Ya ölmədiklərini sübut edəcəklər, ya da...
Bizi izləyin

İdman

Ya ölmədiklərini sübut edəcəklər, ya da...

Azərbaycan Premyer Liqasında yığma komandaların oyunu ilə bağlı verilmiş fasilə başa çatır. Dördüncü turun oyunlarına sentyabrın 12-də start veriləcək.

Publika.az Premyer Liqanın 4-cü turunun afişasını təqdim edir.

“Bankirlər”də bankirlik qalmasa da...

Azərbaycanı Avropa Liqasında təmsil edəcək komandalar - “Qarabağ” və “Qəbələ” ilk oyun günündə meydana çıxacaqlar. “Qəbələ” Bakıda “İnter”in qonağı olacaq. Roman Qriqorçuk Avropa Liqasının məsuliyyətini nəzərə alaraq, yığmalara dəvət almayan futbolçuları Ukraynada keçirilən təlim-məşq toplanışında kökdən düşməyə qoymadı. Ola bilsin ki, ukraynalı mütəxəssis “İnter”lə oyunda yığmaya dəvət alan futbolçulara istirahət versin. Amma onların ən azı bir hissə oynaması da mümkündü. Belə olan təqdirdə, futbolçular PAOK-la oyunda komanda ritmini asanlıqla tuta bilərlər. “İnter” də fasilə dönəmində Gürcüstanda təlim-məşq toplanışında olub. “Bankirlər”də maliyyə sarıdan bankirlik qalmasa da, meydanda hələ ki, futbol oynayırlar. “Qəbələ” ilə oyun kasıb “İnter” üçün əsl sınaq olacaq.

Statistika nə deyir?

“İnter” son 3 qarşılaşmada qalib gəlməyib. Bakılılar 4 matçdır meydanı qolsuz tərk etmir.

İnter - Qəbələ: 28 oyun, 13 qələbə, 9 heç-heçə, 6 məğlubiyyət, top fərqi 41:23.

Nadirov bu oyuna rəng qata biləcək?

“Qarabağ” öz meydanında “Xəzər Lənkəran”ı qəbul edəcək. “Köhlən atlar”la oyunda “Ağ-yaşıllar” yeni transferlərdən yararlana biləcəklər. Xüsusən də Vüqar Nadirovun keçmiş klubuna qarşı oynaması qarşılaşmaya rəng qata bilər. Yeni transferlərin “Xəzər Lənkəran”a nə qədər yararlı ola biləcəyi məhz bu qarşılaşmada bəlli olacaq. Böyük ehtimalla, Qurban Qurbanov meydana eksperimental heyəti buraxacaq. Cənub klubunun ümid bəslədiyi yeni transferlər “Köhlən atlar”ın eksperimental heyəti ilə bacarmayacaqsa, onda apar tulla. Ruslan Abışov, Vüqar Nadirov kimi futbolçular potensiallarının tam itmədiyini, hələ də yüksək səviyyədə oynaya biləcəklərini düşünürlərsə, “Qarabağ”la oyun onlar üçün əla şansdır. Ya ölmədiklərini sübut edəcəklər, ya da...

Statistika nə deyir?

Əvvəlki 32 qarşılaşmada “Qarabağ” qələbə, “Xəzər Lənkəran” top sayında üstündür. “Qarabağ” 4 oyundur məğlub olmur. Ağdam təmsilçisi son iki ev oyununda qalib gəlib.

Qarabağ - Xəzər Lənkəran: 32 oyun, 15 qələbə, 5 heç-heçə, 12 məğlubiyyət, top fərqi 36:37.

Şahin Diniyev nəyi bilməlidi?

İlk oyun günündə daha bir qarşılaşma Gəncədə keçiriləcək. “Kəpəz” AZAL-ı qəbul edəcək. Gəncəli azarkeşlərin nə qədər tələbkar olduğu hər kəsə bəllidir. “Kəpəz” isə hələ də qələbə qazana bilməyib. Ancaq bu tur bütün Gəncəyə qələbə sevinci bəxş etmək üçün əla məqamdır. Rəqib çempionatın aşkar autsayderidir. AZAL həvəskar komanda səviyyəsindədir. “Kəpəz” bu rəqibi də məğlub edə bilməsə, kimi məğlub edəcək? Qərb klubu “Təyyarəçilər”lə oyunda qalib gələ bilməsə, ilk növbədə baş məşqçi Şahin Diniyevə qarşı təzyiqlər başlayacaq. Bunu futbolçular bilməsə də, Diniyev bilməlidir.

Statistika nə deyir?

AZAL son 7 matçda qalib gəlib. “Kəpəz” ardıcıl 3 oyunda üç və daha çox qol buraxıb. Gəncə təmsilçisinin bütün ev oyunlarında qol qeydə alınıb.

Kəpəz – AZAL: 12 oyun, 1 qələbə, 2 heç-heçə, 9 məğlubiyyət, top fərqi 5:22.

“Zirə” “Sumqayıt”da yeni qarşıdurma yaradacaq?

Turun daha iki qarşılaşması sentyabrın 13-də keçiriləcək. Sumqayıtda eyni adlı komanda “Zirə”ni qəbul edəcək. Çempionatın debütantı “Zirə” mövsümə nə qədər iddialı başlayıbsa, “Sumqayıt” bir o qədər bərbad təsir bağışlayır. Əslində AFFA-nın baş katibi Elxan Məmmədovun layihəsi hesab olunan “Sumqayıt”ın nə vaxtsa yaxşı günü də olmayıb. Komanda daxilində nizam-intizam həmişə aşağı olub. Bununla yanaşı, düşərgədə mütəmadi olaraq daxili çəkişmələr də baş verir. Bu da komandanın idarəetmə sistemindəki naqisliklə bağlıdır. “Neftçi” ilə oyundan sonra “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov oyunçularını nəzərdə tutaraq “bunlara futbolçu deməyə adamın dili gəlmir” demişdi. Maraqlıdır, belələrini komandaya kimlərin sifarişi ilə toplayıblar? “Sumqayıt” “Zirə”yə də məğlub olsa, komandanın daxilində yeni qarşıdurmanın baş verəcəyi də gözləniləndi.

Statistika nə deyir?

Bu komandalar indiyədək qarşılaşmayıblar.

Nisbi sakitliyin yaranması üçün fürsət

Peşəkar Futbol Liqasının yalvar-yaxarla çempionata gətirdiyi “Rəvan” “Neftçi”ni qəbul edəcək. Hər iki komanda ciddi problemlərlə baş-başadır. “Rəvan”ın pulunun olmadığı əvvəldən bəlliydi. “Neftçi” də aylardan bəri yığılıb qalan borcun altında batır. “Ağ-qaralar”ın Müşahidə Şurasının sədri Çingiz Abdullayev mətbuata verdiyi açıqlamada futbolçulara 3 milyon dollar borclarının olduğunu bildirib. Üstəlik, “Neftçi”nin yeni rəhbərliyi iş görmək əvəzinə, əvvəlki rəhbərliyi ittiham etməklə məşğuldur. Bir sözlə, bu qarşılaşma hər iki komandanın düşərgəsində nisbi sakitliyin yaranması üçün fürsətdir. Qalib gələn tərəfdə sakitlik olacaq. Məğlub olan tərəfdə isə...

Statistika nə deyir?

“Neftçi” son 5 qarşılaşmada qalib gəlib. “Rəvan”ın meydanındakı görüşlərdə qol vuran komanda 3 xal qazanır. Paytaxt təmsilçilərinin matçlarında hələ heç-heçəyə təsadüf olunmayıb.

Rəvan – Neftçi: 8 oyun, 1 qələbə, 7 məğlubiyyət, top fərqi 4:11.

Azərbaycan. Premyer Liqa, 4-cü tur

12 sentyabr

20:30 Qarabağ – Xəzər Lənkəran

Hakimlər: Ramil Diniyev, Vüsal Qənbərov, İsgəndər Əliyev, Nail Nağıyev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Rövşən Əhmədov

“Dalğa Arena”

16:00 Kəpəz – AZAL

Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Azər Əsgərov, Rza Məmmədov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Xəlil Xəlilov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Əli Hüseynov

Gəncə şəhər stadionu

20:00 İnter – Qəbələ

Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Gülağa Cabarov

“İnter Arena”

13 sentyabr

21:00 Rəvan – Neftçi

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Vüsal Əliyev

“Bayıl Arena”

19:00 Sumqayıt – Zirə

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Kamran Bayramov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Melik Həsənov

"Kapital Bank Arena"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm