"İcbari tibbi sığorta ilə bağlı pilot layihələr davam edəcək"
Bizi izləyin

İqtisadi gündəm

"İcbari tibbi sığorta ilə bağlı pilot layihələr davam edəcək"

“Büdcədə sosial xərclərin azaldıldığı bildirilir. Lakin heç bir azalma qeydə alınmayıb, ən azı cari ilə səviyyəsində saxlanılıb. Bəzi sahələrdə artırılıb”.

Publika.az xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisdə büdcə müzakirələri zamanı millət vəkillərinin səsləndirdiyi fikirlərə cavab verərkən deyib.

Nazir millət vəkilləri tərəfindən tələbələrə verilən təqaüdlərin azalması barədə fikirlərə də münasibət bildirib:

“Biz azalma ilə bağlı rəqəmlərlə tanış deyilik. Əksinə, artım olub. Təqaüdlərin verilməsində də yenilik tətbiq edilib. Təkcə, dövlət sifarişi ilə təhsil alanlara deyil, ödənişli təhsil alan, yaxşı oxuyan tələbələrə də təqaüd verilir. Əmək pensiyaları haqqında qanunvericiliyə uyğun olaraq, pensiyaların indeksləşdirilməsi zamanı artım da nəzərdə tutulub”.

Nazir deyib ki, növbəti il dövlət büdcəsindən "Qaçqınkom"a 245 milyon ayrılacaq:

“Bu da əvvəlki illə müqayisədə 26 faiz çoxdur. Bununla yanaşı, 200 milyon manat vəsait Neft Fondundan ayrılacaq və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına xərclənəcək. Dünya Bankından alınan vəsait hesabına da onların məskunlaşdıqları mənzillər təmiri olunacaq”.

Nazir bildirib ki, hazırda Rəşt-Astara yolunun çəkilişi işləri aparılır:

“Lənkərandan keçən dəmir yolu ilə bağlı qaldırılan məsələyə gəldikdə, bununla bağlı dövlət başçısı tapşırıq verib. Dəmir yolunun köçürülməsi üçün hazırlıq işləri görülür. Həm İqtisadiyyat Nazirliyi, həm də “Azərbaycan Dəmir Yolları” QSC bununla məşğul olur.

Avtomobil yollarının tikintisi ilə bağlı bəzi suallara indi cavab verə bilərəm, lakin bir sıra məqamların araşdırılmasına ehtiyac var. Bakıətrafı yollarla bağlı dövlət başçısı tapşırıq verib. Bu işlər də növbəti ildə həyata keçiriləcək”.

S.Şərifov dövlət idarəetmə xərclərinin yüksək olması ilə bağlı fikirlərə münasibət bildirərək, məsələyə rəqəmlərə konkret baxmağı tövsiyə edib:

“Hesab etmirik ki, dövlət idarəetmə xərcləri çox yüksəkdir. 2017-ci ildə bununla bağlı ölkə başçısının tapşırığına əsasən, müəyən işlər görülüb. Bu işlər çərçivəsində 17 milyon manatdan çox vəsaitin qənaətinə nail olunub. Lakin bununla yanaşı, məsələ ilə bağlı fikir mübadiləsi aparmağa hazırıq.

Diplomatik nümayəndəliklə bağlı xərclərə gəldikdə, bu da dövlət idarəetmə xərclərində əks olunur. Bu məsələdə prioritet təşkil edən bölgələrdə səfirliklərdə ştatlar saxlanılır. Digər məsələlərdə qarşılıqlı prinsiplər əsas götürülür. Elə dövlətlər var ki, onların birbaşa Azərbaycanda diplomatik nümayəndəlikləri yoxdur. Buna görə də diplomatların sayında müəyyən ixtisarlar olub. Hərbi ateşələrdə də müəyyən ixtisarlar olub. Bu da hərbi əməkdaşlıq nəzərə alınaraq, həyata keçirilib”.

Nazir icbari tibbi sığorta ilə bağlı pilot layihənin nəticələrinin təhlil edildiyini bildirib:

"İki rayonda artıq pilot layihə həyata keçirilib. Növbəti ildə də iki rayonda bu işlərin davam etdirilməsi nəzərdə tutulur.

Səhiyyə sahəsində xərclərin əhalinin artımı ilə uzlaşdırılması təklif edilmişdi. Biz də xərclərin artırılmasını nzərədə tuturuq. Lakin xərclər ilk növbədə gəlirlərlə uzlaşdırılmalıdır. Çünki bu zaman artım çox qısa müddətli olar və mənfi fəsadlar yarada bilər. Optimal həddə xərcləri tənzimləməliyik. Qeyri-neft sektorunda gəlirlər artsın ki, xərclər də artırılsın. Ona görə də neft sektorundən əldə edilən gəlir ehtiyat saxlanılır ki, çətin durumda ondan istifadə edilsin. Digər yol isə bəzi sahələrdə xərcləri azaldıb, prioritet sahələrə yönləndirə bilərik”.

Nazir millət vəkillərinin bölgələrin qazlaşdırılması ilə bağlı suallarına aidiyyatı qurumun cavab verə biləcəyini bildirib:

“Lakin deyə bilərəm ki, cari ildə qazlaşma ilə bağlı Dövlət Neft Şirkətinə 100 milyon manat vəsait ayrılıb ki, növbəti ildə də ayrılacaq məbləğ bundan az olmayacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm