• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Kreml üçün təhlükəli ssenari: Onu ən yaxın müttəfiqləri də tərk edir

  • Dünya
  • 23 Aprel 2014 13:15
  • 1 544 Baxış
Kreml üçün təhlükəli ssenari: Onu ən yaxın müttəfiqləri də tərk edir

Kreml Krım məsələsindən sonra bir çox ölkələrlə, xüsusilə yaxın qonşularla münasibətlərin soyumasından narahatdır. Hesab edilir ki, NATO Rusiyanın müttəfiqlərini neytrallaşdırmaq istəyir.

Publika.Az – verdiyi xəbərə görə, “Nezavisimaya gazeta” Ukrayna hadisələrindən sonra hərbi əməkdaşlıq sahəsində problemlərin yalnız Qərb və Rusiya arasında deyil, həm də Rusiya ilə onun ən yaxın müttəfiqləri arasında yarandğını yazıb. Rusiya hərbi rəhbərliyində isə bu məsələni Şimali Atlantik İttifaqının (NATO) təsiri ilə əlaqələndirirlər.

Rusiya Federasiyası müdafiə nazirinin müavini Anatoli Antonov bildirib ki, NATO Rusiyanı onun müttəfiqlərindən qopartmağa çalışır. “Mənəvi təzyiq var, əhalini inandırmaq istəyirlər ki, Rusiya pisdir və buna görə də Avropa demokratiyasına yönəlmək lazımdır.

Hansısa hərbi-texniki yardım, birgə təlimlərin artırılması haqqında danışıqlar aparırlar”, - A. Antonov narahatlığını dilə gətirib. Kremlin təlaşını Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko da ifadə edib. Onun sözlərinə görə, Moskva ilə əlaqələrinə demək olar ki, son qoyan NATO Rusiya sərhədlərinə yaxın ərazilərdə hərbi güc toplamağa başlayıb. “Nezavisimaya gazeta”ya görə, Rusiya rəhbərliyinin NATO-nun bu addımlarına reaksiya verməməsi doğru olmazdı. Qəzet hesab edir ki, söhbət indiki halda Rusiyanın da üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) gedir. Hərbi ittifaqın tərkibinə Rusiyadan başqa beş postsovet dövləti (Ermənistan, Belorus, Qazaxıstan, Qırğızıstan və Tacikistan) daxildir.

Bu ölkələr Rusiyanın müttəfiqi hesab edilir. Rusiya Müdafiə Nazirliyi 24 May tarixində beynəlxalq konfrans keçirməyi nəzərdə tutub. Konfransda keçmiş Sovet İttifaqının ərazisində baş verən rəngli inqilablar da daxil olmaqla son geosiyasi məsələlər müzakirə olunacaq. Moskva ehtimal edir ki, NATO ölkələrinin əksəriyyəti konfransda iştirak edəcək. “Bu onların seçimidir”, - Antonov deyib.

O, bildirib ki, 40-dan çox ölkə və beynəlxalq təşkilat konfransda öz nümayəndələrinin iştirak edəcəyini təsdiqləyib. ABŞ və Yaponiya isə konfransa qatılmaqdan imtina edib. Tokionun təşəbbüsü keçən il başlayan təhlükəli hərbi fəaliyyətin qarşısının alınması ilə bağlı razılaşmanın hazırlaması üzrə danışıqlar dayandırılıb. “Təəssüf ki, bizim partnyorlarımızın yanaşmalarında Qərb həmrəyliyi üstün oldu”, - Rusiya müdafiə nazirinin müavini Yaponiyanın bu addımını şərh edib. Rusiya KTMT-dəki müttəfiqlərdən belə tam arxayın deyil. “Nezavisimata gazeta”ya Müdafiə Nazirliyindəki mənbə bildirib ki, Rusiyanın müttəfiqləri də NATO ilə aktiv hərbi əlaqələrini davam etdirəcəklər.

Ermənistan müdafiə nazirinin müavini David Tonoyanın başçılıq etdiyi Ermənistanın nümayəndə heyəti bu günlərdə Brüsseldə NATO-nun qərargahında olub və Ermənistan ordusunun quruculuğu məsələləri müzakirə edilib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev də yaxın günlərdə Haaqaya etdiyi səfərində NATO ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə edib. “Nezavisimata gazeta” qeyd edir ki, Qazaxıstanın Rusiyadan silah alınmasını minimum endirmək istəyiməsi və NATO ölkələri ilə hərbi-texniki əməkdaşlıq barədə bir çox müqavilə imzaladığı sir deyil. Son müqavilələrdən biri isə Qazaxıstanda NATO standarları üzrə döyüş sursatlarını istehsal edən zavodun tikilməsi ilə bağlıdır.

Zavodun 2015-2016-cı illərdə tikilməsi nəzərdə tutulub. NATO ilə əməkdaşlıq edən digər bir ölkə KTMT-nin üzvü Tacikistandır. ABŞ və NATO rəhbərliyinin məlumatına görə, Tacikistan prezidenti Emomali Rahmon beynəlxalq güclərin Əfqanıstandan çıxarılmasından sonra öz ərazisində NATO hərbi obyektlərinin yerləşdirilməsinə razıdır. Tacikistan prezidentinin bir il əvvəl Bresselə səfərində bu barədə prinsipial razılıq əldə edilib. NATO baş katibi ilə görüşən İ.Rahmon bildirib ki, Düşənbə təhlükəsizliyin təmin olunmasında ittifaqın yardımına bel bağlayır.

Bu məsələlər ABŞ dövlət katibinin Mərkəzi Asiya məsələləri üzrə müavini Riçard Hoqlandın 2014-cü ilin fevralında Tacikistana səfərində də müzakirə olunub. Avropa və ABŞ hərbi təlim müəssisələrində hazırlığı keçən zabitlər Tacikistan və Mərkəzi Asiyanın digər ölkələrində NATO ideyalarının lobbiçiləri kimi çıxış edirlər. NATO-nun məlumatına görə, Mərkəzi Asiyada bu cür zabitlərin sayı 2500, Tacikistanın özündə isə 300-dən çoxdur. Rusiya Hərbi Elmlər Akademiyasının müxbir üzvü, polkovnik Eduard Rodyukov hesab edir ki, Rusiyanın NATO ölkələri ilə əlaqələri inkişaf etdirməyə cəhd edən KTMT-dəki müttəfiqlərindən küsməli deyil.

Polkovnik bu prosesə qarşı durmaq üçün Rusiyada xeyli sayda hərbi-iqtisadi təsir alətlərinin olduğunu deyir. Onun fikrincə, Rusiya prezidenti Vladimir Putinin ötən həftə canlı yayımda verdiyi bəyanat müəyyən arxayınçılıq yaradır. Rusiya dövlət başçısının sözlərinə görə, Rusiya sərhədlərinə NATO bazalarının yaxınlaşması Moskvanı cavab addımlarını atmağa məcbur edir. “Ümid edirik ki, Rusiyanın təhlükəsizliyi bizim müttəfiqlərimizlə sıx qarşılıqlı əlaqələr çərçivəsində həyata keçiriləcək”, - E.Rodyukov qeyd edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR