Ukrayna müxalifəti: qan tökülməsi dayandırıla bilər - YENİLƏNDİ - FOTOLAR
Bizi izləyin

Dünya

Ukrayna müxalifəti: qan tökülməsi dayandırıla bilər - YENİLƏNDİ - FOTOLAR

Ukrayna müxalifətinin liderləri Vitali Kliçko və Oleq Tyaqnibok Prezident Viktor Yanukoviçlə razılığa gəldiklərini bəyan ediblər.

Vaşinqton rəsmi Kiyevə sanksiyalar xəbərdarlığı edib

Ukrayna müxalifətinin lideri Arseniy Yatsenyuk prezident Viktor Yanukoviçlə danışıqlardan sonra bəyan edib ki, ölkədə innən belə qan tökülməsinin qarşısının alınmasına “çox böyük” imkan var.Yatsenyuk müxalifətin digər liderləri - Vitali Kliçko və Oleq Tyahnıbok-la birlikdə prezidentlə cümə axşamı bir neçə saat danışıqlarda olub. Danışıqlar gecəyarı başa çatıb.

Publika.Az xarici mediaya istinadən xəbər verir ki, bundan bir gün əvvəl, çərşənbə günü müxalifət Yanukoviçə yeni prezident seçkilərinin çağırılması üçün cümə axşamınadək vaxt vermişdi.Bu tələbin ardınca Yanukoviç parlamentin gələn həftə toplanmasına göstəriş verib.

Ədliyyə naziri Olena Lukaş prezidentin internet saytında yaydığı bəyanatda bildirib ki, müxalifət son danışıqlarda “ekstremist hərəkətləri pisləməkdən imtina edib”.

Lukash həmçinin deyib ki, böhran danışıqlarının keçirilməsi üçün etirazçılar zəbt etdikləri hökumət binalarını tərk etməlidirlər. O həmçinin qeyd edib ki, nümayişçilər üçün “amnistiya” verilməsi mümkündür.

Hökumət geri çəkilir?

Cümə axşamı Ukraynanın baş naziri Mikola Azarov deyib ki, Kiyev şəhərində nümayişlərin keçirilməsini məhdudlaşdıran və parlament tərəfindən keçən həftə qəbul edilmiş qanunlara müxalifətin iştirakı ilə yenidən baxıla bilər.

Cənab Azarov "Röyters" agentliyinə müsahibəsində bildirib ki, Avropa Şurasının və Venesiya Komissiyasının ekspertləri qanunlara dəyişikliklər prosesinə kömək edə bilərlər.Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Stefan Fuele bu cümə günü Ukrayna rəsmiləri ilə danışıqlar üçün Kiyevə gəlir.

Ötən çərşənbə qüvvəyə minmiş yeni anti-etiraz qanunları icazə verilməmiş küçə aksiyalarında iştirak üçün kəskin şəkildə artırılmış cərimələr və hətta həbsxana cəzaları nəzərdə tutur.Qanunvericilik həm də adamların çadır və tentlər qurmasına, plakat və səsucaldanlardan istifadə etməsinə qadağan qoyur.

Qərb Kiyevlə sərt danışır

Cümə axşamı Almaniya kansleri Angela Merkel Yanukoviçi yeni qanunvericiliyi ləğv etməyə çağırıb.

Xanım Merkel Ukrayna prezidenti ilə telefon söhbətində ona müxalifətlə “ciddi danışıqlar” keçirməyi tövsiyə edib.Cümə axşamı ABŞ-ın vise-prezidenti Co Bayden də Yanukoviçlə telefon söhbətində Ukraynadakı böhranı müzakirə edib. O xəbərdarlıq edib ki, Kiyevdə bundan sonra da qan tökülməsi ABŞ-Ukrayna münasibətlərinə ciddi təsir göstərə bilər.

Bundan bir qədər əvvəl Vaşinqton xəbərdarlıq etmişdi ki, etirazçılara qarşı zorakılığa cavab olaraq Ukraynaya sanksiyalar tətbiq oluna bilər. Ötən çərşənbə üç nəfərin həlak olduğu xəbər verilmişdi. Onlardan ikisi odlu silah yaralarından ölüb.Ağ Evin sözçüsü Cay Karni cümə axşamı Kiyevdə baş vermiş zorakılıqlarla bağlı narahatlıq ifadə edib.

“Bu vəziyyət Ukrayna hökumətinin Ukrayna xalqının narazılıqlarını ciddi qəbul edib onları dinləmək istəməməsi ucbatından baş verib. Biz hökuməti zorakılıqdan çəkinməyə və hökumətlə müxalifət arasında dialoqa çağırırıq” – deyib Karni.

Bu arada Qərbi Ukraynada antihökumət etirazçıları Lvov əyaləti qubernatorunun qərargahına hücum edərək onu istefa verməyə məcbur ediblər.

Qubernator Oleh Salo bu vəzifəyə Yanukoviç tərəfindən təyin edilmişdi.Ukraynada etirazlar ötən noyabrda Yanukovych Avropa İttifaqı ilə assosiasiya sazişini imzalamaqdan imtina etdikdən və Rusiya ilə daha sıx münasibətlər qurmaq planını elan etdikdən sonra başlanıb.

Bu qərarına görə Moskva Yanukovych hökumətinə 15 milyard dollarlıq yardım paketi təqdim edib.

Xatırladaq ki, Prezident Yanukoviç parlamentin təcili sessiyasını çağıraraq, böhrana son qoyulması yollarını müzakirə edib.

Ukraynada müxalifət liderləri prezident Viktor Yanukoviç yeni seçkilər tələbinə 24 saat ərzində cavab vermədiyi təqdirdə, hökumət qüvvələri ilə qarşıdurmanı davam etdirəcəklərini bildirməsindən bir neçə saat sonra ölkədə zorakılıqlar yenidən baş qaldırıb.

Ukraynanın Davosda keçirilən Beynəlxalq İqtisadiyyat Forumunda iştirak edən baş naziri Mıkola Azarov erkən seçkilər tələbini qeyri-real adlandıraraq, nümayişçiləri çevriliş cəhdində ittiham edib.

Müxalifətin ultimatumu polislə münaqişələr zamanı hökumət əleyhdarı 3 nəfərin ölümündən bir gün sonraya təsadüf edib. Onlardan ikisi polisin açdığı atəş nəticəsində aldığı yaralardan, üçüncüsü isə qaçan zaman yıxılaraq həlak olub.

Bəzi nümayişçilər deyir ki, polis nümayişlərə qarşı ifrat gücdən istifadə edib.

Müxalifət liderləri nümayişçiləri prezidentdən son tələblə bağlı cavab gözlədikləri vaxt ərzində zorakılıqlardna yayınmağa çağırıb. Vaşinqton ölkədə zorakılıqları tənqid edib və Obama administrasiyası hökumətə qarşı sanksiyaları nəzərdən keçirir.

Xatırladaq ki, keçən ilin noyabr ayında Ukrayna prezidenti Viktor Yanukoviçin mövqeyini dəyişərək, Avropa İttifaqı ilə ticarət sazişi imzalamaqdan imtina edib, Rusiya ilə daha yaxın əlaqələr qurmaq kursu götürməsindən sonra paytaxt Kiyev və ölkənin başqa şəhərlərində hökumət əleyhinə nümayişlər keçirilir.

Moskva Ukraynanın tənəzzüldə olan iqtisadiyyatını gücləndirmək üçün Rusiya qazının qiymətini azaltmağa söz verib.

03.50

Ukrayna müxalifətinin liderləri Vitali Kliçko və Oleq Tyaqnibok Prezident Viktor Yanukoviçlə razılığa gəldiklərini bəyan ediblər.

Belə ki, tərəflər güc tətbiqini dayandıracaq, Daxili İşlər Nazirliyi isə iğtişaşlar zamanı həbs edilən etirazçıları azad edəcək.

V.Kliçkonun sözlərinə görə, razılığa əsasən, V.Yanukoviç və daxili işlər naziri Vitali Zaxarçenko güc tətbiqini dayandıracaq və saxlanılan şəxslərin azad edildiyini açıq şəkildə bəyan edəcəklər, öz növbəsində, etirazçılar da güc tətbiqindən çəkinməlidirlər.

O.Tyaqnibok qeyd edib ki, "Berkut"un odlu silahlardan istifadə etməsinin qadağan olunduğu rəsmi şəkildə bəyan ediləcək: "Əgər onlar şərtləri pozsalar, biz də pozacağıq".

Qeyd edək ki, bu gün Ukrayna Prezidenti V.Yanukoviçin müxalifət liderləri - "Udar" partiyasının rəhbəri V.Kliçko, "Batkivşina" parlament fraksiyasının lideri Arsen Yatsenyuk və "Azadlıq" partiyasının sədri Oleq Tyaqnibok ilə görüşü olub. Danışıqların üçüncü raundunun yanvarın 24-ü və ya 25-də keçiriləcəyi gözlənilir. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm