Dünya
Novruzun gerçək mahiyyəti - ARAŞDIRMA
Ən qədim qaynaqların verdiyi məlumatlara görə, bəşəriyyətin ilk mədəniyyət və incəsənət elementləri - yazı, folklor, musiqi, poeziya, xalq teatrı, xalçaçılıq, sənətkarlıq, elmi-fəlsəfi biliklər, idman yarışları və s. məhz bu torpaqlarda təşəkkül tapıb.
Möhtəşəm mədəniyyət yaradan Azərbaycan xalqının dünya mədəniyyətinə
verdiyi misilsiz töhfələrdən olan Bahar bayramının mahiyyətini
anlamaq o qədər də çətin deyil. Çünk, zəmanəmizdə məqsədli şəkildə
bu bayramın təhrif edilməsi cəhdləri belə min illər boyu bu bayramı
yaşadan xalqların gen yaddaşından onun dəyişməz ənənələrini silə
bilməyib.
Son tədqiqatlara görə, yaşı 10 min ilə çatan bu bayramın ən yüksək
səviyyədə Azərbaycanda qeyd edilməsi Odlar Yurdunun ta qədimdən
yüksək sivilizasiya mərkəzi olduğunu təsdiqlən əsas
faktorlardandır.
Bəşəriyyətin ilk bayramı
Bahar bayramı haqda məlumatlara qədim Şümer mətnlərində, 10
min ilə yaxın yaşı olan ilk müqəddəs kitabda - Avestada, ilk
peyğəmbər Zərdüştün qatlarında, 5-6 min illik tarixə dayanan Dədə
Qorqud dastanlarında və digər qədim mənbələrdə rast gəlinir.
Şərqşünas alim Aida İmanquliyeva Novruz bayramını məzmun baxımından
şərti olaraq Mərkəzi Asiya, Ön Asiya və Şərqi Avropa olmaqla 3
qismə bölür. Mərkəzi Asiyaya Qazaxıstan, Sibir, Altay və
Şimal-Qərbi Çin türkləri - uyğurlar daxildir.
Bu ərazidə əhali kənd-kənd, oba-oba göy çəmənliklərdə, çay
kənarında toplaşır, çalır-oynayırlar. Qaranlıq düşdükdən sonra
tonqallar qalanır və üzərindən hoppanırlar. Bu günlərdə aşıqlar
xalq qarşısında çıxış edir, Novruz mahnıları, "Ergenekon", "Manas"
və başqa dastanlardan parçalar oxuyurlar.
Ön Asiya qisminə şərti olaraq Şərqi Anadolunu, Zaqafqaziyanı,
cənubi Azərbaycanı və Özbəkistanı daxil etmək olar. Bu ərazidə
bayramın keçirilməsində daha qədim ənənələr üstünlük təşkil
edir.
Şərqi Avropa ərazisinə daxil olan türklər - qaqauzlar, Krım,
Bolqariya, keçmiş Yuqoslaviya xalqları və başqaları Bahar bayramını
müxtəlif şənliklər, mahnılarla qarşılayırlar.
Bahəddin Ögəl "Böyük Hun İmperiyası"nda Çin mənbələrinə əsasən
yazır ki, hunlar miladdan əsrlərcə öncə 21 martda hazır yeməklərlə
ormanlara çıxar, bahar şənlikləri düzənləyərdilər. Eyni adətlər
hunlardan sonra uyğurlarda da olub.
Mifoloq-alim Seyfəddin Rzasoy qeyd edir ki, Novruz bayramının
tarixi təqribən 5-6 min il əvvələ gedib çıxır: "Alimlərimizin
tədqiqatlarına görə, qədim turanlılarda bizim indiki Novruz
bayramımızda olduğu kimi, Tura bayramı olub. Bu "tura" "törə"-
"yaranma" sözündəndir. Novruz bayramı insanın, təbiətin, kainatın
yaranış bayramıdır. Köhnə il ölür, yeni il doğulur: "Novruz bayramı
mərasimlərində "Kosam ikicanlıdır" ifadəsi işlədilir. Burada
"ikicanlı olmaq" Kosanın ilin obrazı kimi anlaşılmasıdır: mərasimin
ortasında Kosa ölür, hamı qışqırışır; Kosanın ölməsi-dirilməsi
əslində ilin ölüb-dirilməsi, təbiətin yenidən doğulması
deməkdir.
Əslində, bu təsəvvürlərin kökündə zamanın "ölüb-dirilməsi" durur.
İlin axır çərşənbəsində zaman qurtarır. Mifoloji təsəvvürlərdə
səthi zaman olmayıb. Novruz bayramında ilin olmaması, yəni konkret
rəqəmin dəqiq şəkildə göstərilməməsi əslində zamana mifoloji
münasibətdir. Aydın olur ki, burada yaşadığımız tarixi zaman
yoxdur. Novruz bayramı mifoloji zamanla bağlıdır və burada birinci,
ikinci, üçüncü, bir sözlə, illərin sıralanması yoxdur, burada cəmi
bir zaman var; o, ilin əvvəlində doğulur, böyüyür, qocalır, axırda
da ölür.
Bunun da əsasında mifologiyamızdakı ölüb-dirilmə haqqındakı
təsəvvürlər durur. Ölüb-dirilmə Novruz bayramında bütün
çalarlarıyla yaşayır. Xüsusilə kənd yerlərində qadınlar evdəki
köhnə şeyləri təzələyirlər: yorğan-döşəyi yuyurlar, divarları
ağardırlar, köhnə şeyləri atırlar.
Qabaqlar valideynlər balalarına nəsə təzə şey almaq istəyəndə bunu
mütləq Novruz bayramına salardılar. Bu, arxetipik şüurla bağlı idi:
yəni burada başdan-başa təzələnmə nəzərdə tutulurdu. Bu mənada
Novruzun əsas mahiyyəti təzələnmə, yeniləşmə bayramıdır. Novruz
bayramının həmin ritualları indi də yaşayır".
Şumerlərdə Novruz izləri
Tədqiqatçı-jurnalist Aydın Mədətoğlu öz araşdırmasında
yazır: "Bahar bayramı ilə bağlı tarixə bəlli ilk yazılı mənbə 5000
il bundan öncə yaşamış Kəngərlərə - Sumerlərə aiddir. Kəngərlər
insanlıq tarixində ilk dəfə olaraq çivi yazısını icad etmiş, insan
uyqarlığının təməl daşını atmışlar. Bahar bayramının mərasimləri və
fəlsəfəsi haqqında ilk məlumat da onlara aiddir.
Şumerlərin oraya şimaldan - Azərbaycan ərazilərindən köçüb gəldiyi
və dillərinin də türk dili ilə eyni dil qrupuna aid olduğu artıq
Şumerşünas alimlərin demək olar ki, hamısı tərəfindən qəbul
olunub.
Bəllidir ki, bayramlar da ilk olaraq dinlə bağlı meydana çıxıb.
Şumerlərin dini inancları kimi onların bayramları da türk
mifologiyasındakı bayramlar arasında bənzərliklər var. Həm
Şumerlərin və həm də türklərin mifologiyasındakı bayramların ən
önəmlisi Bahar bayramıdır.
Əslində Bahar bayramının fəlsəfəsinin özü "Yenidən doğuşdur".
Şumerlər Bahar bayramına "Akitil" demişlər ki, sözdəki "Til" sözü
"Yaşamaq, yenidən doğulmaq" anlamına gəlir. Akkadlar buna "Akitu"
adı veriblər.
Məşhur alim Beqmırad Gəray özünün məşhur "Türkmənlər- Şumerlər"
adlı əsərində göstərir ki, "Akitil" sözündəki "Til" sözü türk
dilindəki "Diri", "Ki" sözü isə ""Kır" sözü ilə eyni kökdəndir.
Şumerlərdə yalnız ruhanilər tərəfindən keçirilən bayramlardan
fərqli olaraq, bütün xalq tərəfindən keçirilən ən təntənəli
bayramlardan biri Bahar bayramı "Akitil" idi. Bu bayramda şənliklər
bütün gün boyu davam edər, sonda Tanrı ilə Tanrıcanın toy-düyünü
ilə başa çatardı. Bayram günlərində müğənnilər, ozanlar şən
mahnılar söyləyər, çalardılar".
"Novruz" sözü çox sonralar yaranmış bir fars kəlməsi olsa da, onun
varlığı, bütün xüsusiyyətləri və xalq içərisində bir adət-ənənəyə
çevrilməsi farsların tarix səhnəsinə çıxmasından çox-çox əvvələ
aiddir.
A.Mədətoğlu öz tədqiqatında yazır: "Hələ farslar bu bölgəyə
gəlməmişdən çox-çox qabaq bu bayram yazın başlanğıcı kimi,
Azərbaycan xalqları tərəfindən qeyd edilmişdir. Birinci Sasani Şahı
Ərdəşir Babəkan zamanından başlayaraq, fars şovinistləri Azərbaycan
xalqının bütün müsbət və yararlı ənənələrini, o cümlədən də Novruzu
özününküləşdirməyə çalışmış, lakin buna tam nail ola bilməmişdir.
Çünki xalqımızın folklorunda klassik və müasir yazarların bədii
əsərlərində, əfsanə və miflərində, məişətində bu bayram elə bir
dərin iz buraxmışdır ki, nə qədər saxta tarixlər yazılsa da, nə
qədər qadağalar qoyulsa da, onu bizim ruhumuzdan çıxarmaq mümkün
olmamışdır".
Novruzun vətəni Azərbaycandır
Amazonların ilk qafqazlı tədqiqatçısı Nuridə Atəşi Novruzun
tarixini Avestadan da, hətta Şumerlərdən də öncəki minilliklərə
aparıb çıxarır: "Amazonların Qafqazda Ana xaqanlığı yaratdıqları
zaman təxminən e.ə. 8-10 min illiklərdə təssərüfatla, əkinçiliklə
məşğul olan qədim ulularımız yazda 3 (bəzi mənbələrdə 2 ay)
dağlardan enərək Qarqar düzündə (Qarabağda) qarqarlarla baharın
gəlişini bayram edirdilər.
Qafqaz və Azərbaycanın ərazilərindən tapılmış daş və sümük toxalar,
daş dişli sümük oraqlar dənli bitkilərin ən qədim əkin yerlərinin
Qafqaz olmasını göstərir. Qarqarlar təpəsində buğda dənəsinin
izlərinə rast gəlinməsi, Qazax-Axstafa ərazisindəki Şomutəpədən,
Töyrətəpədən və Baba Dərvişdən tapılmış 5-6 min il öncəyə taxıl
dənləri, Qarqarlar təpəsində e.ə 5-4-cü minillərə aid edilən buğda
dənəsi, Gürcüstandakı İmiris dağında qara məsgəndən e.ə. 5-4
minillərə aid amazon qadın heykəlciyinin qarnında sünbül işarəsi,
Qobustan qaya rəsmlərində biçin prosesini göstərən hətta sünbül
rəsmlərini ayırd edən qaya rəsmləri, "Yallı" rəqsi bu gün də tonqal
ətrafında əl-ələ tutaraq edilən "Yallı" rəqsinin orada od yeri,
tonqal yeri Novruzun açılmamış yeni səhifələridir.
Amazonların ilk tarixi mədəniyyətləri haqqında ilk kitab yazan
Vyanalı tədqiqatçı Sir Galahat "Analar və Amazonlar" kitabında
yazır: "Hər yaz açılanda bir prinsip olaraq amazonlar qonşu tayfa
ilə evlənməyə başlayırlar".
Yunan tarixçisi Plutarx yazır: "Midiyalılarda buğda çox müqəddəs
hesab edilir. Yazın əvvəllərində midiyalılar buğdanı cücərdirlər.
Bu Omani adlanır".
Qərbi hindistanlıların danışdıqları qədim sanskrit dilində Omani
Sumani adlanır ki, bu da buğda kəlməsi ilə eyniləşir. Bu kəlmə
dilimizdə Səməni adlanaraq Novruzun rəmzinə çevrilib. Yeri
gəlmişkən, hər il yazda Hindistanda da Novruza oxşar kütləvi
şənliklər keçirilir.
Bütün bu adətləri Amazonlar getdikləri hər yerə aparıblar.
Amazonların yaşamış olduqları bütün torpaqlarda bu gün Novruzun
keçirilməsi heç də təsadüfi ola bilməz. Onların Qafqazdan baş alıb
Qara dəniz sahilləri, Kiçik Asiyaya, Trakya, Suriya, Ərəbistan və
Misirə axınları və məhz bu ölkələrdə bu gün də Novruzun bayram
edilməsi məhz amazonların tarixi ilə onların irsi ilə bilavasitə
qırılmaz tellərlə bağlıdır.
Böyük İskəndərin son Amazon olan Tallestrisin (N.Gəncəvi onu Nüşabə
adlandırıb) görüşünə məhz bu ölkədə keçirilən ən önəmli bayram
hesab edilən Bahar bayramının keçirildiyi gün gəlməsi bu müqəddəs
bayramı bütün Şərq dünyasına bağışlayan ulu Qafqaz və Azərbaycan
olduğu bir daha sübut edir.
Tədqiqatçıların çoxu Şərqin böyük hissəsində qeyd edilən Bahar
Bayramının vətəninin Azərbaycan olduğunu vurğulayırlar. Bu bayramın
dünyaya məhz buradan yayıldığı ehtimalı son dərəcə yüksəkdir.
İlaxır çərşənbə - "Danatma"
Günəşi qarşılamaq mərasimi...
Novruz gününə Hürmüz günü, yəni, Tanrı günü deyilərdi.
Tanrı gününə hazırlaşan insanlar çərşənbələrdə 4 müqəddəs ünsürlə -
su, od, hava və torpaqla pak olma mərasimləri keçirər, ruhu ilə
bərabər öz vücudunu da təmizləyərdi. Axırıncı - ilaxır çərşənbə
gecəsi ən əziz çərşənbə hesab olunur. Bu cərşənbə Danatma adlanir.
Həmin gecə hec kim yatmaz, çillə keçirər, Ulu Danı - müqəddəs
Günəşi qarşılayardı.
Əski inanca görə, sonuncu çərşənbə gecəsi bir-birindən aralı
düşmüş, su ilahəsi Anahıt və güc ilahəsi Tiştriya təzədən görüşür
və bir-birinə qovuşurlar. Bu gecə vüsal gecəsi, insanın Tanrıya öz
sevgisini göstərmək gecəsidir. Qədimdə həmin gecə insanlar bir yerə
yığışar, sözlə-sazla Tanrını mədh edərdilər.
Yazqabağı rituallar maddi dünyanın yaranmasında iştirak edən 4
müqəddəs ünsürlə - su, od, hava, torpaqla bağlıdır. Bu, dolayısı
ilə insanların Uca Tanrıya ehtiramı və yaradılışa görə Ona
minnətdarlığıdır.
Azərbaycanda müqəddəs ilaxır çərşənbələri adı ilə keçirilən
mərasimlər barədə ən qədim mənbələr məlumat verir. Müasir
araşdırmalara görə, Bahar bayramı dünyanın ən qədim bayramı olmaqla
köklü dini-fəlsəfi ehkamlara söykənib. Ərəb əsarəti, fars istilası
dönəmlərində xalqımızın bir sıra qədim adət-ənənələrinə,
dini-fəlsəfi biliklərinə mövhumat donu geyindirib yaddaşlardan
silməyə cəhd edildiyi üçün Novruz və onun ilaxır çərşənbələrinin
gerçək mahiyyəti folklorşünasların və etnoqrafların diqqətindən
kənarda qalmışdı.
Əsrlər boyu düşmənlərimiz bu xalqın mədəniyyətinə, mənəviyyatına və
tarixinə balta çalmağa çalışmış, onun gen yaddaşını belə itirməyə
cəhd etmişlər. Amma bütün bunlara baxmayaraq, bu bayram Azərbaycan
xalqının gen yaddaşında minillər boyu yaşadı və itirilmədi. Bu gün
Novruz mərasimləri qədimdə olduğu kimi, ümümxalq bayramı kimi qeyd
olunur. Azərbaycan xalqı isə bu bayramı ən əziz və müqəddəs bayram
kimi çox yüksək səviyyədə qeyd edirlər.
Novruz mifoloji, kosmoqonik və
astronomik biliklərə əsaslanır
Məlumdur ki, 4 müqəddəs ünsürdən başqa, həm də Günəşə
yüksək ehtiram bildirilir. Günəş qədim türk-ari sivilizasiyasının
müqəddəs saydığı və Tanrının dünyanı yaratdığı zaman insan oğluna
bəxş
etdiyi ən vacib səma cismidir. Ona görə də 4 müqəddəs ünsürə həsr
olunan çərşənbələrdən sonra Böyük Bayram- Novruz gecəsi olurdu və
gecəylə gündüzün tam bərabərləşdiyi bu gün həm də Günəşə həsr
olunurdu.
Novruz bayramının nəyə görə məhz martın 21-də qeyd olunması çox
mətləblərə aydınlıq gətirir. Avestaya görə, Zərdüşt Peyğəmbər də
məhz martın 21-i gecesi doğulub. Məhz bu gün astronomik təqvim ili
başlayır. Bu fakt sübut edir ki xalqımız ta qədim zamanlardan
yüksək kosmoqonik və astronomik biliklərə, kainat haqda
təsəvvürlərə malik idi. Elm isə yalnız son əsrlərdə sübut edə bilib
ki, gecə-gündüz bərabərliyi və təbii qüvvələrin tam oyanması məhz
həmin gecə baş verir.
Bu haqda qədim biliklər və belə dəqiqlik yalnız heyrət doğura
bilər. Dünyanın ən qədim müqəddəs bayramını yaradan, Tanrının və
Təbiətin şəninə keçirilən mükəmməl mahiyyətli mərasimləri
reallaşdiran, bunu minillər boyu yaşadan bir xalqın övladı olmaqla
fəxr etməyə dəyər.
Görkəmli tarixçi və filoloq alimlərimiz Mirəli Seyidov, Elməddin
Əlibəyzadə, Baloğlan Səfizadə və başqaları Novruzun mənşəyini
çox-çox qədimlərə bağlayaraq qeyd edirlər ki, bu mərasimlər qədim
dini biliklərə və yüksək mədəniyyətə əsaslanır və Tanrıya ibadət
rituallari kimi keçirilirdi.
Novruzun mahiyyəti əslində, qondarma tarixçilərin dediyi kimi təkcə
təbiətin oyanmasindan ibarət ola bilməz. Çünki tarixi faktdır ki,
xalqımız ta qədimdən zəngin dini-fəlsəfi bilklərə və tək Tanrıçılıq
təliminə sahib olublar. Ona görə də, xalqın ən böyük və müqəddəs
bayramı da məhz bu faktorların əsasında formalaşa bilərdi. Avestanı
öyrənəndə bu qənaətə gəlmək asan olur.
Novruz bayramı zərdüştlükdən də qədim tarixə dayansa da, Zərdüşt
dini ilə sıx bağlı olub və bu bağlılıq "Avesta"da da əks olunub.
Bu, həm də təbiətin və insanın yaranma bayramı, Zərdüştün doğum
bayramı, işığın - Ahuramazdanın qaranlığa - Əhrimənə qələbə bayramı
və nəticədə günlərin (işığın) uzanması bayramıdır.
Tanrıya həsr olunmuş ən qədim bayram
Qədim ari sivilizasiyasına mənsub xalqlar Bahar bayramında və onun
4 ünsürə aid edilən çərşənbələrində ocaqlar yandırar, Tanrının ən
güclü maddi enerjisı saydıqları Odun vasitəsilə Tanrıya Onun öz
nemətlərindən qansız qurbanlar verərlərmiş. (Bu sətirlərin
müəllifinin bayramın bu əsas elementi - Odun vasitəsilə Tanrıya
qansız qurban mərasimi ilə bağlı Tovuzda səhnələşdirərək çəkdiyi
qısametrajlı televiziya filminə buradan baxa bilərsinis-
http://www.youtube.com/watch?v=29DDcVA5o2c)
Bayram mərasimlərində Tanrını vəsf edən mərasim nəğmələri oxunar,
məbədlərdə böyük bayram tədbirləri keçirilərmiş. İmkansızlara
yardlm edilər, küsülülər barışar, yurdda sülh və əmin-amanlıq hökm
sürərmiş.
Fikrimizcə, bu mərasimlər ən qədim inancların, Tanrıya saf qəlbdən
tapınmanın əyani nümayişi olaraq, maddi təbiətin 4 ünsürünün insan
həyatında oynadığı əvəzedilməz rolun layiqli qiymətləndirilməsinə
xidmət edir. Məhz bu səbəbdən 4 çərşənbənin hərəsi təbiətin bir
ünsürünə həsr olunarmış.
Su, Od, Torpaq və Yel çərşənbələrində insanlar bu ünsürlərin
vasitəsilə ruhi cəhətdən təmizlənərmişlər. Məsələn, Od
çərşənbəsində odun üzərindən tullanmaqla, su çərşənbəsində saf su
ilə yuyunmaqla, torpaq çərşənbəsində həyətdə lağım qazıb içindən
sürünərək keçməklə, yel çərşənbəsində isə açıq havada çox gəzməklə
təmizlənərmişlər.
Od çərşənbəsində insanlar səhər tezdən hündür bir təpənin üstündə
tonqal qalayar və həmin tonqalın dövrəsinə toplaşaraq Günəşin
doğmasını gözləyərmişlər. Elə ki, Günəş doğdu, hamı xorla təbiətin
bu "odlu qızı"nı salamlayan "Qodu xan" nəğməsini oxuyar, tonqalın
başında dövrə vurar, sonra da hərə öz məşəlini yandırıb ocaqlarını
alışdırmaq üçün evlərinə tələsərdilər. Tonqalın başına fırlandıqca
oxuyarmışlar:
Ey Qodu xan, Qodu xan,
Yandır bizim odu, xan!
At üstə qod gətir,
Ulusa od gətir
Sözü bal, Qodu xan,
Özü al Qodu xan.
Torpaq çərşənbəsində həm də qəbiristanlıqlara və müqəddəs yerlərə
ziyarətə gedir, ata-babaların əziz ruhunu şad etmək və ehtiram
bildirmək üçün məzarların üzərinə bayram payı düzülür, ətrafında
məşəllər və şamlar yandırılır. Bu cür səhnələr bizə Dədə Qorqud
dastanlarından tanışdır. Amma təəssüf ki, bəzi qədim rituallara
indi az yerdə təsadüf olunur.
Müqəddəs günlərin çərşənbə axşamı seçilməsinin isə mahiyyəti bundan
ibarətdir ki, qədim türk dini-fəlsəfi biliklərinə əsasən, Tanrı
dünyanı yaradanda həftənin ilk günündə hazırlıq işlərini görmüş,
ikinci gün (çərşənbə axşamı) yaratmağa başlamışdı: üçüncü gün su,
dördüncü gün od, beşinci gün torpaqla bağlanan varlıqları yaratmış;
altıncı gün yaranışların hamısına ruh (can) vermiş, yeddinci gün
isə istirahət etmişdi. Bu inama görə, bütün İlahi yaradıcılıq
işlərinin bünövrəsinin qoyulması çərşənbə axşamına düşür.
Türklərdən fərqli olaraq ərəblərdə ən uğurlu gün cümə axşamı,
xristianlarda isə İisus Xristos dirilən gün - bazar günüdür.
Mənəviyyat və humanizm bayramı
Novruzun nə dərəcədə sülh, humanizm, mərhəmət bayramı
olması onun süfrəsindən də aydın olur. Novruz süfrəsində ət
yeməkləri olmamalıdır - yəni, qan tökülməməli, heç bir canlı qida
məqsədilə öldürülməməlidir. Bu bayramda nəinki insanlar daha
mehriban olmalıdır, həm də heyvanlara qarşı mərhəmət
göstərilməlidir.
Novruzun öz spesifik süfrəsi var. Burada əsasən bitkilərdən
hazırlanmış 7 növ qida məhsulu süfrəyə verilir. Bu yeməklərin şahı
təbii ki xalqımızın kulinariyasında ən dəyərli yemək sayılan aşdır.
Novruz aşı xüsusi formada müxtəlif meyvə qurularından ibarət qara
ilə bəzədilir və ətrafına şamlar düzülür. Bundan əlavə, hər evdə
Novruz xonçası hazırlanır. Bu xonça xeyli çesiddə meyvələr,
şirnilər, qoz-fındıq boyanmış yumurtalar və s. nemətlərlə
bəzədilir, kənarında şamlar yandırılır.
Yeri gəlmişkən, yumurta həyat rəmzi sayılır və onun boyanması
həyatın çalarlarına işarədir. Novruz xonçası düz süfrənin ortasına
qoyulur. Xonçanın mərkəzində isə bu bayramın əsas atributlarından
biri olan Səməni olur. Səməninin şər qüvvələri evdən qovduğuna və
şadlıq gətirdiyinə inanan xalqımız onu süfrənin ən şərəfli yerində
qoyur. Səməninin ta qədimdən bəri Azərbaycan xalqının müqəddəs rəng
hesab etdiyi qırmızı rəngli sarğı ilə əhatələnməsi də təbiidir.
Qırmızı Tanrıya sevginin, müsbət enerjinin, xeyir quvvələrin və
toy-bayramın rəngidir.
Çox təəssüf ki, minilliklər keçdikcə bəzi qədim bayramlarımız və
digər mədəniyyət elementlərimiz unudulub, yaddan çıxıb. Məsələn,
oktyabrın 8-i Xvarna (bolluq-bərəkət) bayramıdır, amma bu bayramı
çox təəssüflər olsun ki, hazırda qeyd etmirik.
Professor Azad Nəbiyev deyir ki, bayramlar xalqın ritual və mərasim
folklorunun ən əsas göstəricisidir. 40-a yaxın bayramı olan
xalqımızın tamam unudulmuş mərasimləri də var, unudulmaqda olanı
da: "Hələlik milli bayramlarımızın 3 tipindən danışmaq mümkündür.
Birincisi, mövsüm mərasimləri, yəni, əmək həyatının başlanması,
ilin fəsilləri ilə bağlı keçirilən bayramlardır. İkincisi, məişət
həyatını əks etdirənlərdir, üçüncüsü isə dini bayramlardır.
Birinci qrupa daxil olan bayramlar əsasən, Xıdır Nəbi ilə başlayıb
Gül, yaxud Güləkən bayramı ilə başa çatır. 20-yə qədər belə
bayramların ən böyüyü Novruzdur. Xıdır Nəbi bayramı türk
tayfalarının bir sıra başqa bayramları kimi bolluq, firavan yaşayış
etiqadları ilə bağlı meydana gəlib. Bu bayramda əski inanclarımız,
ulu əcdadlarımızın təbiətin müqəddəs ünsürləri ilə bağlı mifik və
yarımmifik dünyagörüşü əks olunub. Həmin bayramda təbiətin müqəddəs
ünsürlərinə inam və etiqad əks olunur".
Bütün bu bayramların, adət-ənənələrin zirvəsində qədimliyimizi,
ucalığımızı, idrakımızın ənginliyini, ruhumuzun bütövlüyünü özündə
yaşadan Novruz bayramı durur. Novruzda Zərdüştlükdən gələn xeyirin
şər üzərindəki qələbəsinə inam yaşayır, təsdiq olunur. Yəni,
Tanrının xeyir və şər enerjisi arasındakı mübarizədə hansı tərəfin
qalib gəlməsi insanların özündən asılıdır.
Səməd Vurğunun kəndində
ən unikal Novruz mərasimləri
Bahar bayramının atrubutları da zəngindir - "Atıl-Batıl",
"Kosa-kosa", "Yeddiləvin", "Səməni",
"Cıdır", "Od qalama və üstündən atılma", "Axar su başına getmə və
su üstündən atılma", "Evə təzə il suyu gətirmə", "Qulaq falına
çıxma" və s. kimi adətlər bu gün Azərbaycanda və digər yerlərdə
yaşadılmaqdadır.
Novruz insanları azı 1 ay xoş əhval-ruhiyyədə və həm fiziki, həm də
ruhi cəhətdən təmiz formada saxlayır. Çərşənbələrdə hamı bir-birinə
pay-püsk aparır, qonaq gedir, bayramlaşırlar. Bu ay ərzində ancaq
xoş sözlər danışır, xeyir işlər görülür, küsülülər zorla olsa da,
barışdırılır.
İnsanlar çərşənbə və böyük bayram axşamı məşəllərlə və toy-bayramla
çöllərə çıxır, elliklə gəzinti keçirir, şənlənirlər. Cavanlar
evlərin qapısına papaq atırlar, ev yiyəsi də onların bayram payını
qoyur papağın içinə. Bu bayramda qapı pusma, səhərədək çillə
keçirilməsi və s. zəngin adət-ənənələr var ki, saymaqla
qurtarmaz.
Kosa, bahar qız və keçəlin ifasında nümayiş etdirilən tamaşalar isə
dünyanın ilk xalq teatrıdır, təbiət hadisələrinin
dramatikləşdirilmiş formada səhləşləşdirilməsidir.
Maraqlı bir məsələ də Novruz deyimləri ilə bağldır.
Dərvişlər, ay dərvişlər
Haqq üzünü görmüşlər
Verin bizim payımızı
Aparaq verək ustada
Ustad yesin ad eləsin
Tanrı sizi şad eləsin.
Təkcə bu bənd göstərir ki, ta qədimdən Tanrı aşiqləri adlanan
dərvişlər diyar-diyar gəzib Tanrıya sevgi təbliğ edər, insanlara
ruhi biliklər bəxş edər, məbədlərdə ibadət və elmlə məşğul olan
ustadlara - maqlara xalqdan bayram payı aparırlarmış. Ustad bu payı
qəbul edib ad verirmiş. (Burada Dədə Qorqud dastanı yada duşur.)
İnama görə, ruhani ustadı sevindirməyə və ona xidmətə görə Tanrı o
pay sahibini şad edərmiş.
Yeri gəlmişkən, hazırda Novruzun ən qədim koloritləri, zəngin
adət-ənənələri ilə birlikdə keçirilməsinə Səməd Vurğunun doğulduğu
kənddə - Qazax rayonunun Yuxarı Salahli kəndində rast gəlmək olur.
Bahar bayramı martın 21-dən 22-nə keçən gecə bu kənddə o qədər
maraqlı adətlər və zəngin ənənələrlə keçirilir ki, sanki qədim
dövrlərə düşmüsən. Hər il buraya ölkəmizin hər yerindən qonaqlar
gəlir ki, bu gecəni canlı seyr etsinlər.
Sovet dövründə Novruz
bayramı qadağan imiş?
Novruz bayramı Azərbaycanda ilk dəfə Sovet hakimiyyəti
zamanı rəsmi dövlət bayramı elan edilib. Belə ki, Sosialist
Respublikanın banisi Nərimanovun təşəbbüsü ilə ilk dəfə Novruz
bayramı 1921-ci ildə dövlət səviyyəsində qeyd edilərək həmin gün
qeyri iş günü elan edilib.
1931-ci ilə kimi Novruz Azərbaycanda dövlət bayramı kimi qeyd
edilib və yalnız sözügedən tarixdən sonra rəsmi dövlət bayramları
siyahısından cıxarılılıb. Ermənilərin davamlı təbliğatı ilə bunu
dini bayram kimi göstərirdilər, o üzdən SSRİ öz ideologiyasının
ziddinə gedib dini bayramı dövlət bayramı kimi rəsmiləşdirə
bilməzdi. Lakin sonradan xalqımızın qeyrətli oğulları, xüsusiən də
Şıxəli Qurbanov bunun belə olmadığını sübut edə bildi və Bahar
bayramı yenidən dövlət səviyyəsində keçirildi.
Müəyyən müddət dövlət bayramı kimi keçirilməsə də, xalq bu bayramı
həmişə açıq şəkildə, hec kəsdən gizlətmədən qeyd edilib...
Novruz bayramı ari sivilizasiyasına məxsus elə zəngin xəzinədir ki
bəşəriyyətə bundan qədimi və bundan möhtəşəmi hələ məlum deyil.
YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınan bu bayram
Yaradılış, İnsanlıq, Mənəviyyat, Sülh və Humanizm bayramı kimi
dünya xalqlarının mədəniyyət xəzinəsində ən önəmli yerini
saxlayır.
Elçin Bayramlı
Publika.Az
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."