Çətin seçim: Poroşenko müharibə, yoxsa sülh partiyalarına qulaq asacaq?
Bizi izləyin

Dünya

Çətin seçim: Poroşenko müharibə, yoxsa sülh partiyalarına qulaq asacaq?

Çətin seçim: Poroşenko müharibə, yoxsa sülh partiyalarına qulaq asacaq?

Ukrayna Ali Radasının bir qrup deputatı Rusiya ilə sərhədləri bağlamağı və terrorçuluğa qarşı əməliyyatları aktivləşdirməyi tələb edir. Digər qrup isə sülh danışıqlarının keçirilməsini təkid edir.

Publika.az-ın verdiyi xəbərə görə, Rusiyanın “Nezavisimaya gazeta” nəşrinin mənbələri son qərarın Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasının nəticələrinə əsasən məlum olacağını bildirib.

Gündəlikdə iki məsələ olacaq: sərhədlərin mühafizəsinin gücləndirilməsi və terrorçuluğa qarşı əməliyyatların keçirilməsi planları. Ali Radanın bəzi deputatları Donetsk və Luqansk vilayətlərində hərbi vəziyyətin tətbiqi məsələsinə baxmağı tələb edir. Belə tapşırığı hələ dövlət başçısının səlahiyyətlərini müvəqqəti icra edən vaxt Aleksandr Turçinov vermişdi. Ancaq məsələnin prezident seçkilərindən sonra müzakirəsi edilməsi qərar alınmışdı. Hesab edilir ki, seçkilərin qalibi hərbi vəziyyətin tətbiqi və ya bundan imtina üçün məsuliyyəti öz üzərinə götürməli olacaq.

P.Poroşenkonun prezidentliyi dövründə vəziyyət dəyişməyib. “Nezavisimaya gazeta”nın mənbəyi Milli Təhlükəsizlik və Müdafiə Şurasının Donetsk və Luqansk vilayətlərində hərbi vəziyyəti tətbiq etməyəcəyini deyib.

Beynəlxalq Demokratiya İnstitutunun rəhbəri, politoloq Sergey Taran Ukrayna hakimiyyətinin qərarsızlığının səbəblərini belə izah edir: “Prezident öz komandasını hələ formalaşdırmayıb. Hətta güc strukturlarının rəhbərlərini təyin etməyə vaxt tapmayıb. Hərbi vəziyyətin tətbiqi ilə bağlı siyasi məsuliyyəti götürmək üçün dövlət başçısı etibarlı kadrlara söykənməlidir. Hərbi vəziyyətin tətbiqi güc strukturlarına regionda koordinasiyanı yaxşılaşdırmağa, müxtəlif strukturların qarşılıqlı əlaqələrini sadələşdirməyə imkan verir. Amma nəzərə almaq lazımdır ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının Ali Radadan tələb etdiyi qərarla bağlı deputatlar arasında müxtəlif fikirlər var”.

Ali Radadakı parçalanma isə müharibə və sülh partiyaları xətti üzrə gedir. “Batkivşina” fraksiyası Rusiyanı ölkənin şərqinə gizli təcavüzdə ittiham edərək bu ölkə ilə əməkdaşlıq haqqında razılaşmaları ləğv etməyi təklif edib. “Azadlıq” fraksiyası da diplomatik münasibətləri kəsməyi və sərhədi bağlamağı tələb edib. Keçmiş prezident Viktor Yanukoviçin Regionlar Partiyası deputatları vəziyyəti fərqli qiymətləndirirlər. Bəziləri Luqansk və Donetsk vilayətlərində hərbi vəziyyətin tətbiqi ideyasını dəstəklədiyi halda, digərləri sülh danışıqlarında təkid edirlər.

Ekspertlər hesab edirlər ki, vəziyyəti yerli hakimiyyət orqanlarına növbədənkənar seçkilərin keçirilməsi ilə dəyişdirmək olar. “Batkivşina”, “Udar” və “Azadlıq” fraksiyaları Regionlar Partiyasının nümayəndələrini separatizmə təhrikçilik və silahlı qruplaşmalarla əməkdaşlıqda açıq ittiham edirlər. Ali Rada 3 iyunda keçmiş prezidentliyə namizəd Oleq Tsarevin deputat toxunulmazlığının ləğvinə səs verib. O, separatizmə çağırış, konstitusiya quruluşunun zorakı devirməsinə cəhd, Ukraynanın sərhədlərinin dəyişikliyinə yönələn cəhdlərə görə ittiham olunur. Deputatlar iddia edirlər ki, hazırda Viktor Yanukoviçin komandasından olan bir neçə deputat barəsində də analoji addımların atılmasına hazırlıq gedir.

“Demokratik təşəbbüslər” Fondu tərəfindən keçirilən sorğuya görə, əhalinin təxminən 70 faizi Ali Radanın yenidən seçilməsini tələb edir. P.Poroşenko da ilin sonuna kimi Ali Radaya növbədənkənar seçkilərini keçirilə biləcəyini bildirib.

Politoloq S.Taran “Nezavisimaya gazeta”ya açıqlamasında Kiyev qarşısında iki seçimin - Ali Radaya seçkilərin keçirilməsi və ölkənin şərqində hərbi rejiminin tətbiqi olduğunu bildirib. Onun fikrincə, hərbi rejim Donetsk və Luqansk vilayətlərində seçkiləri keçirməyə imkan verməyəcək. Ekspertin hesab edir ki, bəzi siyasi güclər parlamentdəki deputatların sayını artırmaq üçün növbədənkənar seçkilər tələb edir, bəziləri ilk dəfə parlamentdə yer qazanacağına ümid edir, başqaları isə seçki baryeri keçə bilməyəcəyindən ehtiyat edərək seçkilərə qarşı çıxırlar.

“Prezident Poroşenko göründüyü kimi, Ali Radaya vaxtından əvvəl seçkilər keçirmək və ölkənin şərqində vəziyyəti sülh yolu ilə həll etmək istəyir. Terrorçuların təyyarəni vurması isə bütün ölkəni sarsıtdı. Ukraynanın 49 hərbi qulluqçusunu öldürənlərlə danışıqları necə davam etdirmək olar? Poroşenko və onun ətrafında olan insanlar separatçıların liderləri ilə danışıqların aparılması imkanını nəzərdən keçirirdisə, hazırda bu cür imkan mümkünsüz görünür”, - politoloq dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm