Şok: İŞİD-in “Qorxunc komandiri” Fransa generalıdır
Bizi izləyin

Dünya

Şok: İŞİD-in “Qorxunc komandiri” Fransa generalıdır

İŞİD-in öndə gedən komandirlərindən birinin Fransa generalı olduğu ortaya çıxıb.

Axar.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, adıçəkilən general İŞİD-ə bütün Qərb döyüş taktikalarını öyrədir.

Avropanın müxtəlif ölkələrinin kəşfiyyat orqanlarının verdiyi məlumata görə, adı gizli saxlanılan bu general bir neçə ay bundan öncə İŞİD sıralarına qatılıb. Kimliyi barədə məlumat verilməsə də, bu şəxsin ABŞ və İngiltərədə xüsusi hərbi təhsil aldığı bildirilir.

İŞİD daxilində və bölgədə xüsusi çəkiyə malik olduğunu deyən kəşfiyyat orqanları bu generalın ərəb olduğunu bildirib:

“Əslən ərəbdir. Buna görə ərəb dilində səlis danışır. Eyni zamanda, Fransa ordusunun tərkibində Əfqanıstanda partlayıcı maddələr üzrə mütəxəssis kimi çalışıb. Hazırda İŞİD birliklərinə Qərb döyüş taktikalarını öyrədir”.

Fransa ordusunun tərkibində dəfələrlə xüsusi tapşırıqlı əməliyyatları uğurla yerinə yetirən bu şəxsin fitri istedada malik olduğu, xidmət dövründə Fransa hakimiyyətinin bir çox medalları ilə təltif olunduğu bildirilir.

Qəzetin verdiyi məlumata görə, bir müddət öncə Rusiya xüsusi xidmət orqanları bu generalın izinə düşüb:

“O, Fransa ordusuna uzun illər xidmət edib. Ölkənin bir çox tanınmış yüksək rütbəli hərbçiləri ilə yaxşı münasibətləri var. Amma sonradan İŞİD-ə qoşuldu. Buna görə də ABŞ qüvvələri İraqda onu öldürmək üçün xüsusi tapşırıqlı əməliyyat keçirdilər, ancaq buna müvəffəq ola bilmədilər. O hələ də yaşayır”.

Bəzi kəşfiyyat orqanları isə bu şəxsin İŞİD daxilində Fransaya xidmət etdiyini iddia edir:

“İŞİD-in Suriyada, daha sonra İraqda fəallaşmasından sonra Avropa dövlətləri öz kəşfiyyatçılarını bu təşkilata sızdırıb. Bu yolla bir çox əhəmiyyətli məlumatlar əldə edilir. Fransızlar bu şəxs vasitəsilə İŞİD-in siyasəti və planları ilə bağlı öncədən məlumatlandırılır. Təsadüfi deyil ki, bu ilin sentyabrın 25-də paytaxt Parisdə yerləşən Yelisey sarayında Fransa kəşfiyyat xidmətinin (DGSE) başçısı Bernard Bajolet məhz bu şəxsin verdiyi məlumatlar əsasında prezidentə, Baş Qərargah rəisinə və Müdafiə nazirinə hesabat verib”.

İspaniyanın “Əl Pais” qəzeti isə bu şəxsin İŞİD tərkibində 1600-ü avropalı olmaqla 1700 nəfərdən ibarət legioner orduya komandanlıq etdiyini irəli sürüb.

Qəzet fransız generalın komandanlıq etdiyi bu ordunun İraqın Mosul, Kərkük, Ramadi, Mumbuc, Deyr əz-Zor kimi şəhərlərinin işğal olunmasında müstəsna xidmətləri olduğunu iddia edib.

Qəzetin verdiyi məlumata görə, “Qorxunc komandan” indi də Kobaniyə hücum etməyə hazırlaşır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm