Kanada Arktika uğrunda Rusiya ilə müharibəyə hazırlaşdığını elan etdi
Bizi izləyin

Dünya

Kanada Arktika uğrunda Rusiya ilə müharibəyə hazırlaşdığını elan etdi

Kanada Rusiyanın Arktikada öz hərbi potensialını yerləşdirməsindın narahatlığını ifadə edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kanada xarici işlər naziri Con Berd Danimarkanın “Berlingske” qəzetinə müsahibəsində Arktikada maraqlarını əllərdə silahla müdafiə etməyə hazır olduğunu bildirib.

“Ottava Arktikada öz maraqlarının müdafiəsinə qalxmağa hazırlaşır. Əgər lazım gələrsə, güc də tətbiq ediləcək”, - nazir deyib.

O, problemi sülh yolu ilə həll etməyə üstünlük verdiyini dilə gətirib.

Qeyd edək kii, Rusiya Sovet İttifaqının dağılmasından sonra praktik olaraq tərk etdiyi Arktikaya qayıdır. Kreml mütəmadi olaraq Arktika ilə bağlı hərbi planlarını açıqlayır, şimal qütbü ətrafında aviasiya bazaları yaradacağı barədə niyyətlərini açıq şəkildə ifadə edir. Bu da təsadüfi deyil. Enerji ehtiyatlarına görə, Arktikanı Yaxın Şərqlə də müqayisə edənlər var. Baxmarayaq ki, Arktikadakı enerji ehtiyatlarının mənimsənilməsi olduqca bahadır. Ötən il Rusiyanın on hərbi gəmi və atom buzqıranından ibarət donanması buzla örtülmüş Şimal Buzlu okeanında 2 min dəniz mili məsafəsi qət edib. Şimal donanmasına isə “Böyük Pyotr” ağır raket kreyseri başçılıq edirdi. Müdafiə nazirinin müavini general Arkadi Baxin bildirib ki, donanmanın yürüşü şimal dəniz yolu və ona bitişik Arktik zonasının təkmilləşdirilməsi üzrə böyük layihənin bir hissəsidir.


“Biz ora həmişəlik qayıtdıq, çünki bura qədim rus torpağıdır”, - general Rusiya KİV-ə açıqlamasında söyləyib. Müntəzəm dəniz patrul keşiyindən başqa Rusiya Şərqi Sibirin şimal sahilindəki sovet təyyarə bazasını bərpa edir. Bu baza şimal-şərq dəniz yoluna Rusiyanın nəzarət üçün müharibə meydanı olaraq xidmət göstərməlidir. Rusiya prezidenti Vladimir Putinin fikrincə, ən yaxın onilliklərdə bu yol Süveyş kanalı qədər əhəmiyyətli ola bilər. Şimal Buzlu okeanındakı şimal-şərq yolu Uzaq Şərq və Avropanı birləşdirir. Bu yol üzərində nəzarətin tamamilə ələ keçirilməsi isə gələcəkdə regionun zəngin neft, təbii qaz və bioloji ehtiyatlarının mənimsənilməsi üçün əlverilşli imkan yarada bilər. Rusiya 2001-ci ildə BMT-yə bildirib ki, şimal qütbünə qədər suyun dibi ilə uzanan Lomonosov dağ silsiləsi Sibir kontinental şelfinin davamıdır və buna görə də Rusiya ərazisi hesab edilməlidir.


2007-ci ildə Arktikanın rusiyalı tədqiqatçı Artur Çilinqarov Şimal qütbündə okean altına düşərək orada Rusiya bayrağını sancdı və dünyaya mesaj verdi. “İndi bu regiona çox ölkələr, o cümlədən Çin və Braziliya kimi ölkələr də iddia etməyə başlayıblar. Halbuki onların ümumiyyətlə şimalla əlaqəsi yoxdur”, - rusiyalı hərbi ekspert Viktor Litovkin söyləyib. Hərbi ekspertin fikrincə, Arktika bölgəsinə artan iddialar Rusiyanı hərəkət etməyə, qanuni hüquqlarını müdafiə etməyə məcbur edir. O, Rusiya siyasi rəhbərliyinin Arktikaya qayıtmaq qərarını qəbul etdiyini, Rusiya zonasının müdafiə olunması üçün Hərbi Dəniz Donanmasının inkişaf etdiriləcəyini vurğulayıb.


Rusiya müdafiə nazirinin müavini general Baxinin sözlərinə görə, tezliklə müasir texnologiyalardan istifadə olunmaqla yeni arktik bazalar tikiləcək. General qeyd edib ki, bu bazalar regiona müntəzəm, bütün ilboyu və hər cür hava şəraitinə uyğun girişi təmin etməlidir.


Rusiya Arktik təşəbbüslərinin hərbi mahiyyətinə baxmayaraq, Putin iddia edir ki, ölkəsi Arktikanın region ölkələri arasında sülhlə bölünməsini dəstəkləyir. Ancaq təbii ki, Arktika dövlətləri Rusiyanın sülh bəyənatlarına innamırlar. Bunun son vaxtlar bir-birinin ardınca Kanadanın tək, Danimarkanın isə ABŞ ilə uzaq şimalda hərbi təlimlər keçməsi də göstərir.

Qeyd edək ki, 5 sərhədyanı dövlət olan – ABŞ, Kanada, Danimarka, Norveç və Rusiyadan başqa daha 20 dövlət Arktikanın zənginliklərinə namizəddir. Onlardan ən iddialısı isə Çindir. Son vaxtlar isə Çinin qütbdəki yeraltı sərvətlərin ələ keçirilməsi üçün aktivliyi nəzərə çarpır. Bölgə dövlətləri hərbi hərəkətlərlə iddialarını ortaya qoysa da Çin qütbdə torpağı olmadığı üçün bölgədə yer əldə etmək məqsədilə diplomatik vasitələrdən istifadə edir. Mərkəzi Avstraliyada yerləşən Beynəlxalq Siyasət İnstitutunun direktoru Linda Jakobson bildirib ki, Arktika son iki ildə Çinin xarici siyasətinin gündəmindədir və Pekin bölgədə iştirak etmək üçün davamlı şəkildə yollar axtarır.


Çin bölgəyə ilk araşdırma gəmisini keçən ilin avqust ayında göndərib. Çinli səlahiyyətlilər şimal qütbü ölkələri ilə daha yaxşı əlaqələr qurmaq üçün Danimarka, İsveç və İslandiyaya səfər edərək olduqca mənfəətli ticarət razılaşmaları təklif edib. Çinin aktivliyindən isə Rusiya, ABŞ, Kanada və Avropa İttifaqı narahatdır. 2012-ci ilin iyun ayında Aİ prezidentinin köməkçisi Antonio Tajani Qrenlandiyaya səfər edərək Çinin qiymətli yataqlara çatmasına maneə olmaq üçün yüz milyonlarla dollarlıq yardım təklifi edib. Qrenlandiya ABŞ Hava Qüvvələrinin ucqar şimaldakı bazası olan Tulenə yaxın olduğundan qütblər ABŞın xarici siyasətində böyük əhəmiyyət ifadə edir.


Qütblər Birləşmiş Millətlər Təşkilatının dənizlər qanunu ilə idarə olunur. Qanuna görə, 200 dəniz mili qütb bölgəsindəki ölkələr üçün iqtisadi sərhəd olaraq göstərilir. Bu ölkələrə dənizaltı araşdırmalar aparmağa icazə verilir. Şimal qütbünün daha uzaq sahələri kimsəyə aid olmadığından, burada şərtlər çox daha çətindir.


Arktika problemləri ilə məşğul olan ən böyük və nüfuzlu dövlətlərarası təşkilat - rəsmi olaraq 1996-cı ildə yaradılmış Arktika Şurasıdır. Buraya qütbə yaxın bütün dövlətlər daxildir. Bu dövlətlərdən başqa Şurada aleutlar, eskimoslar, saamlar və digər şimal xalqlarının təşkilatlarının nümayəndələri də təmsil olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm