• USD 1,7001 +0,01% EUR 1,9983 -0,15%
    • GBP 2,2653 -0,11% RUB 0,0287 -0,35%

Uşaq qaçıran “İŞİD”çinin qardaşı: “Qadın da var, qardaşım tək deyil” (YENİ FAKTLAR)

  • Hadisə
  • 12 May 2016 22:15
  • 909 Baxış
Uşaq qaçıran “İŞİD”çinin qardaşı: “Qadın da var, qardaşım tək deyil” (YENİ FAKTLAR)

Mayın 10-da Sabunçu rayonundakı Şuşa şəhərciyində uşaq oğurluğu baş verib. Şəhərcikdə yaşayan Elnur Ramazanlı 12-ci polis bölməsinə müraciətlə bildirib ki, 8 yaşlı oğlu Hüseyn mayın 9-da evdən çıxıb və geri qayıtmayıb.

Aparılmış araşdırmalardan sonra bəlli olub ki, özünü İŞİD üzvü kimi təqdim etmiş şəxs Elnur Ramazanlının mobil telefonuna dəfələrlə zəng edərək oğlu Hüseyni girov götürdüyünü deyib. O, uşağın azad edilməsi müqabilində 30 min manat pul tələb edib. Şəxsiyyəti sonradan müəyyənləşdirilmiş Elnur Məmmədov polisə bu barədə məlumat veriləcəyi təqdirdə uşağın orqanlarını çıxarıb satacağını deyib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini Elnur Məmmədov tutulub.

Şəhərcikdə tikintisi başa çatmamış ikimərtəbəli tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə (“skoç”la) bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib.

Sabunçu rayon prokurorluğunda Elnur Məmmədovun barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Mayın 11-də Elnur Məmmədov həbs olunub və ertəsi gün barəsində həbs qətimkan tədbiri çeçilib.

Valideynlərin qorxusu

Hüseynin oğurlanmasının təfərrüatını öyrənmək üçün mayın 12-də Şuşa şəhərciyində olduq.

Şəhərcik əslində iki hissədən ibarətdir. Bu səbəbdən ona qəsəbə adı verilib. Qəsəbənin giriş hissəsində məcburi köçkünlər, digər hissələrində isə regionlardan gəlmiş ailələr məskunlaşıb. Şuşa şəhərciyi Ramana qəsəbəsi qurtarandan sonra boş çöllük sahədə yerləşir.

Şuşa şəhərciyində məktəbin qarşısına xeyli valideyn toplaşmışdı. Onlar mayın 11-də 8 yaşlı uşağın girovluqdan azad olunmasından danışırdılar.

Hadisədən sonra övladlarına daha ciddi nəzarət etməli olduqlarını, onları məktəbdən özləri götürəcəklərini bildirirdilər.

Dolaşıq küçələr

Əslində azyaşlı uşağın həmin qəsəbədə təkbaşına buraxılması düzgün deyil. Qəsəbənin yolları dolaşıqdır. Bir yolu getmək üçün soraqlaşırsan, geri qayıdanda haradan gəldiyini tapmaq müşkülə çevrilir.

Məktəbin qarşısında bir qadından Hüseynin yaşadığı evi soruşduq. Qadın həmin uşağın ailəsinə qonşu imiş... Onunla yol boyu baş vermiş uşaq oğurluğundan danışdıq. Əslində danışmağa başqa mövzu yoxdur. Hazırda qəsəbədə hər kəs bu hadisədən danışır.

Qadın deyir ki, məktəblə evlərinin yolu uzaqdır, ona görə övladını hər gün özü aparıb-gətirir. Uşaq oğurluğundan sonra gözlərinin qorxduğunu deyən qadın azyaşlıları qəsəbədə başlı-başına buraxmağın necə təhlükəli olduğunu da bildirdi.

“Kriminaldan başqa söhbət bilmirsən?”

Həmsöhbətimiz deyir ki, bu ərazi əvvəllər çox sakitmiş. Son vaxtlar kriminal zonaya çevrilib: “Evlərin arasında məsafə böyükdür. Bu hadisəni eşidən-bilən qorxuya düşüb. Artıq bütün valideynlər uşaqlarını məktəbə özləri aparıb-gətirir”.

Övladını məktəbdən aparan başqa bir qadın Hüseyn haqqında daha maraqlı danışdı: “Oğurlanan uşaq çox ayıqdır. Həmişə bizə gələndə “öldürdülər, atdılar, it parçaladı” kimi sözlər işlədirdi. Deyirdim, a bala, sən həmişə kriminal danışırsan, başqa söhbət bilmirsən? Hadisə də onun başına gəldi.

Mən həyat yoldaşımla uşağımı sınıqçıya aparırdıq, Hüseynlə küçədə salamlaşdıq. Qayıdanda gördük, valideynləri onu axtarır. Bizdən soruşdular ki, Hüseyni görmədiniz? Yox dedik. Fikirləşdik ki, uşaqdır, harasa gedib, yəqin gələr. Bir də onu babası evə gətirəndə gördük. Əli, ayağı boğazına kimi kəndirlə bağlanmışdı”.

“Həyat yoldaşım qəzəblənib”

Söhbətləşə-söhbətləşə Hüseynin yaşadığı evin qarşısına gəldik. Qapını döydük, içəridən uşaq səsləri gəlirdi. Üzümüzə qapını Hüseynin özü açdı.

İçəridə Hüseynin anası, qardaşı, bir də qonşuluqda yaşayan bir xanım vardı. Heç demə, bəxtimiz gətirib, qapını uşaq açıb. Yoxsa bizi içəri buraxmayacaqdılar. Bunu Hüseynin anası Ramilə ilə söhbətdə bildik.

Hüseynin anası dedi ki, telekanallarda, saytlarda uşağının üzünün göstərilməsi həyat yoldaşını qəzəbləndirib.

Əvvəlcə bizimlə heç söhbət etmək istəmədilər. Sonra insafa gəldilər. Amma şəkil çəkməyə izn vermədilər.

Ramilə xanım deyir ki, həyat yoldaşı, qayınatası evə kənar adam buraxmır: “Bizdən qabaq qapını uşaqlar açdı sizə. Dünən televizordan çəkməyə gələnlər qonşunun uşağının üzünü göstəriblər. Oğurlayan tərəf uşaqlarımıza nəsə eləsə, kim cavab verəcək?”

“Uşağı pulla aldadıb”

Qonşu deyir ki, Elnur Məmmədov əvvəlcə onun 14 yaşlı oğlunu aldadıb aparıb: “Bir həftə bundan əvvəl burda uşaqlardan sorğu-sual edib ki, atan, baban nə qədər maaş alır? Mənim oğlum deyib ki, atamın qazancı azdı. Hüseyn isə deyib ki, valideynləri 1000 manat maaş alır, atamın bahalı maşını da var.

Hamı Hüseyni axtaranda oğlum deyirdi ki, mən onun yerini bilirəm. İnanmırdım, elə ağzının üstündən vururdum ki, sakit ol.

Səhər açılanda oğlum dedi, ana, sənə bir söz deyəcəm, amma məni döymə. Qayıtdım ki, oğlum, səni niyə döyməliyəm, nə bilirsən danış. Dedi, oğru Hüseyndən qabaq məni aparmışdı.

Sonra oğlum həmin yeri təsvir elədi. Hüseynin atası, dayısı, bir də oğlum həmin əraziyə yolandılar. Bir qədər sonra Hüseynin boğazı “skoç”la bağlı gətirdilər”.

Söhbətin bu yerində qadın bizə mobil telefonunda Hüseynin girovluqdan azad olunan zaman çəkilmiş fotolarını göstərdi: “Hüseyni oğurlamamışdan əvvəl oğru mənim oğlumu aldadıb ora aparıb. Oğluma deyib ki, mən futbol oynayıram, ayda 900 manat sizə pul verəcəm. Uşaqlar da bu söhbətə inanıb, həmin şəxslə gediblər. Oğlumu evə çıxaranda şübhələnib və deyib ki, atam arxadan məni izləyir. Həmin şəxs uşağın boynundan yumruq vuraraq buraxıb. Sonra da Hüseyni aparıb”.


“Çaqqal ulayırdı, it hürürdü”

Hüseyn də başına gələnləri danışdı. Dedi, mayın 9-da evlərinin qarşısında yolda oynayırmış: “Bu vaxt bir oğlan mənə yaxınlaşdı, futbola marağımın olub-olmadığını soruşdu. Dedim ki, hə, futbolu sevirəm. Məni özü ilə apardı. Bir az aralaşandan sonra məndən atamın nömrəsini aldı. Telefonla danışandan sonra mənə dedi ki, atandan icazə almışam, mənimlə gedək.

Məni tanımadığım evə apardı, ora çatanda dedi ki, içəri top düşüb, onu götür. Mən onun sözü ilə topu götürməyə əyildim, ancaq onun göstərdiyi yerdə top yox idi. Sonra dedi ki, gözlərini yum, ağzını aç. Bir də gördüm, ağzımı “skoç”ladı, sonra da gözümü bağladı”.

“Bilirdim ki, atam məni xilas edəcək”

Hüseynin sözlərinə görə, həmin şəxs bir müddət sonra atasına təkrar zəng vurub: “Telefonu mənə verdi ki, atana yaxşı olduğunu denən. Telefonda danışanda atam mənim döyülüb-döyülmədiyimi soruşdu. Döyülmədiyimi dedim. Onu da dedim ki, oğurlayanlar mənə yemək verirlər”.

Hüseynin sözlərinə görə, gecə saxlanıldığı yerin ətrafında çaqqallar ulaşırmış: “Gecə səhərə kimi yarımçıq villada tək qaldım. Çaqqallar ulayırdı, itlər hürürdü. Amma qorxmadım. Bilirdim, atam məni burdan xilas edəcək”.

Hüseynin bildirdiyinə görə, Elnur Məmmədov ona hədə-qorxu gəlməyə başlayıb: “Tez-tez deyirdi ki, atan pulu verməsə, səni öldürəcəm. Bir də gəldiyimiz yolu tanıyıb-tanımadığımı soruşurdu. Gəldiyimiz yol yadımda qalsa da, tanımadığımı dedim. Düşündüm ki, əl-ayağımı aça bilsəm qaçacam”.

Hüseyn deyir ki, girov saxlanıldığı yarımçıq evdə olanda onu axtaran dostunun səsini də eşidib: “Dayım məni çağıranda dinmədim. Dayımın səsini oğrunun səsinə oxşatdım. Amma dostum çağıranda güclə səs elədim. Məni oradan xilas etdilər. Oğru məni taxtanın üstünə bağlamışdı. Əl-qolumu açdılar. Sonra evə getdik. Evdə anam ağlayırdı”.

Hüseyn deyir ki, girovluqda olanda Elnur Məmmədov onun başına vururmuş: “Ona dedim ki, Quranda ayə var ki, sən mənə zülm edirsən Allah da sənə bunun cavabını verəcək. İndi onu həbs etdilər, illərlə həbsdə zülm çəkəcək”.

“İŞİD-çi olduğunu deyirdi”

Söhbətin bu yerində Hüseynin anası danışmağa başlayır: “Uşağın yoxa çıxdığını biləndə hamı evimizin yanında toplaşdı. Sən demə, oğru da hamı ilə burada dayanıbmış ki, görüm ev yiyəsi polis çağıracaq, ya yox. Açıq nömrə ilə tez-tez zəng edərək pulun hazır olub-olmadığı ilə maraqlanırdı. Hələ pulun hazır olmadığını deyirdik.

Soruşdu ki, bəs niyə pulu hazır etmirsiz? Əlimizdə nə qədər pulun olduğunu soruşdu, pul çatdırılmasa, uşağı Astaraya aparacağını söyləyirdi. O, bizdən pulu almaq üçün İŞİD-çi olduğunu bildirirdi. Axır dedi ki, gecə saat 3-də bir qadın gəlib, pulu götürəcək”.

Hüseynin anası Elnur Məmmədovun necə həbs olunduğunu da nəql elədi: “Biz uşağı saxlanılan yerdən evə gətirdik. Daha sonra Elnur həyat yoldaşıma zəng etdi ki, pulu filan ünvana gətirin, bir qadın götürəcək. O xəbərsiz idi ki, uşaq artıq evdədir. Polislər dedilər ki, uşağın tapıldığını ona bildirməyək. Polislər nömrələnmiş həmin ünvana apardılar və Elnur həbs olundu”.

Hüseynin anasının sözlərinə görə, Elnur Məmmədovun Topazda 36 min manat borcu olub: “Bizdən 30 min manat istəyirdi. Yəqin düşünürmüş ki, bu pulu borcuna verər, 6 min manatı da başqa kimdənsə tapar. Bu qəsəbədə ev oğurluqları tez-tez baş verir. Bir qadını evində bıçaqlayıb, qarət etdilər. Tez-tez uşaqlar itir. Amma beləsi olmamışdı”.

“Onun kimilər güllələnsə yaxşıdır”

Onu da öyrəndik ki, Elnur Məmmədov nişanlı imiş, bu ayın axırı toyu olacaqmış.

Hüseynin ailəsinin yaşadığı evdən çıxıb Elnur Məmmədovun ailəsinin yaşadığı ünvanı soruşduq. Bir qadın bizə acıqlandı: “O cinayətkarın evinə niyə gedirsiz? Onun kimilər güllələnsə yaxşıdır”.

Elnur Məmmədovun ailəsinin yaşadığı evin qarşısında “Nəvələrim” adlı market var idi. Market Elnur Məmmədovun atasına məxsusdur.

Bizi marketin qarşısında Elnur Məmmədovun qardaşı qarşıladı. Əvvəl əsəbiləşdi, jurnalist olduğumuzu dedik, danışmağa razılaşdı.

Elnurun qardaşı deyir ki, gecə saat 3-də Hüseyn Ramazanlının ailəsindən pulu götürəcək qadını elə o da axtarır: “Həmin gün uşaq itən zaman qardaşım qonşu qapıya beton tökürdü. Necə olur, o vaxt qardaşım uşaq oğurlasın?

Qardaşımın ən böyük səhvi odur ki, deyir cinayəti tək eləmişəm. Ağıllı insan dərhal anlayar ki, qardaşımın sözlərində ziddiyyət var. Uşaq gündüz saat 2-də itib, qardaşım isə onu saat 4-də apardığını deyir. Bundan başqa, Elnur Rabitə və Yüksək Texnologiyalar Nazirliyində mühafizəçi işləyirdi. Daha bir məsələ. Uşaq oğurluğu etmək istəyən insan heç vaxt gedib könüllü surətdə, Müdafiə Nazirliyinə ərizə yazıb qoymaz ki, məni müharibəyə aparın”.

Qardaşı deyir ki, Elnurun 36 min manat borcu olduğu yalandır: “Elnurun borcu olduğunu evdə bilirdik, amma o qədər borcu olduğundan xəbərsizik. Deyilənlər yalandır. Qardaşımın cəmi 15 min manat borcu var. Kimə borcu olduğunu bilmirik, amma dəfələrlə evdə demişik ki, birlikdə yığarıq, ödəyərik”. /Teleqraf.com/


Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>