldan gec olmayaraq keçirilməlidir. Məhz bu tarixdə Bəşər Əsədin ikinci prezidentlik müddəti bitir. Suriya hakimiyyətinin yaydığı bəyanatda bildirilir ki, seçkilər bu ilin iyun və ya iyul ayının əvvəlində keçiriləcək. Seçkilərin dəqiq tarixi namizədlərin qeydiyyatı prosesi başa çatdıqdan sonra Suriya parlamenti tərəfindən elan ediləcək.
Suriya hökuməti seçkilərin ləğvini və ya vaxtının dəyişdirilməsinin mümkünlüyünü istisna edib.


"Biz daxili və xarici siyasət sahəsində təhlükəsizliyin bəhanə gətirilərək prezident seçkilərinin vaxtının dəyişdirilməsi və ya onun ləğv edilməsinə imkan verməyəcəyik" - deyə, Suriyanın informasiya naziri Umraz Əz-Zoubi bildirib.

Suriya parlamentinin yanvar ayında qəbul etdiyi yeni seçki qanunu da hazırkı dövlət başçısına üstünlük verir. Qanunun B.Əsədin qarşısında namizəd ola biləcək bir çox insanın namizədliyinə mane olduğu deyilir. Qanunun 30-cu maddəsinə görə, prezidentliyə namizədliyini irəli sürəcək şəxslər 10 il davamlı olaraq Suriyada yaşamalıdır. Həmçinin adı “üz qızardıcı” cinayətlərdə hallanmamalıdır. Buna görə, illərdir mühacirətdə yaşayan siyasi liderlər seçkiyə qatıla bilməyəcək. Bundan başqa isə bir sıra müxalif liderinin adı cinayətlərlə əlaqələndirilə bilər və bu onların namizəd olmasını çətinləşdirə bilər.

Yeni qanuna reaksiya göstərən BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə özəl nümayəndəsi Əl Ahdar Əl İbrahimi, Əsədə üçüncü dəfə prezident seçilməyi qaranti edəcək bir seçki olması halında müxaliflərin heç birinin sülh danışıqlarına maraq göstərməyəcəyini deyib. Suriya müxalifəti də dəfələrlə bəyan edib ki, ölkənin gələcək hakimiyyətində heç bir halda Əsədin iştirakına razı olmayacaqlar.

Qərb rəhmə gəlib?

Qərb necə, Əsədin üçüncü dövr prezidentliyə hansı reaksiya verəcək? Hazırkı proseslər isə deməyə əsas verir ki, Qərb Suriya böhranının ilk vaxtlarından fərqli olaraq Əsədə qarşı daha loyaldır və onun yenidən prezident olmasına maneə olmaya bilər.

Vətəndaş müharibəsinin başlanmasından bu yana Vaşinqtonun rəhbəri olduğu Qərb dünyası Suriya rəhbərliyi ilə bağlı mövqeyinin getdikcə sərtləşirdidi. Ötən ilin ortalarında min nəfərdən çox insanın kimyəvi silahın istifadəsi nəticəsində ölməsindən sonra çoxları ABŞ-ın Suriyanı bombalayacağı və Əsədin nəhayət Liviya lideri Müəmmər Qəzzafinin taleyini yaşayacağı saatı gözləyirdi. ABŞ dövlət katibi Con Kerri Əsədin öz xalqına qarşı kimyəvi silah işlədərək Adolf Hitler və Səddam Hüseyn kimi adların olduğu siyahıya öz adını yazdırdığını söyləmişdi.

Lakin kimyəvi silahın Əsəd rejiminin əlindən alınması və məhv edilməsi ilə bağlı Moskvanın təklifi Vaşinqton tərəfindən qəbul edildi və bombalanma təhlükəsi də aradan qalxdı. Bir neçə həftə sonra isə C.Kerrİ Dəməşqin kimyəvi silahların məhvi razılaşmasında əməkdaşlığını tərifləməklə yanaşı, Əsədin getməsinin lazım olduğunu yenidən dilə gətirmişdi. Maraqlıdır ki, eyni zamanda “Əl-Qaidə”yə yaxın radikal islamçı qruplar olan “Əl-Nüsra” Cəbhəsi və “İraq və Şam İslam Dövləti” əsas rol oynadığı zorakılıq hadisələri ilə bağlı xəbərlərin sayı artmağa başladı. Bu xəbərlərin daha çox Qərb mətbuatında yer alması da təsadüf sayıla bilməzdi.

BBC-də dərc olunan bir yazıda da B.Əsədin hakimiyyətdə qalma ehtimalı yüksək qiymətləndirilib.

Müəllifi Paul Adams olan “Əsəd “pisin yaxşısı bir variant” ola bilərmi?” başlıqlı yazıda qeyd olunur ki, Qərbin Əsədlə birlikdə olmağın ona qarşı olmaqdan daha çox şey qazandıracağı ilə bağlı düşünməyə başladığı görünür.

“Başqa variant yoxdur”

Müəllif yazır ki, bu ABŞ və ya İngiltərənin açıq söylədiyi bir fikir olmasa da verilən bəyanatlar müəyyən fikrə gəlməyə əsas verir. Bir həftə əvvəl ABŞ-ın keçmiş və nüfuzlu diplomatlarından biri olan Ryan Kroker “New York Times” qəzetinə açıqlamasında bildirib ki, Əsəd rejimi ilə yenidən danışmağa başlamağın zamanı gəlib.

Kroker “Əsəd pis olsa da, onu əvəzləyəcək cihadçılar qədər pis deyil” söyləyib. İraq və Suriyada səfir işləyən diplomat müəyyən mövzularla əlaqədar bir dialoqdan bəhs etdiyini və bunun çox səssiz şəkildə edilməsinin vacib olduğunu vurğulayıb.

Amma digər siyasi və analitiklər daha da irəli gedir. ABŞ-ın Oklahoma Universitetinin Yaxın Şərq Mərkəzinin rəhbəri Josua Landis açıq şəkildə bildirir ki, Əsədin qalmalı olduğunu söylənilməlidir. “Başqa bir çarə yoxdur”, - ekspert deyir. Landis vətəndaş müharibəsinin lap əvvəlindən Suriyada üsyançıların silahlandırılmasına qarşı çıxırdı. O, “Əl-Qaidə” ilə əlaqəsi olmayan islamçı təşkilatların yer aldığı və yeni yaradılan İslami Cəbhə ilə sınaq xarakterli təmasların da yaxşı nəticə verməyəcəyini vurğulayır. Landis “səfir Kroker öz fikirlərini ifadə edir, amma ola bilər ki, o, Xarici İşlər Nazirliyinin də nə düşündüyünü bilir”, - deyir.

ABŞ Konqresinin üzvləri də Suriyada radikal islamçı təşkilatların güclənməsindən narahatlığını dilə gətirirlər. Nümayəndələr Palatası kəşfiyyat komissiyasının başçısı Mayk Rogers də Suriyadakı hadisələrin gedişatından narahat olan rəsmilərdəndir.

Əsəd bizim adamımız” deyilməsi ABŞ üçün yeni cəhbə aça bilər

P.Adams hesab edir ki, belə bir vəziyyətdə B.Əsəddən imtina edilməyəcəyi görünür. Suriya ordusu Dəməşq-Xüms yolunda üsyançıların əlindəki son nöqtəni də bu həftə ələ keçirdiyini xəbər verdi. ABŞ-ın NATO-dakı keçmiş səfiri, dövlət katibinin müavininin keçmiş köməkçisi Kurt Volker “Əsədi problem olaraq görmək əvəzinə ortağımız halına gətirdik” deyir.

Avropa İttifaqının rəsmilərindən olan Daniel Levi isə B.Əsədi sağlamağın çox çətin olduğunu düşünür:

“ABŞ onsuz da İran mövzusunda Səudiyyə Ərəbistanı ilə qarşıdurma vəziyyətindədir. “Əsəd bizim adamımız” deyərək başqa bir cəhbə açılması çox aşağı bir ehtimaldır”.

“Suriya lideri Əsəd qısa bir müddətdə bəlkə də “Günün adamı” olmaya bilər. Ancaq cəbhədə qazandığı uğurlar, Qərbin kimyəvi silahlarından təcili olaraq xilas olma istəyi və cihadçıların ölkəyə axını Əsədlə bir müddət əməkdaşlıq ediləcəyi kimi bir görüntü yaradır”, - BBC müxbiri qeyd edir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR