AZAL-ın “təyyarə”si son uçuşunu edəcək?
Bizi izləyin

İdman

AZAL-ın “təyyarə”si son uçuşunu edəcək?

Azərbaycan Premyer Liqasında 5-ci tura sentyabrın 19-da start veriləcək. Turun oyunları 3 gün ərzində keçiriləcək.

Publika.az 5-ci turun afişasını təqdim edir.

Belə iştahla AZAL-ı hopp etməyə nə var...

İlk oyun günündə turnir cədvəlinin müxtəlif qütblərində olan komandalar üz-üzə gələcəklər. Çempionatda hələ də xal və qol üzünə həsrət qalan AZAL “İnter”i qəbul edəcək. “Bankirlər” maliyyə çətinliklərinə baxmayaraq, ilk 4 turdan sonra adlarından söz etdirə biliblər. Xüsusən də ötən tur “Qəbələ” üzərində qazanılan qələbə “İnter”in iştahının böyük olduğunu göstərdi. Belə iştahla AZAL-ı aşırmaq çətin olmamalıdır. Aydın hiss olunur ki, “Təyyarəçilər”in problemləri daha ciddidir. Bu komanda meydana qələbə qazanmaq üçün yox, sadəcə, oyunu yola vermək üçün çıxır. Təbii ki, bu amil də Azərbaycan çempionatının imicinə ciddi zərbə vurur. Futbol kluarlarında gəzən söz-söhbətə görə, maliyyə vəsaiti tapmayan rəhbərlik də komandadan imtina etmək niyyətindədir. AZAL “İnter”lə oyunda da məğlub olsa, bu komandanın tamamilə buraxılmaq təhlükəsi yaranacaq. Bir sözlə, AZAL-ın “təyyarə”si son uçuşunu edə bilər.

Statistika nə deyir?

27-ci paytaxt derbisinə 10-cu qələbə üçün çıxacaq “İnter” 7 oyundur rəqibinə uduzmur. AZAL-ın son 3 ev oyununda hər iki komanda qol sevinci yaşayıb. Səfərdəki son 6 qarşılaşmada xal qazanan “İnter” 4 il 5 aydır rəqib meydanında xalsız qalmır.

AZAL – İnter: 26 oyun, 5 qələbə, 12 heç-heçə, 9 məğlubiyyət, top fərqi – 20:24.

“Rəvan”ın mübarizə əzmi nə vaxta qədər tab gətirəcək?

Turun açılış gününün digər oyununda “Zirə” “Rəvan”ı qəbul edəcək. Bu komandaların həm turnir cədvəlindəki yeri, həm də maliyyə durumu fərqlidir. Sabit maliyyə dayağına malik olan “Zirə” hələ çempionatda məğlubiyyət acısı dadmayıbsa, kasıbçılıqdan üstündən cin hürkən “Rəvan” isə qələbə qazana bilməyib. Düzdür, Emin Quliyevin çalışdırdığı komanda meydanda mübarizə aparır. Amma belə maliyyə və heyətlə ancaq mübarizə aparmağa cəhd etmək olar. Bu mübarizəni nəticəyə çevirmək isə çox çətindir. Maraqlıdır, belə şəraitdə “Rəvan”ın futbolçularının mübarizə əzmi nə vaxta qədər tab gətirəcək? Bu suala cavab vermək çətindir. Ancaq o bəllidir ki, mübarizə əzmi qırılan kimi, “Rəvan” da dağılacaq. Ümid edək ki, qırılma nöqtəsi “Zirə” ilə oyuna təsadüf etməyəcək.

Statistika nə deyir?

Bu komandalar indiyədək qarşılaşmayıblar.

Bu da “Kəpəz” üçün əlavə üstünlükdür

İkinci oyun gününün ən maraqlı qarşılaşması Gəncədə baş tutacaq. “Kəpəz” “Qarabağ”ı qəbul edəcək. İnamla deyə bilərik ki, “Qarabağ” üçün Gəncədə asan olmayacaq. Birincisi, Gəncə stadionunda ən azı 15 min azarkeş “Kəpəz”i dəstəkləyəcək ki, bu da qarşılaşmaya əlavə rəng qatacaq. İkincisi, “Qarabağ” Avropa Liqasında “Tottenhem”lə ağır oyundan sonra “Kəpəz”in qarşısına çıxacaq. “Köhlən atlar” Gəncəyə demək olar ki, istirahət etmədən yollanacaqlar. Qurban Qurbanovun bu qarşılaşmada ehtiyat oyunçulara güvənəcəyi istisna olunmur. Bu da “Kəpəz” üçün əlavə üstünlükdür. Çempion ilk xal itkisiylə Gəncədə üzləşə bilər.

Statistika nə deyir?

“Kəpəz” 12 oyundur rəqibinə qalib gəlmir. “Qarabağ”ın xal qazanmadığı son qarşılaşma 13 il 5 ay əvvəl baş tutub. Gəncə təmsilçisi son 3 görüşdə cəmi 1 qol vurub.

Kəpəz – Qarabağ: 37 oyun, 14 qələbə, 8 heç-heçə, 15 məğlubiyyət, top fərqi – 49:44.

Böyüklüklərini çoxdan itirən iştirakçılar

İkinci oyun günü “Neftçi” - “Xəzər Lənkəran” qarşılaşması da keçiriləcək. Ancaq biz Gəncədə baş tutacaq matçı xüsusi vurğuladıq. Bu da təsadüfi deyil. Bir vaxtlar Azərbaycanda “böyük oyun” hesab olunan qarşılaşmanın iştirakçıları böyüklüklərini çoxdan itiriblər. İndi nə “Neftçi”, nə də “Xəzər Lənkəran” Azərbaycan futbolunda dəbi müəyyənləşdirir. Hər iki klubun idaretmə sistemindəki ciddi problemlər belə durum yaradıb. Sentyabrın 20-də də “böyük oyun” Bakıda yox, Gəncədə olacaq. Bakıda baş tutacaq qarşılaşma isə sıradan bir oyun xarakteri daşıyır. “Neftçi” nisbətən sabitlik əldə etsə də, FİFA-nın “Xəzər Lənkəran”ın başına açdığı oyundan sonra cənublularda çətin ki, taqət qalsın.

Statistika nə deyir?

Premyer Liqadakı 34-cü “böyük oyun” öncəsi “Neftçi” 8 matçdır rəqibinə uduzmur. Paytaxt klubu son 7 qarşılaşmada meydanı qolsuz tərk etməyib. “Xəzər Lənkəran” səfərdə 5 oyundur xal qazanmır, 3 qarşılaşmadır qol vurmur.

Neftçi - Xəzər Lənkəran: 33 oyun, 12 qələbə, 14 heç-heçə, 7 məğlubiyyət, top fərqi – 38:27.

Yerlilərin gücü autsayderi məğlub etməyə çatırmı?

Turun son oyunu sentyabrın 21-də Qəbələdə baş tutacaq. “Qəbələ” çempionatın autsayderlərindən sayılan “Sumqayıt”ı qəbul edəcək. PAOK-la oyunda Roman Qriqorçuk meydana əcnəbiləri buraxmışdı. Bu da bəzi azərbaycanlı mütəxəssislərin narazılığına səbəb olmuşdu. Güman ki, ukraynalı mütəxəssis “Sumqayıt”la oyunda legionerlərə dinclik verəcək, əsasən yerli futbolçuların xidmətindən yararlanacaq. Neynək, görək, bu yerlilərin gücü autsayder “Sumqayıt”ı məğlub etməyə çatırmı? Çatmasa, Qriqorçukdan narazılıq edən mütəxəssislərin də birdəfəlik susması lazım gələcək.

Statistika nə deyir?

Son 3 qarşılaşmada 2 qol vurulub. “Qəbələ” əvvəlki 12 matçın hamısında qol sevinci yaşayıb. “Sumqayıt” səfərdə xal qazanmayıb.

Qəbələ - Sumqayıt: 12 oyun, 10 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi – 27:8.

Azərbaycan Premyer Liqası, 5-ci tur

19 sentyabr

21:00 AZAL – İnter

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov.

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Əhmədov.

AFFA nümayəndəsi: Nüvər Xasıyev.

Hakim-inspektor: Asim Xudiyev.

“Dalğa Arena”

21:00 Zirə – Rəvan

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Nahid Əliyev, İsgəndər Əliyev.

Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Ömər Paşayev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Hakim-inspektor: Füzuli Nəcəfov.

Zirə İdman Kompleksinin stadionu

20 sentyabr

16:30 Kəpəz - Qarabağ

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elman Musayev, Munis Abdullayev.

AFFA nümayəndəsi: Rauf Hüseynli.

Hakim-inspektor: Əhmədağa Cabbarov.

Gəncə şəhər stadionu

21:00 Neftçi – Xəzər Lənkəran

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mehman Mahmudov, Yaşar Abbasov.

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov.

AFFA nümayəndəsi: Ramiz Abdullayev.

Hakim-inspektor: Xaqani Məmmədov.

“Bakcell Arena”

21 sentyabr

21:00 Qəbələ – Sumqayıt

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Nail Nağıyev.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Hakim-inspektor: Məhəmməd Məmmədov.

Qəbələ şəhər stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm