Avropa “Türk axını”na qarşı “müharibə”yə başlayır
Bizi izləyin

Dünya

Avropa “Türk axını”na qarşı “müharibə”yə başlayır

Avropa Komissiyası “Türk axını” qaz kəməri layihəsi ilə bağlı araşdırmalara başlaya bilər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəqabət məsələləri üzrə komissarı Marqaret Vestqaqer bildirib.

Araşdırmalar Rusiyanın “Qazprom” şirkətinin Avropa ölkələri ilə danışıqlarının öyrənilməsini əhatə edəcək və layihənin Avropa Birliyinin anti-inhisar qanunvericiliyinə uyğunluğu yoxlanılacaq.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ötən ilin dekabr ayında Türkiyəyə etdiyi səfərində “Cənub axını” layihəsindən imtina edib. Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla apardığı müzakirələrdən sonra Türkiyə üzərindən çəkilməsi planlaşdırılan “Türk axını” layihəsini elan edib. Bu layihə Avropada enerji kartlarını alt-üst edir və o cümlədən Azərbaycanda yaxından izlənilir. Çünki Azərbaycanın “Şahdəniz-II” yatağından hasil olunacaq qaz da TANAP kəməri ilə Türkiyənin Yunanıstanla sərhədinə, oradan isə TAP kəməri ilə Avropanın cənubuna nəql edilməlidir.

Türkiyə üzərindən Yunanıstana keçəcək qaz kəmərinin Makedoniya, Serbiya, Avstriya və Macarıstana qədər uzadılması nəzərdə tutulur. Yunanıstan və Serbiya hesab edir ki, “Türk axını” layihəsində iştirakı onlara Rusiya qazını endirimli qiymətlərlə almağa imkan verəcək.

“Qazprom” 2019-cu ildən başlayaraq, təbii qazı “Türk axını” ilə Cənubi Avropaya çatdıracağına söz verir. Hazırda Rusiya qazının əsas ixrac marşrutu Ukraynadır. Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç Rusiya mediasına açıqlamasında bildirib ki, Avropada “Türk axını” layihəsinin tikintisi iqtisadi baxımdan məqsədəuyğun hesab olunmur. Avropa ölkələrinin qaz təminatında onilliklər ərzində Ukrayna marşrutundan istifadə edildiyini deyən Şefçoviçin sözlərinə görə, Avropa Komissiyası qaz nəqliyyat sisteminin islahatı ilə bağlı Kiyevlə işləyir. O, qeyd edib ki, Ukraynanın “Naftoqaz” şirkəti etibarlı partnyor ola biləcəyi barədə zəmanət verib.

Qeyd edək ki, Avropa Birliyi Rusiyanın “Cənub axını” qaz kəmərinin tikintisini dayandıraraq Türkiyə istiqamətinə eyni gücdə “Türk axını” qaz kəməri çəkmək planlarına inanmadığını hələ ilin əvvəlində bəyan edib. Maroş Şefçoviçin sözlərinə görə, Moskvanın Ukraynadan yan keçməklə Türkiyədən yeni qaz kəməri çəkmək planları işləməyəcək. M.Şefçoviç deyib ki, plana görə, “Türk axını” kəməri ilə Türkiyənin Yunanıstanla sərhədinə ildə 63 milyard kubmetr qaz nəql edilməlidir. Bu həcmdə qaz isə Türkiyənin və Cənub-Şərqi Avropa ölkələrinin illik tələbatından çoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm