Gəncədə kimin siftəsi korlanacaq?
Bizi izləyin

İdman

Gəncədə kimin siftəsi korlanacaq?

Azərbaycan Premyer Liqasında 2-ci tura avqustun 15-də start veriləcək. Bu turda da müəyyən dəyişiklik edilib. Təəccüblənməyin, dəyişiklik olmasaydı, PFL peşəkar qurum olardı. PFL-in “peşəkarlığı” bu dəfə “İnter” - “Neftçi” oyununa müdaxilə ilə nəticələnib. Avqustun 15-də keçirilməli olan bu oyun, avqustun 17-nə “sürüşdürülüb”. Qurum bu qərarını “canlı yayım” bəhanəsilə sığortalayıb.

Publika.az 2-ci turun afişasını təqdim edir:

Bir-birinə bab namizədlər

Turun ilk oyun günündə Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq komandalar - “Qarabağ” və “Qəbələ” meydana çıxacaq. Çempionatın ilk turu bizim proqnozumuzu doğrultdu. İki komandanı - “Qarabağ” və “Qəbələ”ni çıxmaq şərtilə, yerdə qalan 8 komanda demək olar ki, eyni səviyyədədirlər. Bunu ilk turun nəticələri də sübut edir. Avrokuboklarda iştirak etmiş, xaricdə yaxşı təlim-məşq toplanışı keçirmiş “Neftçi” cəmisi bir ay əvvəl qurulmuş “Kəpəz”dən üstün oyun sərgiləyə bilmirsə, bu, “Kəpəz”in gücünün yox, “Neftçi”nin zəifliyinin göstəricisi sayılmalıdır. Baş katibin uzun illərdir AFFA-nın hesabına saxladığı “Sumqayıt” cəmisi bir həftəyə formalaşmış “Rəvan”a qalib gələ bilmirsə, onda bu vaxta qədər xərclənən vəsaitin hesabı sorulmalıdır.

Çempionatın ilk turuna həsr olunmuş yazıda qeyd etmişdik ki, çempionluq uğrunda “Qarabağ”la “Qəbələ” mübarizə aparacaq. İlk turda bu komandaların görüşü olduqca baxımlı alındı. Və məlum oldu ki, çempionluğa iddialılar digər klublardan səviyyə fərqlərinə görə seçilsələr də, bir-birinə bab komandalardır.

“Rəvan” üçün əlavə şans nədir?

“Qarabağ” 2-ci turda “Rəvan”ın qonağı olacaq. Əslində “Köhlən atlar” bu tur öz meydanında oynamalıydı. Ancaq Respublika stadionunun öt örtüyünün təmiri ilə bağlı olaraq, bu qarşılaşmada ev sahibinin “Rəvan” olmasına qərar verildi. “Qarabağ”ın bu oyunda asanlıqla qalib gələcəyini iddia edə bilərdik. Amma qarşıda “Yanq Boyz”la oyun olmasaydı. Böyük ehtimalla, Qurban Qurbanov “Rəvan”la oyunda məhz “Yanq Boyz”la qarşılaşmanın detallarını cızacaq. Güman ki, “Köhlən atlar” kartları açmadan və böyük qüvvə sərf etmədən qalib gəlməyə çalışacaqlar. Bu da “Rəvan” üçün əlavə şansdır. Əzmkarlıq göstərə bilsələr, “Qarabağ”a çətin anlar yaşatmaq mümkündür.

Statistika nə deyir?

“Rəvan” indiyədək Ağdam təmsilçisi üzərində qələbə qazanmayıb. “Qarabağ” son iki görüşdə qalib gəlib. Paytaxt təmsilçisi ev oyunlarının hamısında qol buraxıb.

Rəvan – Qarabağ: 8 oyun, 4 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 5:14.

AZAL-la qarşılaşma yaxşı məşq sayılmalıdı

Elə “Qəbələ” də AZAL-la qarşılaşmada eyni situasiyada olacaq. Üstəlik, onu da nəzərə alaq ki, Cavid Hüseynovla bağlı yaşananlar komandadakı ab-havaya təsirsiz ötüşməyəcək. Ancaq bütün bunlara rəğmən, AZAL məğlub edilməlidir. “Təyyarəçilər” demək olar ki, məhəllə komandası səviyyəsindədir. Yaxşı hazırlıq keçilməyib, pul yox, legioner yox. Yerli futbolçularla isə nəyəsə nail olmaq mümkünsüzdür. Roman Qriqorçuk “Panatinaikos”la oyunu nəzərə alıb, meydana əvəzedici heyətin futbolçularını buraxsa belə, “Qəbələ” AZAL-a qalib gəlməlidir. Amma yəqin ki, Qriqorçuk oyun təcrübəsini artırmaq naminə AZAL-la qarşılaşmada əsas heyəti meydana buraxacaq. “Panatinaikos”la oyun ərəfəsində AZAL-la qarşılaşma yaxşı məşq sayılmalıdır.

Statistika nə deyir?

Son 6 oyunda meydan sahibi olan tərəf qalib gəlməyib. Paytaxtdakı son 7 qarşılaşmanın hər birində ən azı 3 qol vurulub.

AZAL - Qəbələ: 22 oyun, 9 qələbə, 7 heç-heçə, 6 məğlubiyyət, top fərqi – 32:23.

Kimin nəyə qadir olduğu Gəncədə bilinəcək

İkinci oyun günündə də iki qarşılaşma keçiriləcək. Gəncədə “Kəpəz” “Zirə”ni qəbul edəcək. İlk turda Bakıda “Neftçi”dən xal alan Şahin Diniyevin komandasının nəyə qadir olduğu məhz bu oyunda üzə çıxacaq. Elə “Zirə”nin də bir atımlıq barıtının, yoxsa dili ilə bərabər dilçəyinin də olduğu “Kəpəz”lə qarşılaşmada müəyyənləşəcək. Hər iki komanda səviyyə fərqinə görə bir-birindən kəskin fərqlənmədiyi üçün, bu oyunun taleyini buraxılan səhvlər həll edə bilər.

Bu komandalar indiyə qədər qarşılaşmayıblar.

“Xəzər Lənkəran”ın 14 nəfəri nəyə qadirdir?

Günün digər qarşılaşmasında isə “Sumqayıt” “Xəzər Lənkəran”ı qəbul edəcək. Əslində cənub təmsilçisi heyətinə görə digər komandalardan fərqlənir. Ancaq FİFA-nın transferlərə qoyduğu qadağa ucbatından “Xəzər Lənkəran” yeni futbolçuların xidmətindən yararlana bilmir. Amma 14 nəfərlik heyət də “Sumqayıt”dan 3 xalla dönməyə qadirdir. Bu futbolçular “İnter”lə oyunda bacarıqlarını nümayiş etdirdilər. İndi qalır, məsuliyyəti azaltmadan futbolla yox, başqa işlərlə məşğul olan “Sumqayıt”ın dərsini vermək.

Statistika nə deyir?

7 matçdır bu komandaların oyunlarında heç-heçə qeydə alınmır. “Sumqayıt” son 5 görüşdə meydanı qolsuz tərk etməyib.

Sumqayıt - Xəzər Lənkəran: 14 oyun, 3 qələbə, 4 heç-heçə, 7 məğlubiyyət, top fərqi – 16:23.

Bu futbolçuları başqa cür necə motivasiya etmək olar?

Turun son oyunu avqustun 17-də keçiriləcək. “İnter” “Neftçi”ni qəbul edəcək. Hər iki komanda maliyyə problemlərindən əziyyət çəkir. Demək olar ki, həm “İnter”in, həm də “Neftçi”nin futbolçuları qışdan bəri məvacib üzünə həsrətdir. Avrokuboklarda yaxşı mübarizə aparan “İnter” “Fırtınalar meydanı”nda “Xəzər Lənkəran”a müqavimət göstərə bilmədi. Bunun bir səbəbi yorğunluq idisə, digər səbəbi də futbolçuların uzun müddət məvacib ala bilməməsinə bağlıdır. Elə “Neftçi”nin futbolçuları da yeni rəhbərlikdən ancaq “yağlı” vəd eşidir, məvacib əvəzinə. Bəlkə də buna görə “Kəpəz”lə oyunda “ağ-qara” formanı geyinənlərin mübarizə əzmi yox idi. Eyni durumda olan bu iki komandanın görüşündə nəticəni nə həll edəcək? Pul yoxdu. Futbolçuları başqa cür necə motivasiya etmək olar? Çox çətin sualdır.

Statistika nə deyir?

“Neftçi” 7 oyundur paytaxt derbisində qalib gələ bilmir. Son 3 qarşılaşmada “İnter” qələbə qazanıb. “Ağ-qaralar” son 4 səfər qarşılaşmasında xal qazana bilməyib.

İnter – Neftçi: 43 oyun, 11 qələbə, 13 heç-heçə, 19 məğlubiyyət, top fərqi – 44:61.

2-ci turun oyun cədvəli

15 avqust

21:00 Rəvan – Qarabağ

Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Vaqif Musayev, Xəlil Xəlilov.

“Bayıl Arena”

21:00 AZAL – Qəbələ

Hakimlər: Fariz Yusifov, Elman Musayev, İsgəndər Əliyev, Ziya Nəsirov.

“Bakcell Arena”

16 avqust

21:00 Sumqayıt – Xəzər Lənkəran

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Kamran Bayramov, Etibar Həsənov.

“Kapital Bank Arena”

18:30 Kəpəz – Zirə

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Coşqun Həsənov, Rəvan Həmzəzadə.

Gəncə şəhər stadionu

17 avqust

21:00 İnter – Neftçi

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Ömər Paşayev.

İnter Arena

Oxumağa davam et
Reklam
Reklam

Gündəm