Ankara və Təl-Əviv niyə yaxınlaşmalıdır? – Altı səbəb
Bizi izləyin

Dünya

Ankara və Təl-Əviv niyə yaxınlaşmalıdır? – Altı səbəb

Ankara və Təl-Əviv niyə yaxınlaşmalıdır? – Altı səbəb

Davos böhranı və “Mavi Mərmərə” basqını ilə gərginləşən Türkiyə-İsrail əlaqələrinin normal mərhələyə daşınması barədə son vaxtlar siqnallar verilir.

İki ölkə arasında diplomatik və siyasi arenada gərginliyin olmasına baxmayaraq, əlaqələr hərbi və iqtisadi sahələrdə heç bir zaman tamamilə kəsilmədi. İsrailin “Mavi Mərmərə” hadisəsinə görə üzr istəməsi və hadisədə həyatını itirən Türkiyə vətəndaşlarının ailələrinə ödəniləcək təzminat məsələsində razılaşmanın təmin edilməsi normal münasibətlər üçün ümid yaradır.

Publika.az - ın verdiyi xəbərə görə, Türkiyənin Beynəlxalq Siyasət Akademiyasının saytında gedən bir yazıda İsrail və Türkiyə yaxınlaşmasında yeni meyllərə nəzər yetirilir.

“Türkiyə-İsrail yaxınlaşmasının arxa planı” başlıqlı yazının müəllifi Göktürk Tüyzüoğludur. Həmin yazını təqdim edirik.

Ankara və Təl-Əvivin İran qorxusu

Hər iki ölkənin xarici siyasət seçiminə təsir edən ən əhəmiyyətli aktyor olan ABŞ Ankara və Təl-Əvivə təzyiq göstərir. Bununla yanaşı regional tarazlığın dəyişməsi Türkiyə-İsrail əlaqələrinin xüsusiyyətinə də təsir edir. İki ölkə əlaqələrinə təsir edən ilk amil Orta Şərqin şimalında İranın artan regional fəaliyyəti fonunda Türkiyə ilə İsrailin özlərini təklənmiş kimi hiss etməsidir. İranın istər Suriyadakı vətəndaş müharibəsində Əsəd rəhbərliyinə verdiyi dəstək, istər İraq əhalisinin əksəriyyətini təşkil edən şiələr üzərində artan təsiri, istərsə də “Hizbullah” vasitəsilə Livanda xaos yaratmaq potensialına sahib olması hər iki ölkədə narahatlıqla izlənilir. İran son dövrlər “Həmas” ilə yenidən yaxınlaşaraq Fələstin məsələsində söz sahibi olmaq istədiyini Türkiyə və İsrailə nümayiş etdirir. Türkiyənin Misirdə yaşanan iqtidar dəyişikliyindən sonra təklənməsi və İrana qarşı bir müttəfiq tapa bilmək ehtiyacı İsrailə yaxınlaşmaq ehtiyacını yaradıb. Orta Şərqdə təklənməyi heç bir zaman arzulamayan İsrail də Türkiyənin bu istəyini qəbul edəcəyi görünür.

İsrail və Türkiyənin əməkdaşlığını zəruri edən ikinci əhəmiyyətli səbəb isə İranın nüvə proqramı ilə bağlı imzalanan müvəqqəti razılaşmanın uzunmüddətli olma ehtimalıdır. Bu halda İranın regional təsiri artacaq, Türkiyənin regional təsiri isə azalacaq. İranın nüvə proqramı ilə əlaqədar yekun razılaşma imzalanarsa, bu ölkə şiələr üzərindəki fəaliyyəti və enerji ehtiyatları ilə region üzərində Türkiyədən daha təsirli bir oyunçu halına gələcək. Bu isə xarici siyasətini Orta Şərqdə regional liderlik üzərində quran Türkiyəni şübhəsiz ki, ikinci plana itələyəcək. İsrail Türkiyənin bu narahatlığının fərqində olduğu üçün ABŞ-ın İran yanaşmasına təsir edə biləcək bir cəbhə yaratmaq niyyətindədir.

Türkiyə - Misir - Qətər regional ittifaqınına əvəz axtarılır

Türkiyə-İsrail əlaqələrinə təsir edən üçüncü əhəmiyyətli səbəb Ankaranın inkişafına çalışdığı Türkiyə-Misir-Qətər regional ittifaqının çökməsidir. “Müsəlman Qardaşları”nın iqtidardan devrilməsi, Qətərin Misirdəki hərbi çevrilişə mənfi yanaşmasının Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri tərəfindən sərt qarşılanması və Qəzzadakı “Həmas” təşkilatının bu proseslərdən sonra İrana yönəlməsi Türkiyəni ciddi bir regional təcrid təhlükəsi qarşısında qoyub. Bütün bunlardan sonra Türkiyə ənənəvi Orta Şərq strategiyasını yenidən işə salmağı seçərək İsrail ilə əlaqələri inkişaf etdirmək istəyir.

Kürd amili

Dördüncü əhəmiyyətli səbəb isə Türkiyə ilə İraqdakı regional kürd rəhbərliyi arasında inkişaf edən iqtisadi və enerji əlaqələrinə ABŞ-ın reaksiyasını azalda bilmək istəyidir. Türkiyə bu məsələdə kürdlərlə yaxşı əlaqələri ilə tanınan və ABŞ Konqresində önəmli təsiri olan İsrailin dəstəyini almağı, Obama rəhbərliyinin Türkiyə-Şimal İraq əlaqələri ilə bağlı reaksiyasını yumşaltmağı hədəfləyir. Şübhəsiz bu prosesin nəticəsi olaraq İsrail də Şimali İraqdakı enerji ehtiyatlarından öz payını götürəcək.

Erməni lobbisinə qarşı ittifaq

Beşinci əhəmiyyətli səbəb isə ermənilərin “soyqırım” iddialarıdır. Erməni diasporu 2015-ci ildə ABŞ və Fransa başda olmaqla bütün dünyada “soyqırım” kampaniyasını genişləndirmək istəyir. Türkiyə ABŞ Konqresi olmaqla yəhudi lobbisinin gücünün fərqindədir. Türkiyə İsrail ilə əlaqələri düzəldərək yəhudi lobbisinə yaxınlaşmaq və ermənilərin böyük miqyaslı kampaniyasına qarşı təsirli bir müttəfiq tapmağı hədəfləyir.

Beynəlxalq təzyiqləri azaltmaq

Altıncı əhəmiyyətli səbəb isə Türkiyədəki siyasi qütbləşmə ilə paralel şəkildə artan avtoritar meyllər və Avropa Birliyinə üzvlük müddətindən uzaqlaşdıqdan sonra iqtidar üzərində yaranan beynəlxalq təzyiqi azaltmaq strategiyasıdır. Türkiyə ona yönələn tənqidləri az da olsa yumşaltmaq üçün İsraillə əlaqələri inkişaf etdirmək və beləliklə, ABŞ başda olmaqla Qərb mətbuatındakı narahatlığı azaltmaq istəyir.

Göründüyü üzrə, Türkiyə-İsrail əlaqələrinin inkişafı istiqamətində göstərilən səyləri qanuniləşdirən bir çox faktor var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm