Avroliqa təmsilçilərimiz “bombalar”ı son gündə partlatdı - VİDEO
Bizi izləyin

İdman

Avroliqa təmsilçilərimiz “bombalar”ı son gündə partlatdı - VİDEO

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan sonra heyətini gücləndirən “Qəbələ” və “Qarabağ” transfer dövrünün son günündə də səs-küylü keçidlərlə diqqət çəkdi.

Publika.az xəbər verir ki, “Qırmızı-qaralar" Vaqif Cavadovun ardından Fakundo Abel Pereyranı da rənglərinə bağlayıb. 28 yaşlı argentinalı hücumçu 2014-cü ildən Yunanıstanın PAOK klubunun üzvüdür. "Qəbələ" icarə əsasında heyətinə qatdığı Pereyra ilə 1 illik anlaşıb. Cənubi amerikalı Saloniki təmsilçisinə keçənədək vətənində "Estudiantes" (2006-2011), "Ximnasiya" (2012-2014, icarə əsasında), Çilidə "Palestino" (2009, icarə əsasında), "Audaks İtaliano" (2011-2012), Meksikada "San Luis" (2012-2014) klublarında çıxış edib.

Son mövsümü müqaviləylə məxsus olduğu PAOK-da keçirən 28 yaşlı futbolçu meydanda çıxdığı 36 oyunda 12 qola imza atıb.

“Qəbələ” dünən daha bir transferi reallaşdırıb. Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov və argentinalı Fakundo Abel Pereyranı icarə əsasında sıralarına qatan "qırmızı-qaralar" paraqvaylı yarımmüdafiəçi Derlis David Meza Kolliylə bir illik müqavilə imzalayıb.

Son iki mövsümdə ölkəmizdə çıxış edən Derlis Bakının "İnter" klubunun formasını geyinib. O, Azərbaycan Premyer Liqasında 55 oyun keçirib, 4 qol vurub və iki dəfə çempionatın gümüş mükafatçısı olub.

İspaniyanın "Leskala" klubunun (2000-2007) yetirməsi olan Meza Kolli 2013-cü ildə Azərbaycana gələnədək Yunanıstanın "Atromitos" (2007-2010), "Etnikos" (2007-2008, icarə əsasında), "Yannina" (2008-2009, icarə əsasında), "Messiniakos" (2009-2010, icarə əsasında), İtaliyanın "Çezena" (2010-2013) və "Pavia" (2011, icarə əsasında) klublarına çıxış edib.

Ardıcıl ikinci il Avropa Liqasının qrup mərhələsində iştirak edəcək "Qarabağ" da heyətini yeni futbolçularla gücləndirib. Ağdamlılar Yunanıstanın "Kerkira" klubunun və Makedoniya millisinin müdafiəçisi Vladimir Dimitrovskini heyətinə cəlb edib. "Köhlən atlar" 26 yaşlı müdafiəçiylə 2 illik müqavilə bağlayıblar.

Dimitrovski karyerası ərzində "Kerkira"dan başqa ölkəsinin "Vardar", "Rabotniçki", "Kemetarnika", "Metallurq", Çexiyanın "Mlada Boleslav", Xorvatiyanın "Kroatia Sesvete" və Belçikanın "Vesterlo" klublarında top qovub. Solaxay müdafiəçi Makedoniya millisinin heyətində 4 oyun keçirib.

“Qarabağ”ın digər yeni futbolçusu isə müqaviləylə “Anderlext”ə (Belçika) məxsus olan isveçli futbolçu Samuel Armenterosdur.

Belçika mətbuatının yazdığına görə, "Qarabağ" Armenterosla iki illik müqavilə imzalayıb. Tərəflər bu müqaviləni daha bir il artıra bilərlər.

Armenteros "Anderlext"in futbolçusu olsa da, son mövsümü icarə əsasında Hollandiyanın "Villem II" klubunda keçirib. Ondan əvvəlki mövsümdə də Hollandiya çempionatında çıxış edən futbolçu "Feyenoord"un şərəfini qoruyub. Samuel əvvəllər "Herenven" və "Herakles"də də çıxış edib.

25 yaşlı Armenteros İsveçin U-17, U-19 və U-21 yığmalarında da forma geyinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm