• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

ABŞ İraq türkmənlərinin xilasına tələsir, bəs Türkiyə? - FOTO

  • Dünya
  • 28 Avqust 2014 11:53
  • 1 424 Baxış
ABŞ İraq türkmənlərinin xilasına tələsir, bəs Türkiyə? - FOTO

Nəhayət ki, İraqdakı yeni xilafətin yaratdığı yeni cəhənnəmdə binəva İraq türkmənləri də yada düşdü.

İndiyədək bütün Qərb mətbuatı ABŞ-ın İraq və Şamın İslam Dövləti (İŞİD) üzərinə raket zərbələrinin endirilməsini cihadçıların təqib, təhqir və edamlarından qaçan xristian və yezidi azlıqların düşdüyü humanitar fəlakətlə əlaqələndirirdilər.

Döyüşə ingilisdillilər gedir

Qərb mətbuatında yayılan ən son xəbərlərdə deyilir ki, ABŞ İraqın şimalında cihadçılara qarşı hücumları genişləndirmək və şiddətləndirmək üçün Britaniya və Avstraliyanı hava zərbələrində ona qoşulmağa çağıracaq.

Uzaq Avstraliyanın yada düşməsi onunla bağlıdır ki, o, beş ingilisdilli ölkə - ABŞ, Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya arasında hələ Birinci Dünya Müharibəsi zamanı imzalanmış, lakin mövcudluğu rəsmən yalnız 2010-cu ildə etiraf olunmuş müqavilənin üzvüdür. Gizli sənədlərdə yalnız ingilidilli ölkələrdən ibarət bu birliyi “beş göz” də adlandırırlar.

İraq türkmənləri soyqırım təhlükəsində

Prezident Barak Obama İraqın Əmirli (Amerli) şəhəri ətrafındakı cihadçı mövqelərinə raket zərbələri endirməyə və şəhərin iki aydır ki, mühasirədə olan 12 min nəfərlik türkmən əhalisi üçün havadan humanitar yardım bağlamalarının atılmasını əmr etməyə hazırlaşır.

Vaşinqton rəsmiləri bildiriblər ki, mühasirədə qalmış türkmən əhalisi Səncər dağına sığınmış yezidilər qədər ağır vəziyyətdədirlər.

Beləki, İŞİD yezidlər və xristianlar kimi türkmənləri də yer üzündən silməyi vəd edib.

BMT-nin İraqdakı xüsusi nümayəndəsi Nikolay Mladenov deyib ki, Əmirli əhalisi təcili xilas olunmasa, onu soyqırımı gözləyir.

Polkovnik Bayati, mühəndis Bayati, professor Bayati…

Bu arada İraq ordusunun öz təyyarələri Əmirlinin mühasirəsini yarmağa çalışırlar.

İraq ordusunun polkovniki Mustafa əl-Bayati deyib ki, vertolyotların pilotları həyatlarını təhlükə qarşısında qoyaraq Əmirliyə içməli su və ərzaq çatdıra biliblər. Şəhərdə elektrik və su xətləri dağılıb.

Bununla belə şəhərin şiə əhalisi cihadçılara təslim olmaq niyyətində deyil.

Bu barədə Britaniyanın “The Daily Telegraph” qəzetinə vaxtilə Tikrit neftayırma zavodunda mühəndis olan, indi isə əlində silahla dogma şəhərinin köməyinə gəlmiş Nihad əl-Bayati adlı gənc bildirib.

Türkmənlərin Xilası Fondunun rəhbəri professor Əli əl-Bayati bildirir ki, İŞİD döyüşçüləri Əmirlinin bütün yollarını kəsiblər və indi ora ilə hər hansı əlaqə havadan və atəş altında ola bilər.

Bu üç Bayati bir-biri ilə qohum deyillər. Lakin bu soyadı yadınızda saxlayın. Ona yazının sonunda bir də qayıdacağam.

Türkiyə niyə biganədir?

Vaşinqtonda mənzillənmiş Yaxın Şərq Siyasəti İnstitutunun aparıcı analitiki Deyvid Pollok əvvəllər ABŞ Dövlət Departamentində çalışıb.

Təhlilçi mətbuata müsahibəsində bildirib ki, ABŞ hərbiyyəsi nəyin bahasına olursa olsun mühasirədəki türkmənlər üçün kürdlərin nəzarətində olan əraziyə dəhliz açmalıdır.

“Bu çox təcili qaydada edilməlidir” – deyib Pollok.

Lakin İraq türkmənlərinin indiyədək yada düşmədiyinə görə ABŞ-ı günahlandırmaq nə dərəcədə ədalətli olardı?

Bəs Türkiyə? Türkiyənin İraq türkmənlərinin düşdüyü vəziyyətə biganəliyi Türkiyə mətbuatında kifayət qədər tənqid olunub.

Bir sıra Türkiyə təhlilçilərinin fikrincə, əvvəllər türkmənlərin İraq kürdləri tərəfindən təqib olunmalarına göz yuman rəsmi Ankara, indi də onların cihadçılar tərəfindən qətlə yetirilməsinə laqeyd görünür.

Milli and niyə yaddan çıxıb?

Türkiyə siyasətşünaslarından bəzilərinin fikrincə, İraqın şimalında qurulmuş Kürdüstan Regional Hökuməti ilə sərfəli neft kontraktları imzalamış Ankara, türkmənlərin hayında deyil.

Belə iddia edən siyasi ekspertlər bildirirlər ki, Ankaranın uzun müddət İŞİD-lə əməkdaşlığı da, elə hər ehtimala qarşı neftə görə olub. Tutdu kürd, tutmadı İŞİD…Hərçənd, rəsmi Ankarı cihadçılara dəstəyi onların Suriya prezidenti Bəşər əl Əsədə qarşı vuruşması ilə izah edirdi.

Erdoğan hökuməti kimlə əməkdaşlıq etdiyinin fərqinə yalnız Türkiyə diplomatları cihadçılar tərəfindən girov götürüləndə varıb.

Halbuki, Osmanlı İmperiyası dağılanda Türkiyənin Milli Məclisi – “Misaqi-milli” (Milli and) deyilən bir sənəd qəbul edib. Bu sənədə əsasən Türkiyə onun yeni sərhədlərindən kənarda qalan bütün türkdilli əhalinin müdafiəsinə and içib. Yeri gəlmişkən, Naxçıvanın Azərbaycan ərazisi kimi təsdiqlənməsində Qars müqaviləsi ilə yanaşı bu sənədin də misilsiz rolu olub.

Nəhayət Bayatilər barədə

İraq türkmənləri arasında “Bayati” soyadı çox geniş yayılıb və Azərbaycanın bayat tayfasının adı ilə birbaşa bağlıdır.

Ayrı-ayrı vaxtlarda Azərbaycan dilçiləri və tarixçiləri Dədə Qorqudun və Füzulinin bayat tayfasından olduqları barədə çox yazıblar. İndi niyə yazmırlar, bilmirəm.

Azərbaycan tarixində xalqımızın dövlətləri adlandırılan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin əhalisinə də orta əsr tarixçiləri “türkmən” deyərdilər. Yəni bu azərbaycanlıların tarixi adlarından biri idi və Türkmənistan Respublikası ilə heç bir əlaqəsi yoxdur.

1950-60-cı illərdə Şövkət Ələkbərova da daxil olmaqla bir çox tanınmış sənətçilər İraq-Kərkük türkmənlərinin mahnılarını oxuyarmışlar. Tərcümə-filan lazım deyilmiş. Mahnılar Azərbaycan dilində səslənirmiş.

Odur ki, siyasətlə yox, məntiqlə danışsaq, Dədə Qorqud və Füzuli bizim üçün nə qədər azərbaycanlıdırlarsa, İraq türkmənləri də bir o qədər azərbaycanlı sayılmalıdırlar.

Və mən ən azı bir azərbaycanlı kimi bunu yazmaya bilməzdim.

Zülfüqar Rüfətoğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR