• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Moskvanın vəziyyəti “rusca”dır – Putin isə söz verir: “2 il dözün”

  • Hesabat
  • 20 Dekabr 2014 15:00
  • 1 417 Baxış
Moskvanın vəziyyəti “rusca”dır – Putin isə söz verir: “2 il dözün”

Yola saldığımız həftə Rusiyada “qara bazar ertəsi” ilə başladı. Rus rublu dollar qarşısında 50 faizə yaxın ucuzlaşaraq tarixinin minimumuna endi. Belə ki, 1 dollar 80,1 rubl, 1 avro isə 100,74 rubl təşkil etdi. Rusiya Mərkəzi Bankı gecə yarısı toplanaraq faiz siyasətini sərt şəkildə artırdı. Beləliklə, ilin əvvəlində 5,5 faiz olan uçot stavkası 17 faizə qaldırıldı. Bu belə rublun avro və dollar qarşısında zəifləməsinin qarşısını almadı. Dekabrın 16-da Mərkəzi Bank 1,961 milyard dollar intervensiya reallaşdırdı. Ardınca Maliyyə Nazirliyi 7 milyard dollar həcmində valyuta qalığını satışıa çıxardı. Nəhayət, rubl valyutalar qarşısında dəyərini qaytarmağa başladı. Lakin Rusiya iqtisadiyyatına olan oldu. Banklar kreditləri, dillerlər avtomobil satışını dayandırdı, ərzaq məhsulları daha da bahalaşdı. Prezident Vladimir Putin 4 saata yaxın media qarşısında danışdı. O, böhranın xarici faktorlardan qaynaqlandığını ifadə edərək bunun təxminən 2 il davam edəcəyini söylədi.

Bu arada rublun dollara nəzərən enməsi, hind rupisini, türk lirəsini, Braziliya realını da vurdu. Dollar yanvardan bəri ən yüksək səviyyəsinə çataraq 2,32 TLdən dəyişdirildi.

Neftin qiyməti də həftə ərzində gah dibə vurdu, gah da stabilləşdi. FED gələn il üçün faiz siyasətini müzakirə məqsədilə toplandı. İngiltərədə işsizliyin azaldığı açıqlandı, əvəzində maaşlar artırıldı, Almaniyada, Fransada isə özəl sektorda artımın yavaşladığı bəlli oldu. İsveçrə neqativ faiz siyasətinə keçdi. Amerika hökuməti bp-dən Meksika körfəzindəki qəzaya görə 18 milyard dollar ödəməsini tələb etdi.

Başlayaq Rusiya iqtisadiyyatında həftə ərzində baş verən “Katrina” qasırğasından. Qeyd etdiyimiz kimi, neftin qiymətinin düşməsi, eləcə də “Rostneft”in öz istiqrazlarını bazara çıxararaq 625 milyard rubl həcmində borc cəlb etməsi bazarertəsi günü rublun məzənnəsinin sürətlə enməsinə gətirib çıxardı. Mərkəzi Bank bazara təsir etmək gecə yarısı toplanaraq uçot stavkasını 10,5 faizdən 17 faizə qaldırdı. Rusiya Mərkəzi Bankının uçot stavkasını dəyişməsi artıq il başlayandan altıncı dəfə baş verdi. Belə ki, MB ilk dəfə faizləri martın 3-də 5,5 faizdən 7 faizə qaldırdı. Aprelin 25-də isə 7,5 faizə, oktyabrda 9,5 faizə, 11 dekabrda 10,5 faizə yüksəltdi. Ekspertlər faiz siyəsətində sərt artımın ölkə iqtisadiyyatında mənfi nəticələrə gətirib çıxaracağına dair proqnozlar verdilər. Sitat:”Son qərar dolların 60 rubl ətrafında stabilləşməsinə kömək edəcək. Hazırda valyuta bazarında qısamüddətli yol açılıb. Amma bu sanksiyalar və enerji məhsullarının ucuzlaşması səbəbindən iqtisadiyyatın zəifləməsinin qarşısını almır. Faiz dərəcəsinin kəskin artımı iqtisadi artım perspektivlərinə zərbə vurur”.

Əslində Rusiya iqtisadiyyatında resessiya artıq başlayıb demək olar. Rublun məzənnədən düşməsi ilə paralel istehlak bazarında bahalaşma müşahidə edilməkdədir. Rusiyada ərzaq 15-20 faiz bahalaşıb. Rusiya Statistika Komitəsi ilin əvvəlindən qiymətlərin 9,4 faiz qalxdığını açıqlayıb. Məsələn, qarabaşaq yarması 4,2 faiz, qənd 3,1 faiz, yumurta 2,7 faiz, dondurulmuş balıq, bitki yağı, un, düyü 1,2-1,9 faiz bahalaşıb. “Rostat”ın 11 ayın sosial-iqtisadi göstəriciləri ilə bağlı hesabatına görə, ilin əvvəlindən ölkədə ümumi daxili məhsul istehsalı 52392,6 milyard rubl təşkil edib. Əsas kapitala investisiya qoyluşu 1367,1 milyard rubl olub. Bu da ötən ilin müvafiq hesabat dövrü ilə müqayisədə azalma deməkdir.

Digər tərəfdən, 2015-ci ildə Rusiyaya idxalın 15 faizdən iki dəfəyə qədər düşəcəyi də məlum olub. İdxalın azalmasına isə rublun devalvasiyası təsir edir. Ekspertlər Rusiyanın cari ili idxalın 8 faiz azalması ilə başa vuracaqlarını deyirlər. Qeyd edirlər ki, antisanksiya tədbirləri artıq idxalın 7 faiz azalmasına yol açıb. 2009-cu ildəki böhran dövründə də belə olduğunu xatırladan ekspertlər bildirirlər ki, idxal həmin vaxt 36 faiz azalmışdı. Onların fikrincə, 2015-ci ildə proseslər 2009-cu ildəkindən fərqli olacaq. Rəsmi məlumatlara əsasən 2014-cü ildə idxal 310 milyard dollar, 2015-ci ildə 263 milyard dollar olacaq. Artıq cari ilin yanvar-oktyabr aylarında federasiyaya idxal 6,2 faiz azalaraq 241,9 milyard dollara düşüb.

Rusiyada bankların da vəziyyəti yaxşı deyil. Xarici maliyyə mənbələrinin qapadılması, mərkəzləşdirilmiş kreditlərin bahalaşması, əhalinin ödəmə qabiliyyətinin aşağı düşməsi fəaliyyətlərinə mənfi təsir göstərib. Digər tərəfdən, “qara bazar ertəsi”ndən sonra insanlar pulunu çəkmək üçün banklara axın etməkdədirlər. Buna adekvat olaraq bank və kurs büroları avro və dollar satışını dayandırıblar, banklararası faiz nisbətlərini 30 faizdən yuxarı qaldırıblar. Ölkənin ikinci ən böyük bankı “Sberbank” isə kredit verilişinə stop qoyub. Artıq kredit almaq istəyənlərin ərizələri geri qaytarılır. Vəziyyət o həddə çatıb ki, hökumət lazım olduğu zaman bankları maliyyə ilə təmin etmək üçün büdcədən 17 milyard dollar ayırıb.

Neftin qiyməti də həftə ərzində iqtisadiyyatları təhdiddə saxladı. Yaşanan sərt eniş beynəlxalq neft şirkətlərini narahat etdi. Şimal Dənizində fəaliyyət göstərən İngilis və ABŞ şirkətləri iflasa yaxın olduqlarını açıqladılar. İngiltərənin “Premier Oil” və ABŞ-ın “ConocoPhilips” şirkətinin minlərlə adamı işdən çıxarmağa hazırlaşdığı bəlli oldu. İngilis şirkətləri yeni layihələrini təxirə saldılar.

Avropaya gəlincə, bölgədə illik inflyasiya oktyabr ayında 0,4 səviyyəsindən geriləyərək noyabr ayında 0,3 faiz təşkil edib. 18 üzvdən ibarət Avro Bölgəsində keçən ilin eyni dövründə inflyasiya 0,9 faiz idi. Noyabr ayında baza inflyasiyası isə illik 0,7 faiz artdı. 28 üzvdən ibarət Avropa Birliyində (AB) isə illik inflyasiya 0,4 faiz açıqlanıb. Ən yüksək illik inflyasiya 1,5 faiz ilə Rumıniya və Avstriyada proqnozlaşdırılıb.

İsveçrə Mərkəz Bankı (SNB) Rusiyada yaşanan iqtisadi çaxnaşmanın təsirlərindən qaçmaq, sərmayəçilərin etibarlı fond kimi İsveçrəyə istiqamətlənməsini önləmək üçün mənfi faiz nisbəti tətbiqinə keçdi. Belə ki, vahid rublun sürətlə dəyər itirdiyi son günlərdə çox sayda sərmayəçi Rusiyadakı sərvətini İsveçrəyə istiqamətləndirmişdi.

Mərkəz Bankı prosesin qarşısını almaq üçün 3 aylıq libor hədəf xəttini - 0.75-0.25 olaraq təyin etdi. Beləliklə, əmanətlər üzrə faiz dərəcələri bundan sonra -%0.25 olaraq tətbiq olunacaq.

Mərkəzi Bankın mənfi faiz qərarından sonra ölkənin pul vahidi frank avro qarşısında 0.70 faiz dəyər itkisi yaşadı.

Bu yaponları da heç nə razı salmır. Ölkənin ixracı noyabr ayında 4,9 faiz artıb. Ancaq bu rəqəm proqnozlaşdırılandan az olub. İqtisadçılar ixracın noyabr ayında 7 faiz artacağını gözləyirdilər.

Bildirək ki, oktyabr ayında 9,6 faiz olan ixracın azalması yeni qurulan hökumətə etimadı azaldıb.

İdxal isə noyabr ayında illik 1,7 faiz eniş nümayiş etdirib. Bu arada çoxlu sayda yapon şirkətinin mərkəzini xaricə daşımasının ixracın düşməsinə təsir edən faktorlardan biri kimi göstərilir.

ABŞ Mərkəz Bankı da boş dayanmayıb. FED səlahiyyətliləri gələcək üzrə faiz nisbətlərini müzakirə etmək məqsədilə toplandı. Səlahiyyətlilərin faiz nisbətləri mövzusunda radikal bir dəyişikliyə gedib-getməyəcəkləri bir qədər sonra dəqiqləşəcək.

İş dünyası

Dünyanın texnologiya nəhənglərindən sayılan “Apple” rublun məzənnəsində yaşanan böhran səbəbindən satışları müvəqqəti dayandırdığını açıqladı. “Apple” bu vəziyyətin məhsul qiymətlərinə istiqamətli araşdırma sona çatana qədər davam edəcəyini bildirdi. “Apple” məhsullarının ölkədəki tək satış ünvanı olan internet saytında (www.store.apple.com/ru) isə "Apple" mağazasını sizin üçün aktuallaşdırırıq. Qısa bir müddət sonra təkrar fəaliyyətə başlayacağıq" mesajı qeyd edilib. “Apple”nin maliyyə direktoru (CFO) Luca Maestri bildirib ki, kurs enişinin təsirini yüngülləşdirmək üçün proqram hazırlayıblar. Qeyd edək ki, şirkət rubldakı dəyər itkisinə indiyə qədər məhsullarının qiymətini artıraraq cavab vermişdi. “Apple”nin bazara sentyabr ayında təqdim etdiyi ağıllı telefon modeli “Iphone 6”-nın Rusiyadakı qiyməti bir ayda 25 faiz artmışdı. Ancaq rubldakı enişin idarə olunmaması şirkəti ölkədəki satışlarını müvəqqəti dayandırmağa məcbur edib.

Rusiyadakı avtomobil dillerləri də qiymətləri əhəmiyyətli nisbətdə yüksəldəcəklərini bəyan edirlər. Yeni avtomobillər yeni qiymətlərlə satışa təqdim olunacaq. Amma qiymət artımının hansı həcmdə olacağını söyləmək çətindir. Dillerlərlə bağlı başqa məqam “Nissan” ilə “Renault” şirkətlərinin Rusiyadan sifarişləri hələlik dondurmalarıdır.

Dünyada ağıllı telefon satışları 2014-cü ildə də artıb. İlin üçüncü rübündə 301 milyon ağıllı cib telefon satılıb. Dekabrın sonunda bu rəqəmin illik 1 milyard 200 milyon ətrafında olacağı təxmin edilir. Üçüncü rübdə Android dəstəkli telefonlar yenə ən çox satanlar siyahısında ilk sırada olub. “Samsung” və “Apple” arasında fərq azalıb. Çinin “Xiaomi” markalı ağıllı telefonu üçüncü rübdə ən çox satılanlar arasında ilk beşliyə daxil olub.

Azərbaycan

Ruisya iqtisadiyyatında baş verənlər Azərbaycana da təsir etdi. Beynəlxalq bazarlarda ABŞ dolları ilə rus rublu valyuta cütlüyünün aşağı likvidlik səbəbi ilə, bu törəmə valyuta aləti ilə marja ticarətini təşkil edən Bakı Fond Birjasinın ticarət sistemində alış sifarişlərinin açılması məhdudlaşdırıldı. Sözügedən valyuta cütlüyündə öncədən alış sifarişləri olan müştərilərin bu əməliyyatları istənilən vaxt bağlaya biləcəkləri bildirilib. Makroiqtisadi göstəricilərdə də şimal qonşumuzda baş verən soyuq küləyi özündə nümayiş etdirdi. Ölkənin Xarici ticarət dövriyyəsi 10 faizə yaxın azalıb. Yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində 12 milyard 601 milyon 328,72 min dollar müsbət saldo yaranıb. Xarici ticarət dövriyyəsi 28 milyard 825 milyon 592,64 min dollar təşkil edib. Bu da 9.13% azalma deməkdir. Azalma MDB dövlətləri ilə xarici ticarət dövriyyəsinin həcmində də nəzərə çarpıb. Ümumilikdə MDB dövlətləri ilə xarici ticarət dövriyyəsinin fiziki həcmi 1,9 faiz azalıb. Bu ölkələrlə ticarət dövriyyəsində Rusiya birinci yerdə olub. Şimal qonşumuzla xarici ticarətin həcmi 1 581,4 milyon dollar olub. İkinci yerdə Ukrayna gəlib – 380,4 milyon dollar. Sənaye sahəsində məhsul istehsalı keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,5 faiz azalaraq 29,8 milyard manata çatıb. Bütün bunların fonunda əhaliyə verilən kreditlərin həcmi artaraq 18 milyard manata çatıb. Kreditlərin 79,2 faizi uzunmüddətli olub. 5,3 faizinin ödəmə vaxtı keçib. Bu ilin 11 ayında Azərbaycanda əsas kapitala 14,7 milyard manat həcmində vəsait yönəldilib. Bu vəsaitin 1,4%-i AİB-in payına düşüb. 10,8 milyard manatlıq tikinti-quraşdırma işi görülüb. Əsaslı vəsaitin 70 faizini və ya 10,3 milyard manatını daxili investisiyalar təşkil edib.

Həftənin daha bir maraqlı xəbəri “Forbes” jurnalının hazırladığı “Biznes üçün ən yaxşı ölkələr - 2014” reytinqində Azərbaycan 60-cı yeri tutmasıdır. Reytinq Freedom House, Heritage Foundation, Property Rights Alliance, Transparency International, Dünya Bankı və Dünya İqtisadi Forumunun məlumatları əsasında hazırlanıb.Reytinqə 146 ölkə daxil edilib. Onların nailiyyətləri 11 mövqe üzrə öyrənilib: vətəndaşların şəxsi azadlıqlarının səviyyəsi; mülkiyyət hüquqlarının və investisiyaların qorunmasının dərəcəsi; qiymət sabitliyi; mal ixracı və idxalı üçün maneələrin olması; texnologiyanın inkişaf səviyyəsi; innovasiyaların tətbiqi; dövlətin biznesə təsir dərəcəsi; korrupsiya; vergi yükü və səhm bazarının vəziyyəti.Reytinqdə biznesin aparılması üçün ən yaxşı ölkə Danimarka göstərilib. Qeyd edək ki, 2013-cü ildə reytinqə İrlandiya başçılıq edib.

Məndən bu qədər. Hər birinizə uğurlu həftəsonu tətili.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR