• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Millət vəkili yazır: Şaxta Babanın hədiyyəsi

Millət vəkili yazır: Şaxta Babanın hədiyyəsi

Onlar hansısa ölkədə İslam qaydlarına zidd olduğuna görə Şaxta babanın qadağan olunmasına sevinirlər. Bəzi İslam dinçiləri Yeni ilin bayram edənləri nifrətlə qınayırlar.

Səudiyyə Ərəbistanında qadınların maşın sürməsi üçün sürücülük vəsiqəsi verməyi qadağan edirlər. İranda çadrasız gəzməyi qadağan ediblər. Taliban qızların dünyəvi təhsil almasını qadağan edir. İŞİD cümə namazına getməyənləri qurşuna düzür. Bütün bu qadağaların içində "Dində zorakıliq yoxdur!" deyilən İlahi mesaj unudulur. Bir gerçək budur ki, harada qadağa daha sərtdirsə, o "İslam" ölkəsində fahişəlik, əxlaqsızlıq, pedofiliya, ədalətsizlik, zorakılıq, hüquqsuzluq daha çox tüğyan edir. İslam dinini bu qədər bayağılaşdıranda, mənasız mövzulara indeksləşdirəndə Halal və Haram kolbasa və ya sosiska adı ilə simvollaşır, Ədalət anlayışı kütləvi Cəhalətlə əvəz olunur, Mömin kimsəyə çevrədəkilər Başkəsən, Quldur kimi baxmağa vərdiş edir. Ona görə də hər yerdə islamçı-dinçi obrazı görürlərsə məhdudlaşdırırlar, təcrid edirlər, bəzi hallarda ibadətlərinə maneçilik yaradırlar. Nə etsinlər?

Harda müsəlman görürlər, şübhələnirlər, qorxurlar! Taliban yüzlərlə hərbi məktəb uşağının İslam adı ilə öldürdü, vaxtilə Xomeyni də siyasi baxış fərqinə görə minlərlə insanı öldürmüşdü, hazırda İŞİD də, Bako Haram da İslam adı ilə öldürür. Müsəlmanları da İsrail əsgərləri, bəzi xristian və buddist radikallar öldürürlər, onlara da qarşı vəhşilik edirlər, doğrudur. Ancaq yuxarıda sadaladıqlarım, üstün mövqe qazanan kimi bir müsəlmanın digərinə qarşı törətdiyi vəhşilik nümunələrdir. Kafir saydığını da, yolunu azmış olaraq gördüyünü də gözəl əxlaqla dəyişdirməyi bacarmalısan! Bir yaradılan olaraq onların da sənin üzərində haqları var! Sən necə əsir götürdüyün qadınları kafir adı ilə zorlaya və ya satışa çıxara bilərsən? Sizə; "Sizinlə savaşanlarla savaşın!" deyilməmişmidir?" Savaşmayan bu məzlum qadınları, uşaqları, qocaları belə izdiraba düçar etməyi hansı Kitabdan öyrənmisən? Hz. Məhəmmədin (S.Ə,S.) davranışının cüzi bir hissəsini yamsılamaq belə yetərlidir ki, insanlar İslama sevgi dini kimi yanaşsınlar. İslam dinində ən böyük Haram, Günah nə içkidir, nə Şaxta babadan hədiyyə götürməkdır, nə hicabsızlıqdır. Ən böyük Haram- Nadanlıqdır, Başqasının həyatına müdaxilədir, Başqasına öz inancını zorla qəbul etdirməkdir. Yüzlərlə gözəl əxlaqlı, insana sevgisi aşıb-daşan, xeyirli işlərdən usanmayan, fərqli inanc və düşüncədə olanlara sayğı ilə yanaşan müsəlman tanıyıram. Hansı zamanda yaşadıqlarını bilirlər, zamanla tərs düşmədən, zamanı, çevrəni sağlamlaşdırmağa çalışırlar.

Yeni ili qəbul etməsəniz də, düşüncəcə yeniləşin, problemləri doğru çözməyə çalışın və etiraf edin ki, bu gün Azərbaycanlının problemi ermənidən qaynaqlanmır, özünün cəhalətindən, tənbəlliyindən, yanlış mühakiməsindən, yanlış həyat tərzindən qaynaqlanır. Bir müsəlmanın da eləcə. 2015-ci il daha ağır şərtlərlə gəlir. Özünüz bilərsiniz, sevmədiyiniz Şaxta babanın hədiyyəsini də, bizim dostcasına söylədiyimiz sözləri də götürməyin, tolazlayın bir tərəfə. Sem dayının qamçısı və Rus ayının şapalağı sizə hansı zamanda yaşadığınızı mütləq xatırladacaq və real aləmə təkrar qaytaracaq.

Fazil Mustafa, millət vəkili

Xəbər lenti

DAHA ÇOX XƏBƏR