• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Bibim oğlu arvadıma əxlaqsız təklif edib” - TƏFƏRRÜAT

  • Hadisə
  • 4 Sentyabr 2015 23:41
  • 2 505 Baxış
“Bibim oğlu arvadıma əxlaqsız təklif edib” - TƏFƏRRÜAT

Ucar rayon Qazıqumlaq kənd sakini, 1993-cü il təvəllüdlü Dayandur Hacıyev bibisi oğlu Emin Xasməmmədovu bıçaqlayaraq öldürməyə cəhd edib.

Publika.az xəbər verir ki, hadisə 2014-cü ildə baş verib.

Dayandur Hacıyevin bibisi oğlu Emin Xasməmmədov 2014-ci ilin sentyabrın birinci yarısında həyat yoldaşı Ləman Hacıyevanın mobil telefonuna davamlı olaraq gizli nömrədən zənglər edirmiş. Emin eyni zamanda dayısı oğlunun evindəki stasionar telefonla da Ləmanla əlaqə qurmağa cəhd edib.

Əxlaqsız təklif

Bundan başqa, Emin Xasməmmədov sentyabr ayının ortalarında idarə etdiyi “Mercedes Benz” markalı avtomobildən taksi kimi istifadə edərək Ləman Hacıyevanı Ağdaş şəhərinə aparıb. O, qadına yolda əxlaqsız təklif edib. Bu hadisə 2014-cü il sentyabrın 27-də baş verib.

Bu hadisədən sonra Ləman Emin Xasməmmədovun etdiyi təklif barədə həyat yoldaşı Dayandur Hacıyevi xəbərdar edib.

Qəbiristanlıqda qisas

Dayandur Hacıyev Emin Xasməmmədovdan qisas almaq fikrinə düşüb. O, bu niyyətlə elə həmin gün saat 16 radələrində mərhum atası Hüseyn Hacıyevin qəbrini ziyarət etmək üçün onu qəbiristanlığa aparmağı xahiş edib.

Dayandur Hacıyev Emin Xasməmmədovun idarə etdiyi avtomobillə Ucar rayonunun Qazıqumlaq kəndində yerləşən qəbirstanlığa gəliblər. O, Emin Xasməmmədova hər şeydən xəbərdar olduğunu söyləyərək bibisi oğluna hücum çəkib.

Dayandur Hacıyev əvvəlcədən özü ilə götürdüyü bıçaqla Emin Xasməmmədovu vurmaq istəyib. Emin bıçaq zərbələrindən yayınaraq qaçmağa başlayıb. Bu zaman onun ayağı ağaca ilişərək yıxılıb.

Əxlaqsız hərəkətlər təklif edən gənci həkimlər xilas etdi

Dayandur yerə yıxılan bibisi oğluna çataraq bıçaqla cinsiyyət orqanına və döş qəfəsənə bıçaq zərbələri endirib.

Bıçaq xəsarəti alan Emin Xasməmmədov dayısı oğlunun əlindən qaçaraq qəbiristanlıqdan çıxmağa müvəffəq olub. O yola çıxaraq yaxınlıqda olanların köməkliyi ilə Ucar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyindən onu xilas etmək mümkün olub.

Dayandur Hacıyev Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham edilib. Cinayət işi üzrə materiallar araşdırılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nazim Quliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə ifadə verən Dayandur Hacıyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

“Dayandur məndən pul istədi”

Zərərçəkmiş Emin Xasməmmədov bildirib ki, sentyabrın 27-də, saat təxminən 14 radələrində Dayandur zəng vuraraq onu kənd qəbirstanlığına aparmasını xahiş edib: “Həmin vaxt Dayanduru evlərindən götürdüm və birlikdə qəbiristanlığa getdik. Dayandur atasının qəbrini ziyarət etdikdən sonra oradan birlikdə aralandıq. Sonra da Dayandur məndən pul istədi. Ona pulum olmadığını dedim”.

“Dayandur məni öldürəcəkdi”

“Dayandurun bıçaqla məni vuracağını hiss etdim. Onu itələyərək qaçmağa başladım, ayağım daşa ilişdi və yerə yıxıldım. Dayandur üstümə çıxaraq bir neçə dəfə mənə bıçaq zərbəsi endirdi. Özümdə güc toplayıb Dayanduru yenidən itələyib ayağa qalxdım və qaçıb oradan uzaqlaşaraq canımı qurtardım. Qaçmasaydım, Dayandur məni öldürəcəkdi” – deyə zərərçəkən söyləyib.

Qaçarkən bədənindən qan axdığını görüb: “Qardaşım Yusifə zəng edib Dayandurun məni bıçaqladığını söylədim. Həmin vaxt oraya gələn bibim Saniyə bıçaqlandığımı gördü və yaylığı ilə yaramı sarıdı. Sonra qardaşım Yusif yük avtomobili ilə ora gəldi. Onlar məni Ucar rayon Mərkəzi Хəstəxanasına apardılar.

“Əxlaqsızlıq təklifi etməmişəm”

O, Dayandurun arvadına əxlaqsız təklif etmədiyini və Ləmana heç vaxt zəng vurmadığını söylədi. “Dayandurun mobil nömrəsinin Ləman Hacıyevanın istifadə etdiyini bilmirdim. Həmin nömrə ilə Dayandurla bir neçə dəfə əlaqə saxlamışam. “Azercell”dən daxil olmuş siyahıda göstərilən vaxtlarda gələn zənglərə gəlincə isə, ola bilsin ki, Dayandurla əlaqə saxladığım zənglərlə üst-üstə düşür. Ləmana heç bir yerdə əxlaqsız təklif etməmişəm”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dayandur Hacıyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR