• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Jurnalistlərə görə töhmət alan məşhur: “Evli ola-ola söz yayıldı ki, qız qaçırdıb”

  • İdman
  • 12 Aprel 2014 14:48
  • 1 206 Baxış
Jurnalistlərə görə töhmət alan məşhur: “Evli ola-ola söz yayıldı ki, qız qaçırdıb”

Azərbaycan millisinin sabiq üzvü, hazırda "Neftçi"də məşqçi işləyən Kamal Quliyev “Çempion” qəzetinə verdiyi müsahibədə olduqca maraqlı məqamlara toxunub. Publika.az müsahibəni təqdim edir:

Ağsu - Hər insana doğulduğu yer əziz olur. Ağsunun Bico kəndi də mənim üçün doğmadır. Həyatımın ən yaddaqalan günləri, uşaqlıq xatirələrim Ağsu ilə bağlıdır. Bico mənim üçün daxili rahatlıq olan yerdir. Burada bir az sıxılan kimi, qaçıram ora, qalxıram dağa. Bir sözlə, Ağsu mənim üçün ən əziz məkandır.

Bəyənmədikləriniz - İnsanların bir-birilərinə olan biganəliyini, laqeydliyini, inamsızlığını bəyənmirəm. Zəmanə dəyişib. İnsanlar azğınlaşıb, vəhşiləşib. Bəyənmədiyim bunlardır.

Cəza - Bir müdafiəçi üçün cəzalanmağın nə olduğunu çox yaxşı bilirəm. Tez-tez sarı və qırmızı vərəqələr almışam. “Neftçi”nin 75 illik kitabında da qeyd olunub ki, ən çox vərəqə alanlar sırasında birinci yerdə Kamal Quliyevdir. Bu da döyüşkənliyimdən, mübarizliyimdən, təslim olmağı sevməməyimdən qaynaqlanır. Oyuna “yanmaq” lazımdır. Müdafiəçidən sonra qapıçı gəlir. Rəqib məni keçdisə, deməli, qola çox yaxınlaşır. Bunun da qarşısını almaq üçün bəzən vərəqəni göz önünə alıb kobudluq etməli olurdum. Aqressivliyə, hakimlə mübahisəyə görə də vərəqə almışam. Amma aldığım vərəqələrin çoxu komandanın xeyri üçün olub.

Çalışmaq - İstənilən sənəti seçən adam öz üzərində çalışmalıdır. Futbolçu məşqdə məşqçinin tapşırığını yüz faiz yerinə yetirməlidir. Axı bu onun işidir və işini də layiqincə görməlidir. Hər bir insan öz sahəsi üzrə yaxşı mənada, vicdanla çalışsa, həmin sahələr də inkişaf edər.

Dedi-qodu - Uzağa getməyim, elə yaxın qohum-əqrəbada olan dedi-qodu adama bəs edir. Dedi-qodu həmişə olub, bundan sonra da olacaq. Mənim həyatda ən zəhləm gedən şey də budur. Çalışmışam həmişə bundan uzaq olum. Elə qohumlarla bir yerə yığışanda, görəndə ki, başlayırlar danışmağa, durub oranı tərk etmişəm. Özüm də heç kimin arxasınca danışmamışam. Mən özüm də dedi-qodu qurbanı olmuşam. “Neftçi”də olanda, bir gün toplanışda idik, sabahkı oyuna hazırlaşırdıq. Sən demə, qohum-əqrəbada söz yayılıb ki, Kamal qız qaçırıb. Halbuki onda evli idim. Anam zəng elədi ki, ay bala, haradasan, tez evə gəl. Dedim bazadayam, inanmadı. Məşq yoldaşımı da özümlə götürüb getdim evə. Anam onu yanımda gördü, baxdı ki, idman formasındayam. Dedi ki, filankəs belə bir söz yayıb. Bəlkə heç məndən söhbət getmir. Şəhərdə tək Kamal mən deyiləm axı. Axırı birtəhər inandırmışam.

“Təəssüf ki, bu arzumu həyata keçirə bilmədim”

Edə bilmədikləriniz - Sovetin vaxtında kəndimizdə 10 bulaq var idi, hamısından da su şırhaşır axırdı. Kəndimiz sudan əziyyət çəkmirdi. “Karvan”dan “Xəzər Lənkəran”a transfer olunanda niyyət elədim ki, müqavilə bağlayıb, pulu alan kimi, təmənnasız kəndimizə bir artezan vurdurub, bulaq çəkdirəcəyəm. Təəssüf ki, bu arzumu həyata keçirə bilmədim. Çünki əməliyyat olundum, “Xəzər Lənkəran”la müqaviləm pozuldu. Hazırda da kənd əhalisi susuzluqdan əziyyət çəkir. 400-450 ailə yaşayan o kənd cəmi bir dağ bulağına möhtacdır. Qalan bulaqların hamısı sonradan dağıldı. Xüsusən də, yayda vəziyyət acınacaqlı olur.

Əldə etdikləriniz - Çox şey əldə etdim. Bir kəndçi balası ali təhsil almaq üçün gəldi şəhərə. Heç kimin tanımadığı, adını belə, bilmədiyi bir insan öz zəhmətilə, valideynlərinin verdiyi düzgün istiqamətlə bu səviyyəyə gəlib çatdı. Bu gün məni müsahibə almaq üçün redaksiyanıza dəvət etmisinizsə, deməli, nəsə əldə etmişəm. Azərbaycanda, Ukraynada tanındım, güclü klublarımızda, milli komandada oynadım. Bir çox yüksək vəzifəli insanlarla münasibətdə oldum. Çempionluqlar qazandım. Ən asası da özümə qarşı hörmət qazandım.

Futbol - Futbol mənim həyatımdır. Allah heç bir futbolçuya zədə qismət eləməsin. Mən iki il futbolsuz qaldım, az qala infarkt keçirəcəkdim. Valideynlərim deyirdilər ki, müraciət elə, Azərbaycan futbolu üçün əməyin olub, tanınmış futbolçusan, iş versinlər. Amma mən belə şeyləri xoşlayan adam deyiləm. Çünki öz zəhmətimlə futbol oynamışam, bu səviyyəyə çatmışam. Mənim dayım da, əmim də, tapşırığım da meydançadakı oyunum idi. Sonra “Neftçi”nin prezidenti Sadıq Sadıqov məni yanına çağırdı. Mənə dedi ki, qardaş, sənin bu klubda, “Neftçi” ailəsində zəhmətin var, haqqın var. Sən bizim gözəl futbolçumuz olmusan. Burada işləmək haqqındır, sənin kimi futbolu bilənlərin haqqıdır. İnan Allaha, ürəyim dağa döndü. Şükr etdim ki, Azərbaycanın hələ də belə böyük oğulları var. Elə sizin qəzetiniz vasitəsilə ona minnətdarlığımı bildirirəm. O adam haqq-ədaləti heç vaxt tapdalamır.

Geyim - Düzü, indi geyimimə fikir vermirəm. Bəlkə də, futbolçu karyeramı bitirdiyim üçündür. Vallah, indi geyindiklərimin hamısı elə o vaxt aldıqlarımdır. Yekəxanalıq kimi çıxmasın, biz Ukraynada oynayanda ayda 2-3 min geyimimizə pul xərcləyirdik. Bunu Samir Əliyev də təsdiqləyər. Prinsipimiz də o idi ki, nəyə görə filankəsin oğlu belə geyinməlidir, mən yox? Bəyəm məndən artıq oğlandır? Həmişə üst-başımın səliqəli olmasına fikir vermişəm. Mənim üçün hansı firmadan olmasının heç bir önəmi olmayıb. O paltar mənim xoşuma gəlibsə, gözüm tutubsa, firma malı olmasa da geyinərəm. Ukraynada olanda Samirlə küçədə gəzirdik. Birdən gözüm mağazadakı manikenə geyindirilən paltara sataşdı. Samirə dedim ki, bu paltarı gözüm tutdu, gəl, girib baxaq. Girib geyindim, dedim ki, paltar manikenə çox yaraşır, yoxsa mənə? Qiyməti 900 dollar idi. Heç firmasına baxmadan aldım.

Hadisə - Başıma o qədər hadisə gəlib ki. Birini danışım da. Samirlə Ukraynaya təzə getdiyimiz vaxt idi. Bizi o qədər qaçırdırdılar, fiziki məşq verirdilər ki… Təsəvvür elə, saçımızı daz qırxdırmışdıq ki, başımız nəfəs alsın. Yemək yeyəndə qaşığı tuta bilmirdik, əlimiz əsirdi. Girmişik liftə, 7-ci mərtəbəyə qalxmalıyıq. Qapı bağlanıb, bizim də başımız qarışıb söhbətə. Liftin güzgüsündə Samir mənə baxıb deyir “nə gündəsən”, mən ona deyirəm “sən bir özünə bax”. Bir xeyli keçib, deyirik ki, nə oldu e, nə gec çatdıq. Birdən qapı açıldı, içəri adam girdi. Soruşuruq ki, bura neçənci mərtəbədir, deyir birinci. Sən demə, liftin düyməsini basmamışıq, elə birinci mərtəbədə durub söhbət edirik.

“Çatışmayan cəhətim hamıya inanmağımdır”

Xasiyyətiniz - Çox yaxşı xasiyyətim var, ürəyi yumşağam. Cibimdə 2 manat pul olsun, biri gəlib yalandan desin ki, pulum yoxdur, mənə kömək elə, düşünmədən həmin 2 manatı ona verərəm. Yayda uşağım həyətdə dondurma yeyəndə görürəm ki, yanındakı uşaqlar durub baxırlar. Çağırıb deyirəm ki, götür bu pulu, get, o uşaqlara da al, bir yerdə yeyin. Ürəyim ağrıyır, deyirəm, bəlkə heç imkanları yoxdur. Düzdür, digər üzüm də var. Amma çalışıram ki, onu yalnız ehtiyac olanda göstərim.

İstəkləriniz - İstəyərəm ki, futbolumuz inkişaf eləsin, İngiltərə, İspaniya səviyyəsinə çatsın. İstəyərəm ki, insanlar yenə əvvəlki kimi mehriban olsunlar, bir-birilərinə inansınlar, alıb-aldatma dövrü olmasın. Təəssüf ki, indi hamı bir-birini aldatmağa çalışır. Qorxu yox, hürkü yox. Bunun axırı hara gedir? Bu yaxınlarda məşqə gedirdim, qarşımda da bir qara “Prado” var idi. Elə oldu ki, “Prado” anidən dayandı. Yəqin ki, onun da qarşısındakı belə edib. Məsafəmiz də az olduğundan, mən maşını saxlaya bilmədim, “Prado”nu yüngül vurdum. Düşüb üzrxahlıq edəndə dedi ki, eybi yox. Heç nə demədi, maşını sürüb getdi. Amma elələri də olur ki… Televiziyada baxırıq da. Kiçik bir şeyi böyüdürlər, axırı da ölümlə qurtarır. Zəmanəmizin dəyişməsini istəyərəm. Heç kim bir-birinin paxıllığını çəkməsin, irəli gedəni ayağından dartmasın.

Jurnalist - Jurnalistlərlə mənim heç vaxt problemim olmayıb. Bir dəfə bir futbolçu haqda pis yazı yazılmışdı. Layiq idi ki, yazılmışdı. Oyunların birindən sonra futbolçu həmin jurnalistlə mübahisə edirdi. Çağırıb ona dedim ki, heç vaxt jurnalistlə mübahisə etmə. Mənim də haqqımda çox mənfi yazılar yazılıb. Deməli, layiq olmuşam ki, yazılıb. Amma mən yaxşı olanda həmişə təriflənmişəm. O vaxt yaxşı formada olanda məni milli komandaya çağırmırdılar, jurnalistlər ayağa qalxmışdılar. Kənardan asan görünə bilər, amma jurnalistlərin işi çox çətin və böyükdür. Mətbuatda yazılanlardan dərs çıxarmaq lazımdır. Pis oynayanda təbii ki, pisliyindən yazmalıdırlar da. Məni nə vaxt tənqid ediblər, həmin fikirlərlə razı olmuşam. Yaxşı oynayanda təriflənirsənsə, pis oynayanda da tənqid olunmalısan. Bizdə mətbuata müsahibə vermək qadağan ediləndə də zəng vuranın suallarını cavablandırmışam. Dəfələrlə buna görə başım ağrıyıb, mənə töhmətlər verilib.

Kamal Quliyev - Mənim üçün Kamal Quliyev bundan da artıq potensiala malik olan biridir. Kamal Quliyev mehriban insandır. Uşaqla uşaq, böyüklə böyük, cavanla cavandır. Əyri ilə əyri, düz ilə düzdür. Gözəl bir ailə başçısıdır. Ailəsinə, uşaqlarına diqqət göstərən, onları düzgün istiqamətləndirən bir atadır. Heç vaxt düz danışmaqdan qorxmayan, yalandan-palandan uzaq olan, futbolçu ikən də, məşqçi ikən də can yandıran və rəhbərliyin etimadını qazanan bir şəxsdir. Kimlərsə işini “yola verib”, yalançılıqla məşğul olub. Amma Kamal Quliyev heç vaxt belə xəyanət etməyib. Kamal Quliyev gələcək futbolçular üçün bir örnəkdir. Təbii ki, Kamal Quliyevin də edə bilmədiyi çox şey qaldı. Hər bir insanın çatışmayan cəhəti var. Kamal Quliyevin çatışmayan cəhəti isə onun sadəliyidir, ürəkaçıqlığıdır, hamıya inanmasıdır.

Qabiliyyət - Əgər sən bir sənəti seçmisənsə, içində, daxilində ona qarşı bir alov olmalıdır. Daim hərəkət eləməli, ürəklə çalışmalısan ki, kənardan da sənin qabiliyyətinin olduğunu görsünlər. Göstərməlisən ki, buna qabiliyyətim çatır, bu sahədə işləyə bilirəm. Məndə də uşaqlıqdan futbol qabiliyyəti olub. Kənddə yaşayanda özümdən böyüklərlə rayon birinciliklərində oynayardım. Amma həmin vaxt buna yalnız bir əyləncə kimi baxırdım. Qarşıma məqsəd qoymamışdım ki, mütləq futbolçu olmalıyam. Bütün fikrim təhsilimdə idi. Çünki mən ziyalı ailəsindən idim. Atam, anam müəllim, dayılarımın biri məktəb direktoru, biri müəllim… Hamısının uşaqları ali təhsillidir. Bir yerə yığılanda elmdən müzakirələr aparılır. Çünki düşdüyümüz mühit bunu tələb edirdi. Mən də şəhərə oxumağa gəlmişdim. Amma sonradan futbola yazıldım və məşqçilər də gördülər ki, məndə qabiliyyət, istedad var. Başladılar məni bu istiqamətə yönəltməyə və futbolçu kimi yetişdirməyə.

“Lutskda keçirdiyim 2 il yarımı ondan əvvəlki illərimə dəyişmərəm”

Lutsk - Bildiyiniz kimi, mən bu şəhərə tək getmədim, Samir Əliyevi də özümlə apardım. Həmin vaxt Samir Rusiyanın ikinci liqa komandası olan “Jemçujina”ya gedirdi. Həmin komandanın da baş məşqçisi Nazim Süleymanov idi. Dedim ki, ay kişi, yüksək liqa — “Şaxtyor”, “Dinamo” (Kiyev), “Metallurq” (Donetsk) hara, ikinci liqa hara? “Jemçujina” heç birinci liqada da deyildi e. Samiri razı saldım, getdik Ukraynaya. Bizi aeroportda gözəl qarşıladılar, plyonkalı “Mersedes” maşınla. Lutska çatmaq üçün düz 3 saat yarım yol getdik. Onlarda da sən demə, hər gün bayram imiş. Bir gün “Den Saşa”, bir gün “Den İvanov”, “Den Aleksandr”. Nə isə, girdik şəhərə, eynən Sumqayıt kimi, sakitlik idi. Bayırda bir inni-cinni yox idi. Apardılar bizi otelə. Çıxdım otağa, pəncərəni açdım, eyvandan baxanda dəhşətli dərəcədə darıxdım. Zəng elədim oradakı sürücüyə ki, mən qayıdıram Azərbaycana, burada qala bilmərəm. Halbuki şəhərə təzə girmişik. Sürücü gəldi ki, nə baş verir, dedim bura “ölü şəhərdir”, burada yaşamaq olar? Dedi: “Sənə adam lazımdır? Min maşına”. Otuzdurdu bizi maşına, apardı “Obolon Karabl” restoranına. Elə ki restoranın qapısı açıldı, içərini görən kimi, dedim “mən qalıram”. Sən demə, həmin gün də bayram imiş, hərə bir restoranda qeyd edir. Lutskda düz 2 il yarım yaşadım. Balaca, gözəl şəhər idi. Çox mehriban insanları var idi. Biz şəhərə çıxanda deyirdilər ki, bunlar bizim ulduzlarımızdır. Oradan ayrılıb buraya gələndən 2 il sonra yenidən Lutska getdim, şəhəri piyada gəzirdik. Bizi görən maşınını saxlayıb, gəlib görüşürdü. Lutskun fəxri vətəndaşıyam. Şəhərin meri Samirlə məni qəbul elədi, bizə hədiyyələr verdi. Lutskda keçirdiyim 2 il yarımı ondan əvvəlki illərimə dəyişmərəm. Həm də orada futbol var idi, millət futbolla yaşayırdı. Çempionatın səviyyəsinə də söz ola bilməzdi. Ukraynadakı indiki vəziyyət isə ürəyimi ağrıdır. Görün nə qədər uşaq təhsildən qaldı. Bütün sahələrdə gerilədilər.

Musiqi - İndiki cavanların çoxu şəhərdə qulaqcığı taxıb qulağına, sağa-sola baxmadan yol keçirlər. Musiqini də dinləməyin yeri, zamanı var. Mən xalq mahnılarını sevirəm, muğamın, aşıq musiqisinin xəstəsiyəm. Yeri gələndə caza da, estrada musiqilərinə də qulaq asıram. Amma muğamın yeri ayrıdır. Təsirləndirici, kövrəldici mahnılara qulaq asıram. Alim Qasımova, aşıq Yanvara, rəhmətlik aşıq Abbasa, aşıq Əhlimana, aşıq Əliyə qulaq asıram. Yəni daha çox Şirvan aşıqlarını bəyənirəm. Gözəl qardaşımız Xanlaroğlunu da dinləyirəm. Onun atası da böyük aşıq olub. Estrada müğənnilərindən Röyanın səsi adama şirin gəlir. Amma indi musiqini şikəst ediblər. Hər yoldan keçən kiminsə, nəyinsə hesabına çıxır televiziyaya. O vaxt yalnız xalq artistləri, əməkdar artistlər televiziyaya çıxardılar. Ara müğənniləri çıxa bilərdilər? Amma indi kimin tanışı varsa, irəlidədir, oxuyacaq, televiziyanın da, bizim də vaxtımızı alacaq. Elə istedadlı səslər var ki, imkansızlıq ucbatından itib-batırlar. Çünki pulu-parası olanlar musiqidən xəbəri olmayan birini atırlar qabağa, yalandan oxutdururlar. İstedadlı olan da qalır kənarda.

Neftçi - “Neftçi” mənim uşaqlıq arzum olub. Hələ o vaxt kənddə yaşayanda bir dəfə Bakıya əmimgilə gəlmişdik. Gənclikdən keçəndə təsadüfən “Neftçi”nin avtobusunu gördüm. Qırmızı ikarus idi. İndiyə qədər yadımdadır, Yunis Hüseynov da qabaqda oturmuşdu, maykasını çıxarıb kürəyinə atmışdı. “Neftçi”ni ilk dəfə onda görmüşdüm. Futbola gələndə isə ən böyük arzum “Neftçi”də oynamaq idi. “Neftçi” futbolçu kimi yetişməyimdə əsas rol oynayıb. Düzdür, Sumqayıtda oynayanda Musa müəllimin, Sabir müəllimin üzərimdə əməyi olub. Amma futbolu bir peşəkar kimi “Neftçi”də dərk etmişəm. Legioner həyatı yaşamağımda da bu komandanın böyük rolu olub. Qayıdanda demişdim ki, “Neftçi”dən başqa heç yerdə oynamayacağam. Amma təəssüf ki, o vaxt elə vəziyyət yarandı ki, bunu həyata keçirə bilmədim. Amma yenə də ürəyim “Neftçi” ilə birgə idi. “Neftçi”nin heyətində ən çox oyun keçirən futbolçu olmaq istəyirdim, amma alınmadı. Avropa Liqasının qrupuna düşməklə bu komanda 1966-cı ildəki uğuru, bəlkə də, kölgədə qoydu, böyük tarix yazdı. Amma təəssüf ki, bunu adi qarşıladılar. Elə münasibət göstərildi ki, sanki elə belə də olmalı idi. Halbuki bu, Azərbaycanda bir ilk idi. Ancaq universitetlər arasında çempionat keçirilir, orada yer tutan komandanı idman nazirimiz qarşılayır, gözəl münasibət göstərilir. “Birlik kuboku”nu gedib hansı yollarla qazanırdılar… Gələndə də bunu böyük təmtəraqla qeyd edirdilər. 1966-cı ildəki uğuru unutduran bir hadisəyə isə reaksiya gözlədiyimiz kimi olmadı. İnandırım sizi, “Neftçi”nin büdcəsi digər klublardan aşağıdır. Bizi küçələrə axışıb qarşılamalı idilər.

Ov - Bu lap yerinə düşdü. Vidadi Rzayevlə mənim gözəl ov günlərim olub. Bir dəfə ova gedəndə bir epizod olmuşdu ki, onu telefona çəkib, yaymaq lazım idi. Məni bir “kanistr” benzindən ötrü az qala öldürmüşdü. Deməli, qış vaxtıdır, çağırıb məni, getmişəm Xanlara. Oxatan kirpinin ovuna çıxmışıq. Oxatan kirpi də axşam saat 8 radələrində çıxır Kürdə su içib, qayıdır. Həmin anı da tutmalısan. Təsəvvür elə, Vidadi bizi ayaq izi dəyməyən yerlərdə gəzdirir. Maşın da yolda xarab oldu qaldı. Dedim, ay kişi, burax bunun başını, gedək qayığı götürüb çıxaq Mingəçevir tərəfə, kürün qovşağına, ördək vuraq. Qayıq üçün 20 litr benzin götürdük. Gəncəli Nofəl var idi, o da bizimlə idi. İçimizdə ən balaca mənəm, məcburam benzini mən götürəm. Bir xeyli gedəndən sonra qolum yoruldu, götürüb qoydum çiynimə. İstədim “kanistr”i sol çiynimdən sağ çiynimə keçirdim, əlimdən düşdü, benzin dağıldı. 2 litr güclə saxladıq. Vidadi o tozun içində özünü yedi, dağıtdı. Dişinin dibindən çıxanı mənə dedi. Ov deyəndə, həmişə bu hadisə yadıma düşür. Ümumiyyətlə, qışda Sumqayıtda dəniz qırağına, ördək ovuna çıxıram. Kəndə gedəndə də ov edirəm. Ovun dəlisiyəm. Amma heç vaxt öz elədiyim ovun ətini yemirəm. Başqalarının ovunu yeyərəm.

Övladlarınız - Allah hamının balalarını saxlasın. Mən özüm tək olmuşam, nə bacım, nə də qardaşım olub. İndi isə 2 qızım, 1 oğlum var. Çox istəyirəm ki, onlar da savadlı olsunlar, hansı sahədə olursa-olsun, dövlətimizə, millətimizə xeyir versinlər. Məncə, hər bir insan hökmən oxumalı, savad sahibi olmalıdır.

“Sumqayıt mənim üçün balaca Amerikadır”

Pul - Çox pul qazanmışam, amma qədrini bilməmişəm. Nə mənada? Demişəm ki, Allah bunu mənə yetiribsə, başqalarına da əl tutmalıyam. Qapıma gələni əliboş qaytarmamışam, zəng eləyənə “yox” deməmişəm, qohum-əqrəbaya, dosta, tanışa əl tutmuşam. Bir yerdə oturanda heç kimi əlini cibinə salmağa qoymamışam. Anam deyirdi ki, oğul, pulun var, hamısı sənin ətrafındadır. Atam deyirdi ki, sənin dostun cibindir. Cibində pulun varsa, dostun da olacaq. Həm də istəmişəm ki, ailəm, övladlarım heç nədən korluq çəkməsinlər. İstəmirdim ki, kiminsə evinə qonaq gedəndə uşaq stolun üstündəki “pirojna”ya əl atsın. Simic olsaydım, bəlkə də, indi nə qədər pulum olardı. Amma kimə nə vermişəmsə, hamısına halal eləyirəm.

Rəhbər - Hər bir klubda idarəçilik sistemi var. Şəxsən mən bizim vitse-prezidentimiz Tahir Süleymanovun idarəçilik sisteminə həsəd aparıram. Klubu təzyiqdən, kənar təsirdən, hər şeydən qorumağa çalışır. Məşqçi özü də bir rəhbərdir. Sabah bir uğursuzluq olanda səbəbini futbolçudan yox, məşqçidən soruşacaqlar. Rəhbər deyə bilər ki, futbolçu məni aldada bilər, amma səni aldada bilməz. Axı sən bu sahənin mütəxəssisisən. İşi elə qurmalısan ki, qarşılıqlı inam, hörmət olmalıdır. Yəni rəhbər olmaq ikiqat məsuliyyət deməkdir.

Sumqayıt - Sumqayıtın o vaxtında gəlmişdim ki, onda erməni-müsəlman davası idi. Eyvandan atan kim idi, küçənin ortasında bıçaqlayan kim… Divan qarışıq adam atırdılar. 88-ci il idi. Dedim mən hara gəlib düşmüşəm? Gecə bayıra çıxmaq qeyri-mümkün idi. Mikrorayonlar arasında atışma olurdu. Amma indi tamamilə dəyişib, müasirləşib. 88-ci ildəki şəhərdən əsər-əlamət qalmayıb. Elə o vaxtdan ilişib qaldım Sumqayıtda. Əhməd Ələsgərov mənə hər gün deyirdi ki, köç gəl Bakıya, nə var gündə yol ölçürsən. 97-98-ci illər olardı. Hələ onda deyirdim ki, Bakıda adam çoxdur, sakitlik olmur, sıxılıram burada. Sumqayıtda isə hamı bir-birini tanıyırdı, tıxac yox idi. Dənizin kənarında sakit şəhər… O vaxt Sumqayıtda çoxlu zavodlar olardı, insanları zəhmətkeş idi. Sumqayıt mənim üçün balaca Amerikadır. Adi insanından tutmuş, yol polisinə qədər, hamısı mənə hörmət edir. Bu şəhəri çox sevirəm.

Şan-şöhrət - Atam deyərdi ki, sən tanınmış idmançısan, filankəslərlə oturub-durmalısan, filan yerə getməməlisən. Demişəm ki, yox ata, mən bu aşağı təbəqənin içindən çıxmışam. Balaca vaxtı millidə oynayanlara talon verirdilər. Mən onların yanından qaçıb gəlirdim dostlarımın yanına, talonu verib, blinçik yeyirdik. Həmişə şan-şöhrətdən qaçmışam. Ətrafımda böyük vəzifədə çalışanların oğlanları olub. Amma onlardan həmişə qaçıb, gəlmişəm blinçik yediyim uşaqların yanına. Mən sadə ilə sadə, şan-şöhrəti olanla şan-şöhrətli, dəli ilə dəliyəm. Oğluma da hər dəfə deyirəm ki, fikirləşmə ki, filankəsin oğluyam, sənə görə heç kimə ağız açan deyiləm. Çünki mənə görə heç kim ağız açmayıb.

Tənbəllik - Tənbəl olsaydım, bu səviyyəyə gəlib çıxmazdım. İşdən, əziyyətdən qorxan adam olmamışam. İndi də kəndə gedəndə əynimi dəyişirəm, ağacları budayıram. Soğan, sarımsaq, kartof əkirəm. Ot çıxan vaxt dəryazı götürüb, həyəti biçirəm. Tənbəl insanlardan xoşum gəlmir.

“Xarab “Moskviç”imiz var idi, onu itələməkdən ana-bala belimiz qırılmışdı”

Ümid - Söhbətimizin əvvəlində də dediyim kimi, kəndimizə su çəkdirməyə ümid edirəm. Futbolçu kimi alınmadı, inşallah, məşqçi kimi olar. Güclü komandalarımızdan birinə keçəndə, yaxşı qonorar alanda bunu mütləq həyata keçirəcəyəm.

Uşaqlıq illəri - Uşaqlıq illərim gözəl keçib. Mənim uşaqlığım sakitlik vaxtlarına düşüb. Hər fəslin ləzzətini görmüşəm. Yağış yağırdı, palçıqdan tank düzəldirdik, gün çıxanda gedib atışma oynayırdıq, futbol oynayırdıq. Rəhmətlik babam briqadir idi. Mənim də uşaqlığım keçib üzüm tənəylərinin altında. Evdə tək olduğum üçün istəyirdim hava gec qaralsın. Çünki evdə darıxırdım. Məni adicə yeməyə gətirə bilmirdilər. Anam yemək vaxtı mənimlə birgə 3-4 uşaq da evə gətirirdi ki, onlarla birlikdə yeyim. O vaxtkı uşaqlarda ədəb-ərkan var idi. Müəllim görəndə qaçıb gizlənirdik ki, başımı kəsər. İndi müəllim tələbədən, tələbə müəllimdən siqaret istəyir. Zəmanə çox korlanıb.

Valideynləriniz - Hər ikisi ziyalı, müəllim olub. Mən uşaq olanda məni növbə ilə saxlayardılar. Atam dərsdə olanda anam evdə qalırdı və ya əksinə. Allah canlarını sağ eləsin. Onlara minnətdaram ki, mənim kimi oğul böyüdüblər, düzgün istiqamət veriblər. O vaxt bir xarab “Moskviç”imiz var idi. Ana-bala onu itələməkdən belimiz qırılmışdı. Atama deyirdim ki, ay kişi, bir akkumulyator al, bizim də canımız qurtarsın da. Deyirdi ki, elə bir dəfə itələyin, xodlanacaq. Məşqdən çıxanda gəlib məni gözləyirdi. Halbuki avtobusla gəlmək ondan yaxşı idi. Çünki “Moskviç”in hər tərəfindən külək vururdu. Soyuq havada tramvayla evə gələndə, anam çıxıb dona-dona məni gözləyirdi. Evimizin hər tərəfinə vedrə qoyurduq, su damırdı. Evimizin divarları duz bağlamışdı. Valideynlərim çox zəhmətkeş olublar. Əziyyətimi çox çəkiblər. Çalışıram mən də onlar kimi valideyn olum.

Yemək - Futbol oynayanda çox yeməyə qoymurdular ki, kökəlirsən. Mən adicə hava ilə kökəlirdim. Çəkimə heç vaxt fikir verməmişəm. Yalnız Ukraynada hər artıq çəkiyə 100 dollar cərimə verirdilər. Onda bilmişəm ki, çəki qaydasında olmalıdır. Anam gözəl bozbaş, aş bişirir. Bibim əla xaş bişirir. O vaxt ürək döyüntüm 200 olanda təzyiqim kosmonavt təzyiqi idi. 180-in 20-yə. Onda da yağlı yeməkləri basıb yeyirdim.

Zədə - Unudulmaz ürək zədəsi. Futbolda pulun qalxdığı bir vaxtda belə zədə aldım. Mən karyeram ərzində cəmi 2 dəfə zədə almışam. Biri bu ürək zədəsi, biri də Ukraynada aldığım zədə. Ayağıma o qədər vururdular ki, oynağım şişirdi. Amma növbəti oyuna da çıxırdım. İndikilərin isə yanından yel ötən kimi, məşqdən, oyundan yayınırlar. Bəs biz yazıqlar nə edəydik? Ağrıdan gecə yata bilmirdik. İndiki kimi keyidici fısqırtmalardan yox idi. Yoddan, “zelyonka”dan vururdular ayağımıza, yandırıb-tökürdü.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR