Cənubi Asiyanın “nüvə üçlüyü” nüvə yarışına başlayıb
Bizi izləyin

Dünya

Cənubi Asiyanın “nüvə üçlüyü” nüvə yarışına başlayıb

Hindistanın Silahlı Qüvvələri bu gün “Prithvi-II” ballistik raketin sınağını həyata keçirib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, sınaq müvəffəqiyyətli olub.

“Prithvi-II” ballistik raketi nüvə hərbi yükünü daşımaq qabiliyyətinə malikdir. “Yer-yer” tipli kiçik mənzilli raketin 350 kilometr uçuş məsafəsi var. Raket 43,5 kilometrə qədər hündürlüyə qalxa və 500 kiloqrama qədər yük daşıya bilir.

Raket 2003-cü ildə Hindistan Silahlı Qüvvələrinin silahlanmasına daxil edilib. “Prithvi-II” Hindistanın ilk milli ballistik raketdir.

Keçən ilin sentyabrında Hindistan “Aqni-5" ballistik raketini sınaqdan keçirib. Raket 1,5 ton nüvə yükünü 5 min kilometrə qədər daşıya bilir. Yerli KİV-in məlumatına görə, raket Pakistan və Çindəki hədəfləri vura bilər.

Hindistan Silahlı Qüvvələri hazırda quru (“Prihtvi-II” və “Agni” ailəsindən olan müxtəlif mənzilli ballistik raketlər) və hava (“Dassault Mirage-2000” və “SEPECAT Jaguar” təyyarələri) nüvə hərbi yüklərinin çatdırılması vasitələrinə malikdir. Hindistan həmçinin “nüvə triadası”nın üçüncü komponentini - nüvə silahının çatdırılması üçün sualtı vasitələri əldə etməyə çalışır. 2013-cü ilin avqustunda birinci hind atom sualtı qayığı olan“Arixant” işə salınıb və dəniz platformalarından “K-15” ballistik raketlərinin sınaqları həyata keçirilir. Bu raketlər “Arixant” atom sualtı qayığının silahlanmasına daxil ediləcək.

Hindistanın nüvə silahı sahəsində əldə etdiyi uğurlar isə qonşusu olan Pakistanı narahat edir. 1947-ci ildə müstəqilliyini əldə etməsindən sonra Hindistan və Pakistan arasında Kəşmir uğrunda mübarizə başlayıb. Ölkələr XX əsr boyunca böyük hərbi münaqişələrdə üç dəfə qarşılaşıb. Bundan daha çox isə lokal toqquşmalar baş verib. Hindistanla yanaşı Pakistan da raketlərini təkmilləşdirir.

Pakistan dünən “Xatf-VI” ortamənzilli ballistik raketin müvəffəqiyyətli məşq testlərini həyata keçirib. Bu raketlərdən həm adi, həm də nüvə silahlanmasında istifadə oluna bilər. Ballistik raketin şərti hədəfi isə ekspertləri çox təəccübləndirib. Hədəf Ərəb körfəzində olub. Pakistan Silahlı Qüvvələrinin strateji güclər komandanlığı general Zubayr Mahmud Xayat vurğulayıb ki, Pakistan heç bir təcavüzkar planlara malik olmayan sülhsevər ölkədir. O, pakistanlıları əmin edib ki, strateji güclər Pakistanı istənilən təcavüzdən müdafiə etməyə hazırdır.

Çinin hərbi mütəxəssisləri hazırda "Dunfen-41" (DF-41) yeni qitələrarası ballistik raket üzərində işləyir. Raket bölünən başlıqla təchiz ediləcək. DF-41 mobil kompleks təşkil edir və xarici görünüşü baxımından Rusiyanın “Topol” ballistik raketinə oxşayır. Raketin uçuş məsafəsi 10 min kilometrdən 14 min kilometrə qədər təşkil edir və 10 nüvə döyüş başlığı daşıya bilir. DF-41 Moskva və Vaşinqtonu təhlükə altında saxlayır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm