Çin ABŞ-ı nokaut etdi
Bizi izləyin

Hesabat

Çin ABŞ-ı nokaut etdi

Tıxaclarda qalmağa hazır olun

Yola saldığımız həftə dünya iqtisadiyyatı yenə də Rusiya-Ukrayna “saç yoldusunun” acısını yaşadı. Birjalarda neftin qiyməti gah qalxdı, gah da düşdü. Avropa Komissiyası isə rus qazının qiymətinin Avropa bazarında bütün ölkələr üçün eyni olması tələbi ilə çıxış etdi. Rusiya Ukraynanın qaza görə olan borcunu 3,5 milyard dollara yüksəltdi. Bütün bunlar da nəticə etibarilə yazıq Ukrayna xalqının başında çatladı. Belə ki, ölkənin tənzimləyici orqanı may ayının 1-dən əhalinin ehtiyacları üçün təbii qazın 1000 kubmetrinin qiymətini 95,5 dollara çatdırdı.

Başlayaq BVF-nın Ukrayna və Rusiya ilə bağlı qərarlarından.

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 17 milyard dollarlıq maliyyə yardımına qərar verib. Yardımın 2 illik ərzində köçürülməsi nəzərdə tutulur. Parçalanma təhlükəsi ilə üz-üzə olan, siyasi böhranın dərinləşdiyi Ukrayna iqtisadiyyatı dərin yaralar alıb. BVF rəhbəri Christine Lagarde belə bir zamanda Kiyev hokumətinə etibarın riskli olduğunu deyib: "Bu maliyyə proqramın tətbiq olunmasında risklər var. Riskləri azaltmaq üçün əlimizdən gələni edirik. Daha əvvəl də bəzi bənzər vəziyyətlərlə qarşı-qarşıya qalmışdıq. Lakin problem yaşanmamışdı."

Qayğılardan biri də Ukraynanın ərazi bütövlüyü ilə bağlıdır. Baş nazir Arkansas Yatsenyuk ölkənin Şərqində asayişin təmin edilməyəcəyi halda kabinet dəyişikliyinə gediləcəyini istisna etməyib.

Paytaxt Kiyevdə hökumət binası qarşısına toplaşan bir qrup nümayişçi isə hökumətin iqtisadi siyasətinə etiraz edib.

BVF miyardlarla Ukrayna iqtisadiyyatının könlünü aldığı zamanda Rusiyaya qapaz vurmağı da unutmayıb. Fond Rusiya iqtisadiyyatıyla bağlı proqnozlarını mənfiyə doğru dəyişdirib.Açıqca deyir ki, ey böyük rus xalqı get ac qalacağın günü gözlə. Belə ki, BVF –ya görə, rus iqtisadiyyatı Ukrayna böhranı, xüsusilə tətbiq olunan sanksiyaların təsiriylə xarici sərmayələrin azalması nəticəsində resessiyaya girə bilər.

Rusiyada olan BVF-nın nümayəndə heyətinin rəhbəri bildirib ki, qarşıdakı rüblərlə bağlı məlumatlar Rusiyanın resessiyada olduğunu göstərir. Qeyd edək ki, ölkənin 2014 ili üçün iqtisadi artım proqnozu 1,3 faizdən 0,2 faizə endirilib. BVF bu proqnozun da stabil olmadığını,iqtisadi artımın daha da düşəcəyini bəyan edib.

Rusiyanın dərdi bununla bitmir. ABŞ, eləcə də Avropa Birliyi Vladimir Putinin və 17 şirkətin hesablarını dondurub. O cümlədən Putinə yaxın 7 adama, sözügedən 17 şirkətin rəhbərliyinə viza qadağası qoyub."Artıq düşünmə deyil hərəkətə keçmə zamanıdır" deyən Almaniyanın baş naziri Angela Merkel isə bildirib ki, sanksiyalar artaraq fərqli sahələrdə də davam edəcək: “Əgər Rusiyanın növbəti hərəkətləri nəticəsində Ukraynada seçkilər olmayacaqsa, Rusiyanı diplomatik və iqtisadi təcrid gözləyir. Bizim başqa seçimimiz olmayacaq”.

Yeri gəlmişkən, qara siyahıya alınanlar arasında “Forbes”in siyahısında 71-ci sırada yer alan Yuriy Kovalçuk, 27-ci yerdə olan Arkadi və 62-ci sırada Boris Rotenberq qardaşları, Qennadi Temçenko kimi milyarderlərin şirkətləri var. “Rostneft” prezidenti İqor Seçin, “Rostex”in baş direktoru Sergey Çemezov,” Bank Rossiya” da siyahıdan kənarda qalmayıblar.

Siyasi xadimlərə gəlincə, Vladimir Jirinovski (millət vəkili), Dimitriy Kozak, (Rusiya baş nazirinin köməkçisi), Vyaçaslav Volodin (Rusiya Prezident Administrasiyası rəhbərinin müavini), Yevqeniy Murov (Federal mühafizə xidmətinin rəhbəri), Oleq Belavençev (Rusiya prezidentinin Kırım üzrə səlahiyyətli nümayəndəsi) və digərləri daxildir.

Niyyətin hara, mənzilin ora. Yarım metrəlik çinlilər hər şeyi copy paste edə-edə ABŞ-ı nokautda qoymağa hazırlaşırlar. Amerika 1872-ci ildən bu yana, ilk dəfə iqtisadiyyatda dünya liderliyini itirməyin astanasına gəlib. 2011-ci ildə ABŞ iqtisadiyyatının 87 faizi həcmində olan Çin, eyni sürətlə böyüməkdə davam edərsə, ilin sonunda dünyanın ən böyük iqtisadiyyatına sahib olacaq. Halbuki əvvəlki proqnozlarda Çinin bu səviyyəyə 2019-cu ildə yüksələcəyi deyilirdi.

Deməli, o boyda dünya iqtisadiyyatı qalıb bir qadının əlində. Belə ki, bu həftə Amerikan Mərkəz Bankının (FED) pul siyasəti ilə bağlı toplantısı gözlənilir. Doğrusu iclasdan sonra beynəlxalq bazarlarda nələrin baş verəcəyini proqnozlaşdırmaq çətindir. Çünki Janet Yellenin bir sözü ilə valyutaların, qiymətli metalın, eləcə də şirkətlərin səhmlərinin dəyəri tavan dirənə , dibə düşə də bilər. FED-in bu dəfəki toplantısı isə xüsusilə əhəmiyyət kəsb edir. Aktiv alış proqramında gedilən 10 milyard dollarlıq kəsintiyə davam ediləcəyi deyilir. Bu halda aylıq aktiv alışı 45 milyard dollara düşəcək. İclasda həmçinin Amerikan Mərkəz Bankının faiz artımına gedib-getməyəcəyi sualına da aydınlıq gətiriləcək.

İş dünyası

Sözün bütün mənalarında strateji məhsul olan fındıq qardaş ölkə olan Türkiyədə ən bahalı və “defsit” məhsula çevrilib. Giresun Əkinçilik Otağı başçısı Musa Kəskin 6 lirə ətrafında olan fındığın qiymətinin yüksəlməsinin kökündə son hava şəraitinin dayandığını deyib: “ "Fındıq, 11 lirədən bazara təqdim edilir.Sabah nə olacaq bilmirik. Qiymət 13-ə çıxa bilər, 10 lirəyə düşə də. İstehsalçının əlində fındıq olsa qiymət yüksəlməz. 6 lirəlik qiymət 10 lirəyə yüksəlincə istehsalçı əlində qalan fındığı satıb. İstehsalçıda artıq çox az fındıq qalıb".

M. Kəskin məhsuldarlığın 350 min tona düşə biləcəyini də vurğulayıb: ”Keçən il məhsuldarlıq 570 min ton fındıq təşkil etmişdi. Məhsuldarlıq don səbəbiylə 350 min tona qədər düşə bilər.

Xatırladaq ki, fındıq zeytun ilə yanaşı Türkiyənin əsas ixrac məhsulu hesab olunur .

“Twitter” 2014-cü ilin ilk dörddə birində 132 milyon dollar zərərə uğrayıb. Bu rəqəmin açıqlanmasının ardınca isə “Twitter” in hissələri 9 faiz dəyər itirərək, indiyə qədərki ən aşağı səviyyəyə düşüb.

Məlumat üçün bildirək ki, keçən il eyni dövründə 27 milyon dollar zərərə uğrayan “Twitter”in istifadəçi artım sürəti 30 faizdən 25 faizə düşmüşdü.Yeri gəlmişkən, Türkiyədəki “Twitter” qadağasının bu balansa əhəmiyyətli nisbətdə təsir etdiyi təxmin olunur.

Yola saldığımız həftə Dow Jones birjasının 16,580 bal ilə ilin əvvəlindən bu yana ən yüksək səviyyəyə çıxaraq rekord vurmasını da əhəmiyyətli hadisə hesab etmək olar .ABŞ-da qış mövsümünün sərt keçməsi və bunun ixraca mənfi təsir göstərməsinə baxmayaraq iqtisadi məlumatlar gözlənilənin altında reallaşdı.

Sərmayəçilər birjada alışlara davam etdi.

Gəldik çatdıq güllük, sultanlıq olan cənnət kimi ölkəmizə. Şükür, bizdə nə birja var, nə FED kimi bazarları qarışdıran Mərkəzi Bank. Məsələn, Mərkəzi Bank uçot dərəcəsini 4.75%-dən 4.25%-ə, faiz dəhlizinin yuxarı həddini 7%-dən 6%-ə, aşağı həddni isə 1%-dən 0.5%-ə endirdi ölkədəki bankların faizləri “dınq” belə etmədi. Qərarın nəzərdə tutulduğu kimi inflyasiyanı nə dərədəcə nəzarətdə saxlayacağını, əhalinin pul gəlirlərini sığortalayacağını isə zaman göstərəcək.

“Ukraynadakı vəziyyət Trans-Adriatik (TAP) qaz kəmərinin reallaşmasına birbaşa təsir edə bilməz”.

Bunu isə TAP qaz kəməri layihəsinin kommunikasiyalar üzrə mütəxəssisi Aida Boll deyib.

Onun sözlərinə görə, Ukrayna hadisələri Avropanı enerji ilə təchiz edən marşrutların diversifikasiyasının vacibliyini göstərir: “Cənub qaz dəhlizi bu məqsədlərə çatmaqda Avropa üçün mühüm əhəmiyyət daşıyır: “TAP-ın işlənmə qrafiki “Şahdəniz II” layihəsinin qrafikinə tam uyğunlaşdırılıb və ilk qaz Yunanıstan-Türkiyə sərhədindən Avropaya daxil olanda kəmər tam hazır olacaq”.A.Boll deyib ki, “Şahdəniz” konsorsiumu Gürcüstan və Türkiyəyə ilk qazın 2018-ci ilin sonunda çatdırılmasını planlaşdırır: “Avropaya ilk qaz isə bir il sonra başlayacaq”.

Həftənin daha bir önəmli hadisəsi “Şahdəniz” yatağının işlənilməsinin II mərhələsi üzrə “BOS Shelf LLC”, “Saipem Contracting Netherlands B.V.” və “Star Gulf FZCO” konsorsiumu ilə dənizdə daşıma və quraşdırma işlərinə dair iri müqavilənin imzalanması oldu. “BP-Azərbaycan” şirkətindən verilən məlumata görə, “Şahdəniz II” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələrinin bir hissəsi olan 1,8 mlrd. dollarlıq bu müqavilənin imzalanması ötən ilin dekabr ayında yekun investisiya qərarının verilməsindən bu vaxtadək layihələr üzrə bütün sahələrdə böyük irəliləyişin göstəricisidir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell isə imzalanmanı şərh edərkən deyib ki, bu müqavilə yekun investisiya qərarından bu vaxtadək bağlanmış 13-cü iri müqavilədir: “Ümumilikdə bu vaxtadək bağlanmış dəyəri təxminən 7 milyard dollar həcmində olan təchizat və xidmət işlərinin əsas hissəsi Azərbaycanın daxilində həyata keçiriləcək. Biz məmnunuq ki, Şahdəniz II və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi kimi nəhəng qaz işlənməsi və ixracı layihələrinin bütün sahələrində yaxşı irəliləyiş var. Hər iki layihə planlaşdırılmış qrafik üzrə davam edir və artıq Bakı yaxınlığındakı bütün istehsalat və tikinti sahələrində işlər başlanıb. Bütün bu böyük səylər və fəaliyyətlər bizim 2018-ci ilin sonlarında ilk qaz ixracına başlamaq planlarımızı əsaslandırır.”

“Euro-4” ekoloji standartına keçiddən sonra gömrük-keçid məntəqələrindən Azərbaycana gətirilən avtomobillərin sayında azalma müşahidə olunur. Bunu da Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, məsələ ilə bağlı Azərbaycanın xarici ticarət dövriyyəsində də 20% azalma baş verib: “O cümlədən avtomobillərin metal konstruksiyalarında və qara metal məhsullarının idxalında da azalma müşahidə olunmaqdadır”.

Hesabatı pis xəbərlə tamamlamaq istəməzdim. Amma deyim, ürəyimdə qalmasın.

Qazaxıstanda öz işinə başlayan Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının növbəti illik toplantısı Azərbaycanda keçiriləcək. Bu da o deməkdir ki, əziz xalqımız, 4 mindən çox asiyalıya ev sahibliyi edəcəyimiz həmin “möhtəşəm” tarixdə saatlarla tıxaclarda qalmağa hazır olun.

Məndən bu qədər. Daha bir gərgin iş həftəsini yola saldığımıza sevinirəm. Lakin bir acı həqiqət də var hər gün ömürdən, gündən gedir. Şair demiş, “hər kəs öz ömrünün ən naşı qoca bələdçisidi, Allahın ən sevimli bəndəsi hələ doğulmayan bəndəsidi...”

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm