Amerikalıların qan donduran “dindirilmə üsulları” - DƏHŞƏT
Bizi izləyin

Dünya

Amerikalıların qan donduran “dindirilmə üsulları” - DƏHŞƏT

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) 2011-ci il 11 sentyabr hadisəsindən sonra məhbuslara tətbiq etdiyi işgəncə üsulları ilə bağlı hesabatda qan donduran detallar ortaya çıxıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, hesabat ABŞ Senatının kəşfiyyat komitəsi tərəfindən dünən açıqlanıb.

Terror aktlarında iştirakda və müxtəlif ölkələrdə gizli mərkəzlər yaratmaqda ittiham olunaraq həbs olunan məhbusların 180 saata qədər yuxusuz saxlanıldığı, başlarına çuval keçirilərək həbsxana dəhlizlərində çılpaq süründürüldüyü və uşaqlarını öldürməklə təhdid edildiyi məlum olub. Məhbuslardan birinin üzərində “Waterboarding” adı verilən işgəncə üsulunun ardıcıl olaraq 83 dəfə tətbiq olunduğu, çılpaq halda zəncirlənən digər bir məhbusun isə öldüyü ortaya çıxıb.

Senatın kəşfiyyat komitəsi 5 ildə 6,3 milyon sənədi araşdıraraq 6 min səhifəlik hesabat hazırlayıb. Senat, Ağ Ev və CIA arasında aylarla davam edən bazarlıqlardan sonra cəmi 480 səhifəlik hesabat yayımlanıb.

Sənədin 93 faizi senzurasız internetə qoyulub. Sənədin internetə qoyulan hissəsində belə CIA əməkdaşlarının adları və işgəncələrin həyata keçirildiyi ölkələrin adları qaralanılıb. Hesabatda CIA-nın “inkişaf etmiş dindirilmə texnikası” adını verdiyi, ancaq prezident Barak Obama da daxil olmaqla bir çox dövlət rəsmisinin “işgəncə” adlandırdığı üsullar detalları ilə izah olunub.

Hesabatda CIA-nın 11 sentyabrdan sonra həbs etdiyi 119 şəxsdən ən az 39-u üzərində tətbiq edilən dindirilmə üsulları ilə əlaqədar detallar aşağıdakılardır.

“Zindana bənzəyirdi”

Həbs olunanlar xüsusilə məhkumluğun ilk dövründə tamamilə qaranlıq, soyuq və kiçik otaqlarda zəncirlənərək tək saxlanılır. Bir CIA əməkdaşının “zindan"a bənzətdiyi həbsxanada həmişə səs-küy olub və yaxud da yüksək səslə musiqi çalınıb. İnsanlarla ünsiyyətdən tamamilə məhrum edilən məhbuslarda bir sıra psixoloji problemlər yaranıb.

CIA-nın dindirilmə üsulları vəhşi və əksər hallarda təşkilatın rəhbərliyinə məlum olduğundan daha pis imiş. Dindirilmə üsulları günlər, hətta həftələrlə təkrar tətbiq olunurmuş. CIA-nın iddia etdiyi kimi dindirilmə daha mülayim deyil, ən sərt üsullarla başlayıb. Həbs olunanlar ilk gündən yuxusuz və çılpaq saxlanılaraq dindiriliblər. Məhbuslar uzun müddət əlləri havada qandallı dayanmağa məcbur edilib.

Analarına təcavüz etmək…

2002-ci ilin noyabrında yarıçılpaq halda yerə zəncirlənilən məhbus soyuqdan ölüb. CIA-nın tətbiq etdiyi ən sərt işgəncə üsullardan biri “Waterboarding” olub. Bu işgəncə üsulu zamanı məhbusun ağzına parça yerləşdirilir və parçanın üzərinə su tökülür. Bu isə boğulmaya səbəb olur. CIA-nın ilk məhbusu Əbu Zübeydə 83 dəfə “Waterboarding” işgəncə üsuluna məruz qaldıqdan sonra tamamilə reaksiyasız vəziyyətə gəlib.

Məhbuslar bəzən 180 saata qədər oyaq saxlanılıb. Məhbuslar bu müddət ərzində ayaq üstə dayanmağa və əllərini başının arxasında saxlamağa məcbur edilib. Ən az 5 məhbusda yuxusuzluğa görə psixoloji problemlər yaranıb. Ən az 3 halda həkimlərin xəbərdarlığına baxmayaraq, CIA “dindirilmənin məhbusun sağlamlığından daha əhəmiyyətli olduğuna” qərar verərək işgəncəyə davam edib.

Bəzi məhbuslar buzlu su dolu qablarda saxlanılıb. CIA ən az 3 məhbusa ailələrinə zərər verəcəyini bildirərək təhdid edib. Məhbusa uşaqlarının öldürüləcəyini, anasının zorlanacağını, boğazının kəsiləcəyini demək bu təhdidlərdən bəziləri olub.

Buş hər şeyi 4 il sonra öyrəndi?

CIA qeydlərinə görə, təşkilat həmin dövrdə prezident olan oğul Corc Buşa dindirimə üsulları haqqında 4 il ərzində məlumat verməyib. 2006-cı ilin aprel ayında CIA direktoru 2002-ci ildən tətbiq olunan dindirilmə üsulları barədə ilk məlumatı verib. İddia olunur ki, CIA Ağ Evə davamlı olaraq səhv və yaxud da az məlumat verib. Dindirilmə üsullarının ABŞ dövlət katibi Kolin Pauel və müdafiə naziri Donald Ramsfeld kimi şəxslərdən də gizli saxlanıldığı deyilir. 2003-cü il iyul tarixli bir yazışmada “vəziyyəti öyrənəcəyi halda Pauelin əsəbiləşəcəyindən narahatlıq” ifadə edilir. Hesabat hazırlanarkən həmin dövrün rəhbərliyi ilə əlaqə saxlanılmayıb və CIA-nın daxili sənədləri ilə kifayətləniblər.

CIA-nın dindirmə üsulları kəşfiyyat məlumatlarını toplamaq üçün kifayət qədər təsirli bir üsul olmayıb. CIA-nın işgəncəyə məruz qoyduğu 39 məhbusdan yeddisi heç bir kəşfiyyat məlumatı verməyib. Əksinə, bir çoxları işgəncələr altında yalan məlumatlar verərək ABŞ Federal Tədqiqatlar Bürosu (FBI) və CIA tərəfindən aylarla mövcud olmayan təhdidlərin araşdırılmasına səbəb olub. Hesabata görə, 119 məhbusdan 39-u işgəncələrə məruz qalıb. Məhbuslardan ən az 26-ı günahsız olduğu halda saxlanılıb.

Həbs olunanlardan biri əqli qüsurlu olub. CIA-nın bu adamı həbs etməsinin yeganə səbəbi isə ailə üzvü barəsində ondan məlumat almaq olub.

CIA səhv işinə görə heç bir əməkdaşına cəza verməyib. Təşkilatın direktoru hesabatla bağlı “Belə qeyri-müəyyənliklərlə dolu bir işdə səhvlərdən qaçmaq mümkün deyil” deməklə kifayətlənib. CIA “inkişaf etmiş dindirilmə üsulları”nın işə yaradığını sübut etmək üçün Ağ Ev, Konqres və Ədliyyə Nazirliyinə əldə edilən kəşfiyyat məlumatları ilə bir çox terror hücumunun qarşısını aldığını söyləyib.

CIA dindirilmə proqramını o qədər gizli icra edib ki, Xarici İşlər Nazirliyi belə məhbusların hansı ölkələrdə və hansı gizli mərkəzlərdə saxlanıldığından xəbəri olmayıb. ABŞ səfirlərindən biri onun olduğu ölkədə dindirilmə mərkəzinin qurulması barədə razılaşma barədə sənəd imzalanandan sonra xəbər tutub. Bir başqa ölkədə CIA ölkə rəsmilərindən tələb edib ki, razılaşma barədə ABŞ səfirinə məlumat verilməsin.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm