Financial Times: “Ərdoğan Türkiyəni sekulyar keçmişdən uzaqlaşdırır”
Bizi izləyin

Dünya

Financial Times: “Ərdoğan Türkiyəni sekulyar keçmişdən uzaqlaşdırır”

“Financial Times” qəzeti prezident R.T.Ərdoğanın Türkiyəni sekulyar keçmişdən uzaqlaşdırdığını yazıb.

Publika.az “BBC Türkcə”yə istinadən xəbər verir ki, “Financial Times” (FT) qəzeti Ərdoğanın ölkə üçün dini bir gələcək görmək istədiyini və Türkiyənin Osmanlı İmperiyasının süqutundan indiyədək mənimsədiyi bütün adətləri rədd etdiyini vurğulayıb.

Xəbərdə deyilir ki, xalq səsverməsi ilə Türkiyənin ilk prezidenti seçilən Ərdoğanın and içərək yeni vəzifəyə başlamasından haradasa bir həftə keçir. Lakin Ərdoğan bu bir həftədə də özünəməxsus şəkildə iz qoymağa çalışır. Keçmiş baş nazir 90 illik Türkiyə Cümhuriyyətinin dövlət ənənələrindən uzaqlaşır.

Keçmişdən qopmaq

“FT” qəzetinin yazdığına görə, keçmişdən qopmaqla bağlı ən simvolik addım Ərdoğanın Çankaya köşkündə işləməyəcəyini açıqlamasıdır.

Halbuki modern Türkiyənin qurucusu Mustafa Kamal Atatürkdən indiyədək bütün prezidentlər Çankaya Köşkündə yaşayıblar.

Məsələ ilə əlaqədar qəzetə açıqlama verən Qədir Xas universitetinin professoru Soli Özəl “Ərdoğan və onun Ədalət və İnkişaf Partiyası (AKP) ölkənin sekulyar mirasının çoxunu rədd edir” deyib.

Hədəf dindar nəsil yetişdirməkdir

Qəzet Ərdoğanın keçmişdə açıqladığı dindar bir nəsil yetişdirmək hədəfini və 2012-ci ildə həyata keçirilən qanun dəyişikliyi ilə uşaqların 10 yaşında İmam xətib məktəblərinə getməyə şərait yaratdığını da xatırladıb.

Xəbərdə Sabançı universitetinin təhsil islahatı təşəbbüskarlarının üç həftə əvvəl açıqladığı hesabata da toxunulur. Hesabatda 2010-2011 tədris ilindən indiyədək İmam Xətib və Anadolu İmam Xətib məktəblilərinin sayının 73% artığı açıqlanıb.

Analizdə bunlar xatırlandıqdan sonra yenidən Ərdoğanın Çankaya Köşkündən istifadə etməməsi ilə əlaqədar mübahisələrə qayıdılır. Köşkü Atatürkün şəxsi nəzarəti altında avstraliyalı bir memar (Clemens Holzmeister) dizayn etdiyi bildirilir. Lakin məqalədə Ərdoğan paytaxt xaricində bir meşədə 1000 otaqlı bir kompleks inşa etməsi məqamına da yer verilir.

Ərdoğanın yeni “köşkü” “kənardan Səlcuq İmperiyasını, içəridən isə Osmanlı İmperiyasını xatırladan bir binadır” sözləri ilə tərif edilib.

Ağ Saray

“FT” Ərdoğanın yuxarıdakı bənzətməsi ilə Türkiyənin keçmişdəki imperialist adətlərinə istinad etdiyini və binanı ironik bir şəkildə “Ağ Ev”ə oxşadaraq onu “Ağ Saray” adlandırdığını bildirib.

Yazı bu cür tamamlanır:

“Cənab Ərdoğan doğulub-böyüdüyü şəhərdə - İstanbulda çox vaxt keçirir. Həmçinin İstanbulda Atatürkün öldüyü XIX əsrdən qalma simvollarla dolu Dolmabaxça Sarayında işləməyə üstünlük verir.

Hökumət üzvləri onun harada işləyəcəyini bilmədiklərini deyirlər. Amma başqa bir alternativ də boğazda yerləşən Vəhdəddin Köşküdür. Bu, bəlkə də, bir təsadüfdür. Amma son Osmanlı padşahının vaxtilə yaşadığı yerdə restavrasiya işləri gedir”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm