Aleksandr Duqin: “Bu mərhələdə Qərb qalib gəlir” – Müsahibə
Bizi izləyin

Dünya

Aleksandr Duqin: “Bu mərhələdə Qərb qalib gəlir” – Müsahibə

Kremlin hazırkı siyasətin ideoloqu kimi tanınan, Beynəlxalq Avrasiya Hərəkatının lideri, erməni-rus klubunun üzvü Aleksandr Duqin erməni mətbuatına müsahibə verib.

Publika.az daha çox erməni hakimiyyətinə hədələrlə yadda qalan müsahibəni təqdim edir.

- Bu günlərdə Uelsdə NATO-nun növbəti sammiti oldu və Ukraynanın müdafiəsi barədə qərarlar qəbul edildi, Şərqi Avropa və Cənubi Qafqaz ölkələrinin ərazi bütövlüyü prinsipi tanınmış oldu. Bu qərarlar Rusiyanın bizim regionumuzdakı siyasətində necə əks olunacaq və Qərbin bu qərarlarına Rusiyanın hansı cavabı olacaq?

- Rusiya- NATO münasibətlərini anlamaq üçün ilk olaraq kimin kim olduğunu təhlil etmək lazımdır. NATO dünyadakı ən təcavüzkar imperialist gücdür və yolundakı gücləri neytrallaşdırmaq Qərbin adətidir. Buna görə də Rusiya-NATO münasibətləri simmetrik ola bilmir. Bir halda ki, hegemon və ikinci dərəcəli dövlətlərin münasibətlərindən söhbət gedir. Rusiya NATO-nun bu təzyiqlərini qəbul edə bilmir. Həm də bu göründüyü kimi sadə problem deyil. Rusiyada iki yanaşma mövcuddur. Birincisi, BRİKS ölkələri ilə başqa bir sistemin formalaşdırılması nəzərdə tutulur və bu, Qərbə qarşı olacaq. İkincisi isə, Qərblə vassal münasibətlərin formalaşması. Rusiya-Qərb münasibətlərinin gərginləşməsi onunla bağlıdır ki, NATO-nun bəzi üzv ölkələri Rusiya ilə müharibə, Rusiyanın sərhədlərində qoşunların yerləşdirilməsini istəyirlər. Artıq Rusiyaya qarşı iqtisadi və siyasi təzyiqlər başlayıb, yalnız hərbi münaqişə qalıb. İndi bütün fərziyyələrə əsaslanaraq deyə bilərəm ki, bu mərhələdə Qərb qalib gəlir. Rusiya öz mövqelərini bərpa etmək üçün başqa addımlara getməlidir. Demək olar ki, Rusiyanın cavabı regional, həmçinin BRKS ölkələri ilə münasibətləri genişləndirmək və KTMT-ni möhkəmləndirməkdən ibarət olacaq.

- Mövcud iqtisadi və siyasi çətinlikləri nəzərə alaraq Avrasiya iqtisadi layihələrinin hansı mərhələdə olduğunu demək olar? Layihə inkişaf etdirilə bilərmi, ya dondurulub?

- Avrasiya inteqrasiyası haqqında vəziyyət aydın deyil. Bütün Avrasiya ərazisinin birləşməsinə ehtiyac var. Amma Rusiya bu halda separatizm prinsipi üzrə hərəkət edir. Biz, adətən, o zaman müvəffəqiyyətə çatırıq ki, Putin müvafiq olaraq Qərbə cavab verməyə və qətiyyətlə hərəkət etməyə başlayır. Zəif iradə nümayiş olunduğu halda “altıncı kolon”un işi aktivləşir. Qeyd etmək lazımdır ki, Belarus, Qazaxıstan və Ermənistanda hamı bu inteqrasiyanın tərəfdarı deyil, bu ölkələrdə Qərb təbliğat maşını qüvvədədir, həmçinin millətçi əhval-ruhiyyələr mövcuddur. Avrasiya layihələrinə Rusiya imperializminin təhlükəsi kimi baxılır. Postsovet məkanında qüvvədə olan bu Qərb şəbəkəsi Avrasiya İqtisadi İttifaqının inkişafına mane olmaq üçün bütün imkanlardan istifadə edir. Bu çox ciddi mübarizədir və buna görə də Avrasiya layihələrinin müvəfəqiyyəti haqqında birmənalı danışmaq çətindir. Postsovet məkanında Qərbin şəbəkəsi son dərəcə effektiv hərəkət edir və onun qarşısında heç bir simmetrik başqa şəbəkə yoxdur. Bu bizim inteqrasiyamızın strateji səhvidir. Yəni, bizim inteqrasiyamız yalnız prezidentlərimizdən asılıdır. Ümumiləşdirərək qeyd edim ki, vahid Avrasiya inteqrasiya şəbəkəsinin olmaması son dərəcə təhlükəli səhvdir və bir çox əhəmiyyətli proseslər məhz buna görə dayandırılır. Biz hələ xeyli çağırışlarla rastlaşacağıq, bu, uzunmüddətli prosesdir.

- Yəni, siz həmçinin dəyərlərin Avrasiya sisteminin formalaşmasını vacib hesab edirsiniz?

- Bəli, Avrasiya dəyərləri, Avrasiya inteqrasiyasının ideologiyası formalaşdırılmalıdır. Biz heç vaxt bu istiqamətdə işləməmişik. Digər bir təhlükə odur ki, iqtisadi maraqlar tez-tez dəyişir və bu halda da ölkələrin planları dəyişəcək. Yalnız mədəniyyət, oxşar tale və mədəni ümumilik uzun müddət Avrasiya ölkələrini birləşdirə bilər.

- Ermənistan təyin olunmuş müddətdə, yəni oktyabrda Avrasiya İttifaqına qoşula biləcəkmi?

- Geosiyasətdə irəlini görmək çox çətindir. Ermənistan Avrasiya məkanına və sivilizasiyaya aiddir. Qqafqaz Avrasiyanın geosiyasi xəritəsində öz ənənəvi yerini tutur. Xristian ölkəsi olaraq Ermənistanın yeri Avrasiyadır. Ermənistanda başqa yeri sadəcə yoxdur. Ermənistan ya Avrasiya olacaq, ya da o ümumiyyətlə olmayacaq. Amma hansı ritmdə və hansı dinamikada olacağını deməyə çətinlik çəkirəm. Ermənistanın inteqrasiyası daha az və yaxud çox vaxt tələb edə bilər. Bu bir şərtlərdən asılıdır. Hər bir erməni yönümlü insan Avrasiyada olmalıdır, başqa variant ola bilməz. Mən İrəvanda tez-tez oluram və görürəm ki, hətta ziyalılar arasında belə dəqiq yanaşması olmayan insanlar var.

- Ermənistan prezidenti Serj Sərkisyan NATO-nun Uels sammitində iştirak etdi. Ekspertlərin bəziləri iddia edirdilər ki, Serj Sərkisyan Rusiyanın icazəsini almadan sammitdə iştirak etməyəcək. Bəziləri isə Rusiyanın iradəsindən asılı olmadan sammitdə iştirak etməyi xahiş edirdilər. Sizin fikriniz maraqlıdır, Sərkisyanın Uelsə getməsi üçün Rusiyanın icazəsi lazım idimi? Rusiya Qərblə münasibətlərin qurulması üçün Ermənistana azadlıq verirmi?

- Hesab edirəm ki, bütün post-sovet ölkələrində Rusiya ilə yaxınlaşma və uzaqlaşmanın mərhələləri olur. Rusiya və Ermənistan üçün Serj Sərkisyanın sammitdə iştirakında yaxşı heç nə yoxdur. Yeri gəlmişkən, Ermənistan Avrasiya İqtisadi İttifaqının yaradılması barədə sənədin imzalanmasından kənar qaldığı üçün inciyib. Amma incikliyi bu şəkildə göstərmək lazım deyil. Bu çox təhlükəlidir, çünki Rusiya Ermənistanın mövcudluğunun zaminidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm