• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Gürcü ekspert: “Gürcüstan 1993-cü ilə qayıda bilər”

  • Dünya
  • 14 Noyabr 2014 13:35
  • 383 Baxış
Gürcü ekspert: “Gürcüstan 1993-cü ilə qayıda bilər”

Gürcüstan müdafiə naziri İrakli Alasaniyanın baş nazir İrakli Qaribaşvili tərəfindən istefaya göndərilməsi ilə bağlı hökumət böhranı bir qədər səngisə də, təhlükə tamamilə aradan qalxmayıb.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu barədə Konstitusiya üzrə ekspert Levan Alapişvili bildirib.

Alasaniyanın artıq rəhbəri olduğu “Azad demokratlar” Partiyası “Gürcü arzusu” koalisiyasını tərk edib. Bununla da partiyanı parlamentdə təmsil edən 10 deputat da koalisiyadan ayrılmalı olub. Gürcüstan parlamentində çoxluq hələ də “Gürcü arzusu”nda olsa da, bu artıq əksəriyyət deyil. Parlamentdə 73 deputatla təmsil olunan “Gürcü arzusu” əhəmiyyətli məsələlərlə bağlı səsvermədə əvvəlki kimi istədiyi səsi toplaya bilməyəcək.

L.Alapişvili istisna etmir ki, parlament əksəriyyətin dağılması indiki parlamenti 1993-cü ildəki qanunverici orqana oxşadacaq. O, həmin dövrdə müxtəlif maraqlara sahib qrupların mövcud olduğunu xatırladıb. Onun sözlərinə görə, reqlamentə əsasən əgər əksəriyyət və azlıq mövcud deyilsə, bu artıq sədarətdən başlayaraq bütün komitələrdə kvotaların dəyişməsinin mümkünlüyün göstərir: “Daha sonra ticarət başlanacaq ki, hansı komitədə kim nə qədər yerə sahib olacaq, sədr və müavini kim olacaq. Mümkündür ki, bu müzakirələr parlamentin sədrinin dəyişməsi məsələsinə qədər davam edəcək”.

Ekspert qeyd edir ki, yaranmış vəziyyətdən yalnız “millilər” (Saakaşvilinin Vahid Milli Hərəkat partiyasını nəzərdə tutur – Ö.D.) deyil, həm də fraksiyalardan kənar qalmış deputatlar istifadə edəcək və onların siyasi çəkisi artacaq.

Növbədən parlament seçkilərinin keçirilməsinə gəlincə, L.Alapişvili hesab edir ki, sabiq müdafiə naziri Alasaniya növbəti seçkilərin keçiriləcəyi 2016-cı ili gözləməyə üstünlük verəcək.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR