• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Putinin ümidsizliyi: Lukaşenko və Nazarbayev üzə durur

  • Dünya
  • 7 Yanvar 2015 12:31
  • 660 Baxış
Putinin ümidsizliyi: Lukaşenko və Nazarbayev üzə durur

Avrasiya İqtisadi İttifaqı 2015-ci ilin 1 yanvar tarixindən rəsmən fəaliyyətə başlayıb. Hazırda ittifaqa dörd post-sovet ölkəsi – Rusiya, Qazaxıstan, Belarus və Ermənistan daxildir. Qərbdə hesab edirlər ki, Kreml Avrasiya İqtisadi İttifaqı adı altında “Yeni SSRİ”ni bərpa etmək və ən azından Avropa Birliyinə alternativ yaratmaq niyyətindədir. Amma Qərb Putinin layihəsindən əvvəlki kimi narahat deyil.

Publika.az xəbər verir ki, Almaniyanın “Die Welt” nəşri hazırkı situasiyada Qərbin bir qədər rahat görünməsinin əsassız olmadığını düşünür.

Hazırkı situasiyanın nədən ibarət olmasına gəlincə, məsələ ondadır ki, Rusiya bir il əvvəlki Rusiya deyil. Putindən isə artıq bir il əvvəlki sərt və hədələyici bəyanatlar eşidilmir. Rusiya liderinin ötən ilin dekabrın 18-də keçirdiyi illik mətbuat konfransını şərh edən Qərb, eləcə də Rusiyanın özünün analitikləri Putinin olduqca çarəsiz və gələcəyə ümidsiz göründüyünü bildiriblər.

Almaniya nəşri “Die Zeit” Putinin iddialarının uzagörən olmadığını əsaslandırmaq üçün Avrasiya İqtisadi İttifaqı ilə Avropa Birliyi ölkələrinin ümumi daxili məhsulun həcminə diqqət yetirir: “Avrasiya İqtisadi İttifaqının ən böyük ölkəsi olan Rusiyada ümumi daxili məhsulun həcmi 2 trilyon dollar, əhalinin sayı 140 milyondur. Belarusda 9,5 milyon insan yaşayır və ümumi daxili məhsul 72 milyard dollar təşkil edir. Qazaxıstanın əhalisi 14 milyon, ümumi daxili məhsul 178 milyard dollardır. Son anda Avrasiya İqtisadi İttifaqının xeyrinə Avropa Birliyindən imtina edən Ermənistanda 3 milyon insan yaşayır və ümumi daxili məhsulu 10 milyard dollar təşkil edir. Putinin layihəsinin əhalisi Avropa Birliyi sakinlərinin hətta üçdə birini təşkil etmir. Avrasiya İttifaqının iqtisadiyyatı isə Avropa iqtisadiyyatının altıda bir hissəsidir”.

“Ukraynanın quruma birləşməsi Putin üçün ən yaxşı hədiyyə ola bilərdi. Ancaq Putinin bunun üçün etdiyi bütün cəhdlər uğursuzluqla nəticələndi", - məqalədə deyilir.

Ancaq məsələ yalnız ittifaqın əhalisi və ümumi daxili məhsulun az olmasından getmir. Qurumun bütün göstəricilər üzrə Avropa Birliyindən geridə qalacağı Putinə hələ illər əvvəl məlum idi. Məsələ bundadır ki, Ukrayna böhranı Rusiyanı çox ciddi imtahan qarşısında qoyub və son bir il Putin üçün “qara il” olub. Rusiyanın azalan iqtisadi gücü, əriyən valyuta ehtiyatları onun əsas müttəfiqləri sayılan Belarus və Qazaxıstanda ittifaqın gələcəyi barədə şübhələr oyatdı. Həm Belarus prezidenti Aleksandr Lukaşenko, həm də onun qazax həmkarı Nursultan Nazarbayev artıq fərqindədirlər ki, Qərb böyük iddialarla geosiyasi və geoiqtisadi arenada yer tutmağı hədəfləyən qurumu istənilən vəziyyətə salmaq iqtidarındadır. Necə ki, hazırda maliyyə və enerji bazarında Rusiyanın başına istənilən oyunlar açılır. Belarus və Qazaxıstan prezidentləri yeni birləşmədə Vladimir Putinin vassalı olmaq istəmirlər. Nə Qazaxıstan, nə də Belarus Rusiyanın Qərbə cavab sanksiyalarını dəstəkləmədi. Bundan başqa, Belarus lideri Krımın zəbt edilməsinə qarşı çıxış etdi və hətta Rusiyaya öz ərazisinin çox hissəsini Monqolustana verməyi təklif etdi.

Nursultan Nazarbayev də Ukraynaya qarşı hərbi təcavüzü dəstəkləmədi. Baxmayaraq ki, Astananın Moskvadan ehtiyatlanması üçün səbəbləri var. Kreml Qazaxıstanla bağlı da gözlənilmədən qərar verə bilər. Təsadüfi deyil ki, Putin qazaxların heç vaxt dövlətlərinin olmadığını bildirib. Bundan başqa, Kreml Krımın ilhaqını Ukraynada rusdilli əhalinin müdafiəsi ilə əsaslandırdı. Qazaxıstanda isə ruslar əhalinin üçdə birini təşkil edir. Nazarbayevin ittifaqda siyasi inteqrasiyanın olmayacağın vurğulaması da Astananın narahatlığından xəbər verir. Öz növbəsində prezident Nazarbayev SSRİ-nin canlandırılmasını dəstəkləyənləri “ağılsız” adlandırdı.

Beləliklə, Putinin indiki Avrasiya İqtisadi İttifaqı Avropa Birliyi ilə rəqabət aparmağa qadir deyil. Ancaq Almaniya nəşri qeyd edir ki, Ukrayna münaqişəsinin həlli ittifaqı Avropanın iqtisadi partnyoru edə bilər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR