“İnter” ispanların müqavimətini qıra bilmədi
Bizi izləyin

İdman

“İnter” ispanların müqavimətini qıra bilmədi

Avqustun 6-da Bakının “İnter” futbol komandası UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində cavab oyununu keçirib.

Bakı təmsilçisi paytaxtdakı “Şəfa” stadionunda İspaniyanın “Atletik” (Bilbao) klubunu qəbul edib. Komandalar arasında ilk görüşdə “İnter” 0:2 hesabı ilə məğlub olduğundan növbəti mərhələyə yüksəlmək üçün cavab qarşılaşmasının ilk dəqiqələrindən hücuma atılıb. Buna baxmayaraq, oyunda ilk təhlükəli vəziyyəti 9-cu dəqiqədə qonaqlar yaradıblar. Ager Aketçenin zərbəsini qapıçı Səlahət Ağayev uğurla dəf edib. Görüşün 12-ci dəqiqəsində “İnter” hesabı açsa da, hakim qolu hesaba almayıb. 19-cu dəqiqədə “Atletik” komandasının hesabda irəli çıxmasına qapı dirəyi mane olub. Qarşılaşmanın 24-cü dəqiqəsində Rauf Əliyevin başla zərbəsini rəqib komandanın qapıçısı dəf edib. Hücumlarını davam etdirən “İnter” 27-ci dəqiqədə hesabı açmağa yaxın olsa da, Mirhüseyn Seyidovun zərbəsi qapı tirinin bir qədər üzərindən keçib.

Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. Oyunun ikinci hissəsində də “İnter” qol vurmaq üçün irəli atılsa da, “Atletik” futbolçularının inamlı müdafiəsi Bakı təmsilçisinin fərqlənməsinə imkan verməyib və matç 0:0 hesabı ilə başa çatıb.

Görüşü hollandiyalı referi Serdar Gözübüyük idarə edib. Ona həmyerliləri Bas van Dongen, Patrik Langkamp kömək ediblər. Dördüncü hakim funksiyasını isə Dennis Hiqler yerinə yetirib. Matçın UEFA nümayəndəsi kiprli Corc Fantaros, hakim-inspektoru isə bolqarıstanlı Kostadin Gerginov olub.

Beləliklə, iki oyunun nəticəsinə görə 0:2 hesabı ilə məğlub olan “İnter” komandası Avroliqada çıxışını dayandırmalı olub. Turnirə birinci təsnifat mərhələsindən qoşulan Azərbaycan çempionatının gümüş mükafatçısı əvvəlki mərhələlərdə Albaniyanın “Laçi” və İslandiyanın “Hafnarfyordur” komandalarını məğlub edərək yarışdan kənarlaşdırmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm