Dollar qalxdı, Çin iqtisadiyyatı çökdü, Rusiyaya atılan daş Avropaya dəydi - HESABAT
Bizi izləyin

Hesabat

Dollar qalxdı, Çin iqtisadiyyatı çökdü, Rusiyaya atılan daş Avropaya dəydi - HESABAT

Yola saldığımız həftə dolların bazarlara meydan oxuması ilə yadda qaldı. Amerika dollarının dəyəri son 100 gündə ən yüksək zirvəyə çatdı. Avronun dollara nisbətən məzənnəsi 1,09 dollara düşdü. Konkret olaraq, Federal Rezerv səlahiyyətlilərindən birinin Amerika Mərkəz Bankının faizləri yüksəldəcəyinə dair mesajı faizlərin düşməsinə gətirib çıxardı.

Qızıl, neft isə həftə ərzində dəyərlərini itirməkdə davam etdi. Brent tipli neftin barreli London Birjasında bir gündə 4.3 faiz dəyər itirdi. Son 7 ayın ən aşağı səviyyəsinə enən neft 45.68 dollardan satıldı. Neftin ucuzlaşmasına əsas səbəb kimi isə Çində sənaye istehsalının azalması göstərilir. Bundan əlavə ABŞ-da pərakəndə sektorunun zəifləməsi, avtomobilə tələbin aşağı düşməsinin də neftin qiymətinə mənfi təsir etdiyi irəli sürülür.

Başlayaq dünyanın ikinci ən böyük iqtisadiyyatı Çindən. Çin sənayesində inkişaf gedərək yavaşlayır. Ölkənin satın alma indeksi 5 aydır azalır. Belə ki, bu indeks iyul ayında əvvəlki aya nisbətdə 1 bal geriləyərək 47.8 səviyyəsinə düşüb. Düzdür, belə bir eniş təxmin edilirdi. Ancaq azalma proqnozdan da artıq olduğundan çinlilərin ürəyinə dağ çəkib. Yeri gəlmişkən, Çinin ümumi daxili məhsul istehsalında artım qeydə alınsa da, bu artım nisbəti də əvvəlki illə müqayisədə 0.5 bala qədər azalıb.

Ölkənin Milli Statistika İnstitutunun məlumatına görə, ümumi daxili məhsuldakı 7 faizlik artım Çinin son 25 ildə əldə etdiyi ən aşağı artım nisbətidir.Məşğulluğun 21 aydır daralması da ölkə iqtisadiyyatı ilə bağlı gözləntiləri bədbinləşdirib. Onu da xatırladaq ki, Çin Mərkəz Bankı noyabr ayından bu tərəfə 4 dəfə faiz endiriminə gedib. Hələki bir müsbət dəyişiklik yoxdur.

Çinin əbədi-əzəli iqtisadi rəqibi ABŞ-da iyul ayında 5.3 faiz nisbətində işsizlik qeydə alınıb. Bu da son 7 ilin ən aşağı səviyyəsidir. Amerika iqtisadiyyatında qeydə alınan müsbət impulsların FED-in sentyabr ayında reallaşcaq yığıncağına əks olunacağı gözlənilir. Söhbət Amerika Mərkəz Bankının dekabr ayından əvvəl faiz artımına dair qərar verməsindən gedir.

Avropa Birliyi və Avro Bölgəsinin iki böyük ölkəsi Fransa və Almaniyada sənaye, eləcə də ixrac rəqəmləri iyun ayı üzrə müsbət olmayıb. Almaniya ixracatında bu geriləmənin uzun çəkəcəyi proqnozlaşdırılmır. Konkret rəqəmlərə gəlincə, iyun ayında Almaniyanın ixracı 1 faiz, idxalı 0.5 faiz azalıb. Mövsümi geriləmədə ən böyük faktor kimi inşaat sektoru göstərilir. Bu arada qeyd edək ki, Almaniyanın ixracı ilə idxalı arasında ixracın lehinə fərq 24 milyard avrodur.

Fransada iqtisadiyyatında da durğunluq davam edir. Maydakı “divijeniyadan” sonra iyun ayında sənaye istehsalının 0.2 faiz yüksəlməsi gözlənilirdi. Ancaq bunun əksi baş verib. Sənaye istehsalı 0.1 faiz azalıb. Ən pisi də odur ki, Fransa iqtisadiyyatı ilə bağlı ilin üçüncü, dördüncü rübləri üçün proqnozlar da müsbət deyil.

Avropanın digər böyük dövləti - Böyük Britaniyadan da xəbər var. Bank of England İngilis iqtisadiyyatının ilin sonuna olan artım proqnozunu bir az da yüksəldib. Bank əvvəlki hesabatında artımı 2.5 faiz təyin etmişdisə, bu dəfə artımın 2.8 faiz olacağını iddia edib. Göstərici faiz dərəcəsini açıqlayan Bank of England uçot stavkasının 0.5 faiz olduğunu bildirib. Bankın qarşıdakı 2 il üçün proqnozlaşdırdığı inflyasiya nisbəti isə 2 faizdir.

Əbəs deməyiblər ki, qərar verəndə yüz ölçüb bir biçmək lazımdır. Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bumeranq kimi özünə qayıdıb. Rusiyanın sanksiyalara cavab kimi qida ixracına qoyduğu məhdudiyyətlər avropalı istehsalçını vurub. Belə ki, Avropa Birliyi fermerləri əkib becərdikləri məhsulları bir zamanlar əsas bazarları olan Rusiyaya sata bilmirlər. Nəticədə yazıq fermerlər məhsulları üçün başqa ünvan axtarışına çıxıblar.

Söz Rusiyadan düşmüşkən. Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin müxtəlif səbəblərlə gömrükdə ilişib qalan tonlarla qida maddəsinin məhv edilməsi barədə qərarı baha başa gəlib. Pendir, şaftalı nektarı və bir çox bənzər qidaların yandırılmasına etiraz edən ruslar "ehtiyac sahibləri üçün istifadə edilsin" şuarı ilə küçələrə axışdılar. Maraqlıdır ki, Moskva küçələrində "Putin deyirsə bir bildiyi var” şuarı səsləndirənlər də az deyildi. Qeyd edək ki, etirazçılar son bir ildə ölkədə qidanın qiymətinin 20 faiz artdığını deyirlər. Rəsmi rəqəmlərə görə, ölkə əhalisinin 16 faizi, təxminən 23 milyon nəfər yoxsulluq həddində (160 USD) yaşayır.

İran ilə 5 + 1 ölkələri arasında əldə edilən razılaşma və sanksiyaların yumuşaldılması məşhur markaların İran bazarına daxil olmasına yaşıl işıq yandırıb. Yəni bundan sonra İranda “McDonals” restoranlar şəbəkəsinə rast gəlsəniz təəcüblənməyin. Müzakirələrin gedişatı göstərir ki, biçarə qonşularımız daha sırf “Biq Mak” yemək üçün yüzlərlə kilometr qət edib Bakıya üz tutmayacaqlar.

2025-ci ilə kimi qaz Avropa Birliyi bazarında ABŞ-dan baha olacaq. Dünya Bankı “Commodity Markets Outlook” hesabatında bildirir ki, yaxın onillikdə Aİ-da qaz qiymətləri ABŞ-dakı qiymətlər səviyyəsinə düşməyəck.Yaponiya bazarı isə ən bahalı bazar olaraq qalacaq. Hesabatda o da deyilir ki, 2015-ci ildə Avropada bir milyon Britaniya istilik vahidi (mmbtu) üçün nominal qiymətlər 7,6 dollar artıq olmayacaq.

ABŞ-da qiymətlər müvafiq olaraq 2,8 və 3,02 dollar,Yaponiyada – 10,5 və 10,64 dollar olacaq. 2017 və 2018-ci illərdə Avropa bazarında qiymətlər 7,86 və 8 dollar,ABŞ-da müvafiq olaraq 3,26 və 3,52 dollar, Yaponiya bazarında isə – 10,78 və 10,93 dollar proqnazlaşdırılır.

2019 və 2020-ci illərdə isə Avropada qiymətlər 8,27 və 9 dollar,ABŞ-da 3,8 və 4,1dollar,Yaponiyada 11,08 və 11,22 dollar təşkil edəcək. 2025-ci ildə isə qiymətlər AB üçün 9, ABŞ üçün 6, Yaponiya üşün isə 12 dollar səviyyəsində gözlənilir.

İş dünyası

Fransanın ən böyük banklarından olan “Societe Generale” ilin ikinci rübündə gözləntiləri doğruldub. Hesabat dövründə bankın gəliri 6.87 milyard avro, xalis gəliri isə 1.35 milyard avro olub. İtkilər üçün ayrılan fonda 200 milyon avro əlavə olunaraq buradakı məbləğ 1.3 milyard avroya çatdırılıb.

“Societe Generale” 2017-ci ilin sonuna qədər qənaət planını davam etdirərsə, 850 milyon avro qənaət edə biləcək.

“Royal Bank of Scotland” da səhmdar olan İngilis hökuməti 5.4 faizlik payının satışına qərar verib. 1.7 milyard dollar həcmində nəzərdə tutulan bu satışa müxalifətin təpkisi isə sərt olub. Müxalifət bunu bahalı və gərəksiz siyasət kimi dəyərləndirib. Xatırladaq ki, hökumət 2007-2009-cu illər böhranı dövründə “Bank of Scotland”ın qurtarılması üçün 71 milyard dollar xərcləmişdi

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Yola saldığımız həftə Statistika Komitəsi səkkiz ayın iqtisadi-sosial göstəricilərini açıqladı. Məlum oldu ki, iyul ayında ərzaq məhsullarının qiymətləri 1,7 faiz ucuzlaşıb. Qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,7 faiz ucuzlaşıb. Hesabat dövründə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1505,9 min nəfər olub. Onlardan 874,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 631,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Əmək haqqına gəlincə, yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 457,2 manat təşkil edib. İlin II rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,8 faiz bahalaşıb. Rüb ərzində yerüstü tikililər bölməsində 0,8 faiz, yol və körpü tikintisində isə 0,5 faiz bahalaşma müşahidə edilib.

Azərbaycanda vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi 6,6%-ə yüksələrək 2015-ci il iyulun 1-nə nominal ifadədə 1 338,7 mln. manat təşkil edib.Qeyd edək ki, bu ilin iyunun 1-nə bu göstərici 6,4%-ə bərabər olub. İlin əvvəlində isə vaxtı keçmiş kreditlərin məcmu kreditlərdə payı 5,3% olub. bazasının ümumi həcmi cari ilin iyulun 1-nə 7 806 mln. manat təşkil edib. Bu, iyunun 1-i ilə müqayisədə 177,7 mln. manat və ya 2,2% azdır.Bu il yalnız bir dəfə, may ayında artan pul bazası yenidən mənfi dinamika nümayiş edib.

Xatırladaq ki, pul bazasında azalma (may ayı nəzərə alınmadan) bu il mütəmadi olaraq baş verib və ilin əvvəlindən iyulun 1-nə qədər ümumi azalma 4 060,9 mln. manat və ya 34,2% təşkil edib.

Həftənin daha bir önəmli hadisəsi “LUKoil” şirkətinin “Şahdəniz” yatağındakı “Mərhələ-2” layihəsindəki payının maliyyələşdirilməsi üzrə kredit sazini imzalaması oldu. Rusiya şirkəti layihənin işlənməsi üzrə maliyyələşdirilməsi üçün 1 mlrd. dollar məbləğində sindikatlaşdırılmış kredit cəlb edib.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Asiya İnkişaf Bankı (AİB) hər biri eyni məbləğdə olmaqla cəmi 500 milyon dollar kredit ayırıblar.

Daha 60 milyon dollar isə Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən ayrılıb. Yerdə qalan 440 milyon dollar “Societe Generale” bankı (Fransa), “Bank of China” (Çin), İNG (Hollandiya) və “UniCredit” (İtaliya) bankları tərəfindən cəlb edilib.

AYİB və AİB öz vəsaitləri hesabına “LUKoil”ə krediti 12 il müddətinə ($250 mln. olımaqla) ayırıb, yuxarıda adları çəkilən kommersiya bankları isə 10 il müddətinə veriblər.

Məndən bu qədər.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm