Tehran yeni səddamçı rejimə qarşı: İranın əleyhinə dönən carx
Bizi izləyin

Dünya

Tehran yeni səddamçı rejimə qarşı: İranın əleyhinə dönən carx

Suriyadakı vətəndaş müharibəsinin ilk vaxtlarında dünyadakı yüzlərlə terror təşkilatının yalnız biri hesab edilən “İraq və Şam İslam Dövləti” (İŞİD) hazırda bir dövləti məhv edəcək gücə çevrilib.

Mosulu, Tiqriti və digər əraziləri ələ keçirən İŞİD açıq şəkildə növbəti hədəfinin Bağdad, daha sonra isə Kərbəla olduğunu bildirir. Kərbəlanın ələ keçirilməsi isə artıq Suriyada açıq xarakter alan sünni-şiə qarşıdurmasını daha şiddətli mərhələyə daşıyacaq. İŞİD-in açıq şəkildə şiələr üçün müqəddəs sayılan məkanlara hücum edəcəyi barədə bəyanatlar verməsi şiə cəbhəsində qıcıq yaratmaya bilməz.

Artıq ən böyük şiə dövləti olan İrandan bu bəyanatlara kəskin reaksiya verilib. İran prezidenti Həsən Ruhani ölkəsinin İraqdakı müqəddəs şiə məkanlarını “qatil və terrorçular”dan qorumaq üçün tərəddüd etməyəcəyini söyləyib. Dövlət başçısı müqəddəs məkanları terrorçulardan qorumaq üçün minlərlə adamın İraqa getməyə hazır olduğunu dilə gətirib.

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton da ölkəsinin CNN kanalında qatıldığı proqramda maraqlı bir iddia ortaya atdı. O, İraq baş naziri Nuri əl-Malikinin Bağdadda İran xüsusi təyinatlıların komandiri ilə danışıqlar apardığını söylədi. Klinton Tehranın Suriya prezidenti Bəşər Əsədə verdiyi dəstəyin eynisini Maliki hökumətinə də verə biləcəyini dilə gətirib.

İranın İraq hökumətinə ilk yardımları barədə də informasiyalar var. “The Times”ın yazdığına görə İran İslam Respublikası İŞİD-ə qarşı vuruşmaq üçün “Əl-Qüds” qrupunun 150 xüsusi təyinatlısını İraqa göndərib. “The Times” bu qrupun İran İnqilab Keşikçiləri Korpusunun tərkibindən seçildiyini bildirir.

Heç kimə sirr deyil kii, Tehran eyni yardımları Suriyada Bəşər Əsəd rejiminin ayaqda qalması üçün də edib. İran Suriyada şiə rejiminin yıxılmaması üçün milyardlarla dollarlıq silah və hərbi ləvazimatlar, eləcə də yanacaqla yardım edib. Üstəlik, İran İnqilab Keşikçiləri Korpusunun sıravi üzvlərindən başqa yüksək rütbəli hərbçilərin Suriya ordusu sıralarında vuruşduğu məlumdur. Ancaq bu cür yardımlar İŞİD-ə qarşı mübarizədə kifayət etməyə bilər. Daha bir məsələ isə odur ki, İraq Suriyadan fərqli olaraq, İranın sərhəd qonşusudur. Bütün şiə dünyasının, o cümlədən İran üçün müqəddəs məkan sayılan Kərbəlanın İraqda olması bu ölkənin Tehran üçün əhəmiyyətini dartırır. Əlavə edək ki, Həsən Ruhani hakimiyyətdə olduğu təxminən bir illik müddətdə Suriyadakı hadisələrə bu şəkildə reaksiya verməmiş, İranın hadisələrə müdaxilə edə biləcəyini dilə gətirməmişdi.

Hazırda əsas düşündürücü sual İranın İraqda artıq müharibə xarakteri alan hadisələrə birbaşa müdaxilə etmə ehtimalıdır? Doğrudanmı, müəyyən qüvvələr İranı odun içinə cəlb etmək istəyirlər? Bunda kimlər maraqlı ola bilər və hədəflər nədir?

Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli İraqda baş verən proseslərin İranın təmsil və müdafiə etdiyi dəyərlər sisteminə qarşı olduğunu bildirib.

Hadisələrin həm də İranın nüfuzuna qarşı yönəldiyini deyən politoloq İŞİD-in Bağdad ətrafında ağır məğlubiyyətə uğradılacağını proqnozlaşdırır. Q.Hüseynlinin sözlərinə görə, İŞİD-in bünövrəsinin “Əl-Qaidə” tərəfindən qoyulduğu deyilsə də, sonradan prosesə Səddam Hüseynin adamları da qoşulub: “İŞİD-in qisasçılıq mövqeyi də orada Səddam Hüseynin adamlarının olması ilə izah edilir. İŞİD-in rəhbərləri arasında olan peşəkar hərbçilər Səddamın dövründə yüksək vəzifələr tutmuş insanlardır. Səudiyyə Ərəbistanın maliyyə dəstəyi ilə təşkilata vəhhabilər sürətlə daxil olmağa başladı. Vəhhabilər də İŞİD-də aparıcı qüvvəyə çevriliblər. Bütün bunlar isə heç bir halda İrana sərf etmir. Səudiyyə Ərəbistanın isə həm İrana, həm də şiəliyə olan münasibəti bəllidir. Səudiyyə ümumiyyətlə təriqət savaşını qızışdıranlardan biridir”.

Q.Hüseynli hesab edir ki, İranın İraqdakı hadisələrə açıq hərbi müdaxiləsi Bağdadın İŞİD tərəfindən alınacağı halda tamamilə mümkündür: “Bu halda İranın bütün qoşun birləşmələri də daxil olmaqla İraqa qoşun yeritməsi istisna olunmur. Tehran heç bir halda İraqda rejim dəyişikliyinə icazə verməyəcək”.

Müsahibimiz İranın İraqa açıq hərbi müdaxiləsinin onun üçün əlavə problemlər yaratmayacağını bildirib: “İran üçün heç bir əlavə problem yaranmayacaq. Söhbət beynəlxalq terrorizmə qarşı mübarizədən, suveren dövlətə qarşı aparılan əməliyyatların qarşısının alınmasından gedir. İran proseslərə açıq müdaxilə edərsə, beynəlxalq təşkilatlar da daxil olmaqla əksər dövlətlər İranın hərəkətini təqdir edəcək”.

Q.Hüseynli hesab edir ki, İranın hərbi münaqişəyə bilərəkdən cəlb edilməsini söyləmək çətindir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm