Sertifikat olmasa, "halal" olmayacaq
Bizi izləyin

İqtisadi gündəm

Sertifikat olmasa, "halal" olmayacaq

Sertifikatı olmasa, "halal" olmayacaq

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “Halal məhsulların sertifikatlaşdırma qaydaları” dövlət standartı təsdiq edilib.

Komitədən verilən məlumata görə, bu standart “halal məhsul” ların sertifikatlaşdırılmasını, bu məhsullara uyğunluq sertifikatının verilməsi qaydalarını tənzimləyir.

Standarta əsasən “halal məhsul”ların sertifikatlaşdırılması üçün sifarişçi məhsulun sertifikatlaşdırılması üzrə akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına sifarişlə müraciət etməlidir.

Əks halda sertifikatlaşdırılmayan məhsulların üzərində “halal” sözünün istifadəsinə qadağa qoyulacaq. Beləliklə, cari ilin 1 aprel tarixindən etibarən AZS 731-2012 (OİC/ SMİİC 1:2011) “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində “halal” sözü yazılmış məhsulların istehsalı və satışı qadağan ediləcək.

Məhsullarında adıçəkilən sözdən istifadə edən müəssisələrə artıq bununla bağlı məlumat verilib. Onlar verilmiş bu müddət ərzində “halal” sözü yazılmış etiketlərin yeniləri ilə əvəzlənməsi üçün texniki məsələləri həll etməlidirlər.

Yəni sertifikatlaşdırılmadan “halal” sözünün istifadəsi qadağan olunduğuna görə verilmiş müddətə qədər yeni etiketlərin sifarişi, çapı və digər zəruri məsələlər müəssisələr tərəfindən həll edilməlidir. Aprelin 1-dən AZS 731-2012 standartı əsasında sertifikatlaşdırılmayan, lakin “halal” markalı məhsulu istehsal edən müəssisələr barədə qanunvericiliyin tələblərinə uyğun olaraq Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ciddi tədbirlər görüləcək.

Məqsəd qanunvericiliyin tələblərinin icra edilməsi ilə yanaşı istehlakçı hüquqlarının etibarlı qorunması, haqsız rəqabət hallarının qarşısının alınması və istehlakçıların bu sahədə daxili bazara inamının gücləndirilməsidir.

Bununla bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri – ekspert Eyyub Hüseynov Publika.Az –a öz münasibətini bildirdi: “Keçən il oktyabr ayının 24 –də İstanbulda Halal Beynəlxalq konfrasda iştirak etdim. Dünyanın 69 ölkəsinin din alimləri konfrasda iştirak etmişdi. Türkiyənin Nazirlərindən birinin sözlərinə gorə dünyada “halal mal” nişanı ilə məhsul dövriyyəsi 3 trilyon dollar edir.

Amma bu 3 trilyonluq gəlirin 82% -i xristianların əlindədir. Üç gün mühazirələr dinlənildi və məlum oldu ki, halal standartların nəzəri cəhətdən tətbiqində böyük problenlər yaşanır. Mən ora gedərkən Azərbaycandakı halal standartları öyrənmişdim. Nəticədə məlum oldu ki, Azərbaycanda hazırlanan halal standart beynəlxalq standartlara cavab verir. Lakin onun tətbiqi məsələsi çox mürəkkəb məsələdir. Hardan bilək ki, Üüzərinə “halal” yazılmış məhsulları müsəlman kəsib? O müsəlman həddi buluğa çatıbmı, o müsəlman qüsul alıbmı? Heyvanın başına gərək bıçaq bir dəfə çəkilsin, sonra qaytarmaq olmaz, tokla öldürülüb, tokun standartları təyin olunub və s. Yəni halal olması o demək deyil ki, yalnız donuz əti vurulmasın.

Çoxlu məsələlər var. Amerikalı alimin çıxışı zamanı məlum oldu ki, kolbasaların hazırlanmasında çoxlu qatqılardan istifadə olunur. Rəngverici, dadverici və s. O qatqılar ayrı – ayrı ölkələrdən gəlir və bilinmir ki, onları kim və hansı şəraitdə hazırlayır.

“Halal” adı ilə satılan malların demək olar ki, bir çoxu halal deyil. Azərbaycanda xarici və daxili kolbasa istehsalçıları var ki, “halal” olmadığı halda məhsulun üzərinə “halal” yazılır. Azərbaycanda 20 -ə yaxın kolbasa sexi var. Monitorinqlər apardığımız zaman isə məlum olub ki, əksər kolbasalar standartlara cavab vermir və təbii ki, halal deyil.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm