“Kərkük gecəsi”ndən - REPORTAJ
Bizi izləyin

İqtisadi gündəm

“Kərkük gecəsi”ndən - REPORTAJ

“Azərbaycan–İraq mədəni əlaqələri: dünəni, bu günü və gələcəyi” adlı ədəbi-bədii gecədə maraqlı ablar yaşanıb

Dünən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Milli Qurtuluş günü ilə bağlı “Azərbaycan-İraq mədəni əlaqələri: dünəni, bu günü və gələcəyi” bir həftəlik tədbirlər silsiləsi çərçivəsində İraq Türkmanlarının möhtəşəm ədəbi-bədii gecəsi keçirilib.

Ədəbi-bədii gecədə millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq qrupunun üzvü, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva, İraqın Azərbaycandakı səfiri Heydər Ş.Əl-Barak, millət vəkilləri Xanlar Fətiyev, Cavanşir Paşazadə, Musa Qasımlı, Etibar Hüseynov, Jalə Əliyeva, Sədaqət Vəliyeva, Sabir Rüstəmxanlı, professor Qəzənfər Paşayev, İraq parlamentinin keçmiş üzvü, şair Fövzi Əkrəm Tərzioğlu, Dr. Şəmsəddin Kuzəçi, tanınmış səhnə ustası İsmət Hürmüzlü, xalq şairi Zəlimxan Yaqub, “Türkmeneli” TV-nin Xəbər müdiri Ali Makram Qarib və başqaları iştirak ediblər.

Tədbirə aparıcılığı və açılışı uzun illər İraqda çalışmış, İraqla, xüsusilə İraqda yaşayan soydaşlarımızın ədəbiyyatı, folkloru ilə bağlı çoxlu sayda kitabların və araşdırmaların müəllifi professor Qəzənfər Paşayev etdi. O, Azərbaycan-İraq ədəbi, mədəni, tarixi əlaqələrindən, tədbirin əhəmiyyətindən danışdı. Çıxışında bu mədəni əlaqələrinə toxunan professor Qəzənfər Paşayev qeyd etdi ki, İraq-Azərbaycan dostluğu, qardaşlığı çox uzun illərə söykənir.

Daha sonra səhnəyə millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq qrupunun üzvü, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva dəvət olundu. “ İraq bizə hər zaman nə uzaq, nə də ki, iraq olmayıb. Orda da bizim öz qardaş və bacılarımız yaşayır və yaradır”– deyə millət vəkili qeyd etdi.

Həmçinin, Qənirə Paşayeva İraqla, Kərküklə bağlı xatirələrindən də danışdı. Bu xatirələr bir az kövrək notlara söykənsə belə qonaqların alqışlarına səbəb oldu. Millət vəkili Kərkükə ilk getdiyi anlardan, gördüklərindən, orda yaşayan soydaşlarımızdan, qardaş bacılarımızdan, ordakı ədəbiyyatımızdan, folklorumuzdan, mədəniyyətimizdən danışdı.

O bildirdi ki, Azərbaycan xalqının dahi oğlu, böyük şair Füzulinin, dünyaca böyük alimimiz, dahi N.Tusinin və daha neçə-neçə böyük azərbaycanlının, Türk oğlu və qızının uyuduğu məkandır İraq. Millət vəkili İraqın dini baxımdan da Azərbaycan üçün böyük önəmindən danışdı. Həzrət Əlinin, Həzrət Hüseynin və daha neçə peyğmbərimizin ailə üzvünün yatdığı torpaqdır- İraq”- deyən millət vəkili Qənirə Paşayeva Azərbaycanla İraqı çox qədim və dərin köklərin və tellərin bağladığından danışdı.

O, Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsindən sonra qurulan Azərbaycan- İraq dövlətlərarası əlaqələrinin, dövlətlərarası mədəni əlaqələrin iyirminci ilinin tamam olduğunu da vurğuladı və bildirdi ki, bir həftə davam edəcək “Azərbaycan–İraq mədəni əlaqələri: dünəni, bu günü və gələcəyi” tədbirlər silsiləsi də həm Azərbaycan-İraq mədəni əlaqələrinin inkişafına, həm də bu ölkədə yaşayan qardaş-bacılarımızla əməkdaşlığımızın daha da genişlənməsinə öz töhfəsini verəcək.

Millət vəkili Qənirə Paşayeva bildirdi ki, bu əlaqələrin daha möhkəmlənməsi üçün hər kəs əlindən gələn etməlidir: “Ölkəmizin prezidenti cənab İlham Əliyevin siyasəti İraqla münasibətlərin genişlənməsi istiqamətində də bizə yol göstərir. Hər kəs əlindən gələn qədər bu işə öz töhfəsini verməlidir”.

Millət vəkili üzvü olduğu Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun fəaliyyətindən də danışdı və vurğuladı ki, ölkə rəhbərliyi və parlament rəhbərliyi parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verir və mən əminəm ki, dost-qardaş İraqla, o cümlədən bu ölkədə yaşayan təxminən 3 milyon canı-canımızdan, qanı qanımızdan olan bacı-qardaşlarımızla əlaqələrimiz getdikcə daha da genişlənəcək və güclənəcək”- deyə deputat Qənirə Paşayeva bildirdi.

Q.Paşayeva onu da vurğuladı ki, İraqdakı bacı-qardaşlarımızın təklifləri və xahişləri nəzərə alınacaq, Kərkük və Ərbildə də azərbaycanlı sənətçilərinin iştirakı ilə belə bir gecə təşkil ediləcək. Rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi isə əlindən gələn dəstəyini göstərəcəkdir. Qənirə Paşayeva dedi ki, xalq şairi Zəlimxan Yaqubun “Kərkük” poeması birlik tərəfindən yenidən çap edilərək İraqdakı soydaşlarımıza hədiyyə olunacaq, eyni zamanda İraqın keçmiş deputatı, şair Fövzi Əkrəm Tərzioğlunun illər əvvəl yazdığı “Azərbaycan dastanı” kitabı da yenidən nəşr edilərək Azərbaycan oxucularına hədiyyə ediləcək:

“İnşallah İraqda, Bağdadda, Kərkükdə, Ərbildə yaxın zamanlarda birlikdə gecələr keçirəcəyik. Mən sizə də, özümə də, bütün hamımıza arzu edirəm ki, gələn görüşümüzü və bu cür gecələri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağımızda, Şuşamızda, Xankəndimizdə keçirək.Mən inanıram ki, o gün uzaqda deyil”.

İraqın Azərbaycandakı səfiri Heydər Şia Əl-Bərəkə, millət vəkili Xanlar Fətiyev, Dr. Şəmsəddin Kuzəçi, İraq parlamentinin keçmiş üzvü, şair Fövzi Əkrəm Tərzioğlu, Türkməneli Kültür Mərkəzi başqanı Mustafa Ziya, professor Qəzənfər Paşayev millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi adından Azərbaycan-İraq mədəni əlaqələrinin inkişafına verdiyi dəstəyə görə mükafatlar ilə təltif edildilər.

Sonra İraq (Kərkük) sənətçiləri öz türkülərini səsləndirmək üçün səhnəyə dəvət olundu. Tamaşaçıların alqışları ilə müşayət olunan türkülər demək olar ki, ruh və mahiyyət etibarilə Azərbaycan musiqisini xatırladırdı.

Daha sonra İraqdan gələn məşhur türkman musiqiçisi İsmail Tərzioğlu əməkdar artist Tünzalə Ağayeva ilə də bir duet oxudu. Həmçinin İraqdan gələn qonaqlarla yanaşı, səhnəyə Azərbaycan sənətçilərindən Şəmistan Əlizamanlı və Nuriyə Əhmədova çıxdı. Ədəbi-bədii gecə ərzində könül oxşayan türkülər və bayatılar da səsləndi.

Səsləndirdiyi şeirləri ilə bütün zalı və həmçinin İraqdan gələn sənətçilərin könlünü oxşayan bədii qirayət ustası, aktyor Ağalar Bayramov da gecənin qonağı idi. İraq (Kərkük) sənətçilərinin çıxışları salonun alqışları ilə qarşılanırdı.

İraqın Azərbaycandakı səfiri Heydər Ş.Əl-Barak hər iki ölkənin mədəni və tarixi əlaqələrinin qədimliyindən danışdı və əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu və bu əməkdaşlığın getdikcə daha da genişlənəcəyini bildirdi.

O dedi ki, yaxın zamanlarda Bakı-Nəcəf təyyarə resyləri fəaliyyətə başlayacaq ki, bu da qarşılıqlı gediş-gəlişin artmasına və inkişafına öz töhfəsini verəcək. Səfir bütün istiqamətlərdə dost-qardaş Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiklərini dedi.

Millət vəkili Xanlar Fətiyev bu tədbirlər silsiləsinin keçirilməsinin həm Azər-İraq əlaqələri, həm İraqda yaşayan soydaşlarımızla əlaqələrin daha da genişlənməsi istiqamətində önəmindən danışdı. O bildirdi ki, İraqdan gələn qardaşlarımız öz vətənlərinə gəliblər və onların Azərbaycanı daha yaxından görməsi, tanıması, ölkəmizin inkişafını, həqiqətlərini yerində bilməsi çox vacib və əhəmiyyətlidir.

Millət vəkili Cavanşir Paşazadə də Azərbyacan-İraq əlaqələrinin inkişafının önəmindən danışdı.

Xalq şairi Zəlimaxan Yaqub İraqın, qədim Kərkükün Azərbaycana nə qədər döğma olmasından, bu torpaqlarda yatan böyük Azərbaycan, Türk ziyalılarından və özünün bir neçə il əvvəl Kərkükə həsr etdiyi poemasından danışdı və onun Kərkük poemasından parçalar səsləndirildi.

Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı da Azərbaycan-İraq mədəni əlaqələrini tarixi köklərindən və daha da genişləndirilməsinin zərurətindən danışdı. O, Kərkükün taruxi Azərbaycan torpağı, kərküklərin də azərbaycanlı olduğunu deyərək, bu bağlılığın çox qədim köklərə söykəndiyini bildirdi.

Tədbirin keçilməsini təşəbbüskarlarından biri olan Dr. Şəmsəddin Kuzeci bu cür tədbirlərin keçirilməsinin vacibliyindən, Azərbaycan türkləri ilə İraq tüklərinin qardaş olması, ləhcələrimizin belə 98 faiz eyni olması, Azərbaycanla İraq arasında və ölkəmizlə İraqda yaşayan soydaşlarımız arasınd əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi, bu cür tədbrlərin birlikdə İraqda, soydaşlarımızın kompakt yaşadığı Kərkükdə, Ərbildə və s. şəhərlərdə də keçirilməsinin vacibliyindən danışdı.

Sonra Türkməneli Vaqfi tərəfindən təşkilatın rəhbərliyi millət vəkili Qənirə Paşayevaya, Xanlar Fətiyevə, Heydər Ş.Əl-Baraka professor Qəzənfər Paşayeva təltif və mükafatlarını təqdim etdilər. İraq parlamentinin keçmiş üzvü, şair Fövzi Əkrəm isə İraqın Azərbaycandakı səfiri Heydər Ş.Əl-Baraka İraqın gənclik və idman naziri Casim Məhəmməd Cafer adından “İraq-Azərbaycan əlaqələrinin inkişafındakı roluna görə” mükafatı təqdim etdi.

İraqın keçmiş deputatı, şair Fövzi Əkrəm Tərzioğlu ürək sözlərini bölüşəndən sonra Azərbaycana həsr etdiyi “Azərbaycan dastanı”ndan parçalar səsləndirdi.

Türkməneli Kültür Mərkəzi başqanı Mustafa Ziya da Azərbaycanla əməkdaşlığın və əlaqələrin inkişafının onlar üçün önəmindən və əhəmiyyətindən danışdı və vurğuladı ki, o bu əlaqələrin getdikcə daha da sürətlənəcəyinə ümid edir.

Məşhur aktyor və ifaçı İsmayıl Hürmüzlü isə Kərküklə bağlı şeirlər və bayatılar səsləndirdi.

İraqdan gələn nümayəndə heyətinin səfər proqramı kifayət qədər zəngindir. Proqram çərçivəsində keçiriləcək ən önəmli tədbirlərdən biri də “Azərbaycan–İraq mədəni əlaqələri: dünəni, bu günü, gələcəyi” adlı elmi-praktik konfrans olacaq. Konfrans Atatürk Mərkəzində baş tutacaq.

Qonaqların Qarabağa- Xocavənd rayonuna səfəri, qaçqın və məcburi köçkünlərlə görüş və böyük konsert proqramının düzənlənməsi də nəzərdə tutulub. Tovuza da səfər edəcək İraqlı soydaşlarımız hərbçilər qarşısında konsert verəcək, eləcə də rayonun mərkəzi meydanda geniş konsert proqramı ilə çıxış edəcəklər. Eyni zamanda, qonaqlar Gəncədə hərbçilərlə də görüşəcək, musiqi qrupu isə konsert proqramı ilə çıxış edəcək.

Qonaqların həmçinin, Qubadakı “Soyqırım məzarlığı”nı ziyarət etməsi, İctimai TV-də canlı yayımda çıxış etmələri də planlaşdırılmışdır.

Elçin Bayramlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm