• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

PFL-in inanılmaz fırıldağı - “Xırda qanun pozuntusu” ilə mənimsənilən böyük vəsait – FOTOLAR

  • İdman
  • 1 Aprel 2014 12:46
  • 706 Baxış
PFL-in inanılmaz fırıldağı - “Xırda qanun pozuntusu” ilə  mənimsənilən böyük vəsait – FOTOLAR

Martın 30-da keçirilən “Qarabağ”-“Qəbələ” qarşılaşması güclü qar yağması nəticəsində ekstremal şəraitdə keçirildi. Bəlkə də buna görə oyunda baş verən bəzi məqamlar diqqətdən kənarda qaldı.

Ancaq bu qarşılaşmada bir məqamın üstündən sükutla keçmək olmaz. Məsələ burasındadır ki, “Qarabağ”-“Qəbələ” qarşılaşmasında çempionatın əsasnaməsi pozulub.

Publika.az xəbər verir ki, əsasnamənin pozulması oyunda istifadə olunan toplarla bağlıdı.

Məsələnin mahiyyətinə varmaq üçün əvvəlcə çempionatın əsasnaməsindən etdiyimiz çıxarışa diqqət ayıraq:

2013/2014-cü il mövsümündə Premyer Liqa klubları üçün Azərbaycan çempionatının və Azərbaycan kuboku uğrunda yarışların ƏSASNAMƏSİ:

3-cü maddə: Yarışların keçirilmə şərtləri.

3-cü maddənin 24-cü bəndində deyilir.

Premyer Liqa və Azərbaycan kuboku uğrunda yarışlar Adidas Cafusa topları ilə keçirilməlidir.

Daha bir məqam:

12-ci maddə:

Qonaq komandanın qəbulu

12.2 Qəbul edən komanda matça gəlmiş qonaq komandaya və hakimlərə aşağıdakıları təmin etməlidir:

a) Məşqdən bir gün əvvəl təqvim oyununun keçiriləcəyi meydançada 1 saatlıq məşq.

b) ən azı 8 ədəd Adidas Cafusa topu...

Bizcə xüsusi izaha ehtiyac yoxdur. Əsasnamədə konkret şəkildə göstərilib ki, oyun Adidas Cafusa topu ilə keçirilməlidir. Bu, mütləqdir. Ancaq “Qarabağ”-“Qəbələ” qarşılaşması bu topla keçirilməyib. Bunu təqdim etdiyimiz fotolardan da aydın görmək olar.

Üstəlik, onu da nəzərə alaq ki, “Qəbələ” bir gün əvvəl məhz Adidas Cafusa topları ilə məşq edib. Bir gün sonra isə rəsmi qarşılaşmada başqa toplardan istifadə olunub. Bu, futbolçuların topa alışması baxımından çox önəmli məqamdı.

Ortada çempionatın əsasnaməsinin ciddi şəkildə pozulması faktı var.

“Qarabağ” PFL-i günahlandırdı

Məsələ ilə bağlı meydan sahibi olan “Qarabağ” rəhbərliyinin mövqeyini öyrəndik. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirdi ki, topları onlara PFL-dən veriblər: “Oyundan əvvəl isə AFFA nümayəndəsi bu topları yoxlayıb və oynamağa icazə verib”.

AFFA münayəndəsinin çempionatın əsasnaməsindən xəbərsiz olduğu faktdı. Artıq neçənci dəfədir ki, AFFA nümayəndələrinin bu tip qanun pozuntularına göz yumduğunun şahidi oluruq. Bununla işimiz yox.

PFL-in “standart” bəhanəsi

Görək PFL rəhbərliyi məsələyə necə münasibət bildirir. Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev “Qarabağ”-“Qəbələ” qarşılaşmasında Adidas Cafusa toplarından istifadə olunmadığını təsdiqlədi. Ancaq maraqlıdır ki, Şahgəldiyev bunu ciddi qanun pozuntusu hesab etmir: “Qar yağdığına görə narıncı rəngdə topdan istifadə olunub”.

Aslan bəyə ünvanladığımız “Adidas Cafusa-nın narıncı rəngdə topu yoxdu” sualına bu cavabı aldıq: “Həmin vaxt klubda olan top bu olub. Top standartlara cavab verib”.

Görürsünüzmü, PFL rəsmisi də çempionatın əsasnaməsini əsas götürmür. İddia edir ki, oyun standartlara cavab verən topla keçirilib. Oyun standartlara cavab verən topla keçirilməlidirsə, onda əsasnamədə “Premyer Liqa və Azərbaycan koboku uğrunda yarışlar Adidas Cafusa topları ilə keçirilməlidir” bəndi nəyə və kimə lazımdı?

Təbii ki, bu sualı Aslan Şahgəldiyevə ünvanladıq. Bu da cavab: “Çox xırda bir məsələdir. Oyunun nümayəndəsi icazə verirsə, problem yoxdur. Təki belə xırda məsələlərə görə əsasnamə pozulsun”.

Buyurun, bu da Peşəkar Putbol Liqasının rəsmisinin məsələyə qeyri-peşəkar yanaşması. Belə çıxır ki, çempionatın əsasnaməsi elə kağız üzərində əsasnamədir. Əsas əsasnamə isə AFFA və PFL rəsmilərinin maraqlarıdı.

Hansı maraqlar? Hə, əsasnanmənin hansı səbəbdən pozulmasını müəyyənləşdirən marağı nəzərdə tuturuq.

Publika.az-ın AFFA-dakı mənbədən əldə etdiyi məlumata görə, “Qarabağ”-“Qəbələ” qarşılaşmasında Adidas Cafusa toplarından istifadə olunmaması sırf yeyinti ilə bağlıdı. Mənbə bildirdi ki, həmin oyunda istifadə olunan narıncı toplar 2-3 il əvvəl alınıb: “Səhv etmirəmsə, o toplar Adidas Terrapas-dı. Vaxtilə çempionat oyunları bu toplarla keçirilib. Narınçı toplar da həmin vaxt alınıb.

Ancaq Azərbaycanda qarlı hava şəraitində çox nadir hallarda oyun keçirildiyindən bu toplar da istifadəsiz qalıb. PFL hər ilə büdcədən vəsait ayıraraq yeni toplar aldığını bildirib. Ancaq əslində narıncı top alınmayıb. Beləcə, hər mövsüm 30-40 min manat vəsait mənimsənilib. Elə ona görə də, “Qarabağ”-Qəbələ” qarşılaşmasında Adidas Cafusa-nın narıncı topu olmayıb”.

Vəssalam, belə çıxır ki, PFL rəsmisinin “xırda qanun pozuntusu” kimi xatakterizə etdiyi olayın arxasında böyük vəsaitin mənimsənilməsi faktı dururmuş.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR